Məhkəmə qərarları › İş №1(124)-26/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-26/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-26/2023 09.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Xızı rayonu Şorabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1-də faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 05 (beş) ədəd bükümdə ümumilikdə 2,137 qram çəkidə öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq narkotik vasitə heroinin 02 (iki) ədəd bükümünü üzərində, 03 (üç) ədəd bükümünü isə yaşadığı ünvanda saxlamış, 12 oktyabr 2021-ci il tarixdə saat 18:55-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,800 qram və 0,338 qram, ümumi təmiz çəkiləri 1,138 qram olan açıq qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 20:58də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən bir otaqlı fərdi yaşayış evindəki kiçik ölçülü taxta materialından hazırlanmış stulun altından 03 (üç) ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,285 qram, 0,329 qram, 0,385 qram, ümumi təmiz çəkiləri 0,999 qram olan açıq qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 12 oktyabr 2021-ci ildə saat 16-17 radələrində Sumqayıt şəhərində Z.Tağıyev qəsəbəsində 6 saylı orta məktəbin yanında avtobus dayanacağında olarkən mülki geyimdə olan iki nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, polislər ona “biz də səni axtarırdıq” deyərək maşına mindirib 2-ci polis bölməsinə aparmışlar. Orada qarşısına 2 ədəd qara rəngli bükümlərdə narkotik vasitə qoyulmuş və döyülərək onun olmasını deməyi məcbur edilmişdir. Bu səbəbdən də məcbur qalıb həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını demişdir. Lakin tutularkən üzərində narkotik vasitə olmamış, çünki özündə olan narkotik vasitəni damarına vuraraq artıq istifadə etmişdir. Tutularkən narkotik sərxoşluğu vəziyyətində olmuş, bu səbəbdən də polislər dediyini etmişdir. Polislərin sözü ilə video çəkiliş zamanı demişdir ki, guya 20 Yanvardan narkotik vasitəni alıb 5 hissəyə bölmüş, 2 bükümünü üzərində saxlamış, 3 bükümü isə yaşadığı evində saxlamışdır. Əslində isə nə üstündə, nədə ki, evdə narkotik vasitə olmamışdır. Polislər onun harada yaşadığını soruşmuşlar, o isə yaşamağa yeri olmadığını demişdir. Sonra polislər onun ailəsinin yaşadığı evə getmişlər, lakin ailə üzvləri onun həmin evdə yaşamadığını, yarım tikili ev olan torpağın sahəsinin ona məxsus olmasını demişlər. Buna görə də həmin gün axşam saatlarında polis əməkdaşları onunla və vəkil ilə birlikdə Z.Tağıyev qəsəbəsində olan evə getmişlər. Evə 4 nəfər polis əməkdaşı girmiş, vəkil də polislərin yanında olmuş, həmin vaxt isə özü əli bağlı vəziyyətdə maşında oturmuşdur. Polislər qapını açaraq evə girib “hər şeyi hazır etdikdən” sonra, onu düşürmüşlər və çəkiliş aparılmışdır. Yarım tikili evin içində kiçik stulun altından 3 büküm narkotik vasitə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin 3 büküm və elektron tərəzi ona məxsus olmamış, polislər tərəfindən evə qoyulmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs göstərmişdir ki, tutulanadək balıqçılıqla məşğul olmuş, fəhləlik edərək günə 20 manat qazanmışdır. Qazandığı pula isə narkotik vasitə alaraq istifadə etmişdir. Lakin heç bir vaxt narkotiklərin satışı ilə məşğul olmamış, o cümlədən Emin Məmmədov adlı şəxsə narkotik vasitə satmamışdır. Bununla belə özünün narkotik vasitə istifadəçisi olduğundan damarına vurmaqla (inyeksiya yolu ilə) narkotik vasitə heroindən istifadə etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, qəbulu, üzərində və yaşadığı mənzildə saxlaması, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilərək əməliyyat müvəkkili Şahid2lə birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb onu 2-ci PB-ə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd qara rəngli bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən ondan üzərində aşkar edilmiş narkotik vasitədən başqa yaşadığı ünvanda narkotik vasitə saxlaması soruşulduqda Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə olduğunu bildirdiyi üçün müdafiəçinin iştirakı ilə evinə baxış keçirilməsi qərara alınmış və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Belə ki, valideynləri tərəfindən Vagif Şəfiyevi evdən çıxardıqları üçün o, tək yarım tikili evdə qalmışdır. Bununla bağlı ünvan 2 ünvanında yerləşən evə getmişlər, orada Təqsirləndirilən şəxs özü qapını açıb içəri girmiş və evin içərisində kiçik taburetkanın altından 3 ədəd bükümdə narkotik vasitə heroin və elektron tərəzi aşkar edilmişdir. Sual edildikdə elektron tərəzi və narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Vaqif narkotik vasitənin özünə məxsus olduğunu, satmaq üçün saxladığını demişdir. Belə ki, Vaqifdən əvvəl onun sinif yoldaşı Emin saxlanılmış və Emin narkotiki Vaqifdən almasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvvəkkili Şahid2 Şahid1la oxşar məzmunlu ifadə verməklə onun ifadfəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il oktyabr ayının 12-də Emin adlı şəxsi saxlamışlar. Sorğu zamanı o, narkotik vasitəni Vaqif adlı şəxsdən aldığını bildirmişdir. Bununla bağlı əməliyyat tədbiri qurmaqla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmaqla Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmişdir. Bu zaman özü əməliyyat tədbirində iştirak etməmişdir. 2-ci PB-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman onun üzərindən 2 ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirdiyi üçün yaşadığı evə də baxış keçirilmişdir. Aldığı məlumata görə anası ilə qardaşı Vaqifi evdən çıxarmışlar və o, anasıgilin evinə yaxın yarım tikili bağ evində qalmışdır. Qeyd edilən ünvana gedərək Vaqifin iştirakı ilə qapını açmışlar və evə girmişlər. Təqsirləndirilən şəxs özü evi göstərmişdir. Şəxsi axtarış zamanı aşkar edilən narkotik vasitə heroinin qalan hissəsi, yəni 3 büküm heroin də evdə aşkar edilərək götürülmüşdür. Həmçinin verilən suallara cavab olaraq Şahid3 göstərmişdir ki, yaşadığı evdə narkotik vasitənin olmasını Vaqif özü etiraf etmişdir. Buna görə Vaqif özü qapını açıb evə girmiş, ardınca isə polis əməkdaşları girmişlər. Özü həmin yerdə təhlükəsizliyi təmin etmiş, evə kənar şəxslərin girməsinin qarşısını almış və evə yalnız təqsirləndirilən şəxsdən sonra girmişdir. Evə girdikdən sonra Vaqif özü 3 büküm narkotik vasitənin olduğu yeri göstərmişdir. Vaqifdən əvvəl heç bir polis əməkdaşı evə girməmiş, ona hər hansı bir şəkildə təzyiq edilməmişdir. Evə baxış zamanı videoçəkiliş kriminalist Şahid4 tərəfindən aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin Kiminalistik tədqiqatlar bölməsinin inspektor-kriminalisti Şahid4 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə çağırılmışdır. Təqsirləndirilən şəxs ilk dəfə bölmədə görmüşdür. Təqsirləndirilən şəxsin üzərində və evində axtarış aparılarkən video kamera ilə videoçəkiliş aparmış və qeydə alınan video görüntüləri 01 ədəd diskə yazaraq təhqiqatçı Taleh Abdullayevə təhvil vermişdir. Həmin diskə 2 ədəd video fayl olmuşdur. Həmin disk orijinal diskdir. Cinayət işində 2-ci diskin olmasından onun xəbəri olmamışdır. Özü tərəfindən video görüntünün montajı aparılmamış, kim tərəfindən aparılması barədə isə məlumatı yoxdur. O, həmçinin göstərmişdir ki, videoçəkiliş aparılarkən diqqəti çəkilişdə olduğundan, təqsirləndirilən şəxsin evinə girərəkən evdə polis əməkdaşı olmasından xəbəri olmamışdır. Daha sonra, inspektor-kriminalist Şahid4 göstərmişdir ki, polis əməkdaşı Şahid3 təqsirləndirilən şəxsin evinə girərkən bir diskdə görünməsi, digər eyni görüntülər olan diskdə isə olmaması həmin diskin sonradan montaj olunmasının göstəricisidir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 6/4548 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №126” dairəvi möhür əksi olan, “...Şübhəli şəxs imza Təqsirləndirilən şəxs.....” yazı və imzalar olan 3 ədəd zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,800 qram və 0,338 qram, 0,285 qram, 0,329 qram və 0,385 qram olan (ümumi təmiz çəkisi 2,137 qram olan) açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izi vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. (Cild 1, iş vərəqləri 39-42) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 07 dekabr 2021-ci il tarixli, 4922 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 175-176) Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarışın keçirilməsi barədə” və “Baxış keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokollar olmuşdur. “Şəxsi axtarışın keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkətini zamanı saat 19:55-dən 20:02-dək videoçəkiliş aparılmışdır. Protokola əsasən Vüqar Şəfiyev əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş maddə təqdim edərək kakos olduğunu və şəxsi istifadəsi üçün 10 manata aldığını demişdir. (Cild 1, iş vərəqləri 24-25) Daha sonra, “Baxış keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokol qara rəngli diyircəkli qələmlə yazılmaqla kompyuter vasitəsi ilə tərtib olunmamışdır. Protokola əsasən bu istintaq hərəkətində Təqsirləndirilən şəxs, həmçinin polis əməkdaşları Şahid1, V.Məmmədov, Ə.Hacılı və kriminalist Şahid4 iştirak etmiş, protokol isə təhqiqatçı Taleh Abdullayev tərəfindən tərtib olunmuşdur. Eyni zamanda protokolda əməliyyat qrupunda olmayan Nasir İldirzadənin iştirak etməsi göstərilsədə, ona aid məlumatlar diyircəkli qələmdən fərqli olaraq qara rəngli mürəkkəbli qələmlə yazılmışdır. Protokolda videoçəkilişin iki yerdə saat 20:36-dan 20:43-dək aparılması göstərilsə də, bu məlumatlar mətndə, sonradan düzəliş edilməklə yazılmış, protokolun başlığında olan qrafada isə fərqli rəqəmlə yazılmışdır. Protokola əsasən baxış keçirilən yarım tikilidə 3 ədəd qara rəgli bükümdə spesifik iyə malik qəhvəyi rəngli maddə və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 30-31) Həmin istintaq hərəkətləri videoşəkilişlə aparılmış və hər bir istintaq hərəkətinə dair ayrıca “CD” formatlı disk (cəmi 2 ədəd) cinayət işinin materiallarında olan protokollara əlavə edilmişdir. Məhkəmədə həmin 2 ədəd “CD” formatlı diskə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, “Şəxsi axtarışın keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokola əlavə edilmiş diskdə əslində bir deyil, iki video fayl vardır. Belə ki, şəxsi axtarışa aid “20211012_195553” adı ilə xx.xx.2021-ci il tarixdə saat 20:02-də yazılması göstərilən “846.120 KB” həcmdə bir video fayl və evə baxışa aid “20211012_211652” adı ilə xx.xx.2021-ci il tarixdə saat 21:23-də yazılması göstərilən “789.152 KB” həcmdə ikinci video fayl vardır. “Baxış keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokola aid diskə baxış keçirdikdə isə, muəyyən edilmişdir ki, bu diskdə “video” adı ilə xx.xx.2021-ci il tarixdə saat 22:34-də yazılması göstərilən “430.697 KB” həcmdə bir video fayl vardır. Evə baxışa aid birinci diskdə olan video faylın həm tarixindən, həm də həcmindən görünür ki, ikinci diskdə olan video fayl orijinal deyil və sonradan bir hissəsi kəsilməklə montaj olunması nəticəsində videofaylın həcmi də azalmışdır. Hər iki video fayla diqqətlə baxıldıqda onların arasında əsas fərqin nədən ibarət olması və montajın nə üçün aparlması bəlli olmuşdur. Belə ki, birinci diskdə olan evə baxış keçirilməsinə dair video fayla əsasən baxış iştirakçıları Təqsirləndirilən şəxslə onun yaşadığı evə gələrək onun icazəsi ilə evə daxil olurlar. Bu zaman evin həyətinə olan giriş qapısı açılarkən 00:20 dəqiqədə olan videogörüntüdən polis əməkdaşı Şahid3 artıq içərdə olması aydın şəkildə görünür. Halbuki, videogörüntüyə əsasən baxış iştirakşıları ilk dəfə baxış keçirilən yerə gələrək evə daxil olmuşlar. İkinci diskdə olan daha kiçik həcmli və xx.xx.2021-ci il tarixdə yazılması qeyd olunan videofaylda isə polis əməkdaşı Şahid3 videogörüntünün 00:20 dəqiqəsindən başlayaraq göründüyü hissə videomontaj yolu ilə kəsilmiş və baxış içtirakçıları həyətə daxil olarkən Şahid3 olduğu kadr yığışdırılmışdır. Məhz bu hissəyə bağlı Təqsirləndirilən şəxs qeyd etmişdir ki, polis əməkdaşları ondan əvvəl yarım tikili evə daxil olaraq narkotik vasitə və elekron tərəzini evə qoymuşlar, o, isə həmin müddətdə çöldə maşında saxlanılmış, bundan sonra isə videoçəkilişlə evə daxil olmuşdur. Göründüyü kimi evə baxış protokoluna əlavə edilmiş ikinci diskdə olan video fayl məhz polis əməkdaşı Şahid3 görünməsinin itirilməsi üçün montaj olunmuşdur. Məhkəmə tərkibi ehtimal edir ki, bu səbəbdən də videoçəkilişə düşməsi sonradan aşkar olunan N.İldirzadənin adı və soyadı evə baxış keçirilməsinə dair tərtib olunmuş protokolda fərqli qələmlə yazılmışdır. Daha sonra, evə baxış keçirilməsinə dair orijinal diskdə olan videofayla baxış keçirilərkən müəyyən edilmişdir ki, yaşayışa uyğun olmayan yarım tikili bir otağa daxil olarkən Təqsirləndirilən şəxs “məndə heç nə yoxdur” bildirib baxış keçirilməsini təklif edir, təhqiqatçı isə bir başa kiçik taxta taburetka olan hissədən baxış keçirməyə başlayır. Bu zaman taburetka götürüldükdə yerdə bir ədəd elektron tərəzi, altında isə kiçik sellofanda 3 ədəd qara rəngli kağıza bükülmüş narkotik vasitə heroinə bənzər maddə aşkar olunur. Videoçəkilişin 01:40 dəqiqəsində Təqsirləndirilən şəxs buna dərhal etiraz edərək “o məndən çıxan şey deyil axı” bildirmiş, lakin kameranın obyektivi Təqsirləndirilən şəxs götürüldükdə o, həmin maddəni Bakı şəhərindən öz istifadəsi üçün 10 manata aldığını sonradan deyir. Bundan başqa, protokolda video qeydiyyatın başlanıldığı vaxt kimi saat 20:36 göstərilsə də, tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında böyük monitorda bu videogörüntüyə baxarkən, məhkəmədə videofaylların baxılmasında istifadə olunan xüsusi proqramda, eyni zamanda video fayla aid dəyişməz məlumatları özündə əks etdirən “mediainfo” bölümündə həmin videogörüntünün videoçəkiliş aparılan cihaza yazıldığı vaxt kimi saat 17:23 göstərilmişdir. Göründüyü kimi video qeydiyyatın real aparıldığı vaxt ilə protokolda düzəliş edilməklə göstərildiyi vaxt arasında 3 saat 13 dəqiqə fərq olmuşdur. Bundan başqa, evə baxış zamanı aşkar olunmuş narkotik vasitə olması iddia olunan 3 ədəd büküm və bir ədəd elektron tərəzi tərəflərin iştirakı ilə prosessaul qaydada qablaşdırılmamış və bu şəkildə videoçəkiliş dayandırılmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128.3 və 128.3.1-ci maddələrinin tələblərinə əsasən əşyanın maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Məhkəmə həmçinin qeyd edir ki, maddi sübutun istintaq hərəkəti aparılarkən prosessual qaydada qablaşdırılmamaması onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Şəxsi axtarışın keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokolda da videoçəkilişin başlanıldığı vaxt kimi saat 19:55 göstərilsə də, məhkəmədə videofaylların baxılmasında istifadə olunan xüsusi proqramda, eyni zamanda video fayla aid dəyişməz məlumatları özündə əks etdirən “mediainfo” bölümündə həmin videogörüntünün videoçəkiliş aparılan cihaza yazıldığı vaxt kimi saat 16:02 göstərilmişdir. Məhkəmə xüsusi diqqət yetirir ki, həm yarım tikili evdə aşkar olunması iddia olunan 3 bükümdə narkotik vasitə heroin, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar olunması iddia olunan 2 bükümdə narkotik vasitə heroin məhkəmə kimyəvi ekspertizasının rəyinə əsasən eyni təkiblidirlər. Bundan başqa, hər bükümdə olan heroin eyni qara rəngli kağızlara bükülmüşdür. Bu isə məhkəmədə əsaslı şübhələr yaradır ki, hər iki halda narkotik vasitə Təqsirləndirilən şəxs üzərinə və evinə qoyulmaqla həqiqətən ona məxsus olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs tutulduğu yerdə üzərində videoçəkilişlə axtarış aparılmamış, o, bölməyə gətirildikdən sonra və bir müddət polislərin sərəncamında olduqdan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Bundan başqa, üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, yaşadığı evdə narkotik vasitə saxlayan şəxsin bu narkotik vasitənin tapılması ehtimalını şüurlu surətdə dərk edərək evində polis əməkdaşları tərəfindən axtarış və baxışın aparılmasına icazə verməmək kimi hüququndan istifadə etməsi, polis əməkdaşlarının isə əvvəlcədən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün məhkəmə qərarının əldə etmək kimi vəzifələrinin icra etməsi kimi prezumpsiya mövcuddur. Vaqif Şədiyevin sərbəst şəkildə polis əməkdaşlarına evdə hər hansı bir qanunla qadağan edilmiş əşyanın olmadığını bildirib onların evə daxil olmalarına və axtarışın aparılmasına maneə törətməməsi, bunun üçün məhkəmə qərarının olmasını mütləq qaydada tələb etməməsi Təqsirləndirilən şəxs evində narkotik vasitəni saxlamamasının aşkar təzahürüdür. Məhkəmə hesab edir ki, naməlum yarım tikilidə narkotik vasitəni həqiqətən saxlayan şəxs real olaraq müdafiəçi iə təmin edilərək onun hüquqları izah edildikdə, bu narkotik vasitənin aşkar olunacağına dərk edərək qanunun verdiyi imkanlardan yararlanaraq məhkəmənin müvafiq qərarı olmadan polis əməkdaşlarının evə girməsinin qarşını almaq marağında olardı. Təqsirləndirilən şəxs isə polislərə evin yerini deməsi və evinə baxış keçirilməsinə etiraz etməməsi onda narkotik vasitənin olmamasından bir daha dəlalət edir. Təqsirləndirilən şəxs evinə narkotik vasitələrin və elektron tərəzinin qoyulmasını təsdiq edən kifayət qədər təkzibedilməz dəlillərin olduğunu, o cümlədən iş üzrə əsas sübut olan videoçəkilişin dəyişdirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, təhqiqat orqanı Təqsirləndirilən şəxs qarşı qərəz nümayiş etdirmişdir. Bu isə öz növbəsində Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən evə qoyulmuş narkotik vasitə ilə eyni tərkibli və eyni bükümlü olan narkotik vasitənin də onun üzərinə qoyula bilməsi ilə bağlı məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs qarşı istifadə olunan sübutların dəyişdirilməsi kimi qanunun əhəmiyyətli dərəcədə pozulması halları (video çəkilişin montaj edilməsi) müəyyən edildiyindən, ən azından bu hal təhqiqatçının işdə maraqlı olması və təqsirləndirilən şəxsə qarşı qərəzli olmasının göstəricisidir. Məhkəmə baxışının sənədlərin tədqiqi mərhələsində bu halın, yəni bütövlükdə təhqiqatın etiraz edilməli şəxs tərəfindən aparılmasının aşkar edilməsi, eyni zamanda təqsirləndirilən şəxsin müdafiə hüququnun da məhkəməyədək icraatın təhqiqat mərhələsində kobud şəkildə pozulmasının müəyyən edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 113.1, 113.2, 109.1 və 125.2.6-cı maddələrinə əsasən etiraz edilməli şəxs tərəfindən əldə edilmiş sübutlar mümkünsüz sübut hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyədək icraat zamanı şərh edilən sübutların insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi ilə, aldatma yolu ilə, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılması ilə əldə edilməsinə əsaslı şübhələr olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.1, 125.2.2, 125.2.3, 125.2.6 və 125.2.7-ci maddələrinə əsasən həmin sübutlar mümükünsüz sübutlar kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan bütün halları nəzərə alaraq məhkəmə hesab edir ki, “Şəxsi axtarışın keçirilməsi barədə” və “Baxış keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokollardan irəli gələn sübutların mümkünlüyü və mötəbərliyi şübhə altına alındığından, həmin protokollar təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokollar ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı veriyi ifadələrdən görünür ki, o, həm yarım tikili evdə, həm də üzərində aşkar olunması iddia olunan ümumlikdə 5 bükümdə olan narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Lakin məhkəmə istintaqı zamanı bu ifadələri təzyiq altında verməsini nə üzərində, nə də ki, yarım tikili evdə narkotik vasitə heroinin olmadığını bildirmişdir. Məhkəmə bir daha işin hallarını, xüsusilə də iş üzrə sübutun videomontaj edilməklə dəyişdirilməsini, Təqsirləndirilən şəxs video çəkilişdə olmayan halları da ifadəsində etiraf etməsini əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 14 oktyabr 2021-ci il tarixli ifadələrin aldatma və təzyiq nəticəsində alına bilməsinə əsaslı ehtimallar mövcuddur. Bu da öz növbəsində ittiham tərəfinin həmin sübutlarının da Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən mümkünlüyünü şübhə altına alır. Aldatma ilə bağlı ehtimallara nəzər salaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün əməliyyatçılar tərəfindən saxlanılmasına baxmayaraq, şəxsi axtarışla bağlı videoçəkilişin 00:15 və 05:45 dəqiqələrində təhqiqatçı Təqsirləndirilən şəxs şübhənin mahiyyətini izah edərkən, onun yalnız narkotik vasitələrin qanunsuz saxlanılması və üzərində gəzdirilməsi şübhəsi ilə tutulduğunu bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərələsində özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 14 oktyabr 2021-ci il tarixli ifadələri mümkünlüyü və mötəbərliyi şübhə altına alınan sübutlar kimi qiymətləndir və hesab edir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Həmçinin polis əməkdaşları Şahid1, Şahid2, Şahid4 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr ad, soyad və vəzifə istisna olmaqla orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşdur. Bu da həmin ifadələrin formal olaraq köçürmə üsulu ilə yazılmasından və həqiqətin müəyyən edilməsi üçün lazımı şəkildə apaparılmamasından dəlalət edir. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, hazırki iş üzrə mübahisəsizdir ki, adları çəkilən polis əməkdaşları məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs üzərində və evində axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Təqsirləndirilən şəxs vеrilmiş ittihamın sübuta yetirilməsində bir vasitə olmaqla yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin də qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, digər polis əməkdaşlarının ifadələri Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən mümkünlüyü şübhə altına alınan Şahid3 ifadəsinin təsdiqi vasitəsidir. Bundan əlavə, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün də, istintaq hərəkətləri barəsində onların vеrdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut hеsab еtmək olmaz. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid4 və Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr mötəbər olmadığından, ziddiyyətli olduğundan və işin halları ilə təkzib olunduğundan təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, istintaq orqanı Təqsirləndirilən şəxs tutulmasını əsaslandırarkən və narkotik satışı ilə məşğul olmasını sübuta yetirməyə çalışarkən X4 guya Təqsirləndirilən şəxs saxlanılmasında bir gün əvvəl ondan 10 manat narkotik vasitə heroin alması ilə bağlı cinayət təqibi aparmışdır. X9 Təqsirləndirilən şəxslə üzləşərkən ondan narkotik vasitə almadığını və bu cür ifadə vermədiyini göstərmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2021-ci il tarixli 6/4688 nömrəli ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Emin Məmmədovda aşkar edilmiş narkotik vasitə heroinlə, Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan heroinin tərkibləri fərqlidir. Narkotik vasitənin satışının sübuta yetmədiyi görən istintaq orqanı bu hissədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam vermiş və onun əməlini yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. (Cild 1, iş vərəqləri 10-174, 244-246, 247-268) Bundan başqa, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 6/4548 nömrəli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Ambulator məcburi narkoloji yoxlamanın 07 dekabr 2021-ci il tarixli, 4922 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə tərtib olunmuş ittiham aktında Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə gələn və gedən “sms” mətnləri təhlil edilmiş və ittiham tərəfi bu “sms”-lərdə narkotik vasitələrin alış-verişi ilə bağlı ayrı-ayrı şəxslərlə yazışmaların olmasını iddia etmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X6rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Cinayət işinin materillarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 1,967 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-nin saxlanc yerinə verilmiş, həmçinin istintaq hərəkətlərinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 02 ədəd və telefonla danışıqlara dair məlumatları özündə əks etdirən 03 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 1,967 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizasının aparılması ilə xərclər ona aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. (Cild 1, iş vərəqə 44-48). Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 1,967 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar