Məhkəmə qərarları › İş №1(124)-247/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-247/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-247/2025 24.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 150 manat müqabilində 27 iyun 2024-cü il tarixdə axşam vaxtı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qoyduğu bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil olan 23,302 qram çəkidə külli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil olan 1,736 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək, Abşeron rayonu, Xırdalan şəhərinə daşıyıb üzərində saxlamış, 28 iyun 2024-cü il tarixdə, saat 02:00 radələrində Abşeron RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Sulutəpə dairəsi” yaxınlığında saxlanılaraq, Abşeron RPİ-yə gətirilib həmin gün orada saat 03:20-dən saat 03:37-ə kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə 23,302 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf selofan bükümdə 1,736 qram çəkidə qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saat 20-21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olub. O və dostu maşınla gedərkən bir qrup tanımadıqları şəxslər “Niva”, “Kia” və “Skoda” markalı maşınlarla onların olduqları maşının qarşısını kəsiblər. Həmin şəxslər öz maşınlarından düşüb daş ataraq onların maşınının qabaq şüşələrini sındırıblar. O da onların maşınlarını vurub əzərək oradan çıxmaq istəyib, lakin həmin şəxslər onu tutublar. Daha sonra maşınların nömrələrini açıb götürüblər. Onu Dərnəgül yolu ilə Abşeron rayonu, Masazır qəsəbəsində qəbirstanlıqla üzbəüz həyətə gətiriblər və videoçəkiliş aparıblar ki, guya hadisə həmin yerdə baş verib. Sonra onu Abşeron RPİ-nə aparıblar. Orada ondan 20000 manat pul istəyiblər. O da onlara deyib ki, yaşadığı ünvana – Sulutəpəyə getsələr, orada pul məsələsini həll etmək olar. Onlar onu dediyi ünvana aparıblar, lakin pul məsələsi alınmayıb və onu yenidən polis idarəsinə aparıblar. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, əvvəllər “heroin” və “metamfetamin”dən istifadə edib. Saxlanıldığı vaxt üstündə narkotik vasitə olmayıb. Onu Bakıxanovda Abşeron RPİ-nin əməkdaşları saxlayıblar. Saxlanılarkən polislərin maşınlarını əzdiyinə görə fiziki təzyiqlərə məruz qalıb. Həmin vaxt xəsarət alıb. İstintaq Təcridxanasına qəbul edilərkən həmin xəsarətlər qeydə alınıb. Fiziki təzyiqlərlə bağlı prokorurluq orqanlarına məlumat verməyib. Saxlanıldığı vaxt ***-***-**-** saylı mobil nömrə olan “İphone 13” markalı telefon üzərində olub. Həbs qətimkan tədbiri seçilərkən məhkəmə qarşısına çıxarılanda da ona qarşı qanunsuzluqların baş verdiyini bildirib. Əvvəllər məhkum olunmayıb. Ondan pulu Samir adlı polis əməkdaşı istəyib, X2 Şöbəsinin rəisidir. Maşın dostunun olub, saxlanıldığı zaman Orxan Cəfərov adlı dostu ilə birlikdə olub. Dostunu da polis idarəsinə aparıblar, lakin sonradan eşidib ki, ondan 8000 manat pul alıb buraxıblar. Yaşadığı ünvanda polislər anası ilə pul söhbətini ediblər və o da orada olub. Yaşadığı ünvana gələndə telefonu polisdə olub və işlək vəziyyətdə olub. O, həmin şəxslərin maşınını vurmamışdan əvvəl onlar ona “saxla” əmri veriblər, lakin o, maşını saxlamayıb və sonra irəli keçib onun olduğu maşının qabağını kəsiblər. Polis İdarəsində üzərinə axtarış keçirilməyib. Həmin gün Bakıxanova dostu ilə görüşmək üçün gedib. Bakıxanovda olarkən narkotik vasitə almayıb və istifadə etməyib. Ümumiyyətlə, narkotik vasitənin satışı ilə məşğul olmayıb. Sonuncu dəfə tutulduğu vaxtdan təxminən 5-10 gün əvvəl narkotik vasitə istifadə edib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsi yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını və ona birlikdə Abşeron RPİ-nə getməyini təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. Polis idarəsində otaqlardan birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmadığı soruşulmuş və o, əynində olan şalvarın cibində bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra əynində olan tünd boz rəngli şalvarın qabaq sağ yan cibindən iki ədəd şəffaf selofan bükümü təqdim edib bir bükümdə narkotik vasitə heroin, bir bükümdə isə psixotrop maddə metamfetamin olduğunu və həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı İran vətəndaşının hesabına 150 manat köçürdükdən sonra həmin şəxsin qoyduğu yerdən öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd şəffaf selofan bükümdə psixotrop maddə olan metamfetamin və bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroin ağ kağız zərfə qoyulub, qablaşdırılaraq möhürlənib bağlanmışdır. O da həmin qablaşdırılmış zərfi, bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs 2024-ci il iyun ayının təxminən 27-28-i tarixində saxlayıblar. Daha sonra onu polis idarəsinə gətiriblər və orada otaqların birində videoçəkilişlə şəxsin üzərinə axtarış keçirilib. Bu zaman onun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunub və digər sənədləşdirmə işləri həyata keçirilərək həmin kütlələr götürülüb. Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlələrin çəkisini xatırlamır. Təqsirləndirilən şəxs saxlanılarkən tək olub. Təqsirləndirilən şəxsin onu Bakıxanovda saxlayıb sonra Sulutəpə ərazisinə aparmaları ilə bağlı dedikləri doğru deyil. Təqsirləndirilən şəxsi əvvəlcədən tanımayıb, onun şəxsiyyətini sonradan müəyyənləşdiriblər. Şəxsi gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsi yaxınlığında saxlayıblar. Şəxs saxlanılarkən və polis idarəsinə gətirilən zaman ona qarşı təsir və ya təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nə Zaur adlı şəxsin narkotik vasitələri üzərində daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Daha sonra əməliyyat qrupu yaradılıb. Həmin gün gecə saat 02 radələrində şəxsi Sulutəpə dairəsi yaxınlığında saxlayıb Abşeron RPİ-nə gətiriblər. İdarənin təhqiqat şöbəsində təhqiqatçının xidməti otağında müdafiəçinin də iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilib. Şəxsin üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunub və qablaşdırılaraq götürülüb. Əməliyyat qrupunda o və Şahid2 iştirak edib. Əməliyyat qrupunun rəhbəri Şahid2 olub. Şəxsi saxlayanda onun yanında avtomobil olmayıb, yəni o, piyada hərəkətdə olub. Şəxs saxlanılarkən və polis idarəsinə gətirilən zaman ona qarşı təsir və ya təzyiq olmayıb. Əməliyyat məlumatı Şahid2 icraatına daxil olub. Şəxsin üzrəindən aşkar olunan kütlələrin çəkisini xatırlamır. Təqsirləndirilən şəxsin onu Bakıxanovda saxlamaları ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.1984-cü ildə İsmayıllı rayonunda anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olmasında şübhəli bilinərək polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron rayon, Sulutəpə dairəsi adlanan yerin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətirildikdən sonra orada həmin gün saat 03:20-dən 03:37-dək üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 02 ədəd şəffaf rəngli selofan bükümləri təqdim etdi. Həmin selofan büklülərdən birincisinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər vasitə, ikincisinin içərisində isə ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı xüsusatlar, həmçinin şahidlərin ifadələri həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapdı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2024-cü il tarixli, 6/3399 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,736 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 23,302 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi – 1,736 qram, tədqiqata sərf edildi- 0,15 qr, qalıq – 1,586 qr; metamfetaminin təmiz çəkisi – 23,302 qram, tədqiqata sərf edildi- 0,15 qr, qalıq – 23,152 qr. "xxxx" MMC-dən alınmış və Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan mobil telefonda istifadəsində olmuş ********** saylı mobil nömrənin əhatə dairəsini özündə əks etdirən diskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi saatda qeyd etdiyi yerdə, yəni xx.xx.2024-cü il tarixdə, saat 19:00-21:00 aralığında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olması müəyyən edilməmişdir (xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolu). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sağ dirsək nahiyəsində siyrilmiş üzəri qərtməkli yara, qarnın ön divarında sıyrıq aşkar edilmişdir, müayinə zamanı heç bir şikayəti olmadığını bildirmişdir. Abşeron Rayon Məhkəməsindən alınmış və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata baxılması haqqında məhkəmə iclasının videoyazısını özündə əks etdirən diskdəki videoçəkiliş məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxs həmin məhkəmə iclasında polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə məruz qaldığını deməmiş və ya özünün təqsirsizliyi ilə bağlı hər hansı məlumat verməmişdir (xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolu). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli, 4822 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Astarxan şəhər Kirov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 228-ci maddəsinin 2-ci hissəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,586 qram qalmış narkotik vasitə olan heroin və 23,152 qram qalmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron Rayon Polis İdarəsinin sübutların saxlanması yerinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən ondan aşkar edilib götürülmüş bir ədəd “İphone 13” markalı mobil telefon hazırda cinayət işi üzrə heç bir sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs ailə üzvlərindən birinə qaytarılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni ona satan şəxsin müəyyən edilməsi məqsədilə hazırkı cinayət işindən material ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarının konkret müddəalarını rəhbər tutmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Həmçinin təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndi) Plenum qərarının qeyd olunan müddəları əsas götürülərək vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı zorakılığa məruz qalması ilə bağlı məhkəməyədək icraat zamanı müvafiq orqanlara müraciət etməsi və məhkəmə nəzarəti qaydasında şikayət etməsi məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata baxılması haqqında məhkəmə iclasının videoyazısını özündə əks etdirən diskdəki videoçəkilişdən görünür ki, təqsirləndirilən şəxs həmin məhkəmədə də ibtidai istintaq zamanı heç bir fiziki və ya psixi təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona aid olduğunu etiraf etmiş, lakin o, sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində onun ittiham aktında qeyd edilən yerdə deyil başqa yerdə saxlanılması, ona fiziki təzyiqlərin olunması və digər faktlar öz təsdiqini tapmamış, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla onların həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara və cinayət işi üzrə sübutların müqayisəli təhlilinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış keçirilməsinə dair protokola əlavə edilmiş videoçəkiliş, anten məlumatları və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların təhlili və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edib saxlamış və daşımış və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 iyun 2024cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin 29 iyun 2024-cü il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 iyun 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 26 oktyabr 2024-cü il və 25 yanvar 2025-ci il tarixli qərarları ilə həbs qətimkan tədbirinin müddəti 03 ay və 15 gün uzadılmış və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 58-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə, cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,586 qram narkotik vasitə heroin və 23,152 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 03 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,586 qram narkotik vasitə heroin və 23,152 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar