Məhkəmə qərarları › İş №1(124)-240/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-240/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-240/2022 13.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X7 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi- X4, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi- Şahid2, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 12.07.2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Quşçuluq massivində yerləşən Xırdalan şəhər 8 saylı orta məktəbin həyətində başqa şəxslərin olmadığı vaxt bir məktəbdə oxuduqları yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və X2 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı özü ilə götürdüyü soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə döş qəfəsinin sol hissəsinə, bir dəfə döş qəfəsinin ön səthinin sol yarısına, bir dəfə sağ qasıq və bir dəfə sol əlinə qəsdən 4 dəfə vuraraq sonuncuya döş qəfəsinin sol yarısında, sol orta körpücük xətti üzrə, sol qabırğaltı nahiyədə yerləşən qarın boşluğuna nüfuz edərək qaraciyəri yaralayan 1 (bir ) ədəd deşilmiş-kəsilmiş yara kimi insan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin ön səthinin sol yarısının, sol məmə xətti üzrə yerləşən daxilə nüfuz etməyən 1 (bir) ədəd və sağ qasıq nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, sol said nahiyəsinin yuxarı 1/3-nin 1 (bir) ədəd, sol əlin iç və ön səthini əhatə edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş zərər çəkmiş və şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini ifadə vermək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib, əlavə olaraq göstərdi ki, o, Aslanı təxminən 5-6 ildir ki tanıyır, belə ki, onlar eyni məktəbdə oxumuşdurlar. Aslanla onun arasında əvvəllər mübahisə olmamış, o bıçağı özünü qorumaq məqsədilə götürmüşdür. Dava zamanı o, Soltan və Aslan orda olmuşlar. Həmçinin o, zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, sonuncuya vurulmuş maddi və mənəvi ziyanı tam şəkildə aradan qaldırmasının nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda vailideyinləri ilə birlikdə yaşayır. ünvan 3 orta məktəbin 9 C sinifində oxuyur. Zərərçəkmiş şəxs və X3 onun oxuduğu 8 saylı orta məktəbin 10-cu sinif şağirdidirlər. Həmçinin onun yaşadığı evin yaxınlğında yaşayırlar. Onlarla münasibəti bir məhlə uşağı həmçinin məktəb yoldaşı kimi həmişə normal olmuşdur. Belə ki, Aslanla son bir ildi ki, aralarında soyuqluq var idi. Aslannın onun arxasınca məktəb uşaqlarının və tanışlarının yanında onun yaxşı oğlan olmadığı və qorxaq olması barədə danışmasını eşitmişdir. Bir neçə dəfə bu barədə ona deyəndə o, da Aslanın bu sözlərindən qəzəblənmişdir. Təxminən 10 gün bundan qabaq küçədə tək evinə oxuya-oxuya gələrkən Aslanda yanında tanışı Rəvan ilə birlikdə dayanmış, o, onların yanından keçəndə Rəvan ona küçədə mahnı oxumamasını bildirmiş, o, da əsəbləşib onların yanına yaxınlaşarkən Aslanın dayandığını görmüşdür. Aslan həmin vaxtı yenə ona söz atmışdır ki, «sən qorxaqsan, səni Rəvana deyərəm döyər». O, da Aslana ondan əl çəkməsi ilə bağlı iradını bildirmişdir. Lakin buna baxmayaraq o, Rəvanla söhbət etmişdir ki, nəyə görə ona söz atır. Sonradan Rəvanla aralarında olan mübahisəini sakitçiliklə həll etmişlər. Lakin Aslanın hər dəfə ona ilişməsi, söz atması, arxasınca danışması onu bərk qəzəbləndirmişdir. Elə buna görə də qərara gəlmişdir ki, Aslanla tək görüşsün və onunla nə işi olduğunu aydınlaşdırsın. Ona görə də 11 iyul 2021-ci il tarixdə saat 13 radələrində Aslanın instaqram sosial şəbəkəsinə onunla görüşüb söhbət etməsi barədə yazmışdır. Aslanda onunla görüşəcəyini desədə lakin axşama yaxın işi olduğunu yazmış, o, da Aslana işi varsa səhərgörüşmələrini bildirmişdir. 12 iyul 2021-ci il tarixdə onun telefonu olmadığı üçün qardaşına məxsus mobil telefonla Aslana instaqramda yazmışdır ki, «görüşə bilərik?» Aslan axşam saat 19 da təhsil aldıqları 8 saylı orta məktəbin həyətində görüşəcəyini bildirmişdir. Bundan sonra saat 19 radələrində o, məktəbin həyətinə gəlmiş, bir az məktəbin həyətində gəzdikdən sonra Aslanın yanında olan dostu Sultan ilə birlikdə gəldiyini görmüşdür. O, bunu gördükdən sonra bir az qəzəblənmişdir. Çünki Aslan ilə təkbətək görüşüb söhbət etmək üçün əvvəlcədən razılaşmışlar. Aslan onun yanına çatanda onlarla səmimi görüşmüşdür. Əslində onun niyyəti Aslanla barışmaq olmuşdur. Lakin buna baxmayaraq Aslan onunla kobud danışaraq «sən məni nəyə görə bura cağırmısan, mən sənin başına oyun açaram»-demişdir. Həmçinin ona Soltana onu döyməsini deyəcəyini bildirmişdir. Bu zaman Soltan kənara çəkilərək telefonla danışmışdır. Aslan həmin vaxtı ona təhqiramiz ifadələr işlədərək üzərinə gəlmək istəyəndə o, da arxa sağ cibinə qoyduğu evdən götürdüyü bir ədəd qatlanan bıçağı çıxardaraq Aslanın qarın nahiyyəsindən bir-iki dəfə vurmuşdur. Bu zaman görmüşdür ki, Sultan onun üzərinə gəlir, Soltana da bıçaqla vurmuş, sonradan Soltan Aslanın yıxıldığını görüb onun yanına getmişdir. O, da oradan birbaşa çıxaraq nənəsigilin yaşadığı Xırdalan şəhərində yerləşən evlərinə getmişdir. Bir azdan sonra atasına bu barədə məlumat vermiş, atasıda gəlmiş, ondan sonra Abşeron rayon polis idarəsinin əməkdaşları gələrək onu rayon polis idarəsinə gətirmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə baş verən zaman məktəbin həyətində heç kim olmamış, aralarında olan mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, Aslanı vurduqdan sonra Sulltanla Aslan ona yumruq və təpik atmışlar. Zərbələr onun qoluna və ayağına dəymiş, lakin o, cəld onların ikisinidə əlində olan bıçaqla vuraraq qaçmışdır. Qeyd etmişdir ki, onların hər ikisini öldürmək imkanı olsada lakin öldürməmiş, onun söhbəti Aslanla olmuş, lakin Aslan onu döyməsi üçün özü ilə Sultanıda gətirmiş, o, da Aslanı vurduqdan sonra Sultanın onun üzərinə gələrək vurduğunu görəndə sonuncunu da bıçaqla vurmuşdur. Onlara konkret olaraq özündə həmin vaxtı olmadığı üçün neçə bıçaq zərbəsi endirməyini bilməmişdir. Aslanla onun söhbəti düşmüşdür. Onunla həmişə mübahisə etmiş, onu görürdü söz atmış, onun arxasınca danışmış, o, da, Aslanın əlindən bezmişdir. Ona görə də qərara gəlmişdir ki, onu cəzalandırsın. Lakin Soltanla heç bir problemi olmamışdır. Sadəcə olaraq Soltan o, Aslanı vurduqdan sonra onun üstünə gəldiyi üçün onu da vurmuşdur. Bildirmişdir ki, bıçağı çoxdan şəhərdən 13 manata almışdır. Həmin vaxtdan evdə saxlamışdır. Bu gün Aslanla söhbətə gedəndə özü ilə götümüşdür ki, birdən çox adamla gələr özünü müdafiə edər. Üzərində qalan vaxtlar heç vaxt bıçaq gəzdirməmişdir. Üzərində olan bıçağıda könüllü olaraq araşdırma zamanı təqdim etmişdir. (cild 1, iş vərəqə 180-182) Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü Təqsirləndirilən şəxs ona “İnstagram” sosial şəbəkəsindən yazdıqdan sonra onlar görüşmüşlər. Hadisədən sonra onun psixoloji problemləri yaranmış, baş verənlər ona çox təsir etmiş, buna görə də o, hadisəni tam xatırlaya bilmir. O Kənanla görüşməyə Sultan Şəfaqətli ilə birlikdə getmiş, Soltan ilə Kənan arasında dava-dalaş olmuşdur. O, Kənanla Soltan arasında baş verən dava-dalaşın necə olduğunu, Kənanın ona hansı səbəblə bıçaq zərbəsi endirdiyini bilmir. Hadisədən sonra onun əsəb sistemi ilə bağlı problemləri yaranmış bu səbəbdən hadisə zamanı baş verənləri xatırlamır. Zərərçəkmiş şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ifadəsində göstərmişdir göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, T.Bayramov küçəsi, dalan 4, ev 54 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda valideyinləri ilə birlikdə yaşayır. Xırdalan şəhərində yerləşən 8 saylı tam orta məktəbin 10 A sinifində oxuyur. Təqsirləndirilən şəxs onunla yaxınlıqda qalır, həmçinin onun oxuduğu 8 saylı orta məktəbin 9 C sinifində oxuyur. Münasibətləri həmişə normal olmuşdur. Son zamanlar Kənan ilə aralarında münasibət yox idi. Belə ki, onun kənar insanlara kobud davranışı o, cümlədən davakar olması onun xoşuna gəlməmişdir. Kənan 2021-ci ilin yanvar ayında tarix yadında deyil, o, küçədə dayanarkən Kənan ona yaxınlaşıb demişdir ki, «sən mənim arxamca məni söymüsən». O, da ona demişdir ki, «mən səni söyməmişəm». Sonradan isə bir neçə dəfə onu küçədə görmüş, nünasibəti olmamışdır. 12.07.2021-ci il tarixdə Kənan ona sms yazaraq «gəl səninlə şirin söhbət edək»-demişdir. Bu zaman yanında olan dostu Kənandan «nəyə görə söhbətə cağırırsan»-deyə soruşmuş, Kənan isə «tək gəl, mehriban danışacağıq» bildirmişdir. Kənan sonradan o, razılaşandan sönra 12.07.2021-ci il tarixdə saat 20 radələrində Xırdalan şəhərində yerləşən 8 saylı orta məktəbin həyətində görüşmələri barədə razılığa gəlmişlər. Həmin günü o, da tək getmək istəmədiyi üçün yanında dostu Soltanıda götürmüşdür. Onlar onunla birlikdə məktəbin həyətinə çatanda artıq Kənan orada onu gözləmişdir. Kənanla görüşmüşlər. Bu anda Soltan Kənanın arxa cibində bıçaq görmüşdür. Bu anda kənara çəkilmişlər, Soltan telefonla danışmışdır. Kənan ona «keçək kənarda Soltanla söhbət edək»-demiş, o, da «Soltanla söhbət lazım deyil, qoy Soltan gəlsin barışaq»-demişdir. Bu anda o, özünü Soltana tərəf çəkərkən Kənanın onun qarın nahiyəsindən bıçaqla vurduğunu görüb, o, da əli ilə onu itələyərkən onun sol əlinə də bıçaq dəymişdir. Kənan onu bıçaqla vurduqdan sonra qaçmağa başlamış, bu zaman Soltan Kənanın onu bıçaqla vurduğunu görüb Kənanı tutmuş, Kənan isə onada bıçaq zərbəsi endirib qaçıb çıxıb getmişdir. O, da sonra Soltan orada tanımadığı şəxslərin köməkliyi ilə onu xəstəxanaya çatdırmışlar. Həkimlər ona ilk tibbi yardım göstərmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, əvəllər Kənan ilə münasibəti yaxşı olmuş, lakin sonradan ondan xoşu gəlməmiş, ona görə də ondan aralaşmışdır. Kənan da bunu qəbul edə bilməmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı hadisə yerində Soltandan başqa heç kim olmamış, aralarında olan sözlü mübahisə təxminən 5-10 dəqiqə davam etdmiş, həmin vaxtı Kənan onu bıçaqla vurarkən o, sonuncunun sinəsindən itələmiş, münaqişədən əvvəl o, Kənana heç bir söz deməmiş, sonuncu onların 2 nəfər olduğunu görüb qorxaraq cibindən bıçağı çıxarıb birinci onu, sonra isə Soltanı vuraraq qaçmışdır. (cild 1, iş vərəqə: 71-73) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxlə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, təqsirləndirilən şəxsə mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kənanla Aslan arasında uzun müddətdir, təxminən 6 aydır ki söz-söhbət olmuşdur. Hadisə baş verdiyi gün isə o, mağazaya getmiş və orada olarkən, təxminən saat 20-21 radələrində Kənan ona zəng etmişdir. O telefona cavab verdiyi zaman Kənan onu gəlib məktəb tərəfdən götürməyini söyləmişdir. O isə ona “beş addımlıq yoldur, dur özün gəl də” demiş Kənan ona “yox, dalımca gəl” söyləmişdir. O, oraya getdiyi vaxt belə bir hadisənin baş verdiyini bilmişdir. Kənan ona bıçaqla birisini vurduğunu söyləmış, bu zaman o özünü itirmiş və daha sonra isə Kənanı avtomobilə mindirib polis idarəsinə aparmışdır. Həmçinin, hal-hazırda zərər çəkmiş şəxslə barışıq əldə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü təxminən axşam saatlarında Aslanla o, məktəbin həyətinə getmiş, həmin vaxt Kənan orda olmuşdur. Onlar Kənanla görüşdükdən sonra, Aslanla Kənan öz aralarında danışmağa başlamış, o isə bu zaman telefonla danışmışdır. O, telefonla danışdıqdan sonra kənardan səslər gəldiyini və bu zaman Kənanın Aslana bıçaq zərbəsi endirdiyini görmüşdür. O, Kənanla Aslanı ayırmaq məqsədilə onların yanına getmiş, lakin Kənan onu da vurduqdan sonra o da özünü qorumaq məqsədilə ona sillə vurmuşdur. Bunlar baş verdikdən sonra isə Kənan oradan qaçmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17.08.2021-ci il tarixli 1789 saylı rəyinə əsasən 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısında, sol orta körpücük xətti üzrə, sol qabırğaltı nahiyədə yerləşən qarın boşluğuna nüfuz edərək qaraciyəri yaralayan 1 (bir ) ədəd, döş qəfəsinin ön səthinin sol yarısının, sol məmə xətti üzrə yerləşən daxilə nüfuz etməyən 1 (bir) ədəd və sağ qasıq nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, sol said nahiyəsinin yuxarı 1/3-nin 1 (bir) ədəd, sol əlin iç və ön səthini əhatə edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici alətin və ya alətlərin təsirindən törənmişdir, 12.07.2021-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə döş qəfəsinin sol yarısında, sol orta körpücük xətti üzrə, sol qabırğaltı nahiyədə yerləşən qarın boşluğuna nüfuz edərək qaraciyəri yaralayan 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin ön səthinin sol yarısının, sol məmə xətti üzrə yerləşən daxilə nüfuz etməyən 1(bir) ədəd və sağ qasıq nahiyəsinin daxilə nüfuz etməyən 1(bir) ədəd, sol said nahiyəsinin yuxarı 1/3-nin 1(bir) ədəd, sol əlin iç və ön səthini əhatə edən 1(bir) ədəd, deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (iş vərəqə cild İ, səh 79-81) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11.01.2022-ci il tarixli 02Ə saylı rəyinə əsasən 2005-ci il təvəllüdlü X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ kürək və sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası iti-deşici kəsici alətin (alətlərin) təsirindən törənmişdir, 12.07.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (iş vərəqə cild İ, səh 126-127) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 3/1666 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. (cild 1, iş vərəqə: 85-88) Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli 2781 saylı rəyinə əsasən 12.03.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. 12.03.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməl dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs müayinə zamanı özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmədi. Əqli və psixi inkişafı nəzərə alınmaqla Təqsirləndirilən şəxs hadisə zamanı yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışın mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (iş vərəqə cild İ, səh 113-116) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 qəsdən yüngül xəsarət yetirilməsi faktı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan hissəsinə xitam verilmişdir. (cild 1, iş vərəqə 139-147) Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 20 aprel 2022ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs məxsus AA******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş, cinayət hadisəsi baş verən gün 12 iyul 2021-ci il tarixdə yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd turist bıçağı sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (iş vərəqə cild İ, səh 146-147) İş materiallarına əlavə edilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsi valideynin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçmək haqqında 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 yanvar 2022-ci il tarixdə “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsi valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cı maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 uyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığ hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 1.cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 3. Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs əməlini səmimi şəkildə etiraf edərək peşman olduğunu bildirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması və ən əsası onun cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulması məqsədə müvafiqdir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan- bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan- bir ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fikrət Əliyev Hakim: İmza Fəhmin Hümbətov Əsli ilə düzdür Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar