Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-245/2023 06.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi3, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, eləcə də təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Xaçmaz rayonu Qədmalıqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu Qədmalıqışlaq kəndində pasport qeydiyyatında olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.3, 29, 149.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Xaçmaz rayonu Qədmalıqışlaq kəndi ərazisində təşkil olunmuş toy məclisinə iştirak etməklə orada spirtli içki qəbul edib “orta alkoqol sərxoşluğu” halına düşdükdən sonra, həmin gün saat 18 radələrində cinsi ehtirasını təmin etmək məqsədi ilə onunla eyni kənddə olan Zərərçəkmiş şəxs yaşadığı mənzilə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə qanunsuz daxil olaraq onun çıxıb getməsini tələb edən Zərərçəkmiş şəxs qarşı zor tətəbiq etməklə onu yataq otağına aparıb yerə yıxmış və sonuncunun şalvarını aşağı çəkib sifət və sinə nahiyələrini zorla öpüb bədəninin intim nahiyələrinə əlləri ilə toxunmaqla, habelə sifət nahiyəsini dişləyib onun “sifətində sağda bir ədəd, sinəsində sağda iki ədəd, sol və sağ dirsəkdə hərəsində bir ədəd sıyrıq” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə zor tətbiq edərək zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün həmkəndlisi Natiqin qızının toy məclisinə çağırılmış və həmin məclisdə iştirak etmişdir. Toy məclisində spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Zərərçəkmiş şəxs anası Şahid4 onun ögey xalası qızıdır. Toy məclisində Şahid4 da iştirak etmişdir. Toyda Şahid4 onun yaşadığı evə getməyi və özünün də gələcəyini demişdir. Mətanətlə 3-4 ildir ki, kişi-qadın kimi qeyri-rəsmi münasibəti olmuşdur. Mətanətin sözü ilə onun yaşadığı evə getdikdə Şahid4 evdə olmamışdır. Zərərçəkmiş şəxs evdə tək olmuşdur. Ondan anasının harada olmasını soruşduqda Zərərçəkmiş şəxs qışqırmağa başlamışdır. O, qışqıra-qışqıra bayıra qaçmağa cəhd etmişdir. Həmin an Zərərçəkmiş şəxs bayıra çıxmaması üçün sadəcə onun qolundan tutmuşdur. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, 6 ildir evlidir, iki azyaşlı uşağı var, lakin 3-4 aydır ki, arvadından ayrı yaşamışdır. Zərərçəkmiş şəxs ogey xalası nəvəsi kimi tanımış, onun evində bir dəfə olub mebel təmir etmişdir. O, həmçinin göstərmişdir ki, ki, Zərərçəkmiş şəxs anasının dəvəti ilə evlərinə getdikdə, evdə tək Seyidxanım olmuş, anası evdə olmamışdır. Qapının önündən anasının evdə olubolmamasını soruşmuş, o isə anası qayıdanda gəlməsini demişdir. Seyidxanım ona nə isə edəcəyini fərz etdiyindən qışqırmağa başlamış və buna görə yalnız onun qolundan tutmuşdur. Həmin vaxt evin koridorunda olmuş, yataq otağına keşməmiş, Zərərçəkmiş şəxs dişləməmiş, ona qarşı seksual xarakterli hərəkətlər etməmiş, bədəninin intim nahiyələrinə toxunmamış, onu zorlamağa cəhd etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığını və yaşanın 18-dən aşağı olmasını o bilməmişdir. Onun düşündüyünə görə Zərərçəkmiş şəxs 19-20 yaşı olmuşdur. Belə ki, Seyidxanım ərə gedib boşanmış və onun azyaşlı uşağı olmuşdur. Bu səbəbdən də onun yaşının 18-dən yuxarı olmasını zənn etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından zərəçəkmiş şəxsin və aşağıdakı şahidlərin ifadələrini də mötəbər sübutlar kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 12 iyul 2022-ci il tarixdə, saat 17:00-18:00 radələrində azyaşlı övladı ilə evdə tək olarkən həmkəndlisi Təqsirləndirilən şəxs gəlmiş və anası Şahid4 evdə olub-olmadığını soruşmuşdur. Anasının toy məclisində olduğunu bildirmiş və qapını bağlayaraq evə girmişdir. Təqribən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs yenidən gələrək, birbaşa evə daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş olmuşdur. Alim onun bədəninin müxtəlif nahiyələrinə toxunmuş, qaçmaq istədikdə isə qolundan tutumuşdur. Ona müqavimət göstərməyə çalışarkən isə yerə yıxılmış, həmin vaxt azyaşlı övladı da onunla olmuş və ac olması səbəbindən uşağı ağlamışdır. Təqsirləndirilən şəxs onun bədəninin intim nahiyələrinə toxunmuş və onu dişləmişdir. Təqsirləndirilən şəxs onun şalvarını və tumanını yarıya qədər çıxarmış, lakin öz paltarlarını çıxarmamışdır. Alim onun boşandığını, buna görə də onunla cinsi əlaqədə olmaq istədiyi demişdir. Lakin buna razı olmamışdır. Təqsirləndirilən şəxs anası Mətanətin gəldiyini demiş və o, hərəkətlərini dayandırmışdır. Sonra, Alimi aldadaraq azyaşlı uşağının yeməyinin xalasıgildə qaldığını demiş və uşağı xalası gilə qoyub qayıdacağını demişdir. Bu sözlərdən sonra Təqsirləndirilən şəxs onun şalvarının geyinməsinə və evdən çıxmağına icazə vermişdir. Evdən çıxdıqdan dərhal sonra o, xalasıgilə getmiş, Təqsirləndirilən şəxs da arxası ilə gəlməyə başlamış, yolun yarısından isə çıxıb getmişdir. Daha sonra, verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, hadisədən sonra onun sinə və üz nahiyələrində xəsarətlər yaranmışdır. Bu xəsarətlər Təqsirləndirilən şəxs onu əlləri ilə tutması və onu dişləməsi nəticəsində yaranmışdır. Lakin cinsiyyət orqanında hər hansı bir xəsarət olmamışdır. Təqsirləndirilən şəxs onların evlərində təxminən 30 dəqiqə olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun neçə yaşı olmasından məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, baş vermiş hadisənin birbaşa şahidi olmamışdır. Hadisə 12 iyul 2022-ci il tarixdə baş vermişdir. Həmin gün qonşuları Natiqin qızının toy məclisində olmuşdur. Toydan qayıtdıqdan sonra qızı Zərərçəkmiş şəxs və nəvəsinin evdə olmadığını görmüşdür. Onları evdə tapa bilmədiyindən narahat olmuş və bir müddət sonra bacısına zəng edərək qızını soruşmuş və bacısı Seyidxanımın övladı ilə birlikdə onlarda olduğunu bildirmişdir. Əvvəlcə Seyidxanımın əri Valeh Aydəmirovun qızına nəisə etdiyini düşünmüş və bacısı gilə getdikdə, qızı Seyidxanımın saçının dağınıq olduğunu, üz nahiyəsində və qolunda xəsarətlərin olduğunu görmüşdür. Ondan nə baş verdiyi barədə soruşduqda, Təqsirləndirilən şəxs evə gələrək onu soruşduğunu, evdə olmadığımı dedikdən bir müddət sonra isə Təqsirləndirilən şəxs zorla qapını açaraq evə daxil olduğunu və ona qarşı zorla əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Daha sonra, Şahid4 ifadəsində Təqsirləndirilən şəxsla qeyri-rəsmi kişi-qadın münasibətlərində olmadığını göstərmişdir. Onun sözlərinə görə həmin gün toya gedərkən Təqsirləndirilən şəxs yolda görmüş, Alim ona əl uzadaraq görüşmək istəmiş, lakin Alim sərxoş olduğundan onunla görüşməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə baş verdiyi gün qonşuları Natiqin qızının toy məclisi olmuş, lakin təsərrüfat işləri ilə məşğul olduqlarında qardaşı Kazım Məhərrəmovla toyda iştirak edə bilməmişlər. Evə qayıtdıqda kənd camaatının qardaşı Kazımın qızı Zərərçəkmiş şəxs başına yığışdığını, onun isə polislərə izahat verdiyini görmüşdür. Həmin vaxt Seyidxanımın bədənində və digər nahiyələrində xəsarət izləri görməmişdir. Sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs zorla Zərərçəkmiş şəxs yaşadığı evə girərək, ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə baş verdiyi gün qonşuları Natiqin qızının toy məclisi olmuş, lakin onunla qardaşı Şahid5 təsərrüfat işləri ilə məşğul olduqlarından toy məclisində iştirak edə bilməmişlər. Ot biçməyə getməzdən əvvəl Təqsirləndirilən şəxs evinin ətrafında görmüş, lakin Alim onu gördükdə uzaqlaşmışdır. Ot biçimindən geri qayıtdıqda isə kənd camaatının qızı Zərərçəkmiş şəxs başına toplandığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, o, evdən getdikdən sonra Təqsirləndirilən şəxs zorla evə daxil olaraq qızı Seyidxanıma qarşı əxlaqsız hərəkətlər etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadələri elan olunaraq tədqiq edilmiş X4 və Şahid3 ifadələrindən görünür ki, onlar hadisənin birbaşa şahidi olmamışlar, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiyini eşitmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 13 iyul 2022-ci il tarixli, 536 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sifətində sağda bir ədəd, sinəsində sağda iki ədəd, sol və sağ dirsəkdə hərəsində bir ədəd sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 12 iyul 2022-ci il tarixə uyğun gəlir, müxtəlif vəziyyətlərdə və şəraitlərdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. (Cild 1, iş vərəqləri 13-14) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 18 avqust 2022-ci il tarixli, 667 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 198-200) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 26 avqust 2022-cİ il tarixli, 11/333 nömrəli rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs əsas fərdi-psixoloji xüsusiyyətləri rəyin tədqiqi hissəsində açıqlanmışdır. xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs halhazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş seksual hərəkətin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və iş üçün əhəmiyyətli hallar barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmamışdır. (Cild 1, iş vərəqləri 210-212) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2074 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətləri idarə edib onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 215-217) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 13 iyul 2022-ci il tarixli, 185 nömrəli "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı-ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:23 radələrində müayinə olunmuş və ona “alkoqol sərxoşluğu vəziyyəti orta dərəcə.” alkoqol sərxoşluğu vəziyyəti təyin olunmuşdur. (Cild 1, iş vərəqi 49) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edir ki, həmin ittiham təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə münasibətdə özü-özlüyündə qüsurlu olmaqla yanaşı, cinayət qanunvericiliyinə və cinayət hüququnun nəzəriyyəsinə ziddir, eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla da ittihamın ayrıayrı bəndləri öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.3, 29, 149.2.4 və 157.1-ci maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, 12 iyul 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Xaçmaz rayonu Qədmalıqışlaq kəndi ərazisində təşkil olunmuş toy məclisinə gedib orada spirtli içki qəbul edərək “orta alkoqol sərxoşluğu” halında onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş və bu məqsədlə həmin gün saat 18 radələrində Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs iradəsi ziddinə sonuncunun Xaçmaz rayonu Qədmalıqışlaq kəndində yerləşən mənzilinə qanunsuz daxil olub Zərərçəkmiş şəxsm evin yataq otağına apararaq orada sonuncunun qucağında xx.xx.2021-ci il tarixdə anadan olmuş qızı X2 olmasına baxmayaraq zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxsm yerə yıxaraq sonuncunun şalvarını aşağıya çəkib sifət və sinə nahiyələrini zorla öpüb bədəninin intim nahiyələrinə əlləri ilə toxunmuş, habelə sifət nahiyəsini dişləyib Zərərçəkmiş şəxs “sifətində sağda bir ədəd, sinəsində sağda iki ədəd, sol və sağ dirsəkdə hərəsində bir ədəd sıyrıq” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək zor tətbiq etmiş, lakin Zərərçəkmiş şəxs qonşuya gedib uşağa yemək verdikdən sonra geri qayıdacağına dair yalan vəd verib onu aldadaraq evi tərk edib getdiyi üçün bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş, bununla da, o, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə, xüsusi amansızlıqla sonuncu ilə cinsi əlaqədə olmağa cəhd etmişdir. Təqsirləndirilən şəxsin əməlinə münasibətdə istintaqın gəldiyi nəticə ilə məhkəmənin gəldiyi nəticə arasında əsas fərq təsirləndirilən şəxsin hərəkətlərində bitməmiş cinayət kimi zorlamaya cəhd əməlinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsinin tərkibinin və ya bitmiş cinayət kimi seksual xarakterli zorakılıq hərəkətlərindən ibarət əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsinin tərkibinin olmasıdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaqla qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət etməyə cəhdin iki zəruri əlaməti olan “hərəkətin bilavasitə cinayət törətməyə yönəldilməsi” və “hərəkətin başa çatmaması” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsinə münasibətdə zahiri cəhətdən görünsə də, cinayətə cəhdin üçüncü ən zəruri əlaməti olan “qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmaması” əlaməti verilmiş ittihamın mətnində belə əks olunmamış və faktiki olaraq da mövcud olmamışdır. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır, yəni kənar qüvvə, 3-cü şəxsin müdaxiləsi, yararsız obyekt və s. amillərlə bağlı olur. İbtidai istintaq orqanın verdiyi ittihamda istinad etdiyi zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi aldatması isə “şəxsin iradəsindən asılı olmayan səbəb” kimi qiymətləndiriləndirilə bilməz və cinayətə cəhdin bu zəruri əlamətinin yaranması tələbinə cavab vermir. Belə ki, zorlama cinayət əməlini başa çatdırmağa kifayət qədər imkanı və gücü olduğu halda, zərərçəkmiş şəxsin uşağını yemək verməsi üçün xalasının evinə qoymasını deməsi və bu sözlərdən sonra təsqirləndirilən şəxsin ona paltarını geyinməyə və evi tərk etməyə icazə verməsi məhz təsirləndirilən şəxsin könüllü iradə ifadəsidir, onun iradəsindən asılı olmayan səbəb kimi dəyərləndirilə bilməz. Təqsirləndirilən şəxs məhz öz iradəsi ilə ona istinad edilən əməli başa çatdırmaqdan imtina etmiş və burada cinayət qanunvericiliyi ilə müəyyən edilmiş cinayəti başa çatdırmaqdan könüllü imtina özünü biruzə verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30.1-ci maddəsinə əsasən cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. Məhkəmə xüsusi vurğulayır ki, cinayət hüququnun doktrinasına görə, zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır. “Cinsi əlaqə” anlayışı isə cinayət hüquqi anlayışı deyil, fizioloji anlayışdır. Bu fizioloji akt isə kişi cinsiyyət orqanının qadının uşaqlıq yoluna daxil edilməsi ilə həyata keçirilir. Başqa sözlə bütün digər seksual xarakterli hərəkətlər “cinsi əlaqə” kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs ona istinad edilən zorlama cinayətini törətmək niyyəti olsa belə, bu cinayətin törədilməsindən öz iradəsindən asılı olmayan səbəblərə görə deyil, öz iradəsi ilə məhz könüllü imtina edərək zərərçəkmiş şəxsin onunla könüllü olaraq cinsi əlaqədə olacağını zənn etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri zorlamaya cəhd kimi qiymətləndirilə bilməz və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30.3cü maddəsinin tələblərinə müvafiq olaraq faktiki olaraq törətdiyi bitmiş cinayət əməlinə görə, yəni zərərçəkmiş şəxsin şalvarını aşağı çəkib sifət və sinə nahiyələrini zorla öpüb bədəninin intim nahiyələrinə əlləri ilə toxunmaqla, habelə sifət nahiyəsini dişləyib onun “sifətində sağda bir ədəd, sinəsində sağda iki ədəd, sol və sağ dirsəkdə hərəsində bir ədəd sıyrıq” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməkdən ibarət seksual xarakterli zorakılıq hərəkətlərinə görə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işi ibtidai istintaq orqanı tərəfindən 25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157-ci maddələri ilə başlanılmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.1 və 157-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş və ona bu maddələr ilə ittiham verilmişdir. Daha sonra, istintaqın sonunda heç bir əlavə sübut toplamayan istintaq orqanı, öz gəldiyi nəticəni başqa prizmadan qiymətləndirməklə və əsaslı dəlillər gətrimədən Təqsirləndirilən şəxs əməllərini 12 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157-ci maddələrindən, həmin Məcəllənin 29, 149.2.3, 29, 149.2.4 və 157.1-ci maddələrinə tövsif etmiş və bundan 3 gün sonra ibtidai istintaqı yekunlaşdırmışdır. Bu isə bir daha təqsirləndirilən şəxsin əməllərinin istintaq orqanı tərəfindən əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157-ci maddələrindən, həmin Məcəllənin 29, 149.2.3, 29, 149.2.4 və 157.1-ci maddələrinə tövsif edilməsinin təzahürüdür. Bundan başqa, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) və 29, 149.2.4-cü (xüsusi amansızlıqla törədildikdə) maddələri ilə tövsif edərkəndə səhvə yol vermişdir. Belə ki, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində zorlama və sexsual xarakterli zorakılıq hərəkətlərinin qanunverici tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149 və 150-ci maddələrinin tövsifedici tərkibi kimi həmin maddələrin dispozisiyasından çəxarılmasını nəzərə alaraq, məhkəmə eyni zamanda qeyd edir ki, cinayət əməli baş verərkən zərərçəkmiş şəxsin 18 yaşının tamam olmasına 1 ay 20 gün qalmışdır. Onun evli olması və azyaşlı uşağının olmasını da nəzərə alaraq təqsirləndirilən şəxsin onun yetkinlik yaşına çatmadığını bilməməsi işin hallarına uyğundur. Belə ki, həm təsiqrləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin ifadələri ilə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmamasının bilməsi inkar olunmuşdur. Bundan başqa, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkətlərin sonuncunun hadisə baş verən zaman bir yaşı tamam olmamış uşağının yanından törədilməsi də xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Belə ki, zərərçəkmiş şəxsə qarşı edilmiş hərəkətləri onun övladının öz yaşına görə dərk etmək qabiliyyəti olmamış, digər halda isə təsirləndirilən şəxs tərəfindən özündə xüsusi amansızlıq əlamətlərini ehtiva edən hərəkətlər törədilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.3 və 29, 149.2.4-cü maddələrindən, həmin Məcəllənin 150.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırlmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət qanunun zamana görə qüvvəsini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 12 iyul 2022-ci il tarixdə törətdiyi cinayət əməlinə münasibətdə 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhdudlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsinin sanksiyası tətbiq edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən şəxsin Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilməsində ötrü təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə təkcə barışması deyil, ona dəymiş ziyanın tamamilə ödənilməsi də başa düşülür. Hazırki iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etsə belə, qanunun mənasına görə ona dəymiş ziyaynın tamamilə ödənilməsi (mənəvi ziyanın ödənilməsi, üzr istəməsi və s.) özünü təqsirsiz hesab edən təqsirləndirilən şəxs tərəfindən icra edilməmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarının tələblərini rəhbər tutmuşdur Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilənlərə əsasən məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 149.2.3, 29, 149.2.4 və 157.1-ci maddələrindən, həmin Məcəllənin 150.1 və 157.1-ci maddələrinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri qəsdən törətmiş, həmin əməllər başa çatmış cinayətlər olmaqla təsnifata görə müvafiq olaraq az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, həmin maddələrin sanksiyaları həddində müvafiq olaraq azadlıqdan məhrum etmə növündə və islah işləri cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin dörd günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulub hesablanmaqla və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, elektron məhkəmə informasiya sistemində olan məlumatlardan və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2017 və 2019-cu il təvəlldülü 2 azyaşlı övladı vardır. (Cild 1, iş vərəqləri 75-76) Bundan başqa, məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması və onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesab olunmuşdur. Həmin müddətdən Təqsirləndirilən şəxs fasiləsiz həbsdə saxlanılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 27-32) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi müddətinin başlanğıcı isə 25 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən salxanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasın Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 189 (yüz səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə ona 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barabər tutulub üç ay müddətində hesablanmaqla və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 189 (yüz səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-245/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-245/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver