Məhkəmə qərarları › İş №1(124)-249/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-249/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-249/2025 03.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndində fərdi həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 200 manat pul müqabilində 4,111 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib Abşeron rayonu, Masazır kəndinə daşımış, saxlamış və 16 oktyabr 2024-cü il tarixdə həmin psixotrop maddədən bir ədəd bükümdə 0,487 qramını 30 manat müqabilində tanışı Şahid3 qeyd edilən kənddə satmış, 16 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Abşeron rayonu, Masazır kəndi, “Bağçalı evlər” yaşayış kompleksinin ərazisində Abşeron rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib, orada həmin gün saat 19:45-dən 20:10-a kimi üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan kəsiyinin içərisindən 15 ədəd bükümdə ayrıayrılıqda 0,914 qram, 0,501 qram, 0,509 qram, 0,450 qram, 0,274 qram, 0,155 qram, 0,140 qram, 0,178 qram, 0,120 qram, 0,059 qram, 0,058 qram, 0,049 qram, 0,070 qram, 0,067 qram, 0,080 qram olmaqla, ümumilikdə 3,624 qram çəkidə külli miqdarda ağ rəngli kristallik xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Masazır kəndində post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra onu Abşeron rayon Polis idarəsinə aparıblar və orada videoçəkilişlə üzərinə axtarış keçirilib. Şəxsi axtarış zamanı üzərindən ittihamda qeyd olunan psixotrop maddə aşkar edilib. Orada bildirib ki, üzərindən aşkar olunan psixotrop maddə özünə məxsusdur və şəxsi istifadəsi üçün əldə edib. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, tutulana qədər təxminən 2 il psixotrop maddə istifadəçisi olub və metamfetamindən istifadə edib. Üzərindən aşkar olunan psixotrop maddənin çəkisi təxminən 4 qrama yaxın olub. Şahid3 adlı şəxslə eyni məhəllədə yaşayıb. Polis əməkdaşları onu Ulvi ilə birlikdə saxlayıblar. Həmin gün Şahid3la birlikdə Xırdalana gedəcəkmişlər. Ulvi ilə birlikdə narkotik vasitə istifadə etməyib. Ulvinin narkotik vasitənin istifadəçisi olduğunu bilməyib. Onun psixotrop maddəni satmaq məqsədi olmayıb və o, Ulviyə narkotik vasitə satmayıb. 01 ədəd bükümdə narkotik vasitə alıb və ayrı-ayrı vaxtlarda rahat şəkildə istifadə edə bilmək üçün həmin bükümü evdə 15 bükümə ayırıb. Polis idarəsində şəxsi axtarış zamanı üzərindən psixotrop maddədən başqa heç nə aşkar olunmayıb. Ailə üzvlərindən heç kim həmin bükümləri görməsin deyə həmin 15 ədəd bükümü üzərində daşıyıb. Ulvi onun psixotrop maddə istifadəçisi olduğunu bilib, lakin həmin vaxt üzərində psixotrop maddə olduğundan Ulvinin xəbəri olmayıb. Polis idarəsində ona qarşı hər hansı təsir və ya təzyiq olmayıb. Evlidir, 2 azyaşlı övladı var. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə aludəçisidir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu “Dərnəgül” adlanan ərazidə tanımadığı şəxsdən 200 manat müqabilində metamfetamin almış, həmin şəxsi tanımamış, lakin tanışlarının arasında söhbət gedən zaman orada narkotik vasitə satıldığını eşitmişdir. Psixotrop maddə metamfetamini aldıqdan sonra evə gəlmiş, həmin şəxsin ona satdığı metamfetamini evdə 15 büküm şəklinə gətirmiş və gündəlik istifadə etməyi üçün almışdır. Həmçinin həmin bükümləri üzərində gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır kəndi, “Bağçalı evlər” yaşayış kompleksinin həyətində tanışı Şahid3 ilə görüşmüş və orada psixotrop maddə qəbul etmək istəmiş, lakin ətrafda insanlar olmuş və özlərinə tənha yer axtarmışlar. Təxminən 1 saat sonra həmin kompleksin həyətində olarkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib üzərlərində narkotik vasitə və ya psixotrop maddə daşımaqda şübhəli olduqlarını bildirmiş və onları Abşeron RPİ-nə dəvət etmişlər. О da polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmiş, xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və təhqiqatçı tərəfindən оnа üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa, təqdim etməyi təklif edilmişdir. О dа əynindəki boz rəngli idman şalvarının sol yan cibindən şəffaf sellofan kəsiyində olan 15 ədəd büküm metamfetamini çıxarıb təqdim etmiş, həmin vaxt təhqiqatçı оnа psixotrop maddəni hansı məqsədlə əldə etdiyini soruşduqda ona psixotrop maddə istifadəçisi olduğunu və Bakı şəhəri, Nərimanov rayonu, “Dərnəgül” adlanan ərazidə tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Daha sonra həmin bükümlər təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüş, ona polis idarəsində heç bir fiziki güc və zorakılıq olunmamışdır. Narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olsa da, onların satışı ilə məşğul olmamış, Ulvi İmayılova psixotrop maddə metamfetamin satmamış, sonuncu da onun kimi psixotrop maddə istifadəçisidir və onlar görüşüb birlikdə həmin maddəni qəbul etmək istəmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, təxminən 2024-cü ilin oktyabr ayında dəqiq xatırlamadığı gündə Abşeron rayonu, Masazır kəndi, “Bağçalı evlər” adlanan ərazidə xidmətdə olduğu zaman yanındakı polis əməkdaşı ilə birlikdə 2 nəfər şəxsin özünü şübhəli apardığını müşahidə ediblər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərlərində qanunsuz predmetlərin olması ilə bağlı onlardan şübhələndiklərini bildirib onlara suallar veriblər. Həmin şəxslər suallara qeyri-səmimi cavab verdiklərindən polis idarəsinə məlumat verdikdən sonra əraziyə gələn xidməti avtomobillə həmin şəxsləri polis idarəsinə aparıblar. İdarədə həmin şəxslərin şəxsiyyətləri müəyyənləşdirildikdən sonra təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxslərin üzərinə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı hər iki şəxs üzərlərində olan psixotrop maddəyə bənzər kütlələri təqdim ediblər. Daha sonra həmin kütlələr qablaşdırılaraq götürülüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, aşkar olunan psixotrop maddənin çəkisini və növünü xatırlamır. O və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı təsir və ya təzyiq olmayıb. Təqsirləndirilən şəxsi və yanındakı digər şəxsi saxlayan zaman ərazidə o və Şahid1 xidmət aparıb. “Bağçalı evlər” yaşayış kompleksinin həyətində xidmət aparan zaman hər iki şəxsi saxlayıblar. Həmin vaxt o və digər polis əməkdaşı piyada hərəkətdə olublar. Ərazidə xidməti avtomobilləri olmayıb, sonradan PPX-nin avtomobilini çağırıblar. Şəxsi saxladıqları yerdə üzərinə axtarış keçirməyiblər, çünki onlar PPX-nin əməkdaşı olduqlarından şəxsləri saxladıqları ərazidə onların üzərinə axtarış keçirmək səlahiyyətləri yoxdur. Şəxsləri saxlayan zaman onlardan üzərlərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı predmet olub-olmadığını soruşduqda onlar üzərlərində qanunla qadağan edilmiş digər hər hansı predmet olmadığını bildirdilər. Təqsirləndirilən şəxsi əvvəlcədən tanımayıb. Ərazidə xidmət aparan zaman onlarda şübhə yaradan hal o olub ki, hər iki şəxs onları görəndə yollarını dəyişib başqa istiqamətə gediblər. Həmçinin həmin şəxslərin görünüşündən də onların narkotik vasitə və ya psixotrop maddə aludəçisi olduqlarını hiss ediblər. Polis idarəsində keçirilən şəxsi axtarışda o da iştirak edib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, “Bağçalı evlər” yaşayış kompleksinin həyətində Şahid2lə birlikdə xidmətdə olduğu vaxt 2 nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşıblar. Daha sonra həmin şəxsləri polis idarəsinə aparıblar. İdarədə həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 olduqları məlum olub. İdarədə xidməti otaqların birində təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxslərin üzərinə şəxsi axtarış keçirilib və hər iki şəxsin üzərindən psixotrop maddə aşkar olunduqdan sonra həmin maddələr qablaşdırılaraq götürülüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, hər iki şəxsi saat 12-13 radələrində saxlayıblar. Aşkar olunan psixotrop maddənin çəkisini xatırlamır. Hər iki şəxsi “Bağçalı evlər” yaşayış kompleksinin həyətində saxlayıblar. Hər iki şəxsi idarəyə gətirdikdən sonra növbətçi hissəyə təhvil veriblər. Şəxsləri saxladıqları yerdə üzərinə axtarış keçirməyiblər. İdarədə keçirilən şəxsi axtarışda o da iştirak edib. O və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı təsir və ya təzyiq olmayıb. Təqsirləndirilən şəxsi əvvəlcədən tanımayıb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə eyni ərazidə Masazır kəndində yaşayıb. O, Vüqardan heç bir narkotik vasitə almayıb. İbtidai istintaq zamanı izahat verərkən ağır xəstə olub və həmin izahatı fikir vermədən imzalayıb. Həmin gün, yəni xx.xx.2024-cü il tarixində evdən çıxarkən Vüqarı “Bağçalı evlər” yaşayış kompleksinin həyətində görüb. Kompleksin həyətindən çıxanda polis əməkdaşları Vüqarı və onu saxlayıblar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra narkotik vasitə və ya digər hər hansı qanunsuz predmet daşımaqda şübhəli olduqlarını bildirib onları polis idarəsinə aparıblar. Orada videoçəkilişlə üzərlərinə şəxsi axtarış keçirilib və şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar olunmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab olaraq bildirdi ki, Vüqarın psixotrop maddə istifadəçisi olduğunu və tutulan zaman da üzərində psixotrop maddə gəzdirdiyini bilməyib. Özü tutulana qədər 2-3 il heroin və metamfetamindən istifadə edib. Vüqarla birlikdə tutulub və bu iş üzrə də Abşeron Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və hazırda həmin cəzanı çəkir. Polis idarəsində ona qarşı təsir və təzyiq olmayıb. Tutulana qədər Vüqarı 7-8 ay olardı ki, tanıyıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumayıb, sonradan həmin ifadəni polis idarəsində ona oxuyublar və bu zaman bilib ki, həmin ifadədə onun psixotrop maddəni Təqsirləndirilən şəxs aldığı qeyd olunub. Polis idarəsində olarkən bildirib ki, üzərində heç bir narkotik vasitə yoxdur. Polis idarəsində videoçəkiliş başlamazdan əvvəl polis əməkdaşları onun cibinə bir büküm qoyublar. Təqsirləndirilən şəxs ona psixotrop maddə satmayıb və pay verməyib. Heç vaxt Vüqarla birlikdə narkotik vasitə istifadə etməyib. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Çünki həmin vaxt xəstə olduğundan və qorxduğundan ifadəni oxumadan imzalayıb. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid3 həmin ifadəsində mahiyyəti üzrə göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə aludəçisidir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Abşeron rayonu, Masazır kəndi, “Bağçalı evlər” yaşayış kompleksinin həyətində tanışı Təqsirləndirilən şəxs ilə görüşüb ondan 30 manat müqabilində psixotrop maddə metamfetamin almışdır. Təxmini 1 saat sonra həmin kompleksin həyətində olarkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə və ya psixotrop maddə daşımaqda şübhəli olduğunu bildirmişlər və onu Abşeron RPİ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmişdir. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa, təqdim etməyi təklif edilmişdir. O da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Həmin vaxt təhqiqatçı ona psixotrop maddəni hansı məqsədlə əldə etdiyini soruşanda psixotrop maddə istifadəçisi olduğunu və həmin maddəni Abşeron rayonu, Masazır kəndi, “Bağçalı evlər” yaşayış kompleksinin həyətində tanışı Təqsirləndirilən şəxs 30 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. İlkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsus olub heç bir təzyiq olmadan çəkmişdir. Etdiyi əməldən peşmandır və bir daha psixotrop maddə qəbul etməyəcəkdir. Narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmadığını, polis idarəsində ona qarşı heç bir fiziki və ya psixi zorakılıq olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Abşeron RPİ-nin PPXB-nin polis əməkdaşları tərəfindən tərtib edilmiş raportdan görünür ki, polis əməkdaşları xx.xx.2024-cü il tarixdə, saat təxminən 12:30 radələrində 25 saylı piyada marşrutda xidmətdə olarkən 2 nəfər şəxsin özlərini narkotik maddələrin istifadəsində şübhəli apardıqlarını görüb onlara yaxınlaşıb özlərini təqdim ediblər və onların şəxsiyyətini müəyyən etmək üçün onları RPİ-nin növbətçi hissəsinə gətiriblər. Orada məlum olub ki, həmin şəxslər xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1988-ci il təvəllüdlü Şahid3dur. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Abşeron RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinin içərisində olan matemfetaminə bənzər kristal kütlələri könüllü təqdim etmişdir və həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Rzayev X2 RPİ-nə gətirildikdən sonra orada həmin gün saat 19:45-dən 20:10-dək üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan kəsiyinin içərisindən 06 ədəd gümüşü və 09 ədəd şəffaf selofon bükümlər, həmin bükümlərin içərisində olan metamfetaminə bənzər kristal kütlələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı xüsusatlar, həmçinin təqsirləndirilən şəxsin (üzərindən psixotrop maddə aşkar edilməsinə dair hissədə) və şahidlərin ifadələri həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapdı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4915 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən....» yazısı və imzalar olan 1 ədəd zərfdə ayrı-ayrılıqda təmiz çəkisi 0,914 qram, 0,501 qram, 0,509 qram, 0,450 qram, 0,274 qram, 0,155 qram, 0,140 qram, 0,178 qram, 0,120 qram, 0,059 qram, 0,058 qram, 0,049 qram, 0,070 qram, 0,067 qram, 0,080 qram, ümumi təmiz çəkisi 3,624 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyapvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 3,624 qram, tədqiqata sərf edildi- 0,3 qr, qalıq – 3,324 qr. xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə hazırkı cinayət işi üzrə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə də demiş, Təqsirləndirilən şəxs isə qeyd edilən metamfetamini Şahid3 satmadığı, ancaq pay verdiyini bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7601 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 96-cı maddəsinin 6-cı bəndi ilə (köhnə redaksiya ilə) təqsirli bilinib 15 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ilkin təmiz çəkisi 3,624 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,324 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron Rayon Polis İdarəsinin sübutların saxlanması yerinə təhvil verilmişdir. AZ-İİİ № 703377 və AZ-İİİ № 311168 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü (X3) və xx.xx.2014-cü il təvəllüdlü (X4) iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni ona satan şəxsiyyəti istintaqa məluma olmayan şəxsin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılaraq icraata götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarının konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Vurğulamaq zəruridir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs psixotrop maddənin ona aid olduğunu etiraf etmiş, lakin Şahid3 həmin metamfetamindən satmadığını, ancaq pay verdiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxs sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün məhkəmədə fərqli ifadə vermiş və Şahid3, ümumiyyətlə, psixotrop maddə vermədiyini demişdir. Həmçinin Şahid3 ifadəsində göstərdiyi xüsusatlar barədə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, şahid özü hal-hazırda azadlıqdan məhrum etmə cəzası çəkir, eyni zamanda onlar arasındakı tanışlıqdan dolayı onun təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Belə ki, şahid ibtidai istintaq zamanı psixotrop maddəni ona Təqsirləndirilən şəxs satdığını demiş, bu xüsusatı üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı da bildirmişdir, lakin məhkəmə iclasında təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək, sırf onun verdiyi ifadəyə görə Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə təqsirli bilinməsinə mane olmaq düşüncəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsini inkar etmişdir. Belə olan halda, məhkəmə kollegiyası Şahid3 məhkəmədə verdiyi ifadəsini deyil, ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edərək Təqsirləndirilən şəxs elan edilmiş ittihamın əsasına həmin ifadəni qoyur. Qeyd olunanlara və cinayət işi üzrə sübutların müqayisəli təhlilinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə psixotrop maddə satmaması ilə bağlı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin ayrı-ayrı bükümlərdə olmaqla, onların çəkisinin xeyli miqdardan çox olmasını təqsirləndirilən şəxsin həmin psixotrop maddəni məhz satış məqsədilə üzərində əldə edib daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış keçirilməsinə dair protokola əlavə edilmiş videoçəkiliş və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların təhlili və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşımış, saxlamış və həmin psixotrop maddədən tanışı Şahid3 satmış və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Yuxarıda göstərilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən - xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilir və əməlində cinayətin residivi yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 16 oktyabr 2024-cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 58-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə, cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,324 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 01 (bir) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,324 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev Hakim Fəhmin Hümbətov Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar