Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-246/2024 03.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx qəsəbə ərazi dairəsi, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, külli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 11,084 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxlamış, 11 aprel 2023-cü il tarixdə, saat 10:30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospektində yerləşən “Şaurma” restoranının yaxınlığında saxlanılmaqla Sumqayıt ŞPİ-yə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 11,084 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş, lakin ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq dövründə verilən ifadə onun ifadəsi deyildir, həmin ifadəyə imza atsa da, imza atdığı sənədin nə olduğunu bilməmişdir. İbtidai istintaq dövründəki vəkili yalnız çəkiliş zamanı görmüşdür. Onu hadisə günü saat təxminən 10-11 arası 3 nəfər saxlamış, onu saxlama səbəbləri barədə heç nə deməmiş, bölməyə gətirildikdən sonra onun əllərini arxadan bağlamış və üstünə narkotik vasitə qoymuşdurlar. Ona psixoloji təzyiqlər edilmiş, əgər narkotiki boynuna götürməsə ləyaqətinin alçaldılacağı ilə hədələnmişdir. Onun narkotiklə heç bir bağlılığı yoxdur. Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun təqsirləndirilən şəxs qismində 12 aprel 2023cü ildə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 10.30 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, 3-cü mikrorayon ərazisində yerləşən “Şaurma 1” restoranının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib Pİ-nə dəvət etmişlər. Pİ-də ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübutün olub-olmadığı sual olunan zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd gümüşü rəngli bükümü təqdim etmişdir. Həmin büküm polis tərəfindən açılan zaman içərisində tozşəkilli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Ondan həmin bükümdə nə olduğu, haradan hansı məqsədlə əldə etdiyi soruşulduğu zaman həmin bükümü yaşadığı binanın dəhlizində tapdığını və maraq üçün götürüb üzərində gəzdirdiyini, həmin madənin nə olduğunu bilmədiyini qeyd etmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş büküm tərəziyə qoyulub çəkilmiş, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin bükümü tapmış və bükümün forması onda maraq yaratmış, götürmüş, lakin içərisinə baxmamışdır. Pİ-nə gətirilən zaman, Pİ-də olarkən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri insani rəftara, işgəncələrə məruz qalmamışdır. Pİ-nə gətirilməsi ilə bağlı olaraq heç bir şikayət və tələbi yoxdur. Sumqayıt ŞPİ-nin ŞPİ-nin təhqiqatçısı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 11 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, satması və üzərində gəzdirməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ərazisində yerləşən “Şaurma” restoranının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün saat 10:30 radələrində Təqsirləndirilən şəxs “Şaurma” restoranının yaxınlığında olmasını görüb bir neçə dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə müvafiq sənədləşmənin tərtib olunması, eləcədə ətrafda olan şəxslər tərəfindən hərhansı bir müdaxilə ola biləcəyini nəzərə alıb həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsinə gələn zaman Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonu ona təqdim etmişdir. Polis idarəsində xidməti otaqların birində kriminalist-inspektor Rasim Paşayevin video görüntüyə alması və dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hərhansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Həmiçinin Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd bükülü çıxararaq təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən müəyyən əşyalar aşkar olunmuş, lakin qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddənin nə olduğunu bilmədiyini, həmin bükülünü yaşadığı binanın dəhlizindən tapdığını, maraq üçün götürüb cibinə qoyduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış keçirildikdən sonra o, Təqsirləndirilən şəxs mobil telefonunu təhqiqatçıya təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları Şahid2 və Şahid3 ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt ŞPİ-nə xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Ağcabədi rayonu, Hindarx qəsəbə ərazi dairəsi, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər ərazisində vətəndaşların sorğusu əməliyyat-axtarış tədbiri keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-xx-xx/7211 saylı “Əmr”dən görünür ki, əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsində, satmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, “Şaurma” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı Səadət Qənbərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da özlərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd gümüşü rəngli bükülünü çıxararaq təqdim etdi. Həmin bükülü açılan zaman içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddənin olması görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğunu bilmədiyini, həmin bükülünü yaşadığı binanın dəhlizindən tapdığını, maraq üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdə çəkisinin gümüşü rəngli siqaret kağızı ilə birlikdə 14,83 qram olması müəyyən edilir. Bundan sonra həmin bükülü qablaşdırılır, möhürlənir və imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən ev açarları, bir ədəd “Leobank” bank kartı və 50 manatlıq pus əskinazı aşkar olunaraq götürülür. Sonda isə çəkiliş dayandırılır. Qeyd edilən DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən protokolda qeyd edilənlər və şahidlərin məhkəmədə ifadələrində göstərdiyi xüsusatlar bir daha təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmış, axtarış nəticəsində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına sənədləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə bağlı təqdim edilmiş fayla baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirlən şəxsin üzləşmədən imtina etməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ilə üz-üzə gəlmək istəmədiyini bildirərək üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11.04 2023-cü il tarixli, 6/2137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri, olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 11,084 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 11,084 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq çəkisi 11,034 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2977 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 11,084 qram olan və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 11,034 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-də saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasını bildirməsi ilə əlaqədar Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılaraq Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İmran Əhmədovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü 02 (iki) azyaşlı övladı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd gümüşü rəngli bükümə bükülmüş təmiz çəkisi – 11,084 qram narkotik vasitə heroini onun özü polis əməkdaşlarına təqdim etmişdir. Sözügedən narkotik vasitə heroinin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı təqdim etdiyi 01 ədəd gümüşü rəngli bükümə bükülmüş təmiz çəkisi – 11,084 qram narkotik vasitə heroini satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaqın əvvəlində təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitə heroinin şəxsin üzərindən aşkar olunması ilə bağlı hissədə), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin bildirdiklərini müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi kimi qiymətləndirir və onun cinayət məsuliyyətindən yaxa qurtarmağa, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni özünün təqdim etdiyi narkotik vasitə heroinin əslində polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Həmçinin cinayət işi materiallarında olan protokollar, ekspertiza rəyləri və digər mötəbər sübutlar Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatların özünü müdafiə kimi qiymətləndirilməsinə əsas verir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1-1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 11,034 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 11,034 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-246/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-246/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver