Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-250/2025 14.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1992-ci ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Abdul” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda psixotrop maddələrin, narkotik vasitələrin və güclü təsir edən maddələrin müəyyən qazanc müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 05 noyabr 2024-cü il tarixdə bir qrup şəxs halında “Abdul” adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, “Elite” ticarət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerə qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilmiş 280,581 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, qeyd edilən 2005-ci il 28 iyun tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısı”na daxil edilmiş 491,953 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və üzərində “ALYSE Capsule Pregabaline 150 mg” göstəriciləri olan 61 ədəd blisterdə 854 ədəd preqabalin təsiredici maddəsinin ümumi miqdarı 128,1 qram olan 854 ədəd külli miqdarda ağ rəngli preqabalin tərkibli kapsulları götürüb qanunsuz əldə edərək, yaşadığı ünvan 1- da yerləşən 45 nömrəli mənzilə daşıyıb, həmin psixotrop maddə metamfetaminin 03 ədəd bağlamada ayrı-ayrılıqda 85,178 qram, 81,182 qram və 93,047 qram, ümumilikdə 259,407 qram çəkidə olan hissəsini, həmin narkotik vasitə heroinin 02 ədəd bağlamada ayrı-ayrılıqda 194,228 qram və 151,676 qram, ümumilikdə 345,904 qram çəkidə olan hissəsini və 854 ədəd güclü təsir edən maddə olan preqabalin kapsullarını həmin mənzilin otağındakı masanın üzərində, psixotrop maddə metamfetaminin 21,174 qram çəkidə olan hissəsi və narkotik vasitə heroinin 146,049 qram çəkidə olan hissəsi isə əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxlamış, 07 noyabr 2024-cü il tarixdə saat 01:26-da Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 nömrəli binanın dəhlizindən çıxan zaman küçədə saxlanılaraq orada həmin gün saat 01:26-dan 01:55-ə kimi onun üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən həmin 21,174 qram çəkidə psixotrop maddə metafetamin və 146,049 qram çəkidə narkotik vasitə heroin, əməliyyat tədbirinin davamı kimi Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən onun kirayədə yaşadığı ünvan 1-da yerləşən 45 nömrəli mənzilinə keçirilmiş baxış zamanı mənzilin yeganə otağındakı masanın üzərində həmin 03 ədəd bağlamada ayrı-ayrılıqda 85,178 qram, 81,182 qram və 93,047 qram, ümumilikdə 259,407 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd bağlamada ayrı-ayrılıqda 194,228 qram və 151,676 qram, ümumilikdə 345,904 qram çəkidə narkotik vasitə heroin, preqabalin təsiredici maddənin ümumi miqdarı 128,1 qram olan 854 ədəd güclü təsir edən maddə preqabalin kapsulları və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi və 01 ədəd borucuq aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hadisə baş verən gün zibil atmaq üçün evdən çıxanda polis əməkdaşları onu tutmuşlar, 5-6 nəfər içəri girmiş və evi axtarmağa başlamışlar. Evdən sadəcə 4 list yarım reseptlə aptekdən əldə etdiyi “alyse” dərman vasitəsi tapmışlar. Daha sonra onu maşınlarına otuzdurmuş, maşını oraya-buraya sürmüş və ondan başqa narkotik vasitə istifadəçilərinin adlarını verməyini istəmişlər. Təxminən yarım saat sonra maşını onun evinə sürmüş, evi ikinci dəfə axtarmağa başlamışlar və evdən yenidən heç bir narkotik vasitə tapılmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, narkotik vasitə marixuanadan istifadə etmiş, 20 manat pul verib saxta resept yazdırıb aptekdən almış, əsəbi olduğu üçün istifadə etmişdir, əvvəllər məhkum olunmuş, heç bir xəsarət almamışdır. Həbs qətimkan tədbiri seçilərkən də bu ifadəni vermişdir. İttiham aktında sadalananların ona aidiyyəti olmamış, onun üstündən çıxmamışdır. Başqa narkotik vasitə istifadəçilərinin adını vermədiyi üçün onu şərləmişlər. Subaydır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 07 noyabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri Qara Qarayev küçəsində kirayədə yaşadığı binanın dəhlizindən çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində gəzdirdiyi 01 ədəd şəffaf rəngli sellofanda içərisində narkotik vasitə olan heroini və 01 ədəd şəffaf rəngli sellofanda içərisində olan psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Polis əməkdaşları sorğu zamanı təqdim etdiyi kütlələrdən başqa hər hansı bir narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulmuşdur. O da kirayə yaşadığı mənzildə narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini səmimi etiraf etmişdir. Sonra polis əməkdaşları ilə birlikdə videoçəkiliş dayandırılmadan yaşadığı mənzilə getmişlər. Yaşadığı mənzil 1 otaqdan ibarətdir. Elə həmin 1 otaqda yerləşən masanın üzərində ona məxsus olan 61 ədəd olan üzərində Alyse sözü yazılmış preparatı, 02 (iki) ədəd şəffaf sellofan parçasına bükülmüş qəhvəyi rəngli toz formalı narkotik vasitə olan heroinə bənzəyən kütləni, sonra 3 (üç) ədəd olan hər bir büküm şəffaf sellofan parçasına bükülmüş ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzəyən maddəni, bir ədəd elektron tərəzini və bir ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün borucuğu təqdim etmişdir. Həmin narkotik vasitə və psixotrop maddə olan baxış zamanı kağız zərf qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Yuxarıda qeyd etdiyi kütlə və maddələri təxminən iki gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu “Elite ticarət mərkəzi”nin yaxınlığından İran İslam Respublikasının vətəndaşı olan Abdul adlı şəxs tərəfindən təyin olunmuş yerdən götürmüş və sonuncunun dediyi yerlərə çatdıracaqmış. Daha sonra onu polis əməkdaşları Abşeron RPİ-nə aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Üzərindən və yaşadığı mənzildən aşkar olunmuş kütlələr özünə məxsus olmuş, həmin kütlələri 2024-cü ilin noyabr ayının əvvəllərində tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Abdul” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Elite ticarət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək və sonuncunun dediyi yerlərə çatdırmaq üçün əldə etmiş, buna görə də adı çəkilən şəxs ona pul verəcəkmiş. Həmçinin Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. “Abdul” adlı şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilməmişdir. “Abdul” adlı şəxsin ümumiyyətlə İran İslam Respublikası vətəndaşı olduğunu da dəqiq bilməmişdir. Özünü ona elə təqdim etdiyində İranlı kimi tanımışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vardır.(cild 1. i/v 76-78) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu və Bakı şəhəri, ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Abşeron rayon polis idarəsinin rəisinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, 07 noyabr 2024-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçıları ünvan 2 ünvanının yaxınlığında olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs yaşadığı binanın blokundan çıxan zaman dərhal yaxınlaşmış və özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirib Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduğu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri və ya qanunla dövriyyəsi qadağan edilmiş əşya olub-olmaması soruşulmuşdur. Sənan olduğunu bildirdikdən sonra təqdim etməsi istənilmişdir. Təqsirləndirilən şəxs da etiraz etməyərək əynində olan gödəkçənin cibindən iki ədəd bükülü çıxarmış, Sənan həmin bükülülərdən birinin narkotik vasitə, digərinin isə “patı” adlanan psixotrop maddə olduğunu, təyin olunmuş yerdən götürdüyünü bildirmişdir. Daha sonra həmin bükülülər açıldıqda onlardan birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə, digərində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan bükülülər içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs daxil olan məlumata görə yaşadığı evdə də qanunla qadağan edilmiş vasitələr saxladığı və orada baxış keçiriləcəyini bildirilmişdir. Evə daxil olduqda mənzilin 1 otaqdan ibarət olduğunu müəyyən etmişlər. Həmin otaqda yerləşən masanın üzərindən 61 ədəd preparat, 02 ədəd heroinə bənzəyən kütlə, 3 ədəd olan metamfetaminə bənzəyən maddə, bir ədəd elektron tərəzi və bir ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün borucuq aşkar edilmişdir. Təqsirləndirilən şəxs onları İran İslam Respublikasının vətəndaşı olan Abdul adlı şəxs tərəfindən təyin olunmuş yerdən götürdüyünü və sonuncunun dediyi yerlərə çatdıracağını bildirmişdir. Bundan sonra 02 ədəd şəffaf bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 03 ədəd kütlə, 61 ədəd olan preparat, bir ədəd elektron tərəzi və bir ədəd borucuq zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2, Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektrou, polis serjantı Şahid1, Abşeron RPİ-nin KTQ-nin inspektoru, polis mayoru Kərimov X2 Fərid Elçin oğlu ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyat axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə və yaşadığı mənzilə baxış keçirilməsinə dair” 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə ünvan 1 ünvanının qarşısında saxlanılıb üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol cibindən şəffaf sellofana bükülmüş bükümün içərisindən toz formalı narkotik vasitə olan heroinə bənzər maddə və digər şəffaf sellofana bükülmüş bükümün içərisindən kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə və 02 ədəd mobil telefon aşkar olunaraq götürülməklə yanaşı yaşadığı evdən 61 ədəd olan üzərində Alyse sözü yazılmış preparat, 02 (iki) ədəd şəffaf sellofan parçasına bükülmüş qəhvəyi rəngli toz formalı narkotik vasitə olan heroinə bənzəyən kütlə, sonra 3 (üç) ədəd olan hər bir büküm şəffaf sellofan parçasına bükülmüş ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzəyən maddə, bir ədəd elektron tərəzi və bir ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün borucuq, aşkar olunaraq götürülmüşdür.(cild 1. i/v 09-10) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol cibindən şəffaf sellofana bükülmüş bükümün içərisindən toz formalı narkotik vasitə olan heroinə bənzər maddə və digər şəffaf sellofana bükülmüş bükümün içərisindən kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülməklə yanaşı yaşadığı evdən 61 ədəd olan üzərində Alyse sözü yazılmış preparat, 02 (iki) ədəd şəffaf sellofan parçasına bükülmüş qəhvəyi rəngli toz formalı narkotik vasitə olan heroinə bənzəyən kütlə, sonra 3 (üç) ədəd olan hər bir büküm şəffaf sellofan parçasına bükülmüş ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzəyən maddə, bir ədəd elektron tərəzi və bir ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün borucuq götürülmüş və daha sonra həmin maddələr Abşeron RPİ-yə gətirilib orada bir daha onlara baxış keçirilmişdir.(cild 1. i/v 33-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş “S1830003” adlı video faylda olan görüntülər, ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus nömrəsiz fərdi yaşayış sahəsində qeydə alınır. Videogörüntünün ilk dəqiqələrində polis əməkdaşlarının binanın həyətində gözlədiyi və daha sonra blokdan çıxan zaman şəxsə yaxınlaşıb, özlərini təqdim edib həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmələri görünür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduğu bildirib ondan üzərində narkotik vasitələri və ya qanunla dövriyyəsi qadağan edilmiş əşya olub-olmaması soruşulur. Sənan olduğunu bildirdikdən sonra əynində olan gödəkçənin sol cibindən iki ədəd bükülü çıxarır. Həmçinin o üzərində olan 01 ədəd Xiaomi Redmi, 01 ədəd İphone markalı mobil telefonları, içərisində siqaretlər olan siqaret qutusunu və digər şəxsi əşyalarını təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülülərin nə olduğu soruşulduqda Sənan həmin bükülülərdən birinin narkotik vasitə, digərinin isə patı adlanan psixotrop maddə olduğunu bildirir. Daha sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. Videogörüntünün növbəti dəqiqələrində videoçəkiliş dayandırılmadan Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı mənzildə onun razılığı ilə aparılır. Evə daxil olduqda mənzilin 1 otaqdan ibarət olduğunu görünür. Həmin otaqda yerləşən masanın üzərindən 61 ədəd olan üzərində Alyse 150 sözü yazılmış preparat, 02 (bir) ədəd şəffaf sellofan parçasına bükülmüş qəhvəyi rəngli toz formalı narkotik vasitə olan heroinə bənzəyən kütlə, 3 (üç) ədəd olan hər bir büküm şəffaf sellofan parçasına bükülmüş ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzəyən maddə, bir ədəd elektron tərəzi və bir ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün borucuq aşkar edilir. Daha sonra həmin kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün borucuq içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. “S1830003” adlı video faylda olan görüntüyə baxış keçirikdə isə xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş bükülülərə və digər əşyalara yenidən baxış keçirilərək qablaşdırıldığı görünür.(cild 1. i/v 139-141 “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə və yaşadığı mənzilə baxış keçiriliməsinə dair” protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 6/5180 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Qablaşdırdı (imza) F. Rəhimov...” sözləri olan kağız bağlamada ümumilikdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 146,049 qr., 194.228 qr., 151,676 qr., ümumi təmiz çəkisi 491,953 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, ümumilikdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 21,174 qr., 85,178 qr., 81,182 qr., 93,047 qr., ümumi təmiz çəkisi 280,581 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 61 ədəd üzərində “ALYSE Capsule Pregabaline 15 mg” göstəriciləri olan blisterdə 854 ədəd ağ rəngli kapsulun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 128,1 qram təşkil edir, bir ədəd elektron tərəzi və bir ədəd borucuqda psixotrop maddə metamfetaminə məxsus izlərin vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroinin ümumi təmiz çəkisi - 491,953 qram, tədqiqata istifadə olundu - 0,100 qram, qalıq - 491,853 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi - 280,581 qram, tədqiqata istifadə olundu - 0,100 qram, qalıq - 280,481 qram. Preqabalin kapsullarının ümumi sayı - 854 ədəd kapsul, tədqiqata sərf edildi 6 ədəd kapsul, qalıq - 849 ədəd kapsul.(cild 1. i/v 42-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2024-cü il tarixli 7590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1. i/v 160-161) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.1 və 318.2-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 1. i/v 122-124) Məhkəmə hesab edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmişdir. CM-nin 18-ci maddəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin maddənin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır ki, bu hal da cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətdiyi vaxtda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbi ilə müəyyən edilmiş məhkumluğun ödənilməsi müddəti keçmədiyindən onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması, onların şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddindən dəfələrlə çox olması, təqsirləndirilən şəxsin yaşadığı evdən elektron tərəzinin aşkar olunması və həmin elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlərin aşkar olunması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayətlərin residivi cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 08 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 280,481 qram olan psixotrop maddə metamfetamin, 491,853 qram olan narkotik vasitə heroin və 849 ədəd preqabalin kapsulları, 01 ədəd elektron tərəzi və 01 ədəd borucuq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsn və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin maddi sübutların saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş, qalıq çəkisi - 280,481 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi - 491,853 qram olan narkotik vasitə heroin və 849 ədəd preqabalin kapsulları, 01 ədəd elektron tərəzi və 01 ədəd borucuq məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-250/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-250/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver