Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-252/2024 19.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 8,336 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz əldə edib üzərində qanunsuz saxlamaqla Şabran şəhəri, H.Əliyev prospekti 9 ünvanının yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o 14 dekabr 2022-ci il tarixdə saat 21:10 radələrində Şabran şəhəri, H.Əliyev prospekti 9 ünvanının yaxınlığında saxlanılaraq Şabran Rayon Polis Şöbəsində xidməti otaqların birində saat 22.25 radələrindən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar 8,336 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, o, Şabron rayonunda 52 saylı X1 gözətçisi işləyirdi. 14 dekabr 2022-ci ildə növbə dəyişmiş, iş yoldaşından növbəni təhvil almış, idarədə olan zaman Şabran rayon Polis Bölməsinin rəis müavini Cəmil müəllim yanında bir nəfər də polis əməkdaşı ilə ora gəlmişdirlər. Ona buradan “balyaskalar” oğurlandığını və şübhəli şəxs görsə, onlara məlumat verməsini demişlər. Sonra növbəni təhvil vermiş və yolda Anarla rastlaşmışdır. Yolda yol polisi Anarın idarə edtiyi yük maşınını saxlamış, həmin maşının arxasında Rusiyanın qeydiyyat nişanını daşıyan bir maşın dayanmış və içərisində mülki geyimli şəxslər olmuşdur. Anarı və onu özləri ilə maşına mindirib Şabran rayon polis bölməsinə gətirmişlər. Ondan axtarışda olan Mehman adlı şəxsi soruşmuş, o da əvvəl münasibəti olsa da, indi harada olduğunu bilmədiyini demişdir. Sonra mülki geyimli bir polis nəfəri əlini qandallayıb onu təhqir edərək və təzyiqə məruz qoyaraq bir daha Mehmanın yerini soruşmuş və o yenə bilmədiyini demişdir. Bir mülki geyimli şəxs də yaxınlaşıb Rövşənin kim olduğunu soruşmuş, o bilmədiyini deyəndə Rövşənin öz adı olduğunu və ona kömək etmək istədiyini, onun xalası oğlunun dostu olduğunu demişdir. Rövşən ona demişdir ki, “ sənə banditizm maddəsi ilə cinayət işi açmaq istəyirlər, amma mən kömək edəcəm narkotiklə cinayət işi açılsın” Əvvəl ona və Anara başqa narkotik vasitə təklif etmiş, sonra dəyişmişlər. Təxmini gecə saat 2-3 radələrində, onun qol saatının göstəricisini geriyə çəkmiş, müdafiəçi ilə görüşmək hüququnu təmin etməmişdirlər. Vəkil gəlsə də, ona heç nə izah etməmiş, sanki hal şahidi kimi iştirak etmişdir. Onun narkotiklə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, onu axşam saat 8-9 radələrində saxlamışdırlar. Ona fiziki və psixi zorakılıq tətbiq olunmuş, Şabran Rayon prokurorluğunda döyülmə faktı araşdırılmışdır, onu döyən şəxsin adını bilmir, lakin üzünü xatırlayır. Şahid1 xalası oğlunun adını çəkdiyi üçün və Dəvəçidən olduğu üçün onun dediklərinə inanmışdır. Əvvəllər marixuana istifadəçisi olmuş, digər narkotik vasitələrdən istifadə etsə də, sonradan iyrənmişdir. Videoçəkilişdə hər şeyi boynuna götürsə də, barəsində həbs qətimkan tədbiri seçilərkən etiraz etmişdir. Mehmanla onun münasibəti olduğu üçün Mehmanı ondan soruşmuşdurlar, Mehmanla hansısa polis əməkdaşının problemi olduğu üçün onu axtarırdılar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, o bir neçə aydır narkotik vasitə olan heroindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. 14 dekabr 2022-cı il tarixdə Şabran şəhərində yaşadığı evin yaxınlığında yerdən 01 ədəd bükümdə narkotik vasitə heroin tapmışdır. Onun məqsədi həmin narkotik vasitəni istifadə etmək olmuşdur. Onun həmin maddəni satmaq fikri olmamışdır. O yalnız öz istifadəsi üçün həmin narkotik vasitəni üzərində saxlamış və heç kimin əlinə keçməsin deyə həmin narkotik vasitəni üzərində gəzdirmişdir. 14 dekabr 2022-ci il tarixdə saat 21:10 radələrində tanışı Şahid4 ilə birlikdə Şabran şəhəri, H.Əliyev prospketi 9 ünvanının yaxınlığında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və Şahid4 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş ‘'Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O səmimi olaraq etiraf edib üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. O və Şahid4 buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində o müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış, Anarın üzərinə isə baxış keçirilmişdir. Baxış və şəxsi axtarış keçirilməzdən əvvəl ona və Anara hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 17 manat 30 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroin kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini 14 dekabr 2022-ci il tarixdə Şabran şəhəri ərazisində yaşadığı yerin yaxınlığında tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Üzərində narkotik vasitə olması barədə Şahid4 məlumatının olmadığını bildirmişdir. Eyni zamanda aşkar edilmiş 17 manat 30 qəpik pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Şahid4 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Anara baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Anar buna etiraz etmədiyini bildirdikdən sonra üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Baxış zamanı sübut əhəmiyyətinə malik hər-hansı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid4 onun dostu olduğunu, üzərində narkotik vasitə heroin olmasından məlumatı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş narkotik vasitəni tapmışdır, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. O bir neçə aydır narkotik vasitə heroin istifadə etmişdir. Onun üzərində narkotik vasitə heroin olması barədə başqa şəxslərin, o cümlədən də Şahid4 məlumatı olmamışdır. Təqsirləndiirlən şəxsin ibtidai sitintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra ona verilən suallara cavab olaraq bildirdi ki, elan olunan ifadədəki sözlər ona aid deyil, heç nəyi oxumadan ona imza çəkdirmişlər. Polis əməkdaşlarının Mehmanı tutmaq üçün keçirdikləri əməliyyat uğursuz olduğu üçün rəislərinin yanında utanmasınlar deyə onu tutmuşdurlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında baş idarə rəhbərliyinə məruzə etdikdən sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və 2022-ci ilin dekabr ayının ortalarında digər əməliyyat qrupunun üzvləri ilə birlikdə Şabran rayonuna ezam olunmuşdurlar. Şabran rayonunda H.Əliyev prospektində Təqsirləndirilən şəxs olacağı yer müəyyən olunmuş, onlar həmin yerə yollanaraq axşam saat 9-10 radələrində onu həmin ünvanın yaxınlığında saxlamışdırlar. Onlar Təqsirləndirilən şəxs və yanındakı şəxsi Şabran rayon Polis Şöbəsinə dəvət etmiş, orada xidməti otaqların birində Şahinin üzərinə baxış keçirilərkən, Şahin şalvarının cibindən narkotik bükümünü çıxarıb öz istifadəsi üçün üzərində saxladığını bildirərək təqdim etmiş və narkotik vasitəni yaşadığı yerin yaxınlığından elə həmin gün tapdığını bildirmişdir. Bundan sonra digər şəxs Şahid4 üzərinə baxış keçirilmiş və onun üzərindən sübut əhəmiyyətinə malik hər-hansı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid4 Təqsirləndirilən şəxs dostu olduğunu, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasından məlumatı olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmişdir. əməliyyat qrupuna ondan başqa 2 əməkdaş daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxsi saxlayarkən hava qaranlıq olduğundan və lazımi şərait olmadığından, həmçinin yanlarında təhqiqatçı olmadığından, şəxsi axtarışı polis idarəsində həyata keçirmişdirlər. O, Şahinə Rövşən olduğunu deməmiş, ona narkotik verməmişdir, narkotik Şahinin üzərində olmuş, onu çıxarıb özü təqdim etmişdir. Şahini saat 9-10 radələrində saxlayıb qısa müddət ərzində polis idarəsinə aparmış, orada da qısa müddət vəkili gözləmişdirlər. Təqsirləndiirlən şəxsin dediklərinin əksinə olaraq o, 4 yaşında Şabran rayonundan köçmüşdür, həmçinin heç kim təqsirləndirilən şəxsin silahını evindən götürməmişdir. Məhkəmədə Şahid3 şahid qismində dindirilmiş, həmçinin məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai sitintaq zamanı verdiyi ifadəsi elan olunmuş, onlar ifadələrində məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatalrı təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, axşam saat 9- 10 radələrində yük maşınında oturduqları vaxt yol polisinin maşını gəlmiş, sənədlərini yoxlamağa başlamışdır, sonradan o, bilmişdir ki, Bakıdan onalrı tutmağa gəlmişdirlər. Şahini və onu polis bölməsinə aparmış və onalrdan Mehmanı soruşmuşdurlar. Mehmanı rayon uşağı kimi tanımışdır, amma əlaqəsi olmamışdır. Ondan Mehmana nə silahı verdiyini soruşduqda o da Mehmanı tanımadığını demişdir. Polis əməkdaşı ona öz telefonundakı Mehmanın ondan siqaret istəməyi ilə bağlı yazışmaları göstərmişdir. Şahində qoşa lülə tüfəng olmuş, onu Mehmana vermişdir. Onlar polis bölməsində Şahinlə ayrı-ayrı otaqda olmuşdurlar. Sonra videoçəkiliş başlamamışdan əvvəl bir otağa gələndə Şahinə çəkiliş zamanı hər şeyi danışdıqları kimi deməsini söyləmişdirlər. O, həmin vaxt Şahindən bu işin axırının nə olacağını soruşuqda, Şahin ona polis əməkdaşları ilə danışdığını, onu buraxacaqlarını və hər şeyi üstünə götürəcəyini, 1 il yatıb çıxacağını, silahla ittiham olunsaymış, daha çox cəza alacağını demişdir. Sonra polis əməkdaşları Mehmanın evinə getmiş, tüfəngi tapsalar da, Mehmanı tapmamışdırlar. Daha sonra onu buraxmışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ona verlən suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları gələndə o, Şahinlə maşında dayanmışdır. Polis əməkdaşları üzərinə baxmış narkotik tapmamışdırlar, nə də heç kim ona üzərinə narkotik götürməyimi təklif etməmişdir, heç kim ona təzyiq göstərməmişdir. Şahinlə münasibətləri yaxşı olmuşdur, amma Şahinin narkotik vasitə istifadə etdiyini bilməmişdir. Şahinə qarşı hər hansı zorakılıq olunduğunu görməmişdir. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o hər-hansı formada narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 14 dekabr 2022-ci il tarixdə saat 21:10 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Şabran şəhəri, H.Əliyev prospketi 9 ünvanının yaxınlığında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla Şahini tanış etmişlər. Şahin səmimi olaraq etiraf edib üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. O və Təqsirləndirilən şəxs buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Şabran RPŞ-yə gəlmişlər. Polis şöbəsində Şahin müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə Şahinin üzərinə şəxsi axtarış, onun üzərinə isə baxış keçirilmişdir. Baxış və şəxsi axtarış keçirilməzdən əvvəl ona və Şahinə hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahinə şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Şahin buna etiraz etmədiyini bildirdikdən sonra Şahini şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahin üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 17 manat 30 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahin təqdim etdiyi 01 ədəd bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Şahinin üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan soma aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Şahin üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini 14 dekabr 2022-ci il tarixdə Şabran şəhəri ərazisində yaşadığı yerin yaxınlığında tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə onun məlumatının olmadığını bildirmişdir. Eyni zamanda aşkar edilmiş 17 manat 30 qəpik pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahinə qaytarılmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl ona baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o buna etiraz etmədiyini bildirdikdən sonra üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Baxış zamanı sübut əhəmiyyətinə malik hər-hansı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı o Şahinin dostu olduğunu, Şahinin üzərində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Nə tutularkən, nə də Polis Şöbəsində onun və Şahinin üzərində baxış keçirilərkən onlara qarşı hər-hansı təsir və ya təzyiq olmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirdi ki, həmin ifadəsini oxumadan imzalamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə saat 21:10 radələrində Şabran şəhəri, H.Əliyev prospekti 9 ünvanının yaxınlığında saxlanılaraq Şabran RPŞ-də xidməti otaqların birində saat 22.25 radələrindən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 8,336 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən olunması məqsədilə BMCMİ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli tapşırığa cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni də satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 6/7054 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ...” yazı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 8,336 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 7656 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 588/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şabran rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, işgəncələrə, fiziki zorakılığa, təsir və təzyiqlərə məruz qalması barədə aparılmış araşdırma nəticəsində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 8,236 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılır, həmçinin Təqsirləndirilən şəxs üzərində və mənzilində şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü, xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü 3 uşağı vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uaşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən və bir yetkinlik yaşına çatmayan uşağının olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır və onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi qeyd olunur. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şahid təqsirləndirilən şəxslə yaxın münasibəti, yəni dostluq münasibəti olan şəxsdir. Qeyd olunan səbəbdən onun təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Belə olan halda, məhkəmə onun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, onun ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan şahid qismində dindirilərkən verdiyi ifadəsini Təqsirləndirilən şəxs ittihamının əsasına qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitənin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarının şəxsi istehlak üçün nəzərdə tutulmuş miqdardan dəfələrlə çox, külli miqdarda olması, həmin narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Məhkəmə onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib məhkəmədə verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, şahid ifadələri (polis əməkdaşlarının) və iş materiallarında olan ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 8,236 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, və iş materiallarında olan 01 (bir) ədəd “CD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109,9 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 8,236 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 109,9 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-252/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-252/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver