Məhkəmə qərarları › İş №1(124)-261/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-261/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-261/2024 14.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 01 ədəd bükümdə 9,493 qram çəkilə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində daşıyıb saxlamış, 05 aprel 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri 4 nömrəli məktəbin yanında saxlanılıb Abşeron rayon Polis İdarəsinə gətirilib həmin - gün saat 23:20-dən saat 23:40dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan idman gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə 9,493 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitə istifadəçisi olmamışdır. Ümumiyyətlə, tütün məmulatlarından belə istifadə etməmişdir. Polis əməkdaşları 05 aprel 2023-cü il tarixdə axşam saatlarında dostu Mütəllim Axundov ilə məscidə çıxıb yol ilə gedərkən onu saxlamışlar və Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində əvvəlcə onun üzərində odlu silah daşıdığını, daha sonra narkotik vasitə istifadə etdiyini bildirmişlər. Şahid qismində dindirilməli olan polis əməkdaşı Şahid2 onun cibinə narkotik vasitə qoymuşdur. Polis əməkdaşları ona fiziki təzyiqlər etmişlər, daha sonra onu yaşadığı evə də narkotik vasitə qoyacaqlarını bildirərək, ailə üzvləri ilə hədələmişlər. Onlar onu saxlamaqlarını dini inancı ilə əlaqələndirmişlər. Qeyd etmək istəyir ki, o ibadətlərini yerinə yetirir, lakin heç bir ziyarətdə olmamışdır, hər hansı dini qrupların üzvü deyildir, müxalifyönlü çıxışlar səsləndirməmişdir. Polis əməkdaşlarının onu döyməsi və hədələməsi nəticəsində ona təzyiqlər altında məcbur qalaraq öz əleyhinə ifadə vermiş, yəni üzərinə qoyulmuş narkotikin ona məxsus olmasını demişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 4 nömrəli orta məktəbin yanından keçərkən yolun kənarında sarı rəngli selofon bükülünü görmüş, bükülü diqqətini cəlb etdiyindən götürüb içərisinə baxdıqda görmüşdür ki, psixotrop maddə metamfetaminə oxşar maddədir. Ona görə də həmin bükülü əynində olan idman gödəkçəsinin sol yan cibinə qoyub həmin ərazidən uzaqlaşmışdır. Həmin metamfetamini üzərində saxlamış, 05 aprel 2023-cü il tarixdə saat 21 radələrində Xırdalan şəhəri Xətai küçəsində yol ilə gedərkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtanş keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və Üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını sorğu edilmiş, vardırsa təqdim etməsi təklif edilmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 4 nömrəli orta məktəbin yanından taparaq əynində olan idman gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi psixotrop maddə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, hər bir iştirakçı protokolu və zərfi imzalamışdır. (Cild 1 iş vərəqləri 49-50) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qiymətləndirilməsindən ötrü tədqiq edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında əməliyyat qrupu yaradılmış və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs metamfetamin növündə psixotrop maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxladığı tarixi dəqiqliklə xatırlamır. Təxminən 6-7 ay əvvəl axşam saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən piyada hərəkətdə və tək idi, yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs saxlanılması zamanı və saxlanıldıqdan sonra da ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu etiraf etmiş, onu tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında əməliyyat qrupu yaradılmış və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri və ya digər qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs bundan başqa əhəmiyyət kəsb edən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxladı tarixi dəqiqliklə xatırlamır, ona qarşı hər hansı bir təzyiq göstərilməmişdir. Onun özü tərəfindən də heç bir müqavimət göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, onunla dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmamışdır. 05 aprel 2023-cü ildə Ramazan ayı günlərinin birində iftar vaxtından sonra Təqsirləndirilən şəxslə birlikdə məscidə getmişlər. Axşam saat təxminən 19:30 radələrində məsciddən çıxıb yol ilə gedərkən Abşeron rayonu, Xırdalan şəhəri, 4 nömrəli orta məktəbin yaxınlığında 2 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmışlar. Onlar özlərini təqdim etmədən Təqsirləndirilən şəxs avtomobillərinə əyləşdirmək istəmişlər. Təqsirləndirilən şəxs onlara hara getmək istəyirlərsə, könüllü olaraq gələcəyini bildirmişdir. Lakin, həmin şəxslər Təqsirləndirilən şəxs vuraraq avtomobilə əyləşdirmişlər. Onlar Təqsirləndirilən şəxs polis idarəsinə aparmışlar. Onlar getdikdən sonra o da polis idarəsinə getmişdir. Təqsirləndirilən şəxs avtomobili saxladıqları yerdən Abşeron Rayon Polis İdarəsinə piyada təxminən 7-8 dəqiqə müddətində məsafə var idi. Təqsirləndirilən şəxs xidməti polis avtomobili ilə deyil, “Daewoo Centra” markalı avtomobil ilə aparmışlar. Hansı səbəbə görə apardıqlarını bildirməmişlər. Bundan 4-5 gün sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsinə görə tutulması məlum olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə ağ rəngli, kristal səkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 25-26) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2023-cü il tarixli protokolda əks oluna əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/2001 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə» və s sözlər, imzalar olan 01 ədəd kağız bükümdə təmiz çəkisi 9,493 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaindir. (Cild 1, iş vərəqləri 31-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2023-cü il tarixli 272 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 81-82) Cinayət işi materiallarında olan “Sübutların qiymətlən dirilməsi haqqında” 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,393 qram metamfetamin Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 92-96) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən raportlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 4 saylı orta məktəbin yaxınlığında saxlanılmışdır. (Cild 1, iş vərəqləri 6-8) Məhkəmə, təqsirləndirilən şəxsin ona fiziki və psixi təzyiqlər etdikləri üçün məcbur qalaraq öz əleyhinə ifadə verməsi, üzərində narkotik olmaması və dini inanclarına görə saxlanılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Eyni əsaslarla məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs döyülməsi və onun üzərində xəsarət olması ilə bağlı iddia etdikləri dəlilləri rədd edir və onların müdafiə xarakteri daşıdığı qeyd edir. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi işin hallarına uyğun olan ilkin ifadəsini mötəbər sübut kimi qəbul edir. Məhkəmə həmçinin şahid X2 məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallara, yəni Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaması, ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərərək avtomobilə əyləşdirmələri ilə bağlı xüsusatlara tənqidi yanaşır və hesab edir ki, Mütəllim Axundzadənin məhkəmədə Təqsirləndirilən şəxs qarşı ifadə verərkən onu ifşa edən bəzi halları bilavasitə onun üzünə qarşı deməkdən çəkinməsi şahidin təqsirləndirilən şəxslə dostluq və tanışlıq münasibətinin olması ilə izah olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 66) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmaması və müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar kimi də nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 64-65) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 9,393 qram metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 92 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 9,393 qram metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar