Məhkəmə qərarları › İş №1(124)-245/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-245/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-245/2024 02.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Manaf oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" MMC-də anbar müdiri işləmiş, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,129 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, rayon polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən həmin 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,129 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən evin yaxınlığında olanda iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmışlar. Onlar polis əməkdaşları olduqlarını bildirib onu Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində ona narkotiklə tutulmalı olduğunu bildirib etiraz edəcəyi təqdirdə onu ailəsi ilə təhdid etmişlər. Sonra qarşısına narkotik vasitə qoyularaq ona aid olması ilə bağlı etirafedici ifadə verməsi tələb olunmuşdur. Əks təqdirdə şərəf və ləyaqətini alçaldacaq hərəkətlər ediləcəyi ilə hədələnmişdir. Ona görə də, məcbur qalıb ona aid olmayan narkotik vasitəni boynuna götürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, onun heç bir polis əməkdaşı ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Hesab edir ki, dindar olması səbəbi ilə ona qarşı belə bir hərəkətə yol verilmişdir. İbtidai istintaq zamanı verilən ifadəni qəbul etmir, çünki həmin ifadəni polis əməkdaşlarının diqtəsi ilə vermişdir. Narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. Ailəsi ilə təhdid edilməsi ilə bağlı heç kimə, o cümlədən heç bir orqana şikayət etməmişdir. Məhkəmədən barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 7 aydır "xxxx" MMC-də anbar müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərində olan zaman yerdə olan balaca şəffaf sellofan büküm diqqətini çəkmişdir. Həmin bükümü yerdən götürüb açdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoymuşdur. Bundan sonra yaşadığı evə gəlmiş, səhəri gün, yəni xx.xx.2023cü il tarixdə saat 20:00 radələrində yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən evin yaxınlığında olanda iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəsində ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Abşeron rayon polis idarəsində xidməti otaqların birində ondan bir daha üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuşdur. O da üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı və həmin polis əməkdaşları dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini söyləyib ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş nə varsa onlara təqdim etməyi bildirmişlər. O da əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini çıxarıb polislərə təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəni bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onun təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmiş, bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Həmin narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində saxlamış, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri ərazisində yerdən tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsində narkotik vasitə olan heroini üzərində daşıması, qəbulu və satışı ilə məşğul olması barədə etimad doğuran mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində olan zaman orada dayanan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirmişlər. Sonra ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmiş, xidməti otaqların birində təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş, müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs video çəkilişlə üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin cibindən şəffaf rəngli sellofana bükülmüş 01 bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra aşkar olunanlar təhqiqatçı tərəfindən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli sonradan adını “kokos” kimi bildiyi narkotik vasitə adlanan heroindir və həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yol ilə gedərkən tapıb cibində saxlamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, daha əvvəl onun barəsində əməliyyat aparatına əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin CAŞnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində məhkəmədə dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir (iş vər. 08). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, saat 23:27 radələrindən saat 23:36 radələrinədək olan müddət ərzində rayon polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. (iş vər. 29-30). İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd edilənlər və şahidlərin ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə eskpertizasının xx.xx.2023-cü il tarixli 6/1643 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə, Təqsirləndirilən şəxs- imza..İştirak etdi 3 imza. Qablaşdırdı: Məmmədov Nurlan-imza» yazı əlavəsi qeyd edilmiş 01 ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 5,129 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. (iş vər. 37- 38). Qeyd: heroinin təmiz çəkisi – 5,129 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 5,079 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 0l.05.2023-cü il tarixli 2564 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vər. 151). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1324 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliklərdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vər. 153- 154). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi eskpertizanın xx.xx.2023-cü il tarixli 532 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü bir uşağı var, yaşayış yeri üzrə normal səciyyələndirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,129 qram külli miqdarda olan narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,129 qram külli miqdarda olan narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1-1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı müddətində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 5,079 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 92 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 5,079 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 92 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar