Məhkəmə qərarları › İş №1(124)-243/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-243/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-243/2024 23.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, “X11 Zavodunda” boruçu işləyən, Laçın şəhəri, 28 Aprel küçəsi, ev 62A-da qeydiyyatda olub, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Sarı Qaya” pansionatında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 4,985 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, 02 aprel 2023-cü il tarixdə saat 16:00-da Sumqayıt şəhəri, Babək küçəsində yerləşən “Gold Qayalı” marketin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 4,985 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü marketə girərkən polis əməkdaşları tərəfindən saxlanılmış, polis idarəsinə dəvət olunmuşdur. Öz razılığı ilə heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə polis idarəsinə getmişdir. Polis bölməsində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə onun əynində olan üst geyimi polis əməkdaşları tərəfindən götürülmüş, sonra həmin üst geyimi qaytarılaraq ona verilmişdir. Bundan sonra ondan üzərində nə varsa çıxardıb təqdim etməsi tələb olunmuş, o da üzərində olan özünə məxsus əşyaları təhvil verməyə başlamışdır. Sonra əlini üst geyiminin cibinə saldıqda orada bir büküm aşkar etmiş, dərhal buna etiraz etmişdir. Lakin bu zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmış, onun üzərindən çıxıbsa deməli ona məxsus olması bildirilmiş və məcbur qalıb həmin kütləni çıxararaq stolun üstünə qoymuş, sonradan onun nə olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Sumqayıt şəhəri “Gold Qayalı” marketin girişində saxlanılmışdır. Məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilərkən də bu barədə, yəni ona qarşı edilən qanunsuzluqlar barədə hakimə bildirmişdir. Polis əməkdaşları onu günortadan sonra saxlamışlar. Saxlanılandan sonra Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Həmin vaxtda şokda olmuş, dəqiq olaraq harada onun üzərinə baxış keçirilməsi yadında qalmamışdır. Polis əməkdaşları ona qarşı güc tətbiq etmişdir. Ona bildirilmişdir ki, o, mütləq tutulmalıdır, əks halda onun ailəsi üçün yaxşı olmayacaqdır. Qəbul etməsə onun evindən silah və ya bir kilo narkotik vasitə aşkar olunacağı ilə hədələnmişdir. Belə olub heç bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı onun ifadəsi də polis əməkdaşlarının sözləri əsasında yazılmışdır. Ona nə bildirilmişdirsə, o formada ifadə vermişdir. Ona qarşı polis əməkdaşları tərəfindən zor çox az müddət tətbiq olunmuşdur. Artıq ilk dəqiqədən o vəziyyəti başa düşmüş və başqa müqavimət göstərməmişdir. Döyülməsi ilə bağlı xəsarətləri qalmamış, ona görə də istintaq təcridxanasında bu barədə heç bir söz söyləməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Babək küçəsində yerləşən “Gold Qayalı” marketin qarşısında xx.xx.2023- cü il tarixdə, saat 16 radələrində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onu idarəyə dəvət etmişlər. İdarədə olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, buna etiraz etməmişdir. Şəxsi axtarış başlamazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi Tahir Abbasov təqdim olunmuş, o, etiraz etməmiş, daha sonra videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman üzərində hər hansı qanunsuz əşya və ya predmet vardırsa könüllü təqdim etməsi bildirilmiş, bu zaman şalvarının sağ arxa cibindən mobil telefonunu, gödəkcəsinin sağ yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin bükümdə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin maddənin hansı formada cibinə daxil olmasını bilməmiş, lakin şəxsi axtarış zamanı dünən 20 Yanvar metrosu ərazisində adını bilmədiyi, üzdən tanıdığı şəxsin ona verdiyini bildirmişdir. Həmin maddə elektron tərəziyə qoyulub çəkilən zaman 6,01 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm qablaşdırılmışdır. Həmin bükümün kim tərəfindən, hansı formada onun cibinə qoyulmasını bilməmiş, çəkilişdə ilk dəfə görmüş, özü heç vaxt narkotik vasitə və psixotrop maddə istifadəçisi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunandan sonra bildirmişdir ki, həmin ifadəni qəbul etmir, o, həmin ifadəni təsir altında vermişdir. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 02 aprel 2023-cü il tarixdə ona Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə istifadə etməsi, satması və saxlaması barədə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra o, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, Babək küçəsində yerləşən “Gold Qayalı” marketinin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, idarədə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan bükümdə heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddəni bir gün əvvəl Bakı şəhəri 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsin onun cibinə qoyduğunu bildirmişdir. Bundan sonra həmin maddə müvafiq qaydada elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, daha əvvəl onun barəsində əməliyyat aparatına əməliyyat məlumatı daxil olmamışdır. Şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmiş və ona güc tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da digər şahidlərlə eyniməzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində Yavər adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması, istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat yolu ilə şəxsin xx.xx.1985-ci il təvəllüdlü, Laçın şəhəri, 28 Aprel küçəsi, ev 62A-da qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Sarı Qaya” pansionatında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, Laçın şəhəri, 28 Aprel küçəsi, ev 62A-da qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Sarı Qaya” pansionatında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə Sumqayıt şəhərində vətəndaşların sorğusu əməliyyat tədbirin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1985-ci il təvəllüdlü, Laçın şəhəri, 28 Aprel küçəsi, ev 62A-da qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Sarı Qaya” pansionatında yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt şəhəri, 10-cu mkr., ərazisində yerləşən “Gold Qayalı” yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 4,985 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq qanunauyğun qaydada qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir (cild 01, iş vər. 31-32, 124). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2023cü il tarixli 6/1937 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,985 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 41-44). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3006 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmə halı olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 184-185). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 may 2023-cü il tarixli, 1357 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 186-188). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 167-2, 167-3206, 234.4.1, 234.4.4-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 199-211). Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,985 qram külli miqdarda olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,985 qram külli miqdarda olan narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs yalnız müqavilə üzrə müdafiəçisi prosesə qoşulduqdan sonra bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən, arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı və 2009, 2011 və 2020 il təvəllüdlü üç uşağı ilə) birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Sarı Qaya” pansionatında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 143-144, 221-222). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (cild 01, iş vər. 78). Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 26). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 75-76). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 4,935 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin, hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 31 ədəd kitab, sertifikat, 02 ədəd buklet, 01 ədəd A4 kağızı və 03 ədəd diskin sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılması təmin olunmalıdır. İş üzrə 265 AZN (iki yüz altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 4,935 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut qismində tanınmayan, lakin Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 31 ədəd kitab, sertifikat, 02 ədəd buklet, 01 ədəd A4 kağızı və 03 ədəd disk sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılsın. İş üzrə 265 AZN (iki yüz altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar