Məhkəmə qərarları › İş №1(124)-255/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-255/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-255/2024 01.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən qəbiristanlığın ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 1 (bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 5,788 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etməklə əynindəki mavi rəngli cins şalvarın sağ yan cibinə qoyub Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə daşıyaraq üzərində saxlamış, 01 aprel 2023-cü il tarixdə saat 14:00 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Uğur” adlı sarayın yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 14:35-dən 14:45-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən həmin 5,788 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisi olmamış, nə də narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Onun tutulması sırf onun dindar şiə olması, yəni dini baxışı ilə bağlı olmuşdur. Ona qarşı irəli sürülən ittihamda onun narkotik vasitənin satışı ilə məşğul olduğu göstərilsə də, onun narkotik vasitənin satışı ilə məşğul olması barədə bir dənə də olsun cinayət işində sübut mövcud olmamışdır. Saxlanılan günü özünə məxsus avtomobili idarə edən zaman yolda onun avtomobili arxadan başqa maşınla vurulmuşdur. Belə olub nə baş verdiyini öyrənmək üçün maşından düşəndə onun üzərinə çoxlu sayda polis əməkdaşı tərəfindən hücum edilərək saxlanılmış və polis idarəsinə gətirilmişdir. Polis idarəsində isə məcbur edilmişdir ki, narkotik vasitəni boynuna götürsün. O da məcbur qalıb etirafedici ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə bu barədə, yəni polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq narkotik vasitəni qəbul etdiyini bildirmiş, həmçinin 01 aprel 2023-cü il tarixdə saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, polis idarəsində nə üçün saxlanıldığını soruşan zaman ona mitinqdə iştirak etmək ehtimalının olması səbəbindən, daha sonra isə sifarişlə tutulması ilə bağlı ona məlumat verildiyini qeyd etmişdir. Ona bildirilmişdir ki, o məcburən narkotik vasitəni qəbul etməlidir. İbtidai istintaq zamanı yaxınları ilə hədələndiyi üçün məcbur qalıb narkotik vasitəni boynuna almışdır. Saxlanılaraq polis idarəsinə gətirildiyi vaxtdan üzərinə şəxsi axtarış keçirilənədək idarədə təzyiqə məruz qalmış, hədələnmişdir. Evlərinə yalnız onun barəsində bütün tədbirlər, yəni çəkiliş, etirafedici ifadə verdikdən və s. keçiriləndən sonra məlumat verilmişdir. Ona dövlət hesabına təyin olunan müdafiəçi onun seçimi əsasında ona verilməmiş, məcburi şəkildə ona təqdim olunmuşdur. Vəkil artıq hər şey həll olunandan sonra, yəni narkotik vasitə artıq polis əməkdaşları tərəfindən ona veriləndən sonra gəlmişdir. Həmin vəkilə heç nə deyə bilməmiş, çünki vəkil özü ona bildirmişdir ki, bu işlərlə bağlı heç nə edə bilməz. Üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman, ifadəsi alınarkən hədələndiyi üçün etirazını bildirməmişdir. İbtidai araşdırma zamanı fiziki təsirə məruz qalmamış, yalnız psixi təzyiqə məruz qalmışdır. Odur ki, ibtidai araşdırmanın ilkin dövründə verdiyi ifadəni təsdiq etmir. Barəsində ədalətli qərarın qəbul olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Uğur” sarayının yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim ediblər. Ona narkotik vasitə olan heroin daşınmasında, üzərində saxlamaqda şübhəli olduğunu bildiriblər. Onu Abşeron rayon Polis İdarəsinə dəvət ediblər. Abşeron rayon Polis İdarəsinin inzibati binasında, xidməti otaqların birində, üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilib. Sonra müdafiəçisi ona təqdim edilib. Xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilib. Üzərinə şəxsi axtarış keçirilərkən üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmadığı soruşulub. O, əynindəki mavi rəngli çins şalvarımın sağ yan cibində saxladığı bir ədəd bükümdən ibarət narkotik vasitə heroini çıxardaraq təqdim edib. Təqdim etdiyi həmin heroini polis əməkdaşları kağız zərfdə qablaşdırdıqdan sonra, zərf iştirakçılar və özü tərəfindən imzalarla təsdiq olunduqdan sonra polis əməkdaşları tərəfindən götürülüb. Bu barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokol ucadan oxunub. Heç bir şikayət, ərizə və vəsatət daxil olmayıb. Verilən suallara cavab olaraq o, təqdim etdiyi həmin narkotik vasitə heroini 28 mart 2023-cü il tarixdə, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbirstanlıqda yerdən tapdığını və üzərində saxlayaraq polis idarəsinə aparıb təqdim etmək istədiyini, lakin vaxtı olmadığına görə tapdığı həmin narkotik vasitə heroini polis idarəsinə təhvil verə bilmədiyini deyib, həmçinin 01 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən və polis idarəsində olarkən ona qarşı hər hansı fiziki, zoraklıq hərəkətlərinə yol verilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində narkotik vasitələrin qəbulu və üzərində daşıyaraq saxlaması barədə 01 aprel 2023-cü il tarixdə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Uğur” sarayının yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən çıxartdığı 01 ədəd bükümü təqdim edib, narkotik vasitə heroin olduğunu və onu bir neçə gün əvvəl Abşeron rayonu Masazır qəsəbəsində yerləşən qəbirstanlıqdan yerdən tapdığını bildirmişdir. Şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmiş və ona güc tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, səhv etmirsə şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində saxlanılaraq rayon polis idarəsinə gətirilmiş, onu saxlayan zaman onun üzərinə heç bir yoxlanış keçirilməmiş, qoluna qandal vurulmamışdır. Uzun müddət keçdiyinə görə ola bilərki şəxsin saxlanılma saatını yanlış deyir. Şəxs saxlanılıb polis idarəsinə gətirildikdən sonra daim nəzarətdə olmuş, təhqiqatçının otağına olmuşdur. Onun üzərinə şəxsi axtarış keçirilənədək onun üzərində dəqiq narkotik vasitənin olmasını bilməmişdir. Artıq şəxsi axtarış zamanı narkotik vasitə aşkar olunmuşdur. Səhv etmirsə daxil olan məlumat narkotik vasitənin yalnız saxlaması və ya istifadəsi ilə bağlı olmuşdur. Şəxsin mobil telefonu onun tərəfindən götürülməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Uğur” sarayının yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, şəxs 01 aprel 2023-cü il tarixdə günorta radələrində, nahara yaxın saxlanılmışdır. Əməliyyat məlumatı səhər vaxtı daxil olmuşdur. Tədbir təxirəsalınmaz olduğundan, məhkəməyə müraciət olunmamışdır. Məlumat səhər saatlarında daxil olsa da, şəxsin olduğu yer müəyyən edildikdən sonra şəxs keçirilmiş tədbir nəticəsində saxlanılmışdır. Şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmiş və ona güc tətbiq olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1988-ci il təvəllüdlü, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ünvan 2k vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1988-ci il təvəllüdlü, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə ünvan 3ində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir büküm - 5,788 qram narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq qanunauyğun qaydada qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 29-31). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2023cü il tarixli 6/1915 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN ""Zərflər üçün №56" möhür əksi, “...Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,788 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 01, iş vər. 38-41). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3876 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 154-155). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3876 saylı rəyindən görünür ki, 20 iyun 2023-cü il tarixli 1714 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaq hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür (cild 01, iş vər. 156-159). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 177-185). Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,788 qram külli miqdarda olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrıayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,788 qram külli miqdarda olan narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən (ibtidai araşdırmanın ilkin mərhələsində) onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs yalnız müqavilə əsasında müdafiəçisi prosesə qoşulduqdan sonra bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsini qoyur. Müdafiəçi məhkəmə çıxışı zamanı müdafiə nitqində təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə istinad etməklə sonuncuya qarşı polis idarəsində psixoloji təzyiqin olunduğunu, ibtidai araşdırmanın ilkin dövründən başlayaraq şəxsin müdafiə hüququnun pozulduğunu, dövlət hesabına istədiyi müdafiəçi ilə deyil, əvvəlcədən seçilmiş müdafiəçi ilə təmin olunduğunu, şəxsin saxlanılan zaman dərhal üzərinə şəxsi axtarış keçirilmədiyini, saat 11 radələrində saxlanılsa da, bu halın daha gec rəsmiləşdirildiyini, iş üzrə maraqlı olan polis əməkdaşlarının şahid qismində dindirilməsinin düzgün olmadığını, həmin şəxslərin şahid ifadələrinin obyektiv həqiqəti əks etdirmədiyini qeyd edərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası bildirir ki, müdafiəçi tərəfindən göstərilən xüsusatlar məhz təqsirləndirilən şəxsin söylədikləri əsasında formalaşdırılan, heç bir sübuta söykənməyən və cinayət işinin materialları ilə təsdiq olunmayan subyektiv fikirlərdir. Belə ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin 01 aprel 2023-cü il tarixdə saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, lakin bu halın daha gec rəsmiləşdirildiyini, həmin əsnada isə ona polis idarəsində psixoloji təzyiq edildiyini bildirsə də, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə istintaqı zamanı belə bir halın mövcud olduğunu təsdiq edən heç bir sübut tədqiq olunmamışdır. Polis əməkdaşı Şahid2 məhkəmə istintaqı zamanı sualları cavablandırarkən “səhv etmirəmsə şəxsi saat 12 radələrində saxlayaraq polis idarəsinə gətirmişik” deməsi fonunda müdafiəçinin bu hala istinad etməsinə münasibətdə qeyd olunmalıdır ki, həmin halın mütləq həqiqət kimi qəbul olunması qeyri-mümkündür. Belə ki, əvvəla həmin şahid daha sonra məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən hadisənin üzərindən xeyli vaxtın keçdiyini, şəxsin saxlanılması saatının yanlış söyləməsi ehtimalının yüksək olduğunu bildirmiş, digər tərəfdən isə iş üzrə şahid qismində dindirilən digər polis əməkdaşı Şahid1 məhkəmə iclasında təqsirləndirilən şəxsin məhz 01 aprel 2023-cü il tarixdə günorta saatlarında saxlanılaraq polis idarəsinə gətirildiyini qeyd etmişdir. İş materialları ilə də müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs məhz 01 aprel 2023cü il tarixdə günorta radələrində saxlanılaraq polis idarəsinə gətirilmiş və həmin tarixdə saat 14:20-də dövlət hesabına ona ayrılmış müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə, təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründən başlayaraq müdafiə hüququnun pozulduğu vurğulansa da, iş materiallarından görünür ki, yuxarıda da qeyd olunduğu kimi şəxs polis idarəsinə gətirildikdən sonra müdafiəçi tələb etdiyindən, dərhal dövlət hesabına özünün seçdiyi müdafiəçi ilə təmin olunmuş, həmin müdafiəçi onun şübhəli şəxs qismində tutulması, üzərinə video çəkilişlə şəxsi axtarışın keçirilməsi, şübhəli şəxs qismində dindirilməsi, daha sonra təqsirləndirilən şəxs qismində cəlb olunması və bu qisimdə dindirilməsi, sonrasında barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılması zamanı yanında olmuş, heç bir halda təqsirləndirilən şəxs onun müdafiə hüququnun keyfiyyətli təmin olunmaması ilə bağlı etiraz etməmiş, şəxs dövlət hesabına ona ayrılan müdafiəçidən narazılığını bildirməmiş, onun yeni vəkillə əvəz edilməsini tələb etməmişdir. Bu isə onu deməyə əsas verir ki, ibtidai araşdırmanın ilkin dövründən başlayaraq təqsirləndirilən şəxsin müdafiə hüququ keyfiyyətli şəkildə təmin olunmuşdur. Əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarının iş üzrə şahid qismində dindirilməsinin düzgün olmaması, maraqlı şəxs olmaları baxımından onların şahid ifadələrinin obyektiv həqiqəti əks etdirməməsi ilə bağlı müdafiə tərəfin narahatlığına münasibətdə məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, sözügedən tədbirin keçirilməsində bilavasitə iştirak edən polis əməkdaşlarının şahid qismində dindirilməsi cinayət prosessual qanunvericiliyin tələbləri baxımından qanunsuz deyildir. Yəni həmin şəxslərin iş üzrə şahid qismində dindirilməsini qadağan edən heç bir norma mövcud deyildir. Sadəcə həmin şəxslərin sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən məhkəmə kollegiyası bu hala həssaslıqla yanaşmış, həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutlar qarşılıqlı şəkildə araşdırılmış və yekunda məhkəmə həmin şəxslərin şahid ifadələrinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Odur ki, müdafiəçinin məhkəmə çıxışları zamanı üzərində israrla durduğu xüsusatları bir-bir araşdıran, cinayət işinin materiallarında yer almaqla məhkəmə istintaqı zamanı tədqiq olunan hər bir sübutu ayrı-ayrılıqda və birlikdə qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfin göstərdiyi xüsusatlar iş üzrə təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasına əsas ola bilməz. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (2012, 2013 və 2020-ci il təvəllüdlü üç uşağı ilə) birlikdə Abşeron rayonu, Masazır kəndində yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 169-173). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-in 181.2.1, 180.2.2, 180.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Mıəhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 166-167). Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 12). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 69-70). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 5,688 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 (iki) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 110 AZN (bir yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 5,688 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 (iki) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 110 AZN (bir yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar