Məhkəmə qərarları › İş №1(124)-247/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-247/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-247/2024 28.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1994-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Nəbi” adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, “Nəbi” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7.026,671 qram çəkidə narkotik vasitə heroin əldə etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 6,671 qram hissəsini bölüb 01 ədəd bükümə yığmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qalan hissəsini idarə etdiyi “Mercedes” markalı, **-RJ-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə saat 05:20-də Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Qəbrstanlığın yaxınlığında “Mercedes” markalı, **-RJ-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 08:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 6,671 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 12 yanvar 2023-cü il tarixdə saat 09:30-dan etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-RJ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük hissəsindən 01 ədəd ağ rəngli torbada 07 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1.010 qram, 995 qram, 1.005 qram, 1.000 qram, 1.005 qram, 1.000 qram və 1.005 qram olmaqla ümumilikdə külli miqdarda 7.020 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heroin növündə narkotik vasitədən istifadə edirdi. Metamfetamin növündə psixotrop maddədən isə arabir istifadə edirdi. 08 yanvar 2023-cü il tarixdə Astara şəhərinə Fidan adlı əvvəlki sinif yoldaşının yanına getmişdir. 09 yanvar 2023-cü il tarixdə gecə saat 01:00-02:00 radələrində əvvəlki adı ilə Qafqaz Universitetinin yaxınlığında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onu saxlamışlar. Daha sonra 4 nəfər əməliyyat müvəkkili onu götürüb əvvəlki adı ilə Qafqaz Universitetinin yanına aparmışlar. Polis əməkdaşları onu saxlayan kimi telefonunu, bank kartını və s. ondan götürmüşlər. Hətta onun bank kartından 2000 manat məbləğində pul çıxarış edərək, nağdlaşdırmışlar. Orada Şahid1 zəng etmişlər. Daha sonra Şahid1 gəlmişdir. Ona təzyiqlər göstərmişlər. Yaşadığı evdə 2 qram miqdarında narkotik vasitə olduğunu etiraf etmişdir. Üzərində narkotik vasitə yox idi. Ümumilikdə, 16-17 nəfər polis əməkdaşları növbəli şəkildə onun yanına gəlib-getmişdir. Daha sonra Şahid1 iştirakı olmadan 4 nəfər polis əməkdaşı onu yaşadığı Sumqayıt şəhəri, Saray qəsəbəsi, Dostluq küçəsində yerləşən evin qarşısına gətirmişlər. Lakin 2 nəfər polis əməkdaşı ona avtomobildən enməyə icazə verməmişlər və onun yanında gözləmişlər. Yaşadığı evə 2 nəfər polis əməkdaşı getmişdir. Həmin vaxt atası, anası və qardaşı evdə olmuşlar. Daha sonra onu yenidən əvvəlki adı ilə Qafqaz Universitetinin yanına gətirmişlər. Orada polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, onu təhqir etmişlər, o da onları təhqir etmişlər. Bundan sonra “Toyota” markalı avtomobil ilə onu DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Şahid2 onun saxlanıldığı əməliyyatda iştirak etməmişdir. Polis əməkdaşları onu yaşadığı evə öz avtomobilləri ilə apardıqda onun avtomobili əvvəlki adı ilə Qafqaz Universitetinin yanında qalmışdı. Səhər açılmış, saat 11:00 radələrində videoçəkiliş başlamış, müdafiəçi də sərxoş vəziyyətdə olmuşdur. Ağrıları olduğu üçün məcburi olaraq polis əməkdaşlarının dediyi kimi ifadə vermişdir. Daha sonra onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər, orada da 2 gün müddətində saxlamışlar. Onun üzərində 7 kq miqdarında narkotik vasitə olmamışdır. Polis əməkdaşları məni saxladıqdan sonra təhqir etməyə başlamışdılar. O da onları təhqir etdiyim üçün idarə etdiyi avtomobilə narkotik vasitə qoymuşlar. Polis əməkdaşlarında kifayət qədər narkotik vasitələr mövcuddur. Yəni, istənilən miqdarda narkotik vasitə rəsmiləşdirilməsini həyata keçirə bilirlər. Polis əməkdaşları tərəfindən göstərilən fiziki təzyiqlər nəticəsində bel nahiyəsində xəsarət izləri əmələ gəlmişdir. Onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Ona dostları narkotik vasitə tapıbtapmadığı barədə mesajlar yazmışdır. O, narkotik vasitə istifadəçisidir və şəxsi istifadəsi üçün narkotik vasitə axtardığı üçün həmin məzmunda mesajlar yazmışdır. Bəzən dostu da şəxsi istifadəsi üçün narkotik vasitə tapa bilmədikdə, ona yazıb tapıb-tapmadığı barədə soruşmuşdur. Ona məxsus bank kartından polis əməkdaşları 2000 manat məbləğində pul köçürməsi həyata keçirmişdir. Qeyd olunan məbləğdə pul yaxın müddətdə dana satdıqları üçün onun müqabilində onun bank kartına köçürülmüşdür. 11 yanvar 2023-cü il tarixdə göstərilən yazışmalardakı “Rusik” deyə müraciət olunan şəxsin kim olduğunu tanımır. “Arazın kanalına 3-4 dənə artıq atdıraram” məzmununda olan mesajdan xəbəri yoxdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan öncə idarə etdiyi “Mercedes-Benz” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərmişdir. Narkotik vasitə əldə etmək üçün təxminən 2 aya yaxın müddətdə sosial şəbəkələrin birində İran İslam Respublikasının vətəndaşı “Nəbi” adlı şəxslə tanış olmuşdur. Əvvəllər ondan öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Belə ki, ona ödəmə terminalı vasitəsi ilə göndərdiyi hesaba pul göndərmiş, o isə narkotik vasitə müəyyən ünvanlarda yerləşdirib qoyulan yerin şəkillərini göndərmişdir. Oradan gedib götürüb özü üçün istifadə etmişdir. Onunla “Vatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Sonradan Nəbi ona göndərəcəyi narkotik vasitələri onun qeyd etdiyi ünvanlara aparıb yerləşdirməyi xahiş etməyə başlamışdır. Hər dəfə isə ona yaxşı məbləğlərdə pul verməyi vəd etmişdir. Son ay yarımda isə maddi vəziyyəti pis olduğu üçün məcbur qalıb razılaşmışdır. Çünki narkotik vasitəyə olan tələbatını ödəyə bilməmişdir. Narkotik vasitə almağa pulu olmamışdır. Nəbi ona ayrı-ayrı vaxtlarda ayrı-ayrı yerlərdə yerləşdirdiyi narkotik vasitələri götürməyi tapşırmışdır. O da idarə etdiyi avtomobillə gedib götürüb daha sonra həmin narkotik vasitələri aparıb onun dediyi yerlərə yerləşdirmiş və şəkillərini çəkib Nəbiyə göndərmişdir. Həmin yerdən isə tanımadığı şəxslər gedib həmin maddələri götürmüşdür. Sonra isə bunun əvəzində Nəbi ona pul göndərmişdir. Bu günə qədər Nəbi təxminən 5.000 manat pul göndərmişdir. Sonuncu dəfə Nəbi ona 10 yanvar 2023-cü il tarixdə narkotik vasitə heroin göndərdiyini bildirmişdir. Həmin narkotik vasitənin Astara rayonu ərazisində yerləşdirildiyini bildirmişdir. O, həmin gün yolların qar olması ilə bağlı gedə bilməmişdir. 11 yanvar 2023-cü il tarixdə səhər saatlarında Astara rayonuna yola düşmüşdür. Astara rayonu ərazisində Ərçivan kəndinə dönəcək yolun yaxınlığında yolun kənarında yol nişanının alt hissəsində gizlədilən bir torbada narkotik vasitə olan heroini götürmüşdür. Həmin narkotik vasitədən bir qədər götürüb öz istifadəsi üçün bir bükümdə üzərində saxlamışdır. Qalan hissəsini isə elə bir torbada idarə etdiyi Mercedes markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə qoyub Bakı şəhərinə qayıtmışdır. Həmin narkotik vasitəni Nəbinin dediyi yerə göndərəcəkdir. Lakin 12 yanvar 2023-cü il tarixdə gecə saat 05:20 radələrində Abşeron rayonunda yol kənarında idarə etdiyi “Mersedes” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Avtomobili ilə birlikdə polis idarəsinə gəlmiş, avtomobil duracağa yerləşdirilmiş, qapılarını özü bağlayıb açarını götürüb cibinə qoymuşdur. Orada müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd avtomobil açarı, sol yan cibindən bir ədəd “Samsung” markalı, mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və bank kartı aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş bir bükümdə heroin elektron tərəzidə çəkilmişdir. Həmin kütlə bir ədəd paketə qablaşdırılaraq üzəri möhürlənmiş, sonra təhqiqatçı, müdafiəçi və tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı da götürülmüşdür. Şifahi sorğu zamanı aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Nəbi” adlı şəxsin vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bundan əvvəl iki dəfə eyni əməli təkrarladığını, narkotiklərin dövriyyəsindən 1 ay 15 gün ərzində təxminən 5000 AZN pul qazandığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təsir olunmadığını, 051 *** ** ** nömrəsini işlətdiyini, əlavə olaraq, “Mersedes” markalı, ** RJ *** nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığım bildirmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə “Mersedes” markalı, ** RJ *** nömrəli avtomobilə tərəf getmişlər. Baxış və götürmə aparılmasından əvvəl baxış keçirilməsi haqqında qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra həmin avtomobilin yük hissəsində gizlətdiyi 01 ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən yeddi bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 7 kq 85 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra şifahi sorğu zamanı yenə də həmin maddəni haradan əldə etdiyini qeyd etmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə ve qeyd olmadığı üçün protokol doğru hesab edilərək tərəflərindən imzalanmışdır. (Cild 1, iş vərəqləri 79-84; 186-189) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindəndən ötrü tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Rəhbəri Şahid1 olmaqla, o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün Abşeron rayonu, Saray qəsəbəsinə getmişlər. 12 yanvar 2023-cü il tarixdə saat 05:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Yeni qəbiristanlığın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin dayandığını və qarşısında bir nəfər şəxsin olduğunu görmüşlər. Bundan sonra həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Bu barədə soruşduqda narkotik maddəni İran İslam Respublikası vətəndaşından götürdüyünü, götürdüyü narkotik maddələrin çox hissəsini idarə etdiyi avtomobildə saxladığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə idarə etdiyi avtomobilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük hissəsindən də narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona heç bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs tərəfindən də müqavimət olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Rəhbəri o olmaqla digər polis əməkdaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün Abşeron rayonu, Saray qəsəbəsinə getmişlər. 12 yanvar 2023-cü il tarixdə saat 05:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Yeni qəbiristanlığın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin dayandığını və qarşısında bir nəfər şəxsin olduğunu görmüşlər. Bundan sonra həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Bu barədə soruşduqda narkotik maddəni İran İslam Respublikası vətəndaşından götürdüyünü, götürdüyü narkotik maddələrin çox hissəsini idarə etdiyi avtomobildə saxladığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə idarə etdiyi avtomobilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük hissəsindən də narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin onu avtomobilinə narkotik vasitə qoymaqları barədə dedikləri yalandır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Rəhbəri Şahid1 olmaqla, o və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün Abşeron rayonu, Saray qəsəbəsinə getmişlər.12 yanvar 2023-cü il tarixdə saat 05:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Yeni qəbiristanlığın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin dayandığını və qarşısında bir nəfər şəxsin olduğunu görmüşlər. Bundan sonra həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrimizi göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Bu barədə soruşduqda narkotik maddəni İran İslam Respublikası vətəndaşından götürdüyünü, götürdüyü narkotik maddələrin çox hissəsini idarə etdiyi avtomobildə saxladığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə idarə etdiyi avtomobilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük hissəsindən də narkotik vasitə aşkar edilmişdir. Onu saxlayarkən, avtomobili ilə hərəkətdə olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 09 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində oğlu Təqsirləndirilən şəxs mağazadan gəlmişdir. Digər oğlu Şahid5lə birlikdə ərzaqları və s. evə daşımışlar. Təqsirləndirilən şəxs avtomobili ilə çıxıb getmişlər. Az sonra Təqsirləndirilən şəxs başqa avtomobil ilə gəlmişdir. Avtomobildən 2 nəfər düşüb ondan Təqsirləndirilən şəxs atası olub-olmadığını, onun bu evdə yaşayıb-yaşamadığını soruşmuşdur. O da onların suallarını cavablandırmışdır. Daha sonra evə baxış keçirməli olduqlarını bildirmişlər. Evə baxış keçirilmiş və Təqsirləndirilən şəxs yataq otağından balaca büküm tapmışlar. Evin hər yerini axtardıb başqa nəsə tapa bilməmişlər və ona külli miqdarda narkotik vasitə olduğunu bildirmişlər. Ondan başqa ev olub-olmadığını soruşmuşlar, o da cavabında başqa evin olmadığını bildirmişdir. Növbəti gün DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Nəcəf adlı əməkdaşı ona zəng edərək, onu idarəyə çağırmışdır. O, oraya çatdıqda ona zəng etmişdir. Həmin şəxs gec gəldiyini, artıq onun işdən çıxıb getdiyini bildirmişdir. Növbəti gün yenidən gəlmiş və onunla görüşmüşdür. Söhbət zamanı ona dünən tez gələcəyi təqdirdə həm Təqsirləndirilən şəxs avtomobilini, həm də ona məxsus bank kartını verəcəyini bildirmişdir. Bank kartının hesabında 2000 manat məbləğində pul var idi. Pulu dövlət büdcəsinə köçürdüyünü, avtomobili də öz adına rəsmiləşdirəcəyini bildirmişdir. O da etiraz etməmişdir. Daha sonra həmin idarənin rəis müavini onu çağırıb avtomobilin açarlarını ona təhvil vermişdir. Təqsirləndirilən şəxs gecə saat 01:00-02:00 radələrində evə gətirmişlər. Onu gətirdikləri avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil deyildi. Təqsirləndirilən şəxs həmin avtomobilin içərisində idi. Onlar həmin gecə təxminən saat 04:00-05:00 radələrində çıxıb getmişlər. Avtomobildən enən 2 nəfər şəxsin adlarını bilmir, lakin onlar özlərini polis əməkdaşı kimi təqdim etmişdilər. Mülki geyimdə olan bu şəxslər xidməti vəsiqələrini təqdim etməmişdilər. Ona zəng edən şəxs özünü Nəcəf kimi təqdim etmişdir. O, 10 yanvar 2023-cü il tarixdə 13:00 radələrində ona zəng etmişdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gün mağazadan gəlib ərzaqları və s. evə qoyub getmişdi. Daha sonra 2 nəfər polis əməkdaşı ilə birlikdə gəlmişdilər. Həmin polis əməkdaşları gəlib evimizə baxış keçirmişlər. Hətta o, onlara çay da vermişdir. Gecə saat 04:00-05:00 radələrində çıxıb getmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 09 yanvar 2023-cü il tarixdən 10 yanvar 2023-cü il tarixə keçən gecə saatlarında qardaşı mağazadan gəlib ərzaqları və s. evə qoyub getmişdi. Daha sonra həmin gecə saat 01:00- 02:00 radələrində 2 nəfər polis əməkdaşı ilə birlikdə gəlmişdilər. Yaşadıqları evə baxış keçirmişlər. Təqsirləndirilən şəxs yataq otağından balaca büküm aşkar edilmişdir. Həmin polis əməkdaşları gecə saat 03:00-04:00 radələrində çıxıb getmişlər. Hətta evlərində çay da içmişdilər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-32) Cinayət işinin materiallarında olan “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-RJ-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsindən 01 ədəd ağ rəngli torbanın içərisində olan 07 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr olan aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 36-37) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış və götürmə aparılması haqqında” 12 yanvar 2023-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 33, 38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2023-cü il tarixli 6/190 nömrəli rəyindən görünür ki: üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,671 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri olan bağlamadaki 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010qr., 995 qr., 1005 qr., 1000qr., 1005qr., 1000 qr., 1005 qr., ümumi təmiz çəkisi 7020 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir; Zərfdəki və bağlamadaki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 7026,671 qramdır. (Cild 1, iş vərəqləri 46-51) Müdafiə tərəfinin vəsatətləri nəzərə alınaraq iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə heroin məhkəməyə gətirilməklə baxış keçirilmiş, bu zaman qablaşdırmada kəskin qoxuya malik narkotik vasitə heroinin olması müşahidə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1844 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 162-163) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən 2155 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə müxtəlif nömrələrdən “Qoom alindira bildin 2,3 tusdiliy qardasuncun pencere”, “Salam ferid yigma mene qaqas axdarirlar meni biralarda deyilem gizdenirem birden nomremi izdeyerler seninde nomren dusmesin”,“20m.var.nese.eliye.bilersen.bidene.viz.at.yixim.ozuncun.gotrmusense.oz.payu nan.alinmaz.canun. saxolsun”,“4dene.diyersendn.sene.zehmet.tez.alindurson.opeciyem.Seni”, “Ay manqol olsa ele 2,3 dene alardimda ozumcun anamcani yoxuydu o ldenenide gucnen almisam senol qafur alinsa now elemirem ayib doyur”, “Qoom zehmet olmasa danışmaq olar. 4 sot”, “Kodan 5 diy düz qoş eliye bilersen?”, “Qoom qurban sene yuxu tutub meni. 1 saati keçdi sen gelmedin.nolar bir kelme he yox dide mene”, “Qerdesim tapdime yaxşısın .meniynen elaqe saxla”, “Salam resad menem kenan nevar ne yox resad senide yormuşuq amma bize 5-10 mantlıq lazimdi” məzmunda mesajlar göndərilir. (Cild 1, iş vərəqləri 134-136) Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 yanvar 2023-cü il tarixli qərar ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 13 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qanuna uyğun hesab edilmişdir. (Cild 1, iş vərəqləri 108-109) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 128- 129) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 7026,481 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. (Cild 2, iş vərəqləri 164-174) Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, üzərində və idarə etdiyi avtomaşında narkotik vasitələrin olmaması, polis əməkdaşları tərəfindən üzərinə və avtomaşınına qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin ailə üzvləri atası Şahid6, anası Şahid4 və qardaşı Şahid5 ifadələrində göstərdikləri hallara, yəni Təqsirləndirilən şəxs qanunsuz saxlanılması, evlərində axtarış aparılması, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və narkotik vasitənin onda olunmaması ilə bağlı xüsusatlara tənqidi yanaşır və hesab edir ki, bu şəxslərin məhkəmədə Təqsirləndirilən şəxs leyhinə ifadə verməsi onların təqsirləndirilən şəxslə yaxın yaxın qohumluq (ailə) münasibətlərinin olması ilə izah olunur. Bu səbəbdən də məhkəmə qeyd edilən ifadələri mötəbər sübut kimi qəbul etmir. Bel ki, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olan məktuba əlavə edilmiş diskdən görünür ki, müdafiə tərəfinin vəsatəti əsasında götürülmüş ***-***-**- ** saylı mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin siyahısı, ərazi üzrə anten məlumatları həmin diskdə olan fayllarda əks olunmuşdur. Həmin məlumatlardan görünür ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs ailə üzvlərinə zəng etmələri, pul tələb etmələri və ya Təqsirləndirilən şəxs saxlanılması ilə ilə bağlı müdafiə tərəfinin gətirdikləri dəlillər öz təsdiqini tapmamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan DİN-nin BMCMİ-dən daxil olmuş məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Baş İdarənin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarətlərin olmadığını bildirmiş və xarici müayinə zamanı xəsarət izlərinin aşkar olunmadığını müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs tutularkən və ya ondan sonrakı müddətdə ona polis əməkdaşları tərəfindən hər hansı psixi-fiziki təzyiq göstərilməsini və yaxud xəsarət yetirildiyini bildirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən və avtomaşınından götürülmüş narkotik vasitənin ümumi həcminin 7.026,671 qram olması onun məqsədinin satışla bağlı olmasının aşkar təzahürüdür. Məhkəmə yekun qərar – təqsirləndirilən şəxsin əməlini tövsif edərək ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 03 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 102- 105, 147-149) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, təqsirləndirilən şəxs barəsində narkomanyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan 7026,481 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrii ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan 7026,481 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar