Məhkəmə qərarları › İş №1(124)-257/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-257/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-257/2024 12.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əmək fəailiyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və tutulanadək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsi, döngə 1-də yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 01 (bir) ədəd sellofan bükülüdə ümumi təmiz çəkisi 1180 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla, Qobustan şəhəri ərazisində daşımış, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 91-ci kilometrliyində, yolun kənarında Qobustan şəhərində “Qobustan” adlanan kafenin və fəaliyyət göstərməyən avto yuma məntəqəsinin yaxınlığında saxlanılaraq, Qobustan şəhəri, H.Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan rayon Polis Şöbəsinə gətirilib orada həmin tarixdə saat 02:04 radələrindən 02:15 radələrinədək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin alt hissəsindən 01 (bir) ədəd sellofan bükülüdə ümumi təmiz çəkisi 1180 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, həmçinin qara rəngli şalvarının sağ ön cibindən üzərində heroin izləri olan 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinazı aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavabında göstərdi ki, o bir neçə ildir ki, narkotikdən istifadə edirdi. Narkotikə olan tələbatını müxtəlif yerlərdən, tanımadığı şəxslərdən alaraq ödəyirdi. Hazırki işlə bağlı tutulmamışdan bir müddət əvvəl WhatsApp” sosial şəbəkəsi vasitəsilə bir nəfərlə tanış olmuşdur. Həmin şəxsi ümumiyyətlə görməmişdir. Adını da xatırlamır. Həmin şəxslə yalnız “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs Bakı şəhərində yaşadığını və narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. Söhbət əsnasında həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə almaq istəyini demişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin sata biləcəyini demişdir. Həmin şəxslə razılaşıb onun kartına 180 manat pul göndərmişdir ki, ondan 3-4 qram heroin alsın. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində həmin şəxs onun mobil telefonuna zəng edib narkotikin Qobustan rayonunda olduğunu demişdir. O istifadəsində olan “Kia Rio” markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobillə 3-4 qram heroini ona konumla göndərilən yerdən götürmək üçün tək Qobustan şəhərinə tərəf getmişdir. Həmin gün saat 23 radələrində Qobustan şəhərinə çatıb ona konum göndərilən yerə çatıb maşından düşmüşdür. Bu vaxt polis əməkdaşları onu tutmuşlar. Polislər bağlamanı onun onun gödəkcəsinin altına qoymuşlar ki, bu sənindir. Halbuki o 3-4 qram heroinin dalınca getmişdir. Ona verilən ittihamda qeyd edilən 1180 qram heroin ona məxsus olmamışdır. Polislər tərəfindən ona fiziki təzyiq, təsir olmasa da, psixi təsir olduğundan o üzərinə videoçəkilişlə axtarış aparılarkən narkotikin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitənin aludəçisidir. Uzun müddətdir narkotik vasitə olan heroin qəbul edir. Əsasən heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər bir dəfə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmuşdur. X6 ilə ailə həyatı qursa da, lakin rəsmi nikaha girməmişdir. Himayəsində iki qızı var. Təxminən 3-4 ay əvvəl, xatırlamadığı nömrədən ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə mesaj gəlmişdir. Bir nəfər şəxs xatırlamadığı nömrədən ona mesaj yazaraq narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitə heroin satmaq istədiyini bildirmişdir. Həmin şəxsə nə vaxt pulu olarsa, onunla əlaqə saxlayıb narkotik vasitə alacağını yazmışdır. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində həmin şəxs mobil telefonuna zəng edib Qobustan rayonunda bağlamada xeyli narkotik vasitə heroin olduğunu, gedib həmin narkotik vasitəni götürməsini, gələcəkdə pulu olduqda həmin narkotik vasitənin pulunu ona ödəməsini bildirmişdir. Bu səbəbdən istifadəsində olan “Kia Rio” markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək tək Qobustan şəhərinə tərəf gəlməyə başlamışdır. Yol ilə gələrkən həmin şəxs ona narkotik vasitənin olduğu məkanı (konumu) göndərmişdir. Həmin gün saat 23:00 radələrində Qobustan şəhərinə çatmışdır. Bundan sonra həmin şəxsin telefonuna göndərdiyi konuma əsasən fəaliyyət göstərməyən avto yuma məntəqəsinin yanına gəlmiş, oranın içərisinə girdikdə yerdə bağlamanın olduğunu görmüşdür. Bağlamanı götürüb əynində olan göy rəngli gödəkçəsinin altına qoymuşdur. Həmin avto yuma məntəqəsinin qapısı olmamış, məntəqə magistral avtomobil yolunun kənarında yerləşmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində oradan aralanaraq bir qədər uzaqlaşıb yolla gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və özünü təqdim etməyini bildirmişlər. Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də, onlarla birlikdə Qobustan Rayon Polis Şöbəsinə getməsini bildirmişlər. Polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə gəlmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra özünün seçdiyi müdafiəçinin iştirakı ilə və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşı ona üzərində narkotik vasitə və ya digər qanunsuz əşya varsa, təqdim etməyini bildirmişdir. Həmin vaxt əynindəki gödəkçəsinin altında gizlətdiyi 01 (bir) ədəd ağ rəngli sellofana bükülmüş bağlamanı polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin bağlama açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli kütlə aşkar olunmuşdur. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq həmin kütlənin narkotik vasitə olduğunu, tanımadığı şəxsin bildirdiyi Qobustan şəhərində yerləşən yerdən götürdüyünü və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra üzərindən aşkar olunan narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt həmçinin əynində olan qara rəngli şalvarının sağ ön cibindən üzərində heroin izləri olan 01 (bir) manatlıq pul əskinazı aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin 01 (bir) manatlıq pul əskinazından əvvəllər narkotik vasitə qəbul edərkən istifadə etmişdir. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılar həmin protokolu imzalamışlar. RPŞ-nin inzibati binasının həyətində olan “Kia Rio” markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobilində öz razılığı ilə axtarış keçirilmişdir. Lakin axtarış zamanı avtomobildən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən yaşadığı evdə axtarış keçirilmiş və evdən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Qobustan rayonu ilə əlaqəsi olmamış, xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini əvvəlcədən sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin “WhatsApp” sosial şəbəkəsi vasitəsilə göndərmiş olduğu ünvandan götürmüş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin şəxsdən narkotik vasitəni özü istifadə etmək məqsədilə almışdır. Sadəcə həmin vaxt verməyə nağd pulu olmadığı üçün həmin şəxslə narkotik vasitənin pulunu sonradan verəcəyi barədə razılaşmışdır. Həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Həmin şəxslə arasında narkotik vasitənin satılması ilə bağlı hər-hansı bir sövdələşmə olmamış və ona da narkotik vasitəni özü istifadə etmək üçün aldığını demişdir. Narkotik vasitəni çəki olaraq çox almaqda məqsədi isə hər dəfə bu proseduru icra etməklə polis tərəfindən tutula biləcəyindən çəkinməyi olmuş, bu səbəbdən də bir dəfəyə elə çox almağı fikirləşmişdir. “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu həmin şəxsi ümumiyyətlə görməmiş, adını belə bilmir. Onunla yalnız “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs adını bildirməmiş, Bakı şəhərində yaşadığını və narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. Əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. Narkotik vasitə əldə etmək üçün Qobustan şəhərinə gəlməsini heç kəs bilməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Cinayət işi üzrə təyin edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası ilə əlaqədar aparılmış müayinələr zamanı ittiham olunan əməl barədə soruşulduqda aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmaması, həmin vaxt sürücü olması, narkotik vasitədən xəbəri olmamasını deməsi barədə isə bildirmişdir ki, belə desə məsuliyyətə cəlb olunmayacağını düşünmüşdür. Fikirləşmişdir ki, həmin müayinələr zamanı elə desə, məsuliyyətdən azad oluna bilər. Lakin hazırda bir daha səmimi olaraq etiraf etmək istəyir ki, xx.xx.2023-cü il tarixdə Qobustan RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitə heroin və üzərində narkotik vasitənin izləri olan 01 (bir) manatlıq pul əskinazı özünə məxsusdur. Həmin 01 (bir) manatlıq pul əskinazından əvvəllər narkotik vasitə qəbul edərkən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindir. Uzun müddətdir narkotik vasitə istifadə etdiyi üçün onların növlərini yaxşı tanıyır. Lakin üzərinə şəxsi axtarış keçirilən zaman həyəcandan səhvən çaşıb aşkar edilmiş kütlənin narkotik vasitə marixuana olduğunu demişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və RPŞ-də olarkən ona qarşı heç bir fiziki zor tətbiq edilməmiş və psixoloji təzyiq göstərilməmişdir Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin Qobustan rayonu ərazisində narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə Qobustan RPŞyə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat-axtarış tədbiinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilli Şahid1 əməliyyat qrupunun rəhbəri, o, Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 19 aprel 2023-cü il tarixdə saat 01 radələrində Bakı- Şamaxı-Yevlax magistral avtomobil yolunun 91-ci kilometrliyində, yolun kənarında Qobustan şəhərində yerləşən “Qobustan” adlı kafenin və fəaliyyət göstərməyən avto yuma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, ona narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasında şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla Qobustan RPŞ-yə getməli olacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Qobustan RPŞ-yə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, vəkil dəvət olunmuş, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərində qanunsuz nəsə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan gödəkçənin altından 01 ədəd sellofan bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu tanımadığı şəxsin Qobustan şəhərinə qoyduğu yerdən götürdüyünü və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəziyə qoyularaq çəkilmiş, təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən üzərində izlər olan 01 (bir) manatlıq pul əskinazı, həmçinin onun telefonu da götürülmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt Qobustana gəldiyi Kia Rio markalı maşına da baxış keçirilmiş, lakin avtomobildən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Əməliyyat tədbirinin davamı kimi Təqsirləndirilən şəxs Bakı şəhərində Ramana qəsəbəsindəki evdə də axtarış keçirilmiş və axtarış zamanı evdən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona qarşı heç bir təsir, təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin polis nəfəri Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o 19 aprel 2023-cü ildə axşam saatlarında polis əməkdaşları Şahid1, Şahid3, Şahid4 və Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Bakı Şəhərində, Ramana qəsəbəsindəki evinə axtarışda iştirak etmişdir. Axtarış zamanı evdən cinayət xarakterli heç nə aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaqda verdikləri ifadələri məhkəmədə elan olunaraq tədqiq edilmiş şahidlər Şahid4 və Şahid1 da ifadələrində məhkəmədə dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin alt hissəsindən 01 ədəd sellofan bükülünü çıxararaq iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofan bükülünün içərisində olan kütlənin narkotik vasitə olduğunu, həmin kütləni əvvəllər sosial şəbəkə vasitəsilə tanış olduğu, adını bilmədiyi şəxsin Qobustan şəhərində qoyduğu ünvandan götürdüyünü, həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilərək, zərfə qoyularaq möhürlənib götürülmüşdür. Bundan sonra üzərində xüsusi izlər olan 01 ədəd 01 manatlıq pul əskinazı, həmçinin 01 ədəd “XİAOMİ REDMİ” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıda protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli avtomobildə axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış araşdırma zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə aparılmış araşdırma zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs məxsus “XİAOMİ REDMİ” markalı mobil telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsində +**********04 mobil telefon nömrəsinin sahibi Qobustan şəhərində yerləşən “Qobustan” adlı kafeyə getmək üçün məkan paylaşdığı aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 5(026)-27/2023 nömrəli qərarından görünür ki, hazırki araşdırma üzrə həyata keçirilmiş əməliyyat tədbiri məhkəmə tərəfindən qanuni hesab edilmiş, Qobustan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 19 aprel 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2313 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər № 142 dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlə şübhəli şəxs (imza) yazısı və imzalar olan paketdəki 01 (bir) ədəd bağlamada təmiz çəkisi 1180 qram (1 kq 180 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər № 142 dairəvi möhür əksi, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş pul əskinazı ... ” yazısı və imzalar olan zərfdə boru şəkilli 01 (bir) manatlıq pul əskinazının üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bağlamadakı heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən na rkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 1180 qram, tədqiqata sərf edildi - 0,20 qram, qalıq - 1179,8 qram (iş vərəqləri 46-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4234 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1673 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən onun hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixi xüsusiyyətlər müəyyən edilmədi. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş 01 (bir) ədəd “XİAOMİ REDMİ” markalı mobil telefon zərurət aradan qalxdığından Təqsirləndirilən şəxs həyat yoldaşı X4 qaytarılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi 1180 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni ümumi 1179.8 qram çəkidə olan narkotik vasitə heroin və üzərində heroin izləri olan 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinazı maddi sübut kimi tanınmaqla Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DlN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-308/2011 saylı, 14 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırki cinayəti törədərkən məhkumluğu olmamışdlr. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 00:00-dan xx.xx.2023-cü il tarixdə saat 00:00-dək olan müddət ərzində mövcud olan zənglər və SMS-lərin siyahısına, SMS mətnlərinə, nömrələrin müqavilə sahiblərinə və əhatə dairəsinə dair məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat, zəng və ya SMS mətni müəyyən edilməmiş və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Sabunçu rayon İcra hakimiyyəti Başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsi, döngə 1-də yaşayır. 2009-cu il təvəllüdlü Nurcan Abbasova və 2013-cü il təvəllüdlü Gülcan Abbasova adlı iki övladı var. Həmçinin, Bakı şəhəri, Sabunçu rayon İcra hakimiyyəti Başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 2877 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda deyildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 4169 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda deyildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş iş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsindən daxil olmuş məktubdan görünür ki, əməliyyat tapşırığının icrası istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş 1180 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi müəyyən edilsə də, həmin narkotik vasitəni satan şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs başqa digər şəxslərdən hansısa bir tarixdə narkotik vasitə alıb-almaması, kimlərə isə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayətin törədilməsində başqa şəxs və ya şəxslərlə əlbir olmaması, Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirak etməməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1180 qram çəkidə narkotik vasitə olan heroini əldə etdiyi, tanımadığını bildirdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində heç bir müsbət nəticə əldə olunmamışdır. Keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, narkotik vasitənin miqdarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, həmçinin məhkəmədəki qismən etirafı ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir, onun törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi dəyərləndirərək qeyd edir ki, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin cox olması təqsirləndirilən şəxsin həmin narkotik vasitənin şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib yalnız 3-4 qram narkotik vasitənin arxasınca getməsinə dair ifadəsinə tənqidi yanaşır və onun törətdiyi əməlin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmasını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qobustan Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu 19 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1179,8 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, üzərində heroin izləri olan 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinazı təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumuna qaytarılmalı və iş materiallarında olan maddi sübut kimi tanınmış 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan 1179,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üzərində heroin izləri olan 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinazı təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumuna qaytarılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar