Məhkəmə qərarları › İş №1(124)-24/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-24/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-24/2023 29.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2, xx.xx.1969-cu ildə Xaçmaz rayonu Nərəcan kəndində kəndində doğulmuş, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu Nərəcan kəndində qeydiyyatda olmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-nin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını 2021-ci ilin may ayında yaşadığı Xaçmaz rayonu Nərəcan kəndində, kənd qəbristanlığının arxa hissəsində şimali-qərb istiqamətində, qəbristanlıqdan 300 metr məsafədə yerləşən meşəlik sahədə torpaqda qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə xeyli miqdarda, yəni ümumilikdə 9 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, habelə onun hissələrini qurudaraq narkotik vasitə qurudulmuş marixuananı külli miqdarda hazırlayaraq saxlamaqla daşımış, bu fakt 20 sentyabr 2021-ci il tarixdə o, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu Nərəcan kəndində saxlanıb Xaçmaz RPŞ-yə gətirilərək saat 21:40-dan-21:55-dək olan müddətdə onun üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbada təmiz çəkisi 2675 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, habelə xx.xx.2021-ci il tarixdə saat 09:00- dan-09:25-dək olan müddətdə onun iştirakı ilə Xaçmaz rayonu, Nərəcən kəndi ərazisində olan meşə sahəsinə baxış keçirilən zaman həmin yerdən ümumi təmiz çəkisi 290 qram olan 09 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, habelə külli miqdarda narkotik vasitəni satış məqsədilə, qanunsuz olaraq hazırlayaraq saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sahədən evə gələrkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun üzərində narkotik vasitə olmamışdır. Əlindəki paketdə meyvədən başqa heçnə olmamışdır. 9 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmişdir. Üzərində sadəcə yaş vəziyyətdə 50 qram narkotik vasitə olmuşdur. Narkotik vasitələrdən yeni istifadə etməyə başlamışdır. Polis əməkdaşları onu ailəsi ilə hədələdiklərinə görə ittihamda göstərilən miqdarda narkotik vasitəni boynuna almışdır. Polis əməkdaşları tərəfində döyülüb, incidilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, təxminən bir il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. O, narkotik vasitəni bədənində şiddətli ağrılar olduğundan istifadə edir. 2021-ci ilin aprel ayının ortalarında yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndinin avtobus duracağında dayanan zaman, orada yerdə bir ədəd kibrit qutusu olduğunu görmüşdür. Həmin kibrit qutusunu yerdən götürmüş və içərisinə baxan zaman orada narkotik tərkibli çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. O, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün, həmin toxumların narkotik tərkibli çətənə bitkiləri olduğunu asanlıqla bilmişdir. Kibrit qutusunda tapdığı toxumları gələcəkdə özünün İstifadə etməyi üçün götürərək yaşadığı evə gətirib, heç kimin görməyəcəyi yerdə saxlamışdır. 2021-ci ilin may ayının ortalarında evdə saxladığı həmin çətənə bitkilərinin toxumlarını götürüb Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində olan meşə sahəsinə əkmək qərarına gəlmişdir. Bu məqsədlə həmin meşədə, kolluq ərazidə toxum səpib yetişdirmək üçün münasib yer tapmış, həmin yeri ot və kollardan təmizləmiş, bundan sonra bel ilə torpağı yumşaldıb, özüylə gətirdiyi toxumları həmin yerə səpmişdir. Meşə ərazisində narkotik tərkibli çətənə bitkisinin toxumlarını səpdiyi yer gün düşən yer olmuşdur. O, toxumları səpdikdən sonra onları sulayıb yaşadığı evə qayıtmışdır. Onun həmin yerdə narkotik tərkibli çətənə bitkisinin toxumlarının əkməyindən heç kimin məlumatı olmamışdır. Bundan sonra, o, demək olar ki, 4-5 gündən bir həmin toxumları gedib sulamış, onların inkişaf etməsinə nəzarət etmişdir. Toxumlar tədricən vaxt keçdikcə cücərməyə başlamış, o, bundan sonra həmin bitkiləri daha həvəslə suvarmış və becərmişdir. Beləliklə həmin toxumlar cücərək bitki halına gəlmişdir. O, həmin bitkiləri 2021-ci ilin sentyabr ayının 20-dək olan müddət ərzində becərmiş, onlara qulluq etmişdir. Əkib yetişdirdiyi çətənə bitkiləri böyüdükcə, o, həmin bitkilərin yarpaqlarından yığaraq qurudub istifadə edirmiş. Əvvəllər bir neçə dəfə birgə oturub çay içdiyi, beləcə münasibəti yarandığı Şahid1 ilə söhbət əsnasında ağrıları olduğundan Samirə narkotik vasitə marixuana istifadə etməyi barədə demişdir. Lakin özü çətənə bitkisi əkməyini, marixuana hazırlamağını Samirə deməmişdir. xx.xx.2021-ci il tarixdə, Samir onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib ona demişdir ki, “şəxsi istifadəm üçün nəşə lazımdı, mənə çəkmək üçün nəşə verə bilərsənmi”. O da Samirə demişdir ki, “problem yoxdur, bir şey edərik”. xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində o, Xaçmaz-Xudat yolunun Nərəcan kəndi ərazisindən keçən hissədə Samirlə görüşüb, Samirə bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. Sonra da Samir onun yanından çıxıb getmişdir. O, Samirə narkotik vasitə verdikdən sonra, yaşadığı evə getmişdir. Sonra isə özünün istifadə etməyi üçün qurudub hazırladığı narkotik vasitə marixuana qurtardığı üçün, meşə sahəsinə çətənə bitkilərini əkib yetişdirdiyi yerə getmişdir ki, yarpaqlarından evə gətirsin. O, əkdiyi çətənə bitkilərinin yarpaqlarını heç kim görməsin deyə, elə əkdiyi yerin yanında, meşə sahəsində yerə sərərək qurudurmuş, quruduqdan sonra, onları yığaraq yaşadığı evə gətirib istifadə edirmiş. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində o, Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən meşə şahinə getmiş, evdən bir ədəd böyük həcmli sellofan torba, bir ədəd də sarı rəngli nisbətən kiçin həcmli sellofan torba götürmüşdür. O, həmin yerə gedib çətənə bitkiləri əkdiyi yerdə sərərək qurutduğu çətənə bitkisi yarpaqlarını özüylə birgə apardığı torbalara yığmış, sarı rəngli sellofan torbanı isə böyük həcmli sellofan torbanın içərisinə qoymuşdur. Sonra da meşədən çıxıb yaşadığı evə getmək üçün yola düşmüşdür. O, piyada yaşadığı Nərəcan kəndinə getmiş, kənddə olarkən, yanında bir avtomobil dayanmışdır. Həmin avtomobilin içərisindən iki nəfər şəxs enərək ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları orada ona, üzərində qanunsuz olaraq narkotik vasitələri daşıdığını, həmçinin, narkotik vasitləri əkib yetişdirməkdə şübhəli olduğunu demişlər. O, həmin an başa düşmüşdür ki, üzərində narkotik vasitə olmasından və narkotik tərkibli çətənə bitkilərini əkməyindən polis əməkdaşlarının xəbəri vardır. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməmiş, razılaşıb avtomobilə minərək rayon polis şöbəsinə gəlmişdir. Əlində olan marixuana ilə dolu sellofan torbanı da ata bilməmişdir. O, RPŞ-yə gəldikdən sonra ona şübhəli şəxs qismində tutulacağını bildirmişlər və vəkil dəvət edərək vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. O da şəxsi axtarış zamanı səmimi etiraf edərək əlində olan sellofan torbanın İçərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş və həmin marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzlanmışdır. Həmin vaxt gecə olduğundan meşəlikdə əkin yerini təqdim edə bilməyəcəyini, həmin yeri gün işığında təqdim edə biləcəyini demişdir. Buna görə xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, vəkil, mütəxəssis və polis əməkdaşları ilə birlikdə Xaçmaz rayonu, Nərəcan kəndinə getmiş, saat 09 radələrində əvvəlcədən hazırlayıb, narkotik tərkibli çətənə bitkisi əkdiyi yerə videoçəkillşlə baxış keçirilmişdir. Həmin yer Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində olmaqla, Nərəcan kənd qəbiristanlığının yaxınlığında olan meşə sahəsidir. O, polis əməkdaşlarına narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirdiyi yeri və həmin yerdə əkdiyi çətənə bitkilərini təqdim etmişdir. Bundan sonra, baxışda iştirak edən aqronom həmin yerdə əkdiyi bitkiləri sayasaya çıxarmağa başlamış və həmin yerdən 09 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Müstəntiq baxış zamanı həmin bitkilərə qulluq edib- etmədiyini soruşduqda, o, bitkilərə qulluq etdiyini, diblərini həmin yerdə olan bel ilə yumşaltdığını, orada olan bir ədəd göy rəngli plastik vedrə ilə və bir ədəd ağ rəngli plastik qab ilə suladığını bildirmişdir. Bundan sonra, aqronom tərəfindən çıxarılmış 09 ədəd bitki kolu bir ədəd ağ rəngli torbada qablaşdırılmış, üzəri möhürlənmiş və imzaları olan kağız həmin torbanın üzərinə yapışdırılmış və götürülmüşdür. Bundan başqa həmçinin müstəntiq oradan aşkar olunmuş, çətənə bitkilərini sulamaq üçün istifadə etdiyi 01 ədəd vedrəni və bir ədəd ağ rəngli qabı, eləcə də bitkilərin diblərini yumşaltmaq üçün istifadə etdiyi bir ədəd beli maddi sübut kimi götürmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edildikdən sonra müstəntiq onu ucadan oxumuş və iştirakçılar tərəfindən imzlanmışdır. O, hazırladığı marixuanadan heç kimə satmamış, həmçinin Şahid1 da narkotik vasitədən pay kimi vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayonu Gödəkli kəndində yaşayan Şahid1 Mövlud oğlunun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı əldə etmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin gün saat 17:30 radələrində Qəribov X12 rayonu Nərəcan kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Şöbədə X9 tərəfindən Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 01 ədəd kağız bükümündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Sorğu zamanı Şahid1 bildirmişdir ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır və onu Xaçmaz rayonu Nərəcan kəndində yaşayan Ruslan adlı şəxs ona əvəzsiz olaraq vermişdir. Aşkar edilmiş bitki kütləsi müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, elə həmin gün Xaçmaz rayonu Nərəcan kəndində yaşayan Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etmişlər və saat 20 radələrində yaşadığı kəndin ərazisində saxlayaraq əlindəki sellofan torba ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Şöbədə X9 tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı təqdim edərək bildirmişdir ki, içərisində narkotik vasitə qurudulmuş marixuana var. Həmin torba müstəntiq tərəfindən açılıb baxılmış və bu zaman məlum olmuşdur ki, torbanın içərisində açıq vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi var. Həmçinin həmin sellofan torbanın içərisində bir ədəd sarı rəngli başqa bir torba da olmuşdur. Həmin sarı rəngli torbanın da içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi var imiş. Həmin kütlələr müstəntiq tərəfindən sellofan torbada qablaşdırılaraq ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni Xaçmaz rayonu Nərəcan kəndində meşə massivində əkdiyi çətənə bitkilərindən əldə edərək hazırlamışdır. Buna görə xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs və mütəxəssisin iştirakı ilə Xaçmaz rayonu Nərəcan kəndinə gedib meşə massivində Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkdiyi yerə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazi Xaçmaz rayonu Nərəcan kəndində yerləşən meşə massividir, həmin meşə massivinə daxil olub bir qədər irəlilədikdən sonra orada 09 ədəd kök üstə yaş vəziyyətdə çətənə bitkilərini, yerdə olan plastik qabları aşkar etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, çətənə kollarını özü əkmiş, yerdə olan plastik qablarla həmin bitkilərə su vermişdir. Həmçinin Təqsirləndirilən şəxs bir ədəd taxta saplı bel təqdim edərək həmin beldən istifadə edib bitkilərə qulluq etdiyini bildirmişdir. X7 aşkar edilmiş bitkilərin çətənə kolları olmasını və onlara aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Baxış zamanı aşkar edilmiş 09 ədəd çətənə kolları kökündən çıxarılaraq müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş aqronom X3 ifadəsində göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov onun mobil telefonuna zəng edərək bildirmişdir ki, mütəxəssis qismində iştirak etməyi üçün sabah səhər saat 08:00-da Xaçmaz Rayon Polis Şöbəsinə gəlmək lazımdır, əgər təcili bir işin yoxdursa gəl. O da heç bir işinin olmayacağını demiş və ertəsi gün saat 08 radələrində Xaçmaz RPŞ-yə gəlmişdir. X6 demişdir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Xaçmaz rayonu Nərəcan kəndində meşə massivinə gedib baxış keçirmək lazımdır. Oda etiraz etməmiş, onu mütəxəssis qismində təyin etmə haqqında qərarla tanış etmiş, hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onalr dərhal polis əməkdaşları və Xaçmaz rayonu Nərəcan kənd sakini, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə Xaçmaz rayonu Nərəcan kəndində meşə sahəsinə getmişlər. Onlar meşəlik sahəyə daxil olub Təqsirləndirilən şəxs təqdim etdiyi əraziyə baxış keçirən zaman məlum olmuşdur ki, həmin ərazidə 09 ədəd kök üstə yaş vəziyyətdə çətənə bitkiləri var. Onlar həmçinin orada 02 ədəd plastik qab aşkar etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, çətənə kollarını özü əkmiş, yerdə olan plastik qablarla həmin bitkilərə su vermişdir. Həmçinin Təqsirləndirilən şəxs bir ədəd taxta saplı bel təqdim edərək həmin beldən istifadə edib bitkilərə qulluq etdiyini bildirmişdir. O, həmin bitkilərə baxmış və bu zaman qənaətə gəlmişdir ki, aşkar edilmiş 09 ədəd bitki çətənə kollarıdır, onlara aqrotexniki qaydada qulluq edilmişdir. Çünki həmin bitkilərin dibləri yumaşldılmış, gün işığı düşən yerdə əkilmiş və suvarılaraq becərilmişdir. Bundan sonra aşkar edilmiş 09 ədəd çətənə kollarını kökündən çıxarmışlar, onlar X9 tərəfindən götürülmüşdür. Həmçinin 02 ədəd plastik qab və 01 ədəd bel də maddi sübut əhəmiyyəti daşıması səbəbindən müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təxminən bir neçə ay olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. xx.xx.2021-ci il tarixdə Xaçmaz RPŞ-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Xaçmaz rayonu Gödəkli kəndinin qonşuluğunda yerləşən Nərəcən kəndində yaşayan, əvəəlcədən tanıdığı Təqsirləndirilən şəxs almışdır. Lakin Ruslandan narkotik vasitə qurudulmuş marixuananı pul müqabilində almamışdır. Hərdən Ruslanla görüşüb söhbət edən zaman. Ruslan özünün narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini, həmişə də üzərində daşıdığını ona demişdir. Buna görə də o, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Ruslana zəng edərək, demişdir ki, “əgər varındısa mənə istifadə etməyim üçün narkotik vasitə qurtudulmuş marixuana ver". Ruslan da, telefon danışığı zamanı, ona demişdir ki, “gəl apar, sənin üçün düzüb qoşarıq, narahat olma". Bundan sonra, o, xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində Xaçmaz rayonu, Xudat şəhərində gedən yolun Nərəcan kəndindən keçən hissəsində, yolun kənarında Ruslanla görüşmüşdür. Ruslan orada ona. cibindən çıxararaq bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. O da Ruslandan marixuananı götürdükdən sonra, Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən çayxanaya gəlmişdir. Çayxanaya gedib, orada tanışlarla söhbət etmiş, çay içmiş, mağazaya getmiş, beləcə artıq axşam olmuşdur. xx.xx.2021-ci il tarixdə 17:30 radələrində o, Nərəcan kəndində çayxanada olan zaman, həmin çayxanaya iki nəfər tanımadığı şəxs gəlmişdir. Həmin şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onu çayxanadan kənara dəvət etmişlər və o da etiraz etməyib çölə çıxmışdır. Polis işçiləri ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişlər. O. həmin an başa düşmüşdür ki, üzərində narkotik vasitə olmasından polis əməkdaşlarının xəbərləri var. Polis işçiləri onu rayon polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməmiş, razılaşıb rayon polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları artıq onun yanında olduqlarına görə, o, imkan tapıb üzərində olan narkotik vasitə qurudulmuş marixuananı ata da bilməmişdir. Onlar RPŞ-yə gəldikdən sonra vəkil dəvət edərək onu şübhəli şəxs qismində tutmuşlar, sonra da vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. O da şəxsi axtarış zamanı, səmimi etiraf edərək əynində olan açıq qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzlanmışdır. Ondan həmin marixuananı haradan əldə etdiyini soruşanda, Ruslan adlı tanışından əldə etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2021-ci il tarixli “Şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşəmasında və Şahid1 narkotik vasitə verməsində şübhəli olduğundan 20 sentyabr 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. (cild 1, iş vərəqə 39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 20 sentyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli qısaqol köynək, açıq qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsna təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir şeyin olmadığını, ancaq əlində olan bir ədəd böyük həcmli sellofan torbanı təqdim edərək, həmin sellofan torbanın içərisində narkotik vasurə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bir ədəd böyük həcmli sellofan torbanın içərisinə baxan zaman, həmin sellofan torbanın içərisində açıq vəziyyətdə, kəskin spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, bundan başqa, həmin sellofan torbanın içərisində bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan sarı rəngli sellofan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onu Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən meşə sahəsində əkib yetişdirdiyini və daha sonra yarpaqlarını yığaraq qurutduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi qablaşdırılaraq Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə səhər saatlarında Xaçmaz rayonu, Gödəkli kəndində yaşayan Samir adlı şəxsə əvəzsiz olaraq bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana verdiyini bildirmişdir. (cild 1, iş vərəqə 53-55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 21 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs çətənə kollarını əkib becərdiyi yer Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində kənd qəbristanlığının arxa hissəsində şimali-qərb istiqamətində qəbristanlıqdan 300 metr məsafədə yerləşən kollar və ağaclarla əhatə olunmuş meşəlik ərazidir. Həmin meşəlik sahəyə çatan zaman orada təxminən 80-120 sm hündürlüyə çatan spesifik qoxuya malik narkotik tərkibli çətənə bitkilərinə oxşar kolların yaş vəziyyətdə olması müəyyən edilmişdir. Həmin ərazi ot və kollardan təmizlənmişdir. Müşahidə olunan ərazidə topağa əkilən bitki kollarının diblərinin yaş olması və yumşaldılmış olması müşahidə edilmişdir. Bununla yanaşı bitki kollarının əkildiyi torpaq sahəsində bir ədəd göy rəngli plastik vedrə və bir ədəd ağ rəngli plastik su qabı olmuşdur. Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, həmin göy rəngli vedrədən və ağ rəngli plastik qabdan əkib yetişdirdiyi çətənə bitkisinin kollarına su vermək üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli vedrə və bir ədəd ağr rəngli plastik qab maddi sübut kimi hadisə yerindən götürülmüşdür. Bununla yanaşı Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinin dibini boşaltmaq üçün beldən istifadə etdiyini bildirmiş və kolların arasında olan taxta saplı beli təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi taxta saplı bel maddi sübut kimi hadisə yerindən götürülmüşdür. Baxışda iştirak edən aqronom X7 həmin yerdə əkilən bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, gün düşən yerdə əkildiyini, diblərinin sulanaraq, yumşaldıldığını bildirmişdir. Hadisə yerində həmin çətənə bitkilərinin kolları aqronom mütəxəssis tərəfindən kökündən çıxarılmaqla sayılmış və 09 (doqquz) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kolunun olması müəyyən edilmiş və həmin bitkilərin bir ədəd ağ rəngli kisədə qabşaldırılıb, möhürlənərək Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 09 (doqquz) ədəd çətənə bitkisinin kollarını özünün əkib, yetişdirdiyini bildirmişdir. (cild 1, iş vərəqə 61-63) Şəxsi axtarış və hadisə yerinə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 21 sentyabr 2021-ci il tarixli, 7/973 nömrəli rəyində göstərilmişdir ki, vət. Şahid1 üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 1,470 qram olan kütlə narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Vət. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş sellofan torbada olan təmiz çəkisi 2 kq 675 qram kütlə narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Vət. Təqsirləndirilən şəxs Xaçmaz rayonu Nərəcan kəndi ərazisində olan meşə sahəsindən götürülmüş və tədqiqata təqdim edilmiş 9(doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 290,0 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronmun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Vət. Şahid1, vət. Təqsirləndirilən şəxs götürülmüş marixuanalar və tədqiqata təqdim edilmiş doqquz ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. (cild 1 iş vərəqə 76-79) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş iş üzrə mütəxəssis qismində tanınmış Xaçmaz Rayon Mənzil İstismar İdarəsinin aqronomu X1 21 sentyabr 2021-ci il tarixli rəyinə əsasən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (cild 1 iş vərəqə 64) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 noyabr 2021-ci il tarixli, 4301 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs KANNABİODLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1 iş vərəqə 138-139) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi 2675 qram olan qurudulmuş marixuana, Xaçmaz rayonu Nərəcan kəndində meşəlik sahəyə baxış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi 290 qram olan 09 ədəd çətənə bitkisi, bir ədəd göy rəngli plastik vedrə, bir ədəd ağ rəngli plastik qab və bir ədəd bel, habelə Şahid1 Mövlud oğlunun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 1.470 qram qurudulmuş marixuana 23 sentyabr 2021-ci il tarixli qərarla sübut kimi tanınmış, 03 ədəd CD disk 11 yanvar 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonra qalan 2676,37 qram qalığı və 09 ədəd 290 qram çətənə bitkisinin ekspertiza tədqiqatından sonra qalan 289,82 qram qalığı, bir ədəd göy rəngli plastik vedrə, bir ədəd ağ rəngli plastik qab və bir ədəd bel saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 03 ədəd CD disk isə iş materiallarında saxlanılır. ( cild 1, iş vərəqə 111-112, 169-180) Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ( cild 1, iş vərəqə 113) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs Xaçmaz RlHB-nin Nərəcan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarekterizə olunur, orta təhsillidir, fərdi əməklə məşğuldur, evlidir, himayəsində azyaşlı uşaq yoxdur və Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olmaqla yaşayır. ( cild 1, iş vərəqə 38, 95-98, 157-158) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilmədiyi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərindən narkotik vasitənin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır cinayətlər kateqoriyasına, CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş «marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 21, 57-60) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonra qalan 2676,37 qram qalığı və 09 ədəd 290 qram çətənə bitkisinin ekspertiza tədqiqatından sonra qalan 289,82 qram qalığı, bir ədəd göy rəngli plastik vedrə, bir ədəd ağ rəngli plastik qab və bir ədəd bel məhv edilməli, 03 ədəd CD disk isə iş materiallarına saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 sentyabr 2021-il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut Xaçmaz RPŞ-də saxlanılan qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonra qalan 2676,37 qram qalığı və 09 ədəd 290 qram çətənə bitkisinin ekspertiza tədqiqatından sonra qalan 289,82 qram qalığı, bir ədəd vedrə, bir ədəd plastik qab və bir ədəd bel məhv edilsin, 03 ədəd CD disk isə iş materiallarına saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar