Məhkəmə qərarları › İş №1(124)-251/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-251/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-251/2024 28.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Gürcüstan Respublikası Qardabani şəhərində anadan olmuş, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 03 may 2023-cü il tarixdə saat 19:30-19:40 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd selofan bükümdə 227,1 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan "heroin” aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, anası kənddə olmuş, çörək yeyib evdən çıxmışdır, tutulduğu yerə qədər məsafə 2-3 dəqiqəlik olmuşdur. Dostunun həyət evinin qapısını açmaq istəyən zaman polis əməkdaşı Emin onu qucaqlayıb yerə yıxmışdır. Hikmət, Nemət və Cahangir adında polis əməkdaşları onu Polis şöbəsinə Orxan müəllimin otağına gətirmişlər, əlləri qandallı olmuş, üstündə iki paket siqaret, iki çaxmaq olmuş, maşınının açarı polis əməkdaşı Emində olmuş, onun maşınını Emin sürmüşdür. Orxan müəllim təzyiq etmişdir ki, buradan rahat getmək istəyirsə, üstünə kənardan mal qoysunlar, o, bir tanışına qıraqdan mal götürməyini desin. Cahangir əlində maşınının açarı ilə gəlmiş, demişdir ki, maşında heç nə olmamışdır, ancaq maşında silah olmalı imiş. 100 qram narkotik vasitənin olması ilə razılaşmışdır, ona demişlər ki, satıcı kimi yox, istifadəçi sayılacaq. Orxan müəllimin şkafından narkotik vasitəni üstünə qoyaraq başqa otaqda üstünə baxış keçirmişlər, həmin otaqda Cahangir, Orxan müəllim və o olmuşdur. 3-4 saatdan sonra vəkili gəlmişdir. Stolun o tərəfindən başqa tərəzi gətirmişlər, çəkisi 227 qram çıxmışdır, fikirləşmişdir ki, Orxan müəllimə desin ki, ona 100 qram deyilmişdi, ancaq narkotik vasitənin çəkisi 227 qram olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, tutulana qədər təxminən 01 il olar ki, narkotik vasitə “kakos”dan istifadə etmişdir. Üstündə falqa da olmuşdur, o, tır sürücüsü olmuşdur, narkotik vasitəni istifadəçisi olmuş, narkotik vasitəni bir yolla əldə etmişdir. Onu küçədə döymüşlər, ona Polis şöbəsində zor tətbiq olunmamışdır. Ona demişlər ki, razılaşmasa, qardaşının maşınından çıxardacaqlar. Xaçmaz rayon məhkəməsində ona söz verilməmişdir, o, etap olunmağını və məhkəmə iclasında sözünü deməyi gözləmişdir. İyul ayının 5-dək Polis şöbəsində olmuşdur, müstəntiqdən qabaq qardaşını görüşə gətirmişlər. O demişdir ki, o mal onun olmamışdır, sənədləri yığanda oturanda ona demişlər ki, onları ələ salır. O, müstəntiqin üzünü 3 dəqiqə görmüşdür. Çəkilişdən sonra 24 saat müddətində müdafiəçi gözləmiş, müdafiəçi olmamış, o, heç bir sənədi imzalamamışdır. 11 gündə heç bir sənədi imzalamamışdır. Cahangir adlı polis əməkdaşını polis şöbəsində tanımış, Camal deyə tanışı olmuş, ondan 3 gün əvvəl də onu tutmuşlar. Camal ilə 3 ay əvvəl danışıqları olmuş, Cahangir ilə Camalın polis ilə yaxınlığı olmuşdur. O, tutulanda ayaqyolunda Camal demişdir ki, onun arxasıyca danışanda bilməmişdir ki, belə olacaq. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 30 aprel 2023-cü il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmişdir. Bakı şəhərində işlərini görüb qurtardıqdan sonra günorta saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsinə getmişdir. Biləcəri qəsəbəsi Dəmiryol vağzalı ərazisində müəyyən yerlərə narkomanların müəyyən şəxslər sifarişlərinə görə narkotik vasitələri tulladığını eşitdiyi üçün həmin ərazini gəzərək axtarmaq qərarına gəlmişdir. Həmin günü saat 16 radələrində Biləcəri qəsəbəsində yerləşən Dəmiryol vağzalı ərazisində gəzərkən yerdə bir ədəd sellofan büküm tapmışdır. Sellofan bükümü əlinə götürüb açdıqda içərisində narkotik vasitə olan heroin olmasını görmüşdür. Həddən artıq çəkidə narkotik vasitə tapması onun üçün gözlənilməz olmuşdur. Narkotik vasitə heroindən istifadə etdiyi üçün tapdığı heroini atmayaraq əynində olan gödəkçəsinin cibinə qoyub və Xaçmaz şəhərinə yaşadığı evə gətirmişdir. Sonrakı günlərdə tapdığı heroindən bir qədər özü istifadə edərək qalan hissəsini isə ailə üzvlərinin görməməsi üçün başqa yerə qoymayaraq istifadə etmək üçün əynində olan gödəkçəsinin cibində saxlamışdır. 03 may 2023-cü il tarixdə təxminən saat 18 radələrində evdən çıxıb piyada Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə getmişdir. Həmin gün təxminən saat 18:20 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Etiraz etməyərək avtomobilə əyləşib və polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında X4 tərəfindən hüquq və vəzifələri ona izah olunaraq təqdim olunan vəkil Avçixan Avçixanovun iştirakı ilə narkotik vasitələri əldə edib və saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən onun video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları çıxarıb və təqdim etməsi ona təklif edilmişdir. Əyinində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd «Winchester» markalı siqaret qutusunu, 02 ədəd alışqanı, şalvarının sağ arxa cibindən özünə aid şəxsiyyət vəsiqəsini və qara rəngli dəri gödəkçəsinin sol yan cibindən isə 01 ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq əvvəlcə «Winchester» markalı siqaret qutusunu açıb içərisində olan siqaret dənələrini sayaraq 11 ədəd olduğunu bildirmişdir. Bundan sonra isə müstəntiq onun təqdim etdiyi sellofan bükümü əlinə götürüb və içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olmasını ondan soruşmuşdur. Hər şeyi könüllü olaraq etiraf edərək sellofan bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddənin özünə məxsus «kakos», yəni narkotik vasitə olan heroin olmasını və onu Bakı şəhərində olarkən tapdığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol arxa cibində 02 ədəd salfet kağızı aşkar olunmuşdur. Təqdim etdiyi sellofan bükümdə olan heroini elektron tərəzinin üzərinə qoyularaq çəkdikdə sellofanla birlikdə heroinin çəkisinin 225,2 qram olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərindən aşkar olunmuş sellofan bükümdə olan heroin bir ədəd ağ rəngli zərfə qoyulub və qablaşdırılaraq protokol tərtib edilmişdir. Zərfdə imza etdikdən sonra şəxsi axtarışla bağlı tərtib edilmiş protokol ilə tanış olub və imzaları ilə protokolu təsdiq etmişlər. Üzərindən aşkar olunmuş 01 ədəd «Winchester» markalı siqaret qutusu və 02 ədəd alışqan götürülməyərək özünə qaytarılmışdır. (i.v 52-56, 119-121) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 03 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin gün digər əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlamışlar, üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində X4 tərəfindən müdafiəçi Avçixan Avçixanovun iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək üzərinə videoçəklişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir, Təqsirləndirilən şəxs şəxsi axtarış keçrilməsinə etiraz etmədikdən sonra onun üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan boz rəngli cins şalvarın cibindən 1 ədəd «Winchester» markalı siqaret qutusunu, 1 ədəd alışqanı, şalvarının cibindən özünə aid şəxsiyyət vəsiqəsini və gödəkçəsinin cibindən isə 1 ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olmasını müstəntiq ondan soruşduqda o, sellofan bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddənin özünə məxsus «kakos», yəni narkotik vasitə olan heroin olmasını və onu Bakı şəhərində olarkən yerdən taparaq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd «Winchester» markalı siqaret qutusunu və 2 ədəd alışqan onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan qəhvəyi rəngli toz şəkilli maddə həmin sellofan bükümlə birlikdə elektron tərəzinin üzərinə qoyulub çəkilmiş və həmin qəhvəyi rəngli heroinə bənzər tozşəkilli maddənin çəkisinin 225,2 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəyə bənzər qəhvəyi rəngli toşəkilli maddə onların iştirakı ilə ekspertizaya göndərilməsi üçün müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qablaşdırılaraq möhürlənmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlamışlar. Axşam üstü onlar təqsirləndirilən şəxsə yaxınlaşarkən o hərəkətsiz olmuş, küçədə dayanmışdır. Təqsirləndirilən şəxsı heç bir mənzil qarşısında saxlamamışlar. O, onların maşınlarını görməmişdir. Tədbirdə Eminlə birlikdə olmuşlar. O, Təqsirləndirilən şəxs şəkillərini heç kimə çəkib göndərməmişdir. Başqasının da çəkdiyini görməmişdir. O, Təqsirləndirilən şəxs onunla ayaqyoluna getməyi xahiş edib etmədiyini xatırlamamışdır. Təqsirləndirilən şəxsin qandallı şəklini o çəkməmişdir, kim çəkdiyini də bilməmişdir. Onlarda olan əməliyyat məlumatına görə Təqsirləndirilən şəxs Bakıda “Opel” markalı maşınla taksi sürücüsü işləmiş, Bakıdan narkotik vasitəni gətirib rayonda satmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkilləri polis əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 03 may 2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan və 04 iyul 2024-cü il tarixli “elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında protokol”-dan görünür ki, Xaçmaz RPİ-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd «Winchester» markalı siqaret qutusunu, 02 ədəd alışqanı, şalvarının sağ arxa cibindən özünə aid şəxsiyyət vəsiqəsini və qara rəngli dəri gödəkçəsinin sol yan cibindən isə 01 ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. X4 əvvəlcə «Winchester» markalı siqaret qutusunu açıb içərisində olan siqaret dənələrini sayaraq 11 ədəd olduğunu bildirmişdir. Bundan sonra isə müstəntiq onun təqdim etdiyi sellofan bükümü əlinə götürüb və içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olmasını soruşduqda o, etiraf edərək sellofan bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddənin özünə məxsus «kakos», yəni narkotik vasitə olan heroin olmasını və onu Bakı şəhərində olarkən tapdığım bildirmişdir. Bundan sonra heroini elektron tərəzinin üzərinə qoyularaq çəkdikdə sellofan bükümlə birlikdə heroinin çəkisinin 225,2 qram olması müəyyən edilmiş və 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. «Winchester» markalı siqaret qutusu və 2 ədəd alışqan özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi cinayət işinə əlavə edilməsi üçün götürülmüşdür.( cild 1, iş vər. 21-24, 110-111) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş komisyon-məhkəmə psixiatrik ekspertizasının 20 may 2023-cü il tarixli 1372 saylı rəyinə əsasən 1-ci və 2-ci suallar üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. 3-cü sual üzrə: Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və başqa şəxslərə zərər yetirməsi təhlükəsi müəyyən edilmədi. 4-cü sual üzrə: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək onları idarə etmək iqtidarındadır. 5-ci sual üzrə: Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək iqtidarındadır. 6-cı sula üzrə: Təqsirləndirilən şəxs fantaziyaya, uydurmağa pataloji meyililik müşahidə edilib-edilməməsi barəsində qoyulmuş sual psixoloqun səlahiyyətlərinə aiddir. 7- ci sual üzrə: Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak etmək iqtidarındadır. (İ.v 103-105) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə Narkoloji Ekspertizasının 09 iyun 2023-cü il tarixli 3608 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür.(i.v 106-107) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 05 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdə, 01 ədəd bükümdə təmiz çəkisi 227,1 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixli qərar ilə maddi sübut hesab edilməklə 227 qram qalıq heroin saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmiş, şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk xx.xx.2023-cü il tarixli qərar ilə maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v 124-127) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 91) Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3 adlı azyaşlı uşağı vardır.(i.v 61) Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda və şəxsi istehlak miqdarından dəfələrlə çox olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması onun cəzalarını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsinin ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. (i.v 9-17, 18-19, 50-51,69-71) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin maddi-sübutlar otağına təhvil verilmiş 227 qram qalıq heroin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin maddi-sübutlar otağına təhvil verilmiş 227 qram qalıq heroin məhv edilsin, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar