Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-258/2025 15.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta texniki təhsilli, evli, Bakı şəhəri, “X5” neft şirkətində operator işləmiş və Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, Hərbi Qospital Yataqxanası ev 3-də daimi pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində psixotrop maddə metamafetamin istifadə etməsi nəticəsində sərxoş halda olub idarə etdiyi “Mersedes-Bens” markalı, AZ **-KV-*** qeydiyyat nişanlı minik avtomobillə Quba şəhəri, Heydər Əliyev prospektində yolun əks hərəkət zolağında, Quba şəhəri istiqamətində saatda 140 km/sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin həmin qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metereoloji şəraiti, xüsusən hərəkəti istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürərkən hərəkət üçün təhlükə yarandığı gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək Zərərçəkmiş şəxs idarə etdiyi “Opel-Astra” markalı AZ **-DN- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkət zolağında onunla toqquşması nəticəsində sürücü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində Balaxanı neft şirkətində quyuların tədqiqi üzrə 4-cü dərəcəli operator işlədiyini, hadisə günü işdən çıxıb evə getdiyini, yemək yedikdən sonra Qubada olan həyat yoldaşını gətirməyə getdiyini, Qubanın girişinə kimi hər şeyin yadında olduğunu, ondan sonra sükan arxasında onu yuxu tutduğunu bildirmişdir. Həmin vaxt “Mercedes-Benz” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yuxu tutandan sonrakı hissə yadında olmamış, bir də Quba rayon xəstəxanasında ayılmışdır. Yuxu tutandan sonra əks yola çıxmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hadisə günü metamfetamin qəbul etməmişdir. Döyüşdə yaralanandan sonra dərmanlar bir müddət dövlət tərəfindən verilmiş, dərmanların verilməsi dayandırıldıqdan sonra narkotik vasitəni sonradan qazi yoldaşları vasitəsilə əldə etmiş, lakin tez-tez istifadə etməmişdir. Yuxuda yanında ölən yoldaşlarını görmüş və pis hala düşmüşdür. O, “fenazepam” və “tramadol” adlı dərmanlardan istifadə etmiş, metamfetamin qəbul etməmişdir. Hadisə günü saat 17:00-da işdən çıxmış, sonra evə getmiş, təqribən saat 19-20 radələrində evdən çıxmış, hadisə saat 22-23 radələrində baş vermişdir. Müharibədə iştirak etdikdən sonra İİİ qrup əlilliyi olmuş, lakin sonradan ləğv edilmiş, döyüşlərdə iştirak etdiyinə görə medallarla təltif olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə vaxtı avtomobildə tək olmuş, təqribən 100 km/saat sürətlə hərəkət etmişdir. İstintaq vaxtı 140 km/saat sürətlə hərəkət etdiyini demədiyini, radardan baxaraq elə qeyd edildiyini bildirmişdir. Həmin ərazidə döngədən sonra o qədər sürət yığmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, hər gün dərman qəbul etməmiş, hadisədən 3-4 gün əvvəl evdə halı pisləşəndə qəbul etmiş, 8-9 aydır ki, avtomobil idarə etmişdir. O, bir azyaşlı uşağı olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 30 sentyabr 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ərinin alış-verişlə məşğul olduğunu, hadisə günü də pul qazanmağa getdiyini, evinə çörək pulu gətirərək evini dolandırdığını, ailəsini heç kimə möhtac etmədiyini bildirmişdir. Hadisə günü baldızının qızının ad günü olduğu üçün baldızıgildə olmuşdur. Ərinin də evə gedib, əynini dəyişib onların yanına gələcəyini bildirmişdir. Onlar ad günündə olanda Elşadın xəstəxanada olduğu xəbəri gəlmiş, Elşadın qəza törətməsinə inanmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi dövlət ittihamçısının suallarına cavab olaraq təqsirləndirilən şəxslə barışdığını və ondan şikayəti olmadığını, təqsirləndirilən şəxsin onlara maddi kömək etdiyini və 3 azyaşlı uşağı olduğunu bildirmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi məhkəmə tərkibinin suallarına cavab olaraq təqsirləndirilən şəxsin yaxın qohumlarının həm bir dəfəlik, həm də aylıq ödəniş etdiklərini və bundan sonra da ödəniş edəcəklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid bildirmişdir ki, o, hadisəni görməmiş, hadisə yerinə getməmiş, ətrafdakılar, qohumlar hadisə barədə danışdıqda eşidib nə baş verdiyini bilmişdir. Oğlu Elşadın 20 ildir ki, avtomobil idaə etdiyini, pul qazanmağa getdiyini, oğlu evə gələn vaxt təqsirləndirilən şəxsin yolun əks tərəfinə çıxaraq bu qəzanı törətdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsləri, zərər çəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsində bədəninin müxtəlif nahiyələrinin küt travması, sağ bazu və sağ baldırının sıyrılmış yarası xəsarətləri ilə xəstəxanaya daxil olmuşdur. Belə ki, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 sentyabr 2024-ci il tarixli protokolda, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, hadisə baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət istiqaməti və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ətraflı şəkildə öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan 24 sentyabr 2024-cü il tarixli “Müşahidə kamerası görüntülərinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, 23 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes-Bens” markalı, AZ **-KV-*** qeydiyyat nişanlı minik avtomobili ilə Quba şəhəri, H.Əliyev prospekti ilə yolun əks hərəkət zolağında yüksək sürətlə hərəkətdə olarkən qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Opel- Astra” markalı, AZ **-DN-*** qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq onu yoldan çıxararaq həmin maşının tüstülənməsinə səbəb olur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibb ekspertizasının 23 sentyabr 2024-ci il tarixli 59 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı onun gözlərinin ağlı qişası və birləşdirici toxumasında qansızma, alının, burunun, hər iki saidin əzilmiş-cırılmış yaraları, burun sümüklərinin açıq qəlpəli sınıqları, bədənin çoxlu yara və sıyrıqları, sol bud sümüyünün orta 1/3-dən qapalı sınığı, sağ said sümüklərinin orta 1/3-dən açıq sınığı, sol mil sümüyünün tipik yerdən qapalı sınığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sol təpə-alın nahiyəsində geniş mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızmalar, qabırğaların hər iki tərəfdən sınığı aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 23 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi. Həmin xəsarətlər həyat üçün təhlükəli olduğundan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində başın küt travmasından kəllə qapağı sümüklərinin sınması nəticəsində baş-beyin toxumasına qansızma törənməsi olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 23 sentyabr 2024-ci il tarixli 3253/K №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qan nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Metil, etil, propil, butil, amil, spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 09 oktyabr 2024-ci il tarixli 912 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun sağ gözün altında qançır, burnunun üstündə, sağ dirsəyində və sağ dizində yaralar, sol tərəfdə Vİ-Vİ1 qabırğaların sınığı olan xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 23 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi və dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törədən sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 26 noyabr 2024-cü il tarixli 8/2918 №-li rəyində göstərilmişdir ki, “Mersedes-Bens” markalı AZ 90- KV-446 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq 140 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan başqa, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, “Opel-Astra” markalı AZ **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü mərhum Zərərçəkmiş şəxs hadisəsinin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 yanvar 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisənin video görüntüsünün olduğu 01 ədəd DVD disk disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexindən verilmiş xasiyyətnamədən görünür ki, həmin sexdə 4-cü dərəcəli quyuların tədqiqi üzrə operator vəzifəsində çalışan Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində verilən tapşırıqları layiqincə yerinə yetirmiş, nizam-intizamlı olmuş və bacarıqlı işçi kimi kollektivin rəğbətini qazanmışdır. Cinayət işinin materiallarında olan və məhkə istintaqı zamanı tədqiq edilmiş DİN Quba Rayon Polis Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli ********* nömrəli arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ mərkəzləşdirilmiş kompüter bazasına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına “B1” “B” “C1” “C” kateqoriyalı BA 106128 nömrəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkə istintaqı zamanı tədqiq edilmiş DİN Quba Rayon Polis Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli ********* nömrəli arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ mərkəzləşdirilmiş kompüter bazasına əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs adına “B” kateqoriyalı AF 322199 nömrəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq — xx.xx.2024-cü il təvəllüdlü X4 vardır. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Cabbarov X6 veteranıdır və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisi X1 02 noyabr 2024-cü il tarixli və 05 mart 2025-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayət olmaqla ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə vaxtı təqribən 100 km/saat sürətlə hərəkət etməsi, psixotrop maddə metamfetamin qəbul etməməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması, həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsin qan nümunəsinin tərkibində metamfetamin aşkar edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə hesab edir ki, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin — əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hadisənin video görüntüsünün olduğu 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilisin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin video görüntüsünün olduğu 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-258/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-258/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver