Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-252/2025 17.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1984-cü ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu – narkomaniya xəstəliyindən əziyyət çəkməklə, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istehlakı üçün 01 ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 4,086 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlayaraq daşımış və 17 oktyabr 2024-cü il tarixdə, saat 03:55-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 18/132-nin qarşısında piyada hərəkət edən zaman saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən həmin 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulana qədər o, xadimə işləyirdi. 5-ci mikrorayonda kirayə evdə tək yaşayırdı. Ara-sıra psixotrop maddə metamfetamin alırdı. Adətən 0,5 qram məkidə metamfetamin alırdı.16-17 oktyabr 2024-cü il tarixdə axşam saat 23:00 radələrində evə getmişdir. Qapı döyülmüş, narkotik vasitəni satan Məcid adlı şəxs evinə gəlmişdir. Məcid gətirdiyi narkotik vasitəni qonaq otağında stolun üstünə qoymuşdur. Digər əşyalarını, o cümlədən tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Məcidlə birlikdə bir az metamfetamin istifadə etmişlər. Sonra Məcid çıxıb getmişdir. O getdikdən sonra birdən polis əməkdaşları evə daxil olmuş, onu tutub aparmışlar. Saat 23:00-04:00-a kimi polis əməkdaşları tərəfindən tutulub saxlanılmışdır. Narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamışdır. Heç vaxt satış məqsədi olmamışdır. Aşkar olunan tərəzi ilə bağlı heç bir məlumatı yoxdur. İttiham aktında qeyd olunan İran İslam Respublikasının vətəndaşını tanımır. Ondan narkotik vasitə almamışdır. İstifadə etdiyi mobil telefon nömrəsini xatırlamır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 8/132, mənzil 3 üvanında ailəsi ilə birlikdə yaşayır. Əvvələr məhkum olmamışdır. Təxminən 3-4 il olar ki, narkotik vasitə qəbul edir. Narkotik vasitələrdən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 03:50 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 8/132-nin qarşısında piyada hərəkətdə olan zama mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və polis işçiləri olduqlarını bildirdikdən sonra ona özlərini təqdim etmiş və üzərində narkotik vasitə daşımağından, satmağından şübhələndikləri bildirdikdən sonra videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Baxışdan öncə ona üzəridə hər hansı qanunla qadağan edilmiş bir əşya və ya predmet vardırsa əqdim etməsi təklif olunmuş və o özü əynində olan ağ rəgli gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş halda psixotrop maddə metamfetamini, həmin gödəkçənin sol yan cibindən isə elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 4.26 qram olması müəyyən olunmuşdur. Daha sonra üzərindən aşkar olunmuş həmin bükülü və tərəzi ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış və həmin zərfin üzərini imzalamışdır. Daha sonra müvafiq sənədləşmə işlərinin aparrılması üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etdikləri zaman o heç bir etiraz etmədən onlarla polis bölməsinə getmiş və PB-də xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərindən aşkar olumuş maddənin qablaşdırıldığı zərflərə baxış keçirilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin metamfetamini 3 gün qabaq sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı ilə əlaqə saxlamaqla, həmin şəxsə 400 manat pul verdikdən sonra mobil telefonuna həmin şəxsin göndərdiyi ünvana əsasən Xırdalan şəhəri ərazisindən götürdüyünü, öz şəsi istifadəsi üçün əldə etdiyini, həmin metamfetamindən hər hansı bir şəxsə vermədiyini, tərəzini də metamfetamindən istifadə edərkən özünə lazım olan miqdarı təyin etmək məqsədi ilə, həmçinin İİR vətəndaşından əldə etdiyi metamfetaminin çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 56-58; 68-69) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 17 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumat üzrə əməliyyat qrupu yaradılmışdır. Əməliyat qrupunda ondan başqa X2 və Şahid3 olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 03:55 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidə etmişlər. Daha sonra ona küçədə yaxınlaşmışlar. Özlərini ona təqdim etmişlər. Axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Heç bir müqavimət göstərmədən onlarla avtomobilə minmişdir. Sorğu zamanı İran vətəndaşından 400 manat qarşılığında ona göndərilən yerləşmə yeri barədə məlumat əsasında əldə etdiyini və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Əməliyyat məlumatı narkotik vasitə və psixotrop maddənin istifadə olunması, daşınması üzrə olmuşdur. Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə əldə etməsi ilə bağlı əməliyyat məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis serjantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərdi ki, 17 oktyabr 2024-cü il tarixdə Firəngiz İlyaova barədə daxil olmuş məlumat üzrə əməliyyat qrupu yaradılmışdır. Əməliyat qrupunda ondan başqa X2 və Şahid1 olmuşdur. Hadisə günü saat 03:55 radələrində onun ola biləcəyi yerləri müşahidə etmişlər. Daha sonra ona yaxınlaşmışlar. Özlərini ona təqdim etmişlər. Axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sorğu zamanı İran vətəndaşından 400 manat qarşılığında ona göndərilən yerləşmə yeri barədə məlumat əsasında əldə etdiyini və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı narkotik vasitə və psixotrop maddənin istifadə olunması ilə olmuşdur. Satışla bağlı məlumat olmamışdır. Şəxsi axtarış videoçəkilişlə aparılmış, xanım əməkdaş da olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 17 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumat üzrə əməliyyat qrupu yaradılmışdır. Həmin gün onu saxlayarkən videoçəkiliş zamanı özünə məxsus telefonla çəkiliş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ yan cibindən psixotrop maddə metamfetamin, sol yan cibindən isə elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı satış məqsədilə deyil, yalnız şəxsi istifadə məqsədilə bağlı daxil olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin YYÇPİTB-nin inspektoru, polis kapitanı Şahid4 ifadəsində digər şahidlər Şahid1, Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 94-96) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasında” dair, eləcə də “şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi” haqqında 17 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, həmin gödəkçənin sol yan cibindən isə 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı “DVD” formatlı disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və əşyaya baxış keçirilməsi zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 17 oktyabr 2024-cü il tarixli, 6/4917 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N127” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs gətirilmüş...büküm..(imza) Təqsirləndirilən şəxs “yazısı və imzalar olan zərfdəki, l(bir) ədəd bükümdə təmiz çəkisi 4,086 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla alınmış psixotrop maddə - metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetamin izləri vardır. (Cild 1, iş vərəqləri 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 54 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 103-104) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsn üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş, ekspertiza tədqiqatından sonra 3,936 qram metamfetamin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 111-120) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əldə etdiyi külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddənin aşkar edilməsi onun məqsədinin satışla bağlı olmasından dəlalət edir və bu əlaməti “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi qəbul etmişdir. Buna rəğmən, satış məqsədi olmadan da şəxsi istehlak üçün məhz külli miqdarda psixotop maddənin əldə edilməsinin mümkünlüyünü nəzərə alaraq, qanunverici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsini cinayət qanununa əlavə etmişdir. Eyni zamanda istintaq orqanı Təqsirləndirilən şəxs üzərində elektron tərəzinin aşkar edilməsini də psixotrop maddənin satışı ilə bağlı mübahisəsiz sübutun olması kimi qiymətləndirmişdir. Halbuki, Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarının 9-cu bəndində aydın şəkildə izah verilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmənin Plenumu verdiyi izahda təkcə elektron tərəzinin olmasına istinad edərək, şəxsin əməlinin qeyd-şərtsiz satış məqsədi kimi tövsif edilməsini tövsiyyə etmir, əksinə göstərir ki, satma məqsədinin olması müəyyən edilərkən başqa sübutlarla (bu halda tərəzi) və narkotik vasitələrin miqdarı ilə yanaşı, həmçinin də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Başqa sözlə, satma məqsədi müəyyən edilərkən göstərilən halların yalnız biri deyil, bir neçəsi məcmu şəkilində mövcud olmalı və biri-digərini tamamlamalıdır. Təkcə elektron tərəzinin olması isə özü-özlüyündə narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin əməlində satış məqsədindən dəlalət edə bilməz. Çünki məlum məsələdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkən və narkotikləri aktiv istifadə edən şəxs üçün şəxsi istehlak miqdarının müəyyən edilməsi və narkotiklərin öz dozasına uyğun olaraq bölünməsi əhəmiyyət daşıyır, bunun üçün isə adi məişət əşyası kimi hər bir yerdə satılan elektron tərəzinin əldə edilməsi zəruridir. İş materiallarından göründüyü kimi isə istintaq orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, psixotrop maddəni məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut əldə edə bilməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə psixotrop maddə, eyni zamanda narkotik vasitələrdə aşkar oluna bilərdi. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan əməliyyat sənədlərində Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə qeydlər olsa da, həmin sənədləri tərtib edən və əməliyyat qrupunun üzvü olan polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı narkotik vasitələrin satışından dəlalət edən hər hansı bir əməliyyat məlumatı və ya digər dəlillər olmamış, mövcud əməliyyat məlumatı isə narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Qeyd edilənlər iş materiallarında olan 28 dekabr 2024-cü il tarixli əməliyyat tapşırığının cavabı ilə də təsdiq olunur. (Cild 1, iş vərəqi 97) Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 91) Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri ) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən götürülmüş, onun istifadə etdiyi psixotrop maddənin miqdarının ölçülməsi üçün nəzərdə tutulmuş və üzərində psixotrop maddənin izləri olan 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa, məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 3.936 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 3.936 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, iş materiallarına əlavə edilmiş 02 ədəd disk iş materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-252/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-252/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver