Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-241/2023 18.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1980-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, Tərtər rayonu, R.Mürsəlov küçəsi, ev 11-də qeydiyyatda olan və Abşeron Xırdalan şəhəri, 25- ci məhəllə, ev 2, mənzil 31-də yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Əli adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri həmin Əli adlı şəxsin hesabına 600 manat pul köçürməklə alıb Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Əli adlı şəxsin Abşeron rayonunda yerləşən Ağ hotelin yaxınlığında qoyduğu şəffaf' selofan paketdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına daxil olan ümümi çəkisi 37,864 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı’na daxil olan 23,797 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 2, mənzil 31-ə daşıyıb, həmin psixotrop maddə metamfetamindən 0,817 qram çəkidə, bir ədəd sellofan bükümdə, narkotik vasitə heroindən isə dörd ədəd bükümdə ayrı-ayrılıqda 0,751 qram, 0,3 16 qram, 0,186 qram, 0,353 qram, ümumilikdə 1,606 qram çəkidə ayırıb üzərində, bir ədəd bükümdə 36,258 qram çəkidə narkotik vasitə heroini və bir ədəd bükümdə 22,980 qram çəkidə psixotrop maddə metamfetamini isə yaşadığı həmin mənzildə saxlamış, 28 may 2022-ci il tarixdə saat 23:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-уə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd selofan bükümdə 0,817 qram çəkidə ağ rəngli kristallik maddə psixotrop maddə metamfetamin və dörd ədəd selofan bükümlərdə 0,751 qram, 0,316 qram, 0,186 qram və 0,353 qram ümumi 1,606 qram çəkidə, qəhvəyi rəngli narkotik vasitə heroin, əməliyyat tədbirinin davamı kimi onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 2, mənzil 31-ə baxış keçirilən zaman evin qonaq otağında kreslonun arxa hissəsindən şüşə qabın içərisində olan iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda 8,153 qram, 28,105 qram, ümumi çəkisi 36,258 qram olan narkotik vasitə heroini, bir ədəd sellofan bükümdə çəkisi 22,980 qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi və bir ədəd üzərində metamfetamin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onun evinə basqın etmişlər, evində şəxsi istifadəsi üçün 01 qram narkotik vasitə heroin olmuşdur. İttihamda qeyd olunan narkotik vasitələr onda olmamışdır. Metamfetamindən istifadə etməmişdir. O Abşeron rayon Polis İdarəsinə gətirilmiş və orada həmin narkotik vasitələr boynuna qoyulmuşdur. Telefonunda kiminsə ondan narkotik vasitə istəməsi kimi mesajlar olmamışdır. Arvadının qoluna qandal vurulmuş, onun da bölməyə gətiriləcəyi deyildiyi üçün deyilənlərlə razılaşmışdır. Ona qarşı fiziki zor tətbiq olunmamışdır. O narkotik vasitə satmadığını bildirmiş və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, 28 may 2022-ci il tarixdə saat 23:30 radələrində yaşadığı ünvanın yaxınlığında, yəni Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPİyə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçəsinin sağ cibindən 4 bükümdə narkotik vasitə olan heroin və 1 (bir) bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ cibindən 10 manat pul və gödəkçəsinin sol cibindən Samsung markalı mobil telefonu aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 10 manat pul isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetamin bükümlərinin özümə məxsus olduğunu, həmin kütlələri internetdə instagram sosil şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli" adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonunda yerləşən Ağ hotelin yaxınlığından öz şəxsi istifadəsi üçün əldə etdiyini, həmçinin yaşadığı evdə də narkotik maddələr saxladığını bildirmişdir. Sonra yaşadığı mənzilə yollanmışlar. Mənzilə baxış zamanı o, kreslonun arxa hissəsindən şüşə qabda 2 ədəd elektron tərəzi, 2 bükümdə heroin və 1 bükümdə metamfetamini təqdim etmişdir. Təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 38,34 qram, metamfetamin çəkisi isə 23,94 qram olmuşdur. Sonra yaşdığı evə baxış keçirilmişdir. Baxış zamanı o, evindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl Abşeron rayonunda yerləşən Ağ hotelin yaxınlığından öz şəxsi istifadəsi üçün aldığını və buna görə həmin Əli adlı şəxsin votçapla göndərdiyi hesab nömrəsinə 600 manat pul köçürdüyünü, yaşadığı mənzildə narkotik maddələr saxlamağı barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Üzərində aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini yaşadığı mənzildə aşkar edilmiş narkotik və psixotrop maddədən götürüb bükümlərə ayırmışdır. Onun istifadəsində olan ***-***-**-** «Azefon» mobil operatorunun nömrəsindən ***-***-**-** saylı nömrəyə “Mən hörmətsizlik eləmərəm qaqa çəkdiyin tərəzinidə gətirərsən məndəkiynən yoxluyaq burda mal yoxuydu daşda verə bilmədim orada bu vaxtı getmək mümkün deyil papam dəli olardı bu vaxtı ora getsəm, mən sənə hörmətsizlik eləmərəm çəki az olanda da deirəm sənə”, “Qaqa verdiyim malın pulu hanı ki, sən belə eləyirsən qaqa qəsdən eləyirsən” ***-***-**-** saylı nömrəyə “Qaqa salam telefonu aç mal demişəm pul çatmır, axşam sən öl vurmusan mənə yekə kişisən ayıbdı bizim aramızda sən öl vurub pul atmırsan, mal götürüm işimiz dayanmasın” SMS mətlərinin, həmçinin ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən “Qaqa kolanı tərəziyə qoyacaqlar, qaqa birdə mənim özümə balaca koku birdə balaca daş qoy gücüm çatandan olmasada olar”, “Qaqa gəlirəm yanına mənə 3 kola, 2 daş ver istəyən çoxdu dünəndən pis vəziyətə qalmışam”, “Qaqa sənə 80 manat atıram, otururam maşına gəlirəm 3 patı, 2 kola almar görüm yenə gözləyənlər var. Zəng edərsən sənnən SMS gəlmir mənə nəsə” , “Qaqa Sənan çıxanda ona 2 dənə daş ver, qayıdıb yenə pul atacam” ***-***-**-** saylı nömrədən “Qaqa sənə 72 manat çatdı, 72+40, borcum 25 manat, 3 patı, 1 kola qaqa ama tez gəlsin xahiş elə ona görə” sözlərindən ibarət mətnlər ona məxsus nömrəyə yazılsa da və onun nömrəsindən başqa nömrələrə mətlər yazılsada hazırda kimin tərəfindən yazıldığını, nə üçün yazıldığını xatırlamır. (Cild 1, iş vərəqləri 184-186) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. 28 may 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin satışı və üstündə gəzdirməsində şübhəli olduğunu bilidirib, onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-nin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq vəkilinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin yaşadığı evdə də narkotik maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs razılığı əsasında Xırdalan şəhərində yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağından 02 ədəd elektron tərəzi, 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı sellofan bükümlərdəki maddənin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşından həm öz şəxsi istifadəsi üçün, həmdə satış məqsədilə əldə etdiyini bildirmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 may 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi keçirilməsi haqqında” qərardan görünür ki, Şahid2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” 29 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ cibindən 04 bükümdə narkotik vasitə olan heroin və 01 bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ cibindən 10 manat pul və gödəkçəsinin sol cibindən Samsung markalı mobil telefonu aşkar olunaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 10 manat pul isə özünə geri qaytarılmışdır. (cild 1, iş vərəqə 29-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mənzilə baxış keçirilməsi və götürmə haqqında” 29 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağına keçərək orada olan kreslonun arxa hissəsindən şüşə qabda içərisində 2 ədəd elektron tərəzi, 2 selofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd selofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir.( cild 1, iş vərəqə 34-36) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 29 may 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərinə şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən 04 ədəd selofana bükülü narkotik vasitə heroin və 01 ədəd selofana bükülü ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, həmçinin yaşadığı mənzilə baxış keçirilən zaman mənzildə qonaq otağında kreslonun arxa hissəsindən şüşə qabın içərisində olan 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü rəngli elektron tərəzi və 01 ədəd qara rəngli elektron tərəzi aşkar edilib götürülmüş və həmin psixotrop maddə metamfetamini və narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Ağ” etelin yaxınlığında “İnstagram sosial” şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsilə əldə etmiş və Abşeron rayonu ərazisində daşımışdır. ( cild 1, iş vərəqə 55-56) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında”, “mənzilə baxış keçirilməsi və götürmə haqqında”, “diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3021 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi” və.s yazılar, imzalar olan kağız paketdəki 04 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,751 qram, 0,316 qram, 0,186 qram, 0,353 qram, təmiz çəkisi 1,606 qram qəhvəyi rəngli maddə kütlələri kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,817 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir;- üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi” və.s yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 8,153 qram, 28,105 qram ümumi təmiz çəkiləri 36,258 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 22,980 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri, 01 ədəd qara rəngli elektron tərəzinin üzərində metamfetaminin izləri müəyyən edildi. Tərəzilərin üzərində həmin maddələr iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış zamanı aşkar edilmiş ümumilikdə təmiz çəkiləri 37,864 qram heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, ümumi təmiz çəkiləri 23,797 qram metamfetamin kütlələri də həmçinin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər.( cild 1, iş vərəqə 44-49) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 Publik Hüquqi şəxsin 03 iyun 2022-ci il tarixli 1119 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. ( cild 1, iş vərəqə 128) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş “"xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli AZF/LGL-12502/22 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ***-***-**-** "xxxx" mobil operatorunun nömrəsindən ***-***-**-** saylı nömrəyə “Mən hörmətsizlik eləmərəm qaqa çəkdiyin tərəzinidə gətirərsən məndəkiynən yoxluyaq burda mal yoxuydu daşda verə bilmədim orada bu vaxtı getmək mümkün deyil papam dəli olardı bu vaxtı ora getsəm, mən sənə hörmətsizlik eləmərəm çəki az olanda da deirəm sənə”, “Qaqa verdiyim malın pulu hanı ki, sən belə eləyirsən qaqa qəsdən eləyirsən” ***-***-**-** saylı nömrəyə “Qaqa salam telefonu aç mal demişəm pul çatmır, axşam sən öl vurmusan mənə yekə kişisən ayıbdı bizim aramızda sən öl vurub pul atmırsan, mal götürüm işimiz dayanmasın” SMS-ləri yazılmışdır. Həmçinin ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən “Qaqa kolanı tərəziyə qoyacaqlar, qaqa birdə mənim özümə balaca koku birdə balaca daş qoy gücüm çatandan olmasada olar”, “Qaqa gəlirəm yanına mənə 3 koia, 2 daş ver istəyən çoxdu dünəndən pis vəziyətə qalmışam”, “Qaqa sənə 80 manat atıram, otururam maşına gəlirəm 3 patı, 2 kola alınar görüm yenə gözləyənlər var. Zəng edərsən sənnən SMS gəlmir mənə nəsə” , “Qaqa Sənan çıxanda ona 2 dənə daş ver, qayıdıb yenə pul atacam” ***-***-**-** saylı nömrədən “Qaqa sənə 72 manat çatdı, 72+40, borcum 25 manat, 3 patı. 1 kola qaqa ama tez gəlsin xahiş elə ona görə” SMS-ləri yazılmışdır. ( cild 1, iş vərəqə 131-132, 140-143) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 4488 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərion qəbulu nəticəsində yaranan asılılıq sindromu “Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 129-130) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertizadan sonra ümumi təmiz çəkisi 37,744 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 23,697 qram psixotrop maddə metamfetamin, bir ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi və bir ədəd üzərində metamfetamin izləri olan qara rəngli elektron tərəzi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, həmçinin iki ədəd DVD diski və bir ədəd CD diski maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir.( cild 1, iş vərəqə 162- 166) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəzası başa çatmışdır. Azərbaycan Respublikasnı CM-in 18.1-ci maddəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin bu məcəllənin 83.3.3-cü maddəsində qeyd edilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş şəxslər hesab edilir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməlində cinayətlərin residivi vardır. ( cild 1, iş vərəqə 120-121) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Tərtər şəhər İƏDÜ nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək daşımış və saxlamışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ramil Salmonovun barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq olunması, ittihamda qeyd olunan narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, narkotik vasitə satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, onları müxtəlif bükümlərə ayırması, elektron tərəzinin aşkar edilməsi, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə saat 23:30-dan etibarən şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 30 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 78-81) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertizadan sonra ümumi təmiz çəkisi 37,744 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 23,697 qram psixotrop maddə metamfetamin, 02 (iki) ədəd elektron tərəzi məhv edilməli, 03 ( üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertizadan sonra ümumi təmiz çəkisi 37,744 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 23,697 qram psixotrop maddə metamfetamin, 02 (iki) ədəd elektron tərəzi məhv edilsin, 03 ( üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-241/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-241/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver