Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-25/2023 23.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 10,036 qram və 0,202 qram, ümumi təmiz çəkiləri 10,238 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş külli miqdarda narkotik vasitə olan heroini və iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 7,212 qram və 5,277 qram, ümumi təmiz çəkiləri 12,489 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq 100 manata əldə edib yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisinə daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 04 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirilmiş, Qobu polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən həmin iki ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 10,036 qram və 0,202 qram, ümumi təmiz çəkiləri 10,238 qram narkotik vasitə heroin və iki ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 7,212 qram və 5,277 qram, ümumi təmiz çəkiləri 12,489 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu axşam 22-23 radələrində evində tutaraq polis idarəsinə aparmışlar. Üzərində narkotik vasitə olmamışdır. Həmin günü evdə bacısıoğlu Elnur da olmuş, onu da polis idarəsinə aparmış, sonradan buraxmışlar. Polis əməkdaşları tərəfindən döyülmüş və polis idarəsində ona təzyiq olduğuna görə deyilənləri boynuna almışdır. Əvvəllər metamfetamin və heroin istifadə etmişdir. Polislər evə girən zaman evdə ailə üzvləri olmuşlar. Polislərdən Ramin, Samir və “Jengo” ləqəbli əməkdaşlar evinə gəlmiş, onlar tərəfindən ailə üzvlərinin yanında döyülmüşdür. Qarın və bel nahiyəsində xəsarətləri, qançır izi olmuş, işgəncələrə görə etirafedici ifadə vermişdir. Polis idarəsində gecəni qalmışdır. Şahid3 tanımır, elə bir qonşusu olmamışdır.İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmiş, orada olan Ramin adlı əməkdaş, ailəsini də gətirib, işgəncə veriləcəyini dediyi üçün məcbur qalıb ifadəsinə qol çəkmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 il müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Narkotik vasitə və psixotrop maddələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhərində 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 100 manat müqabilində iki ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Aldığı narkotik vasitə və psixotrop maddəni sonra istifadə etmək üçün əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2021-ci il tarixdə saat təxminən 04 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində dayanıb siqaret çəkən zaman mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi iki nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və onu Qobu polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qobu polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoyduğu iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin və iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb polislərə təqdim etmişdir. Bundan sonra o, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhərində 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 100 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra polislər onun təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhərində 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 100 manat müqabilində aldığını bildirmişdir. İstifadəsində ***-***-**-** mobil nömrəsini təxminən 20 il müddətdir ki, istifadə etdiyini bildirmişdir. Əlavə dindirmə zamanı iş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olan zaman ailə üzvləri ilə qızı Ramilə, yoldaşı Səidə, bacısı Sevinc, bacısı oğlanları Elşən və Elnur oturmuşlar. Həmin vaxt səs gəlmiş, polis əməkdaşları evə basqın etmişlər, evi dağıtmışlar. Evdə axtarış keçirmişlər. Həmin vaxt cibində olan 656 manat pulu naməlum şəraitdə yoxa çıxmışdır. Həmin vaxt üzərindən və evdən heç nə aşkar olunmamışdır. Bundan sonra onu Qobu polis bölməsinə aparmışlar. Bölmədə Cenqo ləqəbli, rəis müavini Ramin onu döymüşlər, bölmənin rəis müavini Ramin ona bir büküm heroin, bir büküm metamfetamin vermişdir. O, da həmin bükümləri cibinə qoymuşdur. Bundan sonra Ramin tərəfindən aparılan video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı o, həmin bükümləri çıxarıb təqdim etmişdir. Baxış zamanı vəkil, əməliyyat müvəkkilləri və təhqiqatçı iştirak etmişdir. o, özünü təqsirli bilmədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, istintaq zamanı ona qarşı heç bir fiziki, psixi təsir göstərilməmişdir. İstintaq zamanı əvvəl verdiyi ifadəsində özünü təqsirli bilməsini ona köməklik olunacağı vəd olunduğu üçün məcbur qalıb elə ifadə verdiyini bildirmişdir. ( cild 1, iş vərəqə 67-70; 151-152) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində ifadəsində göstərdi ki, 01 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddə istifadə etməsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat təqribən 04 radələrində məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmiş, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Ramini Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə dəvət etmşlər. Polis İdarəsində Ramin əynində olan şalvarın cibindən iki ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroin və iki ədəd sellofan bükümdə içərisində psixotrop maddə metamfetamin olan bükümləri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri 20 yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Onu saxlayan zaman ətrfəda adamlar olmuş, ona heç bir təzyiq göstərilməmişdir. Evində baxış keçirməmiş, onu idarəyə tək aparmışlar. X4 tanımır. O, ibtidai istintaq verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 oxşar məzmunlu ifadə verərək şahid polis əməkdaşı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsində göstərmişdir ki, anası ilə birlikdə yaşayır. Fərdi qaydada evlərdə usta işləyir. Təqsirləndirilən şəxs ilə qonşuluqda kirayədə yaşayır. Münasibətləri olmamışdır. Amma onu qonşu kimi tanıyır. xx.xx.2021-ci il tarixdə saat təxminən 04 radələrində yaşadığı evin küçəsinə çıxıb siqaret çəkirmiş. Həmin vaxt qonşusu Ramin də küçədə tək dayanıb siqaret çəkirmiş. Bu zaman iki nəfər mülki geyimdə olan şəxslərin qonşusu Raminə yaxınlaşdıqlarını görmüşdür. Onlar Raminlə bir qədər söhbət etdikdən sonra Ramini maşına mindirərək aparmışlar. O, da bir qədər küçədə dayandıqdan sonra içəri evə keçmişdir. Bir neçə gün keçdikdən sonra yaşadığı küçədə eşitmiş ki, qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs polis əməkdaşları tutaraq aparmışlar. Sonradan ona məlum olmuş ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 04 radələrində o, küçədə dayanan zaman qonşusu Ramini maşına mindirib aparan şəxlər polis əməkdaşları olmuşlar. Əlavə olaraq bildirmişdir ki, qonşusu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edildiyi üçün tutulması barədə heç bir məlumatı olmamışdır, sonradan Raminin polis əməkdaşları tərəfindən tutulması ona məlum olmuşdur. ( cild 1, iş vərəqə 202-205) Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Hadisə günü dayısıgilə qonaq getmiş, gecə saat 22- 23 radələrində onlarda oturub çay içərkən polis əməkdaşları qapını zorla açıb içəri daxil olmağa çalışmışlar. Pəncərənin dəmir qoruyucusunu dartıb qırmışlar. Polis əməkdaşları içəri daxil olanda o order tələb etmiş, evə girməyə hüquqlarının olmadığını bildirmişdir. Bunu deyəndə onlardan biri onun əllərini arxadan tutmuş, o birisi ağzının üstündən “sakit ol” deyərək vurmuşdur. Polis əməkdaşları birbaşa dayısının üstünə getmiş, dayısı nəyə görə gəldiklərini soruşanda onun da qollarından tutmuş və sinəsinin ortasından yumruq vurmuş, səsini çıxarmamasını demişlər. Birinci özünü evdən çıxarmış, polis maşınında arxada əyləşdirmiş, əllərinə qandal vurmuşlar. Sonra dayısını da əlləri qandallı, başı aşağı, ayağında başmaq, ayaqqabı geyinməyə də imkan verilmədən evdən çıxarmış, başqa maşında əyləşdirmişlər. Onları bölməyə aparmış, onu birinci mərtəbədə solda bir otağa salıb ayaq üstə saxlamışlar. Orada ona dayısının narkotik vasitə satışı ilə məşğul olmasını bildirmiş, o da belə bir şeyin olmadığını, sübut göstərmələrini, şikayət edəcəyini demiş, onlar da “hələ sən gör burdan çıxa bilsən gedib hara istəsən, kimə istəsən şikayət edərsən” demişlər. Onu müvəqqəti saxlama yerinə aparmışlar. Səhəri gün günorta hardasa saat 12-13 radələrində bölmə rəisinin müavini Ramil gəlib “ dayının üstündən və evindən külli-miqdarda narkotik çıxıb, səni də içəri göndərmək istəyirik, amma bilirəm ki, sən elə işlərlə məşğul deyilsən, sənə yazığım gəlir, cavan oğlansan. Sən yaz ki, guya küçədə söyüş söymüsən, xırda xuliqanlıqla rəsmiləşdirək” demişdir. O əvvəl yazmayacağını demiş, onda onu da buraxmayacaqlarını dedikləri, təzyiq göstərdikləri üçün, məcbur qalıb qol çəkmişdir. Hələ də o cəriməni ödəməmiş, ödəmək fikrinin olmadığını demişdir. Həmin gün hardasa saat 2-də onu buraxmışlar. Çıxdıqdan 1-2 saat sonra 102-yə məlumat vermiş, bütün hadisələri necə var elə də izah etmişdir. 02 ay sonra polisə zəng etmiş, ona hadisə Baş Narkotiklərlə Mübarizə idarəsində araşdırıldığı, guya ona yazılı cavab veriləcəyi deyilmiş, lakin bu günə qədər də cavab verilməmişdir. Dayısının narkotik vasitələrdən istifadə etməsi və ya satması barədə heç bir məlumatı olmamış, onun əvvəllər məhkum olunduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Hadisə günü gecə saat 23 radələrində onlar qonaqları ilə birgə evdə olarkən polis əməkdşları evə girərək evi dağıtmış və axtarış keçirməyə başlamışlar. Evdən heçnə tapılmamış, ərini döymüş, təhqir etmişlər. Hətta evdə saxladıqları balaca 04 aylıq iti də onları tutmasından ehtiyyat edərək döymüşlər. Ərini bacısı oğlu Əliyev Elnurla birlikdə aparmış, səhəri gün Elnuru buraxmışlar.Əri Təqsirləndirilən şəxs vuranda onu otağa buraxmamışlar, qızı orada olmuşdur. Şahid3 adlı adam tanımır, özü Hökməli qəsəbəsində doğulub böyümüşdür, orada elə bir insan yoxdur. Polis əməkdaşları bir saata yaxın evdə qalmış, heç nə tapılmamışdır. Raminin narkotik vasit istifadə etdiyindən məlumatı olmamışdır. Özü hər yerə şikayət eləmişdir. Müstəntiq gəlmiş, ondan icazə alaraq baxış keçirmiş, evində şəkillər çəkilmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 oxşar məzmunlu ifadə verərək əlavə şahid X2 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıması, o cümlədən satışı ilə məşğul olması barədə Qobu PB-nə əməliyyat məlumatı daxil olmuşdur. ( cild 1, iş vərəqə 6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, saat 05:10 dəqiqədən 05:40 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə heroin olan bükümlər və iki ədəd şəffaf sellofan bükümdə içərisində psixotrop maddə metamfetamin olan bükümlər aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə 32-33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 04 oktyabr 2021-ci tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə heroin olan bükümlər və iki ədəd şəffaf sellofan bükümdə içərisində psixotrop maddə metamfetamin olan bükümlər aşkar edilərək götürülmüşdür.( cild 1, iş vərəqə 96-97) Qeyd olunan protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli “ axtarış və götürmə apparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində sonuncunun həyat yoldaşı X2 razılığı və iştirakı ilə axtarış keçirilmiş, axtarış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş heç bir əşya, predmet aşkar olunmamışdır. ( cild 1, iş vərəqə 75-85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4333 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 245” möhür əksi, “Təqdim etdi: ... Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 10,036 qram, 0,202 qram ümumi təmiz çəkiləri 10,238 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,212 qram, 5,277 qram ümumi təmiz çəkiləri 12,489 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir.Qeyd: Metamfetamin ümumi -12,489 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 12,389 qram.Heroin ümumi - 10,238 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 10,138 qram. (cild 1 iş vərəqə 41-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 112 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəq 210-211) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-464/2021 nömrəli hökmün surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. ( cild 1, iş vərəqə 113-114; 124-131) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 60 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 1(012)-464/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzası tam olaraq çəkilməmiş qalmışdır. ( cild 1, iş vərəqə 209) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon Məhkəməsinin 7(012)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğuna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 26 gün hissəsi 01(bir) il azaldılmışdır. Cinayət işinin materiallarında görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 10,036 qram və 0,202 qram, ümumi təmiz çəkiləri 10,238 qram narkotik vasitə heroin və iki ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 7,212 qram və 5,277 qram, ümumi təmiz çəkiləri 12,489 qram psixotrop maddə metamfetamin və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,389 qram psixotrop maddə metamfetamin və 10,138 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 258-266, 281) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Hökməli qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 177) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş məktublar və ona əlavə olunmuş disklərdən görünür ki, 01 oktyabr 2021-ci il tarix, saat 04 radələrində Təqsirləndirilən şəxs və iş üzrə şahid polis əməkdaşları Şahid1, Şahid2 istifadələrində olan mobil nömrələr Abşeron rayonu, Hökməli qəsəbəsi yaxınlığındakı anten əhatə dairələrində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2021-ci il tarixli, xx/xx-7753 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə İstintaq Təcridxanasına gətirilərkən qarnın ön divarında böyük ölçülü sarımtıl yaşıl rəngli qançır olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2380 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət ( qançır, sıyrıq, yara və s.) aşkar olunmamışdır. Təqsirləndirilən şəxs rəyin təsviri hissəsində bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində polis əməkdaşları tərəfindən tutulmuş,heç kim tərəfindən döyülməmiş və xəsarət almamışdır. Tibbi yardım üçün müraciət etməyib. Şikayəti yoxdur. ( cild 1, iş vərəqə 143-144) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 08 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Abşeron RPİ-nin polis əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanılması rədd edilmiş və həmçinin, qeyd olunan qərardan görünür ki, araşdırma materialına əlavə edilmiş Abşeron RPİ-nin Tibbi müayinənin keçirilməsi və tibbi yardımın götürülməsinə dair qeydiyyat kitabında aparılan qeydiyyatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-nə təhvil verilərkən üzərində hər hansı bir xəsarət və onun izi olmamış, Təqsirləndirilən şəxs hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. ( cild 1, iş vərəqə 180-183) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin, əlavə şahid qismində dindirilmiş X5, X6 və X3 məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs gecə 23 radələrində və evində tutulması, Elnur Əliyevin də Raminlə birgə polis idarəsinə aparılması ilə bağlı göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, qeyd olunan əlavə şahidlərin təqsirləndirilən şəxslə yaxın qohumluq münasibətləri vardır, buna görə də onlar həmin məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmasına çalışmışlar. Bu səbəbdən məhkəmə onların verdiyi ifadələri sübut kimi qiymətləndirmir. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, üzərində saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması, bükümlərə ayrılması Təqsirləndirilən şəxs məqsədinin məhz psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən qarnın ön divarında qançırın aşkar olunması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdə Abşeron RPİ-nin MSY-nə daxil olarkən bədən səthi üzərində xəsarət aşkar olunmamış, 02 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Bakı İstintaq Təcridxanasında isə təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxsla ilkin təhqiqat və istintaq hərəkətləri (videoçəkilişlə şəxsi axtarış, izahatının ifadəsinin alınması) aparılarkən onun bədən səthi üzərində heç bir xəsarət olmamış, xəsarəti 02 oktyabr 2021-ci il tarixindən sonra almışdır. Cinayət işinin materiallarından görünür ki, 02 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ifadəsi alınmış, daha sonra tibbi ekspertizadan keçirilmişdir. Həmin vaxtdan sonra 05 oktyabr 2021-ci il tarixə kimi təqsirləndirilən şəxslə heç bir istintaq hərəkəti aparılmamışdır. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs aldığı xəsarətin ittihamın mahiyyəti ilə heç bir əlaqəsi yoxdur, təqsirləndirilən şəxsin istintaq hərəkətləri aparılmayan zaman xəsarət alması cinayət işinin istintaqı zamanı toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yaratmır. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin oğlu 02 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli oğlu 01 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 23, 91-95) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,389 qram psixotrop maddə metamfetamin və 10,138 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109,90 ( yüz doqquz manat, doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-464/2021 nömrəli hökmü ilə təyin edilmiş və 11 ay 26 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və o, qəti olaraq 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,389 qram psixotrop maddə metamfetamin və 10,138 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 ( yüz doqquz manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-25/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-25/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver