Məhkəmə qərarları › İş №1(124)-255/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-255/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-255/2023 02.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Güvən Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1990-ci ildə Naxçıvan MR Şərur rayonu Yayçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR Şərur rayonu, Gümüşlü kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Zabil Əhmədov küçəsi fərdi həyət evində yaşayan barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə, saat 14 radələrində, işlədiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən X4 məxsus “avtoyuma” məntəqəsinin və eyni şəxsə məxsus “Qədim şəhər” restoranının qarşısından keçən 28 may küçəsində əvvəllər tanıdığı həmin restoranda inzibatçı işləyən Zərərçəkmiş şəxs restoranda inzibatçı işləməsinə baxmayaraq avtoyuma məntəqəsindəki işlərə qarışmasına görə narazılığını bildirib mübahisə etməyə başlamış, həmin zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söymüş, ona qarşı nalayiq söyüş söyməməsi barədə sonuncunu xəbərdar etsə də, Zərərçəkmiş şəxs yenə də onun ünvanına nalayiq söyüşlər söydüyünə görə “avtoyuma” məntəqəsindən götürdüyü şlanq kəsmək üçün istifadə etdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq qarın nahiyəsinin ön səthinin sol yarısının 1 (bir) ədəd periton boşluğuna nüfuz edərək nazik bağırsağı və bağırsaq müsaqirəsini zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüş söymüş, o isə Ramilə təkrar söyüş söysə onu vuracağı barədə xəbərdarlıq etsə də, Ramil təkrar olaraq onun ünvanına nalayiq söyüş söymüşdür. O, epilepsiya xəstəsi olduğu üçün hirslənmiş və bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna bir dəfə vurmuşdur. Ramil fiziki cəhətdən ondan güclü olmuş və onu moykada şlanq kəsdiyi bıçaqla vurmuşdur. Sonra X10 getmiş və Zərərçəkmiş şəxs bıçaqla vurduğunu polis bölməsində bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığını bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Mehdiabad qəsəbəsində 28 may küçəsində “Avtoyııma” məntəqəsində avtomaşınları yumaqla çalışır. Zərərçəkmiş şəxsağa oğlu onun işlədiyi “Avtoyuma” məntəqəsi ilə qonşuluqda yerləşən “Qədim şəhər” restoranında inzibatçı işləyir. Hər iki obyekt Mehdiabad qəsəbə sakini X4 məxsusdur. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımaqla həmişə mehriban olmuşlar. Lakin hadisədən əvvəl , Ramin Hümbətov onun işinə qarışmışdır. Belə ki, Ramil bir neçə dəfə onun iş yerinə gəlib bildirmişdir ki, onun işinə də nəzarət ona tapşırılmışdır. Ondan gördüyü işin hesabatını istəmişdir. 20 iyul 2022-ci il tarixdə, saat 14 radələrində Ramin yenə də onun iş yerinə gəlib bir gün əvvəl ayaqaltı xalçalarını təmizlədiyi “vaz 2107” markalı maşının sürücüsündən aldığı pulu tələb etmişdir. Həmin vaxt aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüş söymüşdür. O, Ramilə təkrar söyüş söysə onu vuracağı barədə xəbərdarlıq etsə də. Ramil təkrar olaraq onun ünvanıma nalayiq söyüş söymüşdür. O, əsəb xəstəsi olduğu üçün hirslənmiş və avtoyııma məntəqəsində qoyduğu mətbəx bıçağını solaxay olduğu üçün sol əlinə götürərək avtoyııma məntəqəsinin qarşısında dayanmış Zərərçəkmiş şəxs qarın boşluğuna bir dəfə vurmuşdur. Ramili ikinci dəfə bıçaqla vurmamış, hərəkətlərini dayandırmışdır. Bu zaman avtoyııma məntəqəsində olan tanımadığı şəxslər onun əlini tutub arxaya qatlayaraq əlindən bıçağı almışlar. Dava-dalaş zamanı Ramil yerdə olan boş pivə çəlləyini ona tullamışdır. Pivə çəlləyi onun başının sağ nahiyəsinə dəyib başından xəsarət almışdır. Hadisə yerinə gələn şəxslər onun əlindən bıçağı almış və dalaşmalarının qarşısını almışlar. Ramili maşına qoyub xəstəxanaya aparmışlar. O, X10 getmiş və Zərərçəkmiş şəxs bıçaqla vurduğunu polis Bölməsində bildirmişdir. Onun Ramili öldürmək niyyəti olmamışdır, ona görə də, onun ürək nahiyəsinə deyil, qarın nahiyəsinə vurmuş, sonradan onu təkrar olaraq vurmamışdır. (cild İ,49-51, 156-157 və 184-186-cı vərəqələrdə) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onunla Təqsirləndirilən şəxs arasında söz-söhbət olmuş, o, Əliəkbəri təhqir etmişdir. Mübahisə iş üstündə olmuş, müdriyyət bankdan pul götürəndə nə qədər maşın daxil olduğu görünsün deyə maşınların siyahısının dəftərə yazılmasını tapşırmışdır. Bu məsələni o Əliəkbərə həvalə etmiş, Əliəkbər maşın yuyanda ondan dəftərə yazıb-yazmadığını soruşmuş, yox cavabı aldığı üçün əsəbləşərək söyüş söymüşdür. Aradan bir az keçmiş və hadisə baş vermişdir. O, təqsirləndirilən şəxslə barışdığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, həmkəndlisi X1 məxsus “Qədim şəhər” restoranında təxminən üç ildən artıqdır ki, inzibatçı vəzifəsində işləmişdir. Natiq Mikayılova məxsus qonşu obyekt “Avtoyuma” məntəqsi kimi fəaliyyət göstərməklə həmin “avtoyuma” məntəqəsində yuyucu işləyən Təqsirləndirilən şəxs ilə həmişə mehriban münasibətləri olmuşdur. Obyektin sahibi Natiq Mikayılov hər iki obyektə nəzarəti ona həvalə etmişdir. Hadisədən əvvəl, 20 iyul 2022-ci il tarixdə səhər vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, avtoyuma məntəqəsində yuyulan maşınların siyahısını aparsın. Bu barədə Əliəkbərə tapşırıq verdikdə ona etiraz etməmiş, səhər vaxtı, təxminən saat 10 radələrində birlikdə çay içib söhbət etmişlər. Saat təxminən 14 radələrində bazardan gəlmiş, sağ əlində içində pomidor olan salafan paket olmuş, sol əlini pivə gətirən Rahibin çiyninə qoyub işlədiyi “Qədim şəhər” restoranının qarşısında onunla söhbət edərkən Əliəkbər ona yaxınlaşmış və əlini onun qarnına tərəf itələmişdir. O, Əlikbərin onunla zarafat eldiyini zənn etmişdir. Onun əlində bıçaq olduğunu həmin vaxt görməmişdir.Həmin vaxt yanında dayanmış pivə gətirən Rahib, Əliəkbərin onu vurduğunu söyləmiş, o, qarın nahiyəsinə baxdıqda qarnının sol tərəfindən xəsarət aldığını görmüşdür. Əliəkbər ona əlində bıçaqla yenidən hücum edib vurmaq istədikdə o, içində pomidor olan salafan paketi Əliəkbərin sifətinə çırpıb ona yaxınlaşmasının qarşısını almışdır. Əliəkbər yenidən onun üstünə gəlmək istədikdə o, yerdə olan boş pivə çəlləyini ona tərəf ataraq özünü qorumuşdur. Hadisə yerində olan Rahib və hadisə yerinə gələn qonşu obyektdə əmlakçı işləyən Ramin, restoranda aşbaz işləyən Anar Əliəkbəri tutmuş, əlindəki bıçağı Ramin alıb kənara atmış və Əliəkbəri hadisə yerindən kənarlaşdırmışlar. Ramin idarə etdiyi “opel veklra” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə onu Binəqədi rayonunda yerləşən Tibb Mərkəzinə aparmışlar. Anar da. maşına otrurub onunla birlikdə xəstəxanaya getmişdir. Hadisə yerində pivə satan Rahib, qonşu obyektdə əmlakçı işləyən Ramil, “Qədim şəhər” restoranında aşbaz işləyən Anar və plastik qapı-pəncərə sexində işləyən Zülfüqar və tanımadığı şəxslər olmuş, hadisə qısa zamanda baş vermişdir. (İ cild, iş vərəqə 82-85). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, həm Ramini, həm də Əliəkbəri əvvəldən tanımış, hadisə zamanı o, sexdə işləmiş, səs-küy eşidib çölə çıxmışdır. Əliəkbərin Ramini vurduğu, xəstəxanaya aparıldığı, Əliəkbərin isə polis bölməsinə getdiyi ona deyilmişdir. X7 Əliəkbəri söyməsi ilə bağlı olduğunu eşitmişdir. O, hadisəni görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə ifadəsi alınmış Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( İ cild, iş vərəqə 116-118). Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, sexin qabağında dayanmış, Raminlə Əliəkbərin söhbət etdiyini görmüş, onunla Əliəkbər və Ramin arasında 5-10 metr məsafə olmuşdur. Birdən aralarında qarışıqlıq yaranmış, səsə tərəf dönəndə artıq hadisənin baş verdiyini, Raminin əlində paketlərlə özünü müdafiə etdiyini görmüş, Əliəkbərin isə əlində bıçaq olmuşdur. Onları aralaşdırmışlar, Ramin xəstəxanaya aparılmış, Əliəkbər isə polis bölməsinə getmişdir. Sonradan hadisənin baş vermə səbəbinin Raminin söyüş söyməsi ilə bağlı olduğunu bilmişdir. Hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 10-12 ildir tanıyır. Onun işlədiyi ofisdən 10-15 metr aralıda yerləşən avtoyuma məntəqəsində maşın yumaqla məşğul olur. Ramili təxminən 4-5 il olar tanıyır. Həmçinin Ramil də onun işlədiyi ofisdən 45-50 metr aralıda yerləşən “Qədim şəhər” restoranında inzibatçı işləyir. 20 iyul 2022-ci ildə o, işlədiyi ofisin qarşısında stul qoyub oturmuş, yanında heç kim olmamışdır. Baş vermiş hadisənin şahidi olmamışdır. Ramilin əlində olan sellofan torbaları Əliəkbərin üstünə atdığını görmüş, onlara yaxınlaşanda Əliəkbərin əlindəki bıçaqla Raminin qarın nahiyəsindən bir dəfə vurduğunu, əlindəki bıçağın tiyəsinin qan olduğunu görmüşdür. O tez araya girərək Əliəkbərin sol əlindəki bıçağı almış, yaxınlıqda olan boş sahəyə tərəf atmışdır. Ramili öz avtomobilinə qoyub, yaxınlıqda aşbaz işləyən Anarla birlikdə Binəqədi qəsəbəsində yerləşən Məlikov adına xəstəxanaya çatdırmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində bildirmişdir ki, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən “Qədim şəhər” restoranında kababçı işində işləmişdir. 20 iyul 2022-ci il tarixdə, saat 14 radələrində “Qədim şəhər” restoranında mətbəxdə işləyərkən küçədən qışqırıq, hay-küy səsinə çölə çıxmış, inzibatçı işləyən Ramilin öz maşının yanında maşına söykənib durduğunu görmüşdür. Həmin vaxl artıq hadisə yerinə adamlar toplaşmışlar. Hadisə yerində həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, Ramil Hüınbəlovu bıçaqla qarın nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir.Ona görə də, Zərərçəkmiş şəxs əmlakçı Raminin “Opel vektra” markalı maşınına otuzduraraq maşını əmlakçı Ramin idarə elmiş, o da maşında oturub xəsarəl almış Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Tibb Mərkəzinə aparmışlar. Hadisə yerində təxminən 15-20 nəfər adam olmuş, hadisə təxminən on dəqiqə müddətində davam etmişdir. (İ cild iş vərəqə 119- 121) Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 20 iyul 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən “avtoyuma” məntəqəsidir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Mehdiabad qəsəbəsində, onun işlədiyi avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə ilə bağlı orada olan mətbəx bıçağı ilə Ramilin qarın boşluğuna vurduğunu, orada olan şəxslərdən birinin onun əlindən bıçağı aldığını və özünün isə polis bölməsinə gedib məlumat verdiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 6-8) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hadisə zamanı təhqir etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə - tibb ekspertizasının verdiyi xx.xx.2022-ci il tarixli, 1833 saylı rəydən görünür kİ, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qarın nahiyəsinin ön səthinin sol yarısının İ (bir) ədəd periton boşluğuna nüfuz edərək nazik bağırsağı və bağırsaq müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası -iti deşici-kəsici alətin (əşyanın) təsirindən törnmişdir; Qərarın təsviri hissəsində göstərilən müddətdə , yəni xx.xx.2022-ci il, tarixə uyğun gəlir və dərəcəsinə görə həyal üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 125-126) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1632 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ gicgah -təpə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 98) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş "Komisyon ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilərək rəy alınmışdır. Komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2430 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anemnezində qıcolma tutmaları müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittihan olunan əməl barəsində aniaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə elmək, həmçinin istintaqa düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 135-136) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin məhkəmə-tibbi-kriminalistika Şöbəsinin 12 sentyabr 2022-ci il tarixli, 421/2022-MTKŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi kriminalistik tədqiqinə, qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara əsasən aşağıldakı nəticəyə gəlinmişdir: Ekspertizaya təqdim edilmiş X5 məxsus köynəyin və maykanın ön hissəsinin orta hahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi.Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir.Bu zədəni törədən alətin daxil olma səviyyəsində eni 1,9 sm-ə qədər olmuşdur. Ekspertizaya lədim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. (Cild 1, iş vərəqləri 130-133) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin məhkəmə tibbi biolgiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 530/ 2022-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən ekspert aşağıdakı nəticəyə gəlmişdir: X3 ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) (şəxsiyyət vəsiqəsinin kseresurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd qolsuz mayka və bir ədəd qısaqol köynək üzərində insan qanə ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "A" antigeni alındı. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 140-143) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 93) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlindən verilmiş xasiyyətnamə ilə müəyyən olunmuşdur ki, o, Abşeron rayonu Digah qəsəbəsi, Z.Həbibov küçəsində qeydiyyatsız yaşayır. Yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir yazılı şıkayət ərizəsi daxil olmamışdır. (Cild 1, iş vərəqə 167) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus ön hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə olan qısaqol köynək və mayka , istintaq zamanı götürülmüş plasmas materialdan qara rəngli və dəstəyində ağ zolağı olan zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Pİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verdiyi ittihama əsasən o, 20 iyul 2022-ci il tarixdə, saat 14 radələrində, işlədiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “avtoyuma” məntəqəsinin və “ Qədim şəhər” restoranının qarşısından keçən ictimai yer olan 28 may küçəsində həmin restoranda inzibatçı işləyən Zərərçəkmiş şəxs onun avtoyuma məntəqəsindəki fəaliyyətinə nəzarət etməsindən narazı qalaraq sonuncu ilə mübahisə edib, xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək “avtoyuma” məntəqəsindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq qarın nahiyəsinin Ön səthinin sol yarısının 1 (bir) ədəd periton boşluğuna nüfuz edərək nazik bağırsağı və bağırsaq müsaqirəsini zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, hadisə zamanı aralarında mübahisə olmuş, bu səbəbdən aralarında gərgin münasibət yaranmış, həmin münasibətin və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əxlaqsız söyüşlərlə söyməsinin nəticəsi olaraq sonradan küçədə cinayət hadisəsi baş vermişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı sonuncuya ağır xəsarət yetirilməsi ilə nəticələnmiş mübahisənin konkret halda faktiki olaraq zərərçəkmiş şəxs tərəfindən başlanması Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməsi əlaməti vurğulanmış, eyni zamanda, təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda həm bütövlükdə xuliqanlıq cinayətinin obyektiv tərəfinin elementləri sadalanmış, həm də motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması, eyni zamanda, bu zaman təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxs, o cümlədən iş üzrə dindirilmiş şahidlərin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. İş materialları və məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında münaqişə məhz sonuncunun Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söyməsi səbəbindən başlanmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından da görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanılmış, 22 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın yekun mərhələsində - 27 sentyabr 2022-ci il tarixli qərarla yetərli hesab olunacaq mötəbər sübutlar əldə olunmadan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilsə də bu kifayət qədər əsaslandırılmamışdır. (cild 1, iş vərəqə 1, 168-174). Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X11rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, könüllü gəlib təqsirini boynuna almasını, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 2, iş vərəqi 46) Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi, qıcolmalarla müşayiət olunan epilepsiya xəstəliyindən əziyyət çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2022-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (İ cild, i/v 28-29, İ cild, i/v 63-66) Məhkəmə Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 02 iyul 2023-cü il tarixədək 10 (on) ay, 12 (on iki) gün müddətində həbsdə olmasını nəzərə alır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X6rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan - bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus ön hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə olan qısaqol köynək və mayka özünə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə xərci müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 ( üç) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Polis İdarəsində saxlanılan - bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus ön hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə olan qısaqol köynək və mayka özünə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar