Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-243/2023 05.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X4, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 18 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, qızı X5 başqa şəxslə uzun illər ər-arvad münasibətində olmasına baxmayaraq əslən Beyləqan rayonundan olan hərbi qulluqçu X2 ilə yaxın münasibət saxlamasından, qızının sonuncuya ailə qurmaq niyyəti ilə qoşulub getməsindən xəbər tutub, qızını Beyləqan rayonundan geri qaytarmasına baxmayaraq 19 iyun 2022-ci il tarixdə işdə olduğu vaxt qızının yenidən Malik Süleymanova qoşulub qaçmasına əngəl olmaq üçün oğlu Zərərçəkmiş şəxs lazımi səy göstərməməsi qənaətinə gələrək, həmin gün saat 22 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evə gəlmiş oğlu ilə bu zəmində mübahisə edən zaman evdə olan Zərərçəkmiş şəxs anası Şahid2 və arvadı X4 Zərərçəkmiş şəxs tərəfkeşlik edib ona müqavimət göstərərək ayırmalarına əhəmiyyət verməyib Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətlə yaşadıqları evin mətbəx mebelinin siyirməsindən tiyəsinin uzunluğu 155 mm, dəstəyinin uzunluğu 115 mm olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürərək yataq otağına getmək istəyən Zərərçəkmiş şəxs özünə və sonuncuya əziz olan yaxın qohumlarına - anasına və arvadına hərəkətləri ilə xüsusi əzab verdiyini dərk edərək onların gözü qarşısında, yəni xüsusi amansızlıqla Zərərçəkmiş şəxs əvvəlcə kürək nahiyəsinə bir ədəd, bu xəsarəti aldıqdan sonra ona tərəf dönən zərərçəkmişin boyun nahiyəsinə daha bir ədəd, xəsarət yetirməklə döş qəfəsinin arxa səthinin sol yarısının daxilə nüfuz edərək sol ağciyəri və aortanı zədələyən deşilmiş-kəsilmiş yaranın törətdiyi çoxlu qanitirmədən ölümünə səbəb olan boyun nahiyəsinin ön səthinin sağ yarısının daxili vidaçi venanı və traxeyanı yaralayan deşilmiş kəsilmiş yarası və döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üzrə Vİ-Vİİ qabırğaarası sahədə yerləşən deşilmiş kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, habelə iki ədəd səthi kəsilmiş yaralar kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qızı Suqranın ailəsi ilə problemləri olmuşdur. Belə ki, qızı Suqra Azər adlı şəxslə evli olmuş, daha sonra rəfiqələrindən birinə aldanıb Beyləqana getmişdir. Onlar qızını Beyləqandan yaşadıqları evə geri gətirmişdirlər. O, evə gəlib gəlini Əfsanədən, yəni oğlu İlkinin arvadından qızı Suqranın harada olduğunu soruşduqda o, qızı Suqranın yenə evdən getdiyini, oğlu İlkinin onu yola saldığını bildirmişdir. Bundan sonra o, oğlu İlkinə zəng edib bacısını evdən göndərməyinin yanlış hərəkət olduğunu, ailənin adına ləkə gətirdiyini demişdir. O, telefon söhbəti zamanı bir qədər oğlu İlkinlə mübahisə etmişdir. Onların arasında olan telefon danışığından onunla İlkindən başqa heç kimin məlumatı olmamışdır. O, həmçinin telefon danışığı zamanı oğlu İlkinə qızı Suqranın əri Azər və qardaşının axşam onlara gələcəyini bildirmişdir. Həmin telefon danışığından bir qədər sonra oğlu İlkin yenidən ona zəng edərək yalan danışdığını, Azərgilin axşam gəlməyəcəyini deyib ona öz bildiyini etməyə imkan vermədiyinə görə onu tənqid etmişdir. Suqranı evdən yola salmaq barədə oğlu İlkinlə telefonda mübahisə etdikdən sonra evə gəlmişdir. Axşam saat 21:20 radələrində İlkin evə sərxoş halda gəlmiş, heç ayaq üstdə belə dayana bilməmişdir. Əyləşdikdən sonra ona qarşı nalayiq təhqiredici ifadə işlətmişdir. O, da ona həddini aşmamasını söyləmişdir. Daha sonra İlkin bayırda olarkən dörd nəfər şəxs tərəfindən döyüldüyünü, mobil telefon aparatının da əlindən alındığını demişdir. O, İlkinə inanmayıb avtomobilinin açarlarını götürüb arvadı ilə birlikdə alışqanın işığıyla avtomobilin içərisini axtarmağa başlamışdır ki, bəlkə mobil telefon aparatı avtomobilin içərisinə düşmüş olar. Lakin mobil telefon aparatını avtomobildə tapa bilməmişdirlər. Bu halda İlkin onun mobil telefonundan öz mobil nömrəsini yığaraq zəng etmiş, lakin mobil nömrəsinə zəng çatmamışdır. Həmin vaxt İlkin əsəbiləşərək bir qədər anasına doğru yaxınlaşıb anasını vurmuş və beləcə ara qarışmışdır. İstintaq zamanı da ifadə verərkən də bıçağı divandan tulladığını və beləcə bıçağın da İlkinə dəydiyini, amma oğlu İlkini bıçaqla vurmadığını bildirmişdir. O,əsəbi olduğundan bıçağı divandan İlkinə doğru atmışdır. Əgər oğlu İlkini bıçaqla qəsdən vursaydı, özü də hüquq mühafizə orqanlarına müraciət etməzdi. İlkinə doğru atdığı əşyanın heç bıçaq olduğunun fərqində olmamış, bıçağı kiçik mobil telefonu zənn etmişdir. O, yalnız bıçağı atdıqdan sonra əlindəki əşyanın bıçaq olduğunu bilmişdir. Bıçaq İlkinə dəydikdən sonra İlkin yerə yıxılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, İlkini bıçaqla iki dəfə deyil, bir dəfə vurmuşdur. İlkin evə girəndə boğazı cırılmış, dörd nəfər şəxslə dalaşıb evə gəlmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin sullarına cavab olaraq göstərmişdir ki, İlkinə tərəf bir dəfə bıçaq atmışdır. Hadisə yerində İlkinə ondan başqa xəsarət yetirən olmamışdır. Hadisənin şahidi o, oğlu İlkinin arvadı və onun öz arvadı olmuşdur. Təqsirləndirilən şəxs müdafiə tərəfinin sullarına cavab olaraq göstərmişdir ki, əvvəllər oğlu İlkinlə münasibəti yaxşı olmuşdur. Qızı Suqrayla bağlı İlkinlə aralarında problem yaranana kimi onun nə qızı, nə də oğlu ilə heç bir problemi olmamışdır. Hadisəyə kimi heç onların evində söz-söhbət olmamışdır. Hadisə günü deyil, hadisədən bir gün qabaq yeyibiçmişdir. Hadisə günü alkoqollu içki qəbul etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, hadisədən qabaq da bir dəfə İlkini evdən götürüb getmiş, həmin vaxt da Etibar İlkini bıçaqlayıb öldürmək istəmişdir. Bu səbəbdən onlar bir müddət kirayədə qalmışdırlar. Təxminən üç aydan sonra İlkin valideynlərinə yazığının gəldiyini, evin tək uşağı olduğunu bildirmiş və onlar Etibargilin yanına qayıdıb yenidən onlarla birlikdə yaşamağa başlamışdırlar. Etibar həmişə İlkinə zülm vermiş, kim ona nə deyirdisə gəlib İlkinlə onu mübahisələndirib münaqişə yaratmışdir. İlkinin harasa gedib-gəlməyini belə həmişə problem etmişdir. Hadisə gününə gəldikdə isə, burada İlkinin heç bir təqsiri olmamışdır. Hadisə günü İlkin evə çox sərxoş halda gəlmişdir. İlkin o qədər sərxoş olmuşdur ki, heç danışa bilməmiş, o ki qaldı Etibara cavab qaytarsın və ya onu təhqir etsin, sadəcə olaraq İlkin baxmışdır. Münaqişə zamanı qaynatası Etibar qızı Suqraya görə əvvəlcə əri İlkinə fiziki bədən xəsarətləri yetirmişdir. Belə ki, Etibar İlkinin başını qapının taxtasının üzərinə qoyub və başının üzərinə atlanmışdır. Etibar İlkinə çox ağır şəkildə fiziki bədən xəsarətləri yetirmiş, onunla qaynanası da İlkini Etibarın əlindən ala bilməmişdir. Bəlkə də İlkin Etibar tərəfindən bıçaqlanmasaydı belə, çox ağır şəkildə Etibar tərəfindən döyüldüyü üçün öləcəkdi. Münaqişə əsnasında birtəhər İlkini qaynatası Etibarın əlindən alıb otaqlarına doğru aparmışdır. İlkinin anası da orada olmuşdur. O, İlkini otağa doğru aparan zaman Etibar arxadan gələrək İlkini bıçaqla vurmuşdur. Etibar İlkini arxadan iki dəfə vurmuşdur. İlkin Etibara doğru geri çevrilən zaman sonuncu İlkinin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Daha sonra da İlkini xəstəxanaya aparmışdırlar. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 dövlət ittihamçısının sullarına cavab olara göstərmişdir ki, əri İlkin alkoqollu içkiyə meyilli şəxs olmamışdır. Sadəcə olaraq hadisə günü İlkin davamlı olaraq Etibar tərəfindən təhqir olunduğu üçün həddən artıq miqdarda alkoqollu içki qəbul etmişdir. Etibarın İlkinə bıçaqla arxadan xəsarət yetirmişdir. Bıçağın İlkinə neçə dəfə dəydiyini bilməmiş, amma Etibarın İlkini arxadan təxminən iki-üç dəfə vurduğunu görmüşdür. Etibar bıçağı stolun üzərindən götürmüşdür. X1 evdən çıxıb getməsinə görə yaranmışdır. O, təqsirləndirilən şəxslə barışmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə tərkibinin suallarına cavab olara göstərmişdir ki, Etibarın tam olaraq nə səbəbə İlkinlə yola getmədiyini deyə bilməz. Suqra məsələsinə gəldikdə isə, Etibarın qızı Suqra öz ailəsi ilə birlikdə yaşamaq istəməmiş, başqasına qoşulub qaçmışdır. X12 evə gətirmişdir. Bir neçə gün Suqra evdə qaldıqdan sonra sonuncu İlkinə evdən gedəcəyini, iki günlük rəfiqəsinin uşaqlarına baxacağını bildirmişdir. İlkin də bacısının getmək istədiyini görüb onu saxlamağın mümkün olmadığını başa düşmüş, bacısına icazə verməsə Suqranın evdən qaçacağını anlamışdır. Bu səbəbdən də İlkin Suqraya iki gün sonra evə qayıtması şərtilə iki günlük evdən getməsinə razılıq vermişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 müdafiə tərəfinin suallarına cavab olara göstərmişdir ki, hadisə vaxtı otaqda onunla yanaşı qaynanası da olmuşdur. İlkin anasına sillə vurmamışdır. Hadisə zamanı heç İlkinin sərxoşluqdan danışmağa belə halı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əri Etibar oğlu İlkini bıçaqla vurmuşdur. Etibar bıçağı mətbəxdən götürmüşdür. O, Etibarın İlkini bıçaqlamasının şahidi olmuş, hadisə onun yanında baş vermişdir. Hadisədə İlkinin heç bir təqsiri olmamışdır. Bu işdə təqsirkar Etibar və qızı Suqradır. Etibar hadisə zamanı ilk öncə İlkinin kürəyinə, daha sonra da boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Belə ki, Etibar İlkinin iki dəfə kürək, bir dəfə də boğaz nahiyəsinə bıçaqla zərbə endirmişdir. Hadisədən qabaq Etibarla İlkin arasında münaqişə olmamışdır. Suqranın əxlaqa zidd hərəkətləri barədə hadisədən çox əvvəl ona məlumat vermişdir. Etibar bıçağı mətbəxdəki siyirmədən götürmüşdür. Hadisə zamanı stolun üzərində bıçaq olmamışdır. Etibar mətbəxdən bıçağı götürən zaman İlkini də arvadı Əfsanə otaqlarına aparmış, həmin vaxt İlkin çox sərxoş olmuşdur. Çünki Etibar onu nə qədər təhqir etmişdisə, İlkin də həddindən artıq miqdarda alkoqollu içki qəbul etmişdir. Münaqişə əsnasında oğlu ona heç bir bədən xəsarəti yetirməmiş, o cümlədən sillə vurmamışdır. Etibarın bıçağı siyirmədən götürdüyünü dəqiq şəkildə xatırlamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında oğlu 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirərək qətlə yetirən 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs doğma qardaşıdır. Qardaşı 1986-cı ildə arvadı Bəyimlə ailə həyatı qurmuş, bu nikahdan onların iki övladı (1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 1991 -ci il təvəllüdlü Suqra İbadova) dünyaya gəlmişdir. Qardaşı ailəsi ilə təxminən 1999-cu ildə Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşdür. Qardaşı avtomobil ustası kimi fəaliyyət göstərmiş, İlkin isə taksi sürücülüyü etmişdir. İlkin 2013-cü ildə X8 ilə ailə həyatı qurmuş, bu nikahdan iki övladı (Dəniz və Ümid) dünyaya gəlmişdir. Suqra isə 2009-cu ildə Azər adlı şəxslə ailə həyatı qurmuşdur. Qardaşının ailəsinin ailədaxili münasibətləri normal olmuşdur. Lakin müəyyən səbəblərə görə 2020-ci ildən qardaşının evinə getməmişdir. Sonuncu dəfə qardaşını 2022-ci ilin fevral ayında qızının toyunda görmüşdür. İlkini isə 25 may 2022-ci il tarixdə Xırdalan şəhərində görmüşdür. Etibar və İlkinin hər ikisi ailəcanlı olmuşlar. İlkin və Etibar hər ikisi tez-tez spirtli içki qəbul etmişlər. Onların ailəsində bildiyi qədər ciddi problem olmamışdır. Bəyimlə arasında müəyyən problemlər olsa da Etibarla bir qardaş kimi, İlkinlə isə qardaşoğlu-əmi kimi münasibətləri normal olmuşdur. 19 iyun 2022-ci il tarixdə saat 22 radələrində 20 Yanvar metrostansiyası yaxınlığında olarkən Etibar zəng edərək “İlkinlə savaşmışam, onu Respublika Klinik Xəstəxanasına aparıblar, tez özünü ora çatdır” demişdir. Bundan sonra dərhal Respublika Klinik Xəstəxanasına getmiş və İlkinin orada öldüyünü öyrənmişdir. Bəyim və Əfsanə də həmin vaxt xəstəxanada olmuşlar. İlkinin meyiti müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mərkəzi meyitxanasına yerləşdirilmişdir. Etibar isə gecə istintaqa cəlb edilmişdir. İlkinin meyiti isə 20 iyun 2022-ci il tarixdə müayinə olunduqdan sonra təhvil verilmiş və onu İmişli şəhər qəbristanlığından dəfn etmişlər. Hadisədən sonra Etibarın qızı Suqranın öz əri Azəri və uşaqlarını buraxaraq Beyləqan rayonunda yaşayan hərbi qulluqçuya qoşulmasını, buna Etibarın etiraz etməsini Etibar və İlkin arasında mübahisənin də əsas bundan qaynaqlandığını öyrənmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qaynı olmuşdur. İlkinin bacısı 1989-cu il təvəllüdlü Suqra İbadova ilə 2009-cu ildə ailə həyatı qurmuş, lakin aralarında rəsmi nikah bağlanmamışdır. Bu münasibətdən iki övladı (2010-cu il təvəllüdlü Azərin və 2015-ci il təvəllüdlü Məhəmməd) dünyaya gəlmişdir. Ailəsi ilə birlikdə Xırdalan şəhərində əvvəlcə kirayədə yaşamışdır. Daha sonra isə Cəlilabad rayonunda yaşamışlar. Azərin anadan olduqdan sonra isə yenidən Xırdalan şəhərində, qaynatasıgilin həyətində olan başqa bir tikilidə yaşamağa başlamışlar. 2013-cü ildə ailəsi ilə birlikdə Xırdalan şəhəri, 119 saylı marşurt xəttinin sonuncu dayanacağının yaxınlığında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. Avtobus sürücüsü kimi fəaliyyət göstərərək ailəsini dolandırmışdır. Ailədaxili münasibətləri 2014-cü ilədək normal olmuşdur. 2014-cü ildə Suqranın Mayis adlı oğlanla telefon yazışmalarını tutmuşdur. Bu barədə Suqranın anası Bəyimə məlumat vermişdir. Bəyim ona “elə şey ola bilməz, yəqin sən səhv etmisən” demişdir. Bu hadisədən sonra Suqra ilə arasında tez-tez söz-söhbət düşmüşdür. 2018-ci ildə isə Suqranın başqa bir oğlanla əlaqədə olmasını yenə tutmuş və bu barədə həm Bəyimə, həm də İlkinə məlumat vermişdir. Bundan sonra Suqranın telefonunu anasıgil almışdır. Bu hadisədən təxminən 10 gün sonra Suqra özünə mobil telefon almışdır. Suqra ilə arasında tez-tez münaqişə yaranmışdır. Münaqişənin əsas səbəbkarı Suqra olmuşdur. Suqra bir arvad kimi öz öhdəliklərini yerinə yetirməmiş, ona hətta yemək də hazırlamamışdır. Suqra bəzən 2-3 gün evə gəlməmişdir. Bu barədə soruşduqda Suqra “rəfiqəmgildəyəm” deyərək aldatmışdır. 14 iyun 2022-ci il tarixdə saat 02 radələrində Suqra Məhəmmədi də götürüb evdən çıxıb getmişdir. Onların çıxdığını görsə də, onların arxasınca çata bilməmnişdir. Elə həmin vaxt Bəyimə zəng edərək Suqranın Məhəmmədi də götürüb evi tərk etdiyini bildirmişdir. Səhər tezdən Bəyim və Etibar yaşadığı evə gəlmişlər. Etibar ona “mən bilirəm qızım hardadır, tapıb gətirəcəm” demişdir. 18 iyun 2022-ci il tarixdə saat 16 radələrində İlkin zəng edərək saat 20-də onlarda olmağını xahiş etmişdir. İlkinə “əgər Suqra orda olacaqsa mən gəlmirəm” demişdir. Həmin gün saat 20 radələrində İlkin yaşadığı evə gələrək onu evlərinə aparmışdır. Oraya gedəndə Suqra, Etibar, Bəyim, Məhəmməd, İlkinin arvadı Əfsanə və sonuncuların övladları da orada olmuşlar. İlkin ona həmin axşam “Siz boşanın yola gedə bilmirsiniz” demişdir. İlkinə “bəs Suqranı kim saxlayacaq?” demişdir. İlkin ona “İndiyə kimi atam və anam bu məsələyə qarışırdı, indən sonra isə mən Suqranı özüm, öz evimdə saxlayacam” demişdir. Suqra ona “Sən məndən əl çək, mən qəhbəyəm, səndən boşanıram” demişdir. Həmin gün İlkin və X14 şəhərində yaşayan dayısının evindən gətirdiklərini demişlər. Onların bu dediklərinə inanmışdır. Onlar həmçinin səhər işə gedəndə evin açarını evin bir yerinə qoymağını xahiş etmişlər. Çünki Suqra gəlib əşyalarını götürməli imiş. 19 iyun 2022-ci il tarixdə səhər saatlarında evdən çıxmış və evin açarlarından birini Suqranın da bildiyi yerə qoymuşdur. Saat 23 radələrində evə gəldikdə açarı yerində görməmişdir. Bu səbəbdən tez İlkinə zəng etmiş, lakin İlkinin mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra Etibara zəng etmiş, Etibar zənginə cavab vermiş və “.......İlkini vurdum.” demişdir. Məsələni aydınlaşdırmaq üçün Etibara bir neçə sual verdikdə, sonuncu ona qardaşı İdrisə zəng vurmağını xahiş etmişdir. Etibarın qardaşı İdirisə zəng etdikdə sonuncu İlkinin öldüyünü və mərkəzi meyitxanada olduğunu demişdir. Bundan sonra mərkəzi meyitxanaya getmiş, lakin orda İlkinin qohumlarını görmədikdə isə, Xırdalan şəhərinə qayıdaraq İlkingilin yaşadığı evə getmişdir. Evdə olarkən Bəyim “Xahiş edirəm çıx get” demişdir. İlkinin İmişli şəhərində keçirilən yas mərasimində iştirak etməmişdir. Hadisədən təxminən 1 həftə sonra mən Suqranın əslən Beyləqan rayonunun Daşburun qəsəbəsindən olan Malik Süleymanov adlı hərbi qulluqçuya qoşulub getdiyini, Suqranı geri qaytarmaq üçün İlkinin, Etibarın və Bəyimin onun yanına getdiklərini öyrənmişdir. Şahid3 ifadəsində 19 iyun 2022-ci il tarixdə Suqranı Beyləqana yola salan və onun getməsinə əngəl olmayan İlkinə Etibarın əsəbləşdiyini və ona bıçaq xəsarətləri yetirərək öldürdüyünü bildirmişdir. Arvadının başqa kişilərlə əlaqədə olmasını bildikdən sonra ailədaxili münasibətləri pis olmuşdur. Lakin sonuncu dəfə onlarla söhbət edən mən Suqranı qəbul etdiyini demişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Zərdabi küçəsi 93 nömrəli evdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş şalvarı və köynəyi könüllü olaraq təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, meyitin əynində boz rəngli qısaqol köynək, belində qara rəngli kəmər olan şalvar və göy-boz rəngli alt paltarı vardır. Meyitin əynində olan paltarlar götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 85 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində 2 (iki) ədəd deşilmiş kəsilmiş yaralar və 2 (iki) ədəd səthi kəsilmiş yaralar aşkar edilmişdir. Deşilmiş-kəsilmiş yaralar: 1. Boyun nahiyəsinin ön səthinin sağ yarısının daxili vidaçi venanı və traxeyanı yaralayan deşilmiş-kəsilmiş yarası. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır. 2. Döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üzrə Vİ-Vİİ qabırğaarası sahədə yerləşən deşilmişkəsilmiş yarası. Yara sol Vİ-Vİİ qabırğaarası sahədə sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını dəlib-keçir və aortanın qalxan hissəsini zədələyir. Yara kanalının istiqaməti arxadan-önə, aşağıdan-yuxarı və bir qədər sağdan-sola doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 9-10 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır. Qeyd edilən xəsarətlər həyatidirlər, Təqsirləndirilən şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar deşicikəsici əşyanın (alətin) təsirindən, 2 (iki) ədəd səthi kəsilmiş yara iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlərdən iki ədəd deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir, iki ədəd səthi kəsilmiş yaralar isə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin arxa səthinin sol yarısının daxilə nüfuz edərək sol ağciyəri və aortanı zədələyən deşilmiş-kəsilmiş yaranın törətdiyi çoxlu qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün çoxlu qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il, saat 09:00-dan) 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın təsirindən əmələ gəlmişdir, kəsilmiş yaralar isə bıçağın tiyəsinin kəsərinin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə laraq demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,5% etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixlin 1330 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ bazunun sıyrığı küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və təqsirləndirilən şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin (əl, barmaqlar və sair) təsirindən əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 322-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sağ nahiyəsində bir ədəd və arxa səthinin orta nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar və tuman üzərində hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 405/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/. (Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/. (Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, cins şalvar, trusik, Təqsirləndirilən şəxs məxsus şalvar, 01 ədəd mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd kosmetik çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin Zərərçəkmiş şəxs məxsus qısaqol köynək üzərindəki ləkələrdə alfa, beta aqqlyutininləri alındı. Beləliklə, bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa) qanının ola bilməsi ABO sistemi ilə inkar olunmur. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus qısaqol köynək üzərində hər hasnı bir ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2318 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazl-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs oğunun əqli-intellektual imkanları normaya uyğundur. Kobudluq, hövsələsizlik, eqosentrizm, özünü psixoloji müdafiə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs məxsus 01 ədəd qoluqısa köynək, 01 ədəd şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qoluqısa köynək, 01 ədəd cins şalvar və 01 ədəd alt paltarı (tuman), hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 2, 3 və 4 rəqəmləri ilə işarələnmiş 03 ədəd nümunə, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 29 iyul 2022-ci il tarixli xx/xx-10266 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 20 iyul 2022-ci il tarixli 6511 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tələbnamələrə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışlar. Məhkəmə, Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş Zərərçəkmiş şəxs bacısı Suqra İbadovanın nikahda olduğu halda ailə qurmaq məqsədilə başqa şəxsin yanına getməsinin qarşısını almaq üçün lazımi səy göstərməməsi, hadisə vaxtı İlkinin anasını döyməsindən hiddətlənməsi, ona qarşı nalayiq ifadələr işlətməsi və İlkinə bıçaq zərbəsinin təsadüfən dəyməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs anası və arvadının gözləri qarşısında həmin şəxslərə xüsusi əzab verdiyini dərk edərək məhz onların yanında oğlu Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirməsi, arvadı və gəlinin ona müqavimət göstərərək İlkini onun əlindən almasına baxmayaraq Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirməsi təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd qoluqısa köynək, 01 ədəd şalvar sahibinə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qoluqısa köynək, 01 ədəd cins şalvar və 01 ədəd alt paltarı (tuman) yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 2, 3 və 4 rəqəmləri ilə işarələnmiş 03 ədəd nümunə, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd qoluqısa köynək, 01 ədəd şalvar sahibinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qoluqısa köynək, 01 ədəd cins şalvar və 01 ədəd alt paltarı (tuman) yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin, hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 2, 3 və 4 rəqəmləri ilə işarələnmiş 03 ədəd nümunə, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-243/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-243/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver