Məhkəmə qərarları › İş №1(124)-255/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-255/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-255/2025 28.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X6, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxxx 1996-cı ildə Masallı rayonun Köçəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.2.1 və 177.2.2-ci maddəlləri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 05 ay 22 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə, xx xxxx 1989-cu ildə Masallı rayonu Köçəkli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu xırdalan şəhəri, “Dağlılar məhəlləsi” adlanan yerdə nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 aprel 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz evin qarşısında açıq sahədə saxladığı 1300 manat dəyərində, 01 ədəd qara rəngli “TUFAN M- 50” markalı mopedi gizli olaraq birgə talayıb Zərərçəkmiş şəxs2 1300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda, 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyantlı, soyuq silahı hesab edilən ov bıçağı əldə edib üzərində gəzdirmiş və təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə gecə saat 02:15 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonu MD-23 qəsəbəsi ərazisindən keçən hissəsində əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs1 birlikdə yaxınlaşıb üzərində olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilən həmin bıçağı tətbiq etməklə, sonuncudan üzərində olan pul və mobil telefonu onlara verilməsi üçün hucuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yəni quldurluq etmiş, lakin Zərərçəkmiş şəxs1 onlardan qaçmağa nail olaraq ərazidə xidmət edən Abşeron rayon polis idarəsinin Post patrul xidmət bölüyünün polis nəfərlərinə müraciət etdikdən sonra, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zərərsizləşdirilməklə saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, moped epizodu ilə bağlı özünü təqsirli bilir. Mopedi götürmüş, lakin Elnur onun yanında olmamışdır. Mopedi Sulutəpə qəsəbəsindən götürmüşdür. Hadisənin tarixi yadında deyil. Mopedi Elnurun iş yerinə gətirib qoymuşdur. Elnur maşın yuma yerində işləyirdi. Masallı rayonuna getmək istəyəndə moped xoda düşməmişdir, ona görə qoyub getmişdir. Lakin digər epizodla bağlı zərərçəkmiş şəxs Elvinə yaxınlaşmamışdır. Orada kamera videogörüntüləri olmuşdur. Elvin Şamaxı yoluna qaçmışdır. Həmin əsnada o, telefonla danışmışdır. Polis əməkdaşları ilk öncə Rəşad adlı şəxsi tutmuşdurlar. Polis əməkdaşlarına Rəşad adlı şəxs yaxınlaşmış, maşının sahibinin qaçdığını bildirmişdir. Onun üzərində bıçaq olmamışdır, heç kəsi hədələməmişdir. O, polis əməkdaşına bıçaq çəkməmişdir. Polis əməkdaşının üzərində silah olur, əgər onların üstünı bıçaq çəksəydi, onlar da ona silah çəkə bilərdi. Onlar onu idarənin həyətində döyərək sümüklərini sındırmışdılar. Yataq xəstəsi olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 181.2.1, 181.2.2 181.2.5 və 228.4-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 aprel 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsində evdə olduğu vaxt Elnurdan telefon vasitəsi ilə harda olduğunu soruş, o, Biləcəri qəsəbəsində 50 qəpiklik maşın yuyulan yerdə işə düzəldiyini və hazırda işdə olduğunu demişdir. Az sonra onun yanma gəlmək üçün piyada Binəqədi rayonunun Sulutəpə qəsəbəsi istiqamətindən gedərkən yolda bir evin həyətində bir ədəd mopedin dayandığını görüb həmin mopedi oğurlamaq barədə düşünmüşdür. Oradan Elnurun yanma gəlmiş və söhbət zamanı Elnura yanma gələrkən yolda dəmir boruya bağlanmış moped gördüyünü deyib, həmin mopedi oğurlayıb sataraq pulunu öz aralarında bölməyi ona təklif etmişdir. Həmin vaxt Elnur onunla razılaşmış və bir yerdə taksi ilə Xocəhəsən qəsəbəsinə gəlmişlər. 27 aprel 2024-cü il tarixdə piyada dediyi Sulutəpə qəsəbəsinə gəlib saat 02 radələrinndə həmin yerə çatmışlar. Həmin vaxt mopedin dəmir trosla bağlandığını görüb özü ilə gətirdiyi vintaçanla trosu açmışdır. Əvvəlcə mopedi Elnurla birlikdə əlnən itələyib oradan uzaqlaşdırmışlar, sonra mopedin naqillərini birləşdirib işə salmışlar və Elnur mopedin sükan arxasına keçmiş və Elnurun iş yerinə gəlmişlər, Elnur iş yerində qalmış, Elnurla aralarında olan razılaşmaya əsasən mopedi aparıb satdıqdan sonra pulu böləcəkmişlər.Həmin vaxt qərara gəlmişlər ki, mopedi sürüb Masallı rayonun Köçəkli kəndinə aparıb orada satsın. Bu məqsədlə mopedi sürüb Masallı rayonuna aparmış, yaşadığı kəndə az qalmış Həsənli kəndində moped xarab olmuş və məcbur olub mopedi orada yoldan kənarda kolluğa əllnən itələyib salıb gizlətmişdir. İki gündən sonra Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin əməkdaşları ona zəng edib moped oğurladığını və həmin mopedin harda olduğunu soruşmuşlar. Həmin vaxt mopedi oğurladığını etraf etmiş, hazırda mopedin xarab olduğu üçün Cəlillabad rayonun Həsənli kəndində bostanın kənarında gizlətdiyini bildirmişdir. Sonradan Bakı şəhərinə qayıtmış, Bakı şəhərində olarkən mopedi gizlətdiyi yerdən anası mopedi tapıb polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə təxminən saat 02:15 radələrində Abşeron rayonu, Bakı-Şamaxı şossesinin sağ tərəfində yerləşən MD-23 qəsəbəsinin yaxınlığında yol kənarında avtobus dayanacağında köşkün yaxınlığında əmisi oğlu X3 ilə dayanıb taksi gözləyəndə, köşkün yaxınlığında “Toyota Prius” markalı avtomobil dayanmış, sürücü yolun kənarında telefonla danışa-danışa nəsə axtarırdığını görmüşdür. Həmin vaxt əmisi oğlu Rəşad ona yaxınlaşıb nə axtardığını soruşduqda həmin şəxs yavaş-yavaş oradan uzaqlaşmışdır. Əmisi oğlu Rəşad Mirzəyev ondan hara getdiyini soruşduqda həmin şəxs geri çevrilib qaçmağa başlamışdır. Bundan sonra Sulutəpə dairəsi istiqamətindən post-patrul xidməti əməkdaşlarının onlara tərəf gəldiyini görüb, əmisi oğlu Rəşad post patrul xidməti avtomobilinə yaxınlaşıb bir nəfərin avtomobili qoyub qaçdığını dedikdə polis əməkdaşları Rəşada “ə, bura gəl” dedikdə Rəşad qaçmağa başlamışdır. Polis əməkdaşları Rəşadın yox, onun üstünə sürətlə gəldikdə qaçmağa başlamışdır. Polis əməkdaşı tərəfindən tutularkən hər ikisi də yerə yıxılmışdır. Həmin vaxt belində olan bıçaq yerə düşmüş və yerdən qalxıb qaçmış və dəyirmanı keçib yolun kənarında dayanmışdır. Polis əməkdaşını görüb yenidən qaşmağa başlamış, polis əməkdaşı qarşıda olan şəxsə qışqırıb “onu tutun üstündə bıçaq var” dedikdə qarşıda olan şəxs qışqırıb polis əməkdaşı olduğunu dedikdə, həmin şəxsə əlindəki bıçaq deyil telefon olduğunu deməklə yaxınlaşıb qolundan tutmuşdur. Polis əməkdaşı yaxınlaşıb ona badalaq vuraraq yerə yıxmış, biraz sonra isə digər polis əməkdaşı post patrul xidmətinin avtomobili ilə onların olduğu yerə gəlmiş və onu polis əməkdaşları polis idarəsinə gətirmişlər. Zərərçəkmiş şəxs1 ilə aralarında heç bir ədavəti düşmənçiliyi olmayıb, xx.xx.2024-cü il tarixdə ona yaxınlaşmayıb, həmin şəxsin üzərinə bıçaq çıxarmamış, Abşeron RPİ-nin PPXB-nün polis nəfərlərini bıçaqla vuracağı ilə hədələməmiş, polis əməkdaşı onu tutmaq istəyərkən bel nahiyyəsində olan bıçaq yerə düşmüşdür. (Cild 2, iş vərəqləri 147-149) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun qohumudur. Ariz iş yerinə gəlmiş, lakin mopedlə gəldiyini görməmişdir. Arizlə Masallı rayonuna getməmişdir. Mopedi görəndə onun oğurlanması barədə aralarında heç bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, 27 aprel 2024-cü il tarixdə saat 01 radələrində Biləcəri qəsəbəsində 50 qəpiklik maşın yuyulan yerdə işə düzəlmiş və işə başlayandan 3-4 saat sonra dayısı oğlu Ariz zəng edərək harda olduğunu soruşduqda ona Biləcəri qəsəbəsində “50 qəiklik” maşın yuyan yerdə işə düzəldiyini və hazırda iş yerində olmasını demişdir. Aradan 2-3 saat keçəndən sonra dayısı oğlu Təqsirləndirilən şəxs1 onun olduğu yerə gəlmiş və aralarında bir müddət söhbət etdikdən sonra, həmin vaxt Ariz Sulutəpə qəsəbəsi ərazisində həyətdə moped gördüyünü və gedib həmin mopedi oğurlayıb satıb pulu bölməyi təklif etdikdə onunla razılaşmışdır. Bu məqsədlə Arizlə birlikdə Binəqədi rayonun Sulutəpə qəsəbəsinə mopedin olduğu yerə gəlmişlər.Həmin vaxt mopedin dəmirə zəncirlə bağlanmış mopedi Ariz gətirdiyi vintacananla zənciri gərib mopedi bağlandığı yerdən açmış və birlikdə mopedi əlnən itələyib oradan uzaqlaşdırmışlar.Həmin vaxt mopedin naqillərini birləşdirib mopedi işə saldıqdan sonra sükan arxasına əyləşmiş, Ariz isə arxa tərəfdə oturmuş və birlikdə Biləcəri qəsəbəsinə iş. Yerinə gəlmişlər.Orada Ariz mopedi götürmüş və mopedi satdıqdan sonra pulunu göndərəcəyini deməklə mopedi aparmışdır.(Cild 1, iş vərəqləri 171-173) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisə ilə bağlı təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsi tanımır. Hadisə 27 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş vermişdir. Özü kuryer işləyir. Günorta evdən çıxıb işə getmək istəyərkən, mopedin həyətdə olmadığını görmüşdür. “TUFAN M-50” markalı mopedi 4 il əvvəl 1600 manata almışdır. Daha sonra hadisəylə bağlı “102” qaynar xəttə məlumat vermişdir. 40-cı polis bölməsindən ona zəng gəlmişdir. O da şikayətçi olmuşdur. Bir müddət sonra polis bölməsinə gedib mopedi geri almışdır. Oğurlayan şəxsin kim olduğu barədə ona məlumat verilməmişdir. Sadəcə mopedin tapıldığı bildirilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə olunmuşdur, onlardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Güloğlan oğlu ifadəsində göstərdi ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş vermişdir. O, təqsirləndirilən şəxsləri tanımamışdır. Maşının yanında telefonla danışırdı. Təxmini gecə saat 00:00 radələri olmuşdur. İki nəfər şəxsin yaxınlaşdığını görmüşdür. Rəşad adlı şəxslə Ariz idi. Ariz arxada durmuşdu. Onlardan nə istədiklərini soruşanda Rəşad adlı şəxs əlini belinə aparmış, bıçaq çıxaracağını düşünmüşdür. Üstünə bıçaq çıxarılmışdır, o da qorxub qaçmışdır. Lakin Ariz olmamışdır. Aşağıda polis əməkdaşları dayanmışdır. Onlara müraciət etmiş, iki şəxsin onunla qəribə danışdıqlarını bildirmişdir. 3-4 nəfər polis əməkdaşı onların arxasına düşmüşlər. Ariz ona hər hansı hərəkət etməmişdir, kənarda dayanmışdır.Ona qarşı heç bir hədə-qorxu gəlməmişdir. Ona bu hərəkətləri Rəşad adlı şəxs etmişdir. Hazırda şikayəti yoxdur, Təqsirləndirilən şəxs1lə barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs1 Güloğlan oğlunun məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində isə göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Şamaxı yolu ilə Abşeron rayonu Hökməli dairəsi istiqamətinə gedərkən, Hökməli dairəsinin yaxınlığında “Bazarstore” adlı ticarət mərkəzinə çatmamış avtomobili qızdırdığı üçün avtomobili saxlayıb yerə düşmüş, telefonda danışmağa başalayərkən, həmin vaxt sonradan adını bildiyi Ariz və Rəşad adlı şəxslə ona yaxınlaşmışlar. Rəşad “danışıb qutardın”? dedikdə onlardan nə isdədiklərini soruşduqda onların hər ikisi bıçağ çıxarmış, Ariz həmin vaxt qışqırıb “üsdündə nə var telfon pul çıxart” demiş ona görədə qorxduğundan qaçıb oradan uzaqlaşmışdır. Sonra yolda polis əməkdaşlarını görüb onlara yaxınlaşəb vəziyəti onlara izah etmişdir. Polis əməkdaşları ilə avtomobil və həmin şəxslərin olduğu istiqamətə gəlmişlər. Ariz və Rşad polisləri görən kimi qaçmağa başlamış, Rəşad qaçıb getmiş, polis əməkdaşları isə Arizi tutub əlindəki bıçaqla birlikdə polis avtomobilinin yanına gətirmişlər.Arizi polis əməkdaşları tərəfindən saxlanılarkən, Ariz üstündəki bıçağı çıxararaq yaxın gəlməməyi desədə polis əməkdaşları ona yaxınlaşıb onu zərərsizləşdirmişlər. (Cild 1, iş vərəqləri 48-49) Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis serjantı Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisə günü gecə Şahid4la növbədə olmuşlar. Xırdalanda Bakı-Şamaxı yolunda xidmət göstərirdilər. 26 aprel 2024-cü il tarixdə Sulutəpə qəsəbəsində olarkən onlara 1 nəfər şəxsin qaçaraq yaxınlaşdığını görmüşlər. Onlara “Dəyirman” adlı yerdə 2 nəfər şəxsin ona yaxınlaşdığını, şəxslərdən birinin əlində bıçaq olduğunu, ondan pul və telefon tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin özü də həyəcan və qorxu içində polis maşınının işıqlarını görüb yolu keçərək onlara yaxınlaşmışdır. Vətəndaşı polis maşınına mindirmişlər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi onların maşınında görəndə qaçmağa başlamışdır. Arizi o tutub saxlamışdır. Ariz onun üstünə bıçaq çəkmişdir. Ariz adlı şəxs qaçarkən əlindəki bıçaq yerə düşmüşdür. O, onu tutmağa çalışarkən iş yoldaşları köməyə gəlmişdir. Daha sonra onu zərərsizləşdirmişlər. İlk dəfə bıçaq əlində olmuş, onlar onu saxlayanda isə artıq olmamışdır. Bıçağı müstəntiqə təhvil vermişəm. Qara rəngdə paslı bıçaq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis serjantı Şahid4 Qasım oğlu məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəni təsdiqləyərək ifadəsində göstərdi ki, Abşeron Rayon Polis İdarəsində post patrul xidmətində işləyir. 26 iyun 2024-cü il tarixdə hadisə baş vermişdir. Maşın Sulutəpə ərazisində Hökuməli adlı yer istiqamətində hərəkətdə idi. Zərərçəkmiş şəxs onlara yaxınlaşmışdır. Ona 2 nəfər şəxsin yaxınlaşdığını pul tələb etdiyini bildirmişdir. 2 nəfər şəxs biri sağa, digəri sola qaçmışdır. Həmin vaxt maşını idarə edirdi. Maşını saxlayıb, düşüb arxasınca qaçmışdır. İdarəyə çatanda artıq saxlanılmışdır. Ariz onları görmüş, yerə yıxılmış, qaçarkən bıçaq əlindən yerə düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü ona polis bölməsindən zəng gəlmişdir. Arizlə Elnurun tutulması barədə ona məlumat verilmişdir. Daha sonra Ariz ona zəng etmiş və Elnurun tutulduğunu bildirmişdir. Ariz ona mopedə minib getdiyi üçün onun axtarışa verildiyini bildirmişdir. Ariz qorxduğu üçün mopedi bostanlıq əraziyə qoyub getmiş və ona onu götürməyini bildirmişdir. O da tanışları olan Kamil adlı şəxsə müraciət etmişdir. Mopedi birlikdə götürmüş və polis bölməsinə təhvil vermişlər. Arizgil tutulduqdan sonra 3 gün ərzində mopedi götürüb vermişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Məhkəmə əmtəşunaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/4922/2024 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Tufan M- 50” markalı mopedin istifadədə olması nəzərə alınmaqla zədələməmişdən əvvəl təynatı üzrə istifadəyə yararlı vəziyyətdə 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1800,00 (min səkkiz yüz) manat müəyyən edilir. (Cild 2, iş vərəqləri 246-248) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1732 saylı məhkəmə rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassaya malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. (Cild 2, iş vərəqləri 56-58) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa qalması təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2, iş vərəqləri 1-2) Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-cü maddəlləri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin onun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində axtraış elan edilmiş və barəsində cinayət işinin materiallarından 18 yanvar 2025-ci il tarixdə Azərbaycan respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəlləri ilə ********* saylı cinayət işi ayrılaraq istintaqı davam etdirilir. (Cild 2, iş vərəqləri 166-174) Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.5 və 228.4-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin qeyd edilən maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadəsində Zərərçəkmiş şəxs1 yaxınlaşmaması, heç kimi bıçaqla hədələməməsi, üzərində bıçaq olmamasına dair göstərdiyi xüsusatları, həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadəsində mopedin oğurlanmasından ümumiyyətlə xəbərsiz olmasına dair dəlillərini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlllərinin törədilməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə tərkibi eyni zamanda Təqsirləndirilən şəxs1lə aralarında barışıq əldə olunmuş Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi işin hallarına uyğun olan obyektiv ifadə kimi əsas götürülməlidir. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadə isə barışıq əldə etdiyi Təqsirləndirilən şəxs1 mənafeyinə uyğun olaraq onun cinayət məsuliyyətindən yayındırmağa xidmət edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. X5 qeyd edilmişdir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Təqsirli şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən və məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər oğurluq cinayətinə görə dəfələrlə məhkum olunmuş, lakin həmin məhkumluqlar ödənilmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs1 Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.2.1 və 177.2.2-ci maddəlləri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 05 ay 22 gün müddətində vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir və onun əməlində CM-in 18.1-ci maddəsinə əsasən, cinayətlərin residivi (sadə) halı müəyyən edilir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi halı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən və məhkəmə hökmün surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 yanvar 2024cü il tarixli qərarı ilə tətbiq edilmiş vaxtından əvvəl şərti azad etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş, 05 ay 22 gün hissədə çəkilməmiş qalan azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yasamal rayon məhkəməsinin 06 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmalı və cəza çəkildiyi üçün tam çıxılmalı, onun üzərində qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılmalı və qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarına əsasən, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 26 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 26 oktyabr 2024-cü il, 25 yanvar 2025-ci il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 60-61, 77-78, Cild 2, iş vərəqləri 40-44, 214) Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 01 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 may 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqləri 163-164, 179; cild 3) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 iyun 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 13 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd bıçaq edilməli, 01 ədəd “Tufan M-50” markalı mopedin sahibinə qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin törətdiyi əməllər mütanasib olaraq Təqsirləndirilən şəxs1 89 manat, Təqsirləndirilən şəxs2 25 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş vaxtından əvvəl şərti azad etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş, 05 (beş) ay 22 (iyirmi iki) gün hissədə çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yasamal rayon məhkəməsinin 06 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılsın və cəza çəkildiyi üçün tam çıxılsın, onun üzərində qəti olaraq 02 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs1 89 manat, Təqsirləndirilən şəxs2 25 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar