Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-261/2025 30.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə, saat 00:50 radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən “Atrium” adlanan kafeyə gedərək orada masa arxasında əyləşən həmin kafeni icarəyə işlədən Quba rayonu Xucbala kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs qulağına söz demək bəhanəsi ilə qəfildən xuliqanlıq niyyəti ilə üzərində mütəmadi olaraq gəzdirdiyi cib bıçağı ilə döş qəfəsinin sol qoltuqaltı nahiyəsinə bir dəfə vuraraq, sonuncuya “döş qəfəsinin sol qoltuqaltı nahiyəsinin İV qabırğa səviyyəsində olan soldan sağa və yuxarıdan aşağı istiqamətlənərək döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası” ilə ifadə olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ilə nəticələnən xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirsiz bilərək ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığını, Elvinin idarə etdiyi obyekti əxlaqsızcasına işlətdiyini, orada sərxoş qızlar və oğlanlar olduğunu və onların həmin ərazidə yaşayan insanları narahat etdiklərini bildirmişdir. O, özü də spirtli içki içən olmuş, lakin Elvinin obyektində içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq həmin gün obyektə Elvindən borc məqsədi ilə pul almaq üçün getdiyini, narkotik vasitə istifadə etmədiyini, hadisə vaxtı bıçağın üzərində olduğunu, Elvin özünü yaxşı aparmadığı üçün onu bıçaqladığını bildirmişdir. O, psixoloji problemləri olduğunu, zərər çəkmiş şəxsə dəymiş olan zərəri ödəmək fikri olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmuş, Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azadlığa buraxılmışdır. ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Azadlığa çıxdıqdan sonra heç bir işlə məşğul olmamış, yalnız valideynlərinin himayəsində olmuşdur. Artıq bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etdiyindən narkotik vasitə almaq üçün xx.xx.2024-cü il tarixdə, saat təxminən 01 radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən Elvinin işlətdiyi “ATRİUM” adlanan kafeyə getmiş, orada Elvini görüb “Məni sənin yanına müsəlman qardaş göndərib, dedi ki, hər ay ona 50 manat pul verməlisən və günahlarından silinsin, kimliyini bilmək istəyirsənsə istənilən müsəlman qardaşdan biridir” demiş, bu zaman Elvin ona “Həmin şəxs kişi kimi mənim yanıma gəlib üzümə söz desin, mən ona 50 manat yox 200 manat verəcəyəm” demiş, bu zaman Elvinə, “Yəni mən həmin adama deyim ki, tutdurmayacaqsan, şikayət, problem-zad olmayacaq da?”, demiş, Elvin də ona “Get de! Problem olmayacaq” demiş, bundan sonra oradan çıxıb getmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 00:45 radələrində yenidən həmin kafeyə gəlmiş, həmin vaxt kafedə tanımadığı müştərilərin masa arxasında əyləşdiyini, Elvinin də həmin kafedə işləyən Yaşarla birlikdə başqa masa arxasında əyləşib çay içdiklərini görmüşdür. Bu zaman Elvinin əyləşdiyi masaya yaxınlaşmış, Elvin masa arxasında əyləşdiyindən əyilib qulağına özünə iki manat pul verməsini, taksiyə verməli olduğunu demiş, Elvin də iki manat pulu ona vermiş, həmin vaxt kafedə tanışı Qusar şəhər sakini Teyfuru görmüş onunla, hal-əhval tutub söhbət etdikdən sonra yenidən Elvinə yaxınlaşmış, küçəyə söhbət etməyə çağırmış, yalandan işi olduğunu demiş, lakin Elvin nə sözü olsa burada deyə biləcəyini bildirmiş, bu zaman Elvinin qulağına söz demək bəhanəsi ilə ağzını qulağına yaxınlaşdıraraq cibində olan üzərində gəzdiriyi bıçağı gizlin çıxararaq masa arxasında əyləşən Elvinin sol tərəfindən bir dəfə qəfildən vurmuş, dərhal qaçaraq kafedən uzaqlaşmış, Qusar şəhəri H.Əliyev prospektində yerləşən stadiona tərəf getmiş, ora çatmamış isə Qusar şəhər 1 nömrəli tam orta məktəbin stadionuna üzərindəki bıçağı tullamışdır. Bundan sonra öz yoluna davam edərək H.Əliyev prospektində tanımadığı taksi ilə rayonun Balaqusar kəndinədək getmiş, oradan da tanımadığı avtomobillərlə Xaçmaz rayonu, Xudat şəhərinə daha sonra Xaçmaz şəhərinə getmişdir. Polis əməkdaşlarının onu axtaracaqlarını bilmiş, ona görə də evə qayıtmamış, Xaçmaz şəhərindən də Bakı şəhərinə getmiş, lakin orada qalmağa yeri olmadığı üçün küçədə yatmış, artıq orada da qalmağın bir mənası olmadığından əvvəl-axır tutulacağını bildiyi üçün 21 oktyabr 2024-cü il tarixdə yaşadığı ünvana qayıtmışdır. 21 oktyabr 2024-cü il tarixdə, saat təxminən 19 radələrində evdə olduğu zaman polis əməkdaşları yaşadığı ünvana gəlmiş və onu Qusar rayon Polis Şöbəsinə gətirmişlər. 21 oktyabr 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisənin 17 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Qusar rayonu, Zərifə Əliyeva küçəsində yerləşən “Atrium” adlanan kafedə baş verdiyini, həmin vaxt yanında Şahid1 olduğunu bildirmişdir. Hadisədən 2 gün əvvəl öncədən tanımadığı Orxanın ona yaxınlaşaraq kafedən musiqi səsləri eşidildiyini və onunla çölə çıxmağını istəmiş, Orxandan bunun səbəbini soruşduqda, telefonda olan bir səsə qulaq asdıracağını demişdir. O da, nə lazımdırsa, kafedə deməsini istəmiş, bu zaman isə Orxan “Bilirsiniz ki, elçiyə zaval yoxdur. Mənə dedilər ki, get, ona denən ki, onun günahları çoxdur. Ayda 50, 100 manat gücü nəyə çatırsa, kömək etsin və günahları yuyulsun” bu cümlələri deyərək ona yaxınlaşmış, o da Orxandan onu kimin göndərdiyini soruşmuş, Orxan cavabında müsəlmanlar qardaşlardan biri olduğunu bildirmiş, o da Orxana “Müsəlman qardaşına deyərsən ki, Elvin üçün heç bir problem yoxdur. Ayda 50 manat yox, 100 manat verəcəyəm, amma özü mənim yanıma gəlsin” demişdir. Orxan bundan sonra çıxıb getmiş, iki gündən sonra obyektdə tək oturarkən yenidən onun yanına gəlmiş, yaxınlaşaraq taksi ilə gəldiyini, taksinin çöldə onu gözlədiyini, 2 manat verməsini, taksini yola saldıqdan sonra pulu xırdalayıb geri qaytaracağını demiş, o da Orxana 2 manat vermişdir. Həmin anlar video görüntülər də öz əksini tapmışdır. Daha sonra Orxan ondan 3-4 metr aralı məsafəyə getmiş və Teyfur adlı şəxslə söhbət etməyə başlamış, o, Orxangili kənardan müşahidə etmiş, lakin nə söhbət etdiklərini başa düşməmişdir. Sonra isə Orxan yenidən ona yaxınlaşmış, bu zaman Orxandan 2 gün öncə danışdıqları məsələnin necə olduğunu soruşmuş, Orxan onun qulağına söz demək üçün icazə istəmiş, elə həmin vaxt onu vurub qaçmışdır. Təqsirləndirilən şəxslə əvvəldən düşmənçiliyi və ədavətinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq təqsirləndirilən şəxs Orxanla barışmadığını, ondan şikayət və tələbi olduğunu qeyd etmişdir. Zərər çəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq təqsirləndirilən şəxsi əvvəlcədən tanımadığını, Orxanın atasını tanıdığını, həmin şəxsin diş həkimi və sayılıbseçilən insanlardan olduğunu bildirmişdir. Orxanın heç bir psixoloji problemi olmamış və belə problemləri müşahidə etməmiş, təqsirləndirilən şəxs xəstəxana xərclərini qarşılamamış, heç bir köməklik etməmişdir. Zərər çəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, hadisənin necə baş verdiyini, niyə Orxanın onu vurmaq niyyəti olduğunu və s. bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə günü Zərərçəkmiş şəxslə obyektdə bir yerdə oturmuş, Orxan yaxınlaşaraq Elvindən taksi pulu istəmiş, sonradan Elvinin qulağına söz deyəndə onu vurmuşdur. O, Orxanı əvvəlcədən tanımadığını, təqsirləndirilən şəxs barəsində hər hansı psixi problemlərinin olduğunu eşitmədiyini, əvvəllər Orxanın həmin obyektə gəlmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində iş üzrə zərər çəkmiş şəxs Elvinin dostu olduğunu və hər axşam onun obyektinə gedib çay içdiyini bildirmişdir. Hadisədən 2 gün əvvəl Orxan Elvinə yaxınlaşıb müsəlman qardaşların 50, 100 manat məbləğində pul istədiklərini demiş, bu zaman Elvin ondan Orxanı tanıyıbtanımadığını soruşmuş, o isə Orxanı üzdən tanıdığını bildirmişdir. Orxan yaxınlaşıb Elvindən 2 manat taksi pulu istəmiş, Elvin də ona taksi pulu vermiş, Orxanın Elvini vurmağını heç gözləməmiş və bu hadisə qəfildən baş vermişdir. O, təqsirləndirilən şəxsin atasını və əmisini, özünü isə rayon uşağı kimi tanıdığını, Orxanla yaxın münasibəti olmadığı üçün onun psixoloji vəziyyət ilə bağlı məlumatı olmadığını bildirmişdir. O, zərər çəkmiş şəxsin vurulma anını görmüş, Orxan Elvini vurub pilləkəndən qaçmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində “Atrium” adlanan kafedə aşpaz işlədiyini, hadisə vaxtı Orxanın Elvini vurub pilləkəndən qaçdığını gördüyünü bildirmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Quba rayonu Xucbala kənd sakini Zərərçəkmiş şəxs Qusar şəhəri, Z.Əliyeva küçəsində icarəyə işlətdiyi “ATRİUM” adlanan kafeyə dəfələrlə tanışları ilə birlikdə çay və ya pivə içməyə getmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 22 radələrində həmin kafeyə çay içmək üçün tək getmiş, lakin həmin vaxt orada Aydınla rastlaşmış və birlikdə çay içmişlər. Həmin vaxt kafedə başqa müştərilər də olmuş, ancaq həmin şəxsləri o, tanımamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 00:45 radələrində o, kafenin administratoru Yaşardan onlara çay verməsini xahiş etmiş, lakin Yaşar yorğun olduğundan çay hazırlamaq üçün Elvinin tanışı Fərrux mətbəxə keçmişdir. Bu zaman özü də ayaqyoluna getmək üçün masadan qalxmış və həmin vaxt masa arxasında əyləşən Elvinin əvvəlcədən tanıdığı Qusar şəhər sakini Təqsirləndirilən şəxs ilə söhbət etdiyini, daha doğrusu Orxanın Elvinin qulağına nəsə dediyini görmüş, Orxan da onu görmüş və ona yaxınlaşaraq hal-əhval tutmuş, təxminən bir dəqiqə söhbət etdikdən sonra Orxan yenidən Elvinə yaxınlaşmış, o isə ayaqyolu tərəfə getmişdir. Təxminən bir dəqiqə keçməmiş zaldan səs-küy gəldiyini eşitmiş və zala çıxdıqda Orxanın Elvini bıçaqla vurub qaçdığını görmüş, bundan sonra Elvinlə birlikdə işləyən X10 rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən “ATRİUM” kafesini icarəyə işlədən Zərərçəkmiş şəxs ilə normal münasibəti vardır. Qusar şəhər sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, lakin bir neçə dəfə üzdən görmüşdür. Elvinin işlətdiyi kafedə ofisiant kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 01 radələrində kafeyə gəlmiş, əvvəllər də kafedə müştəri kimi gördüyü Teyfur adlı şəxsin əyləşdiyi masaya yaxınlaşıb, masanın üzərini səliqəyə saldıqdan sonra kafenin mətbəxinə getmiş, həmin vaxt Elvinin dostu Fərrux orada çay hazırlamış, Edvard isə qabları yumuşdur. Bundan sonra sanitar qovşağa getmək üçün mətbəxdən çıxıb, kafenin birinci mərtəbəsinin dəhlizinə qalxmış və sanitar qovşağa daxil olmuş, bir neçə dəqiqə sonra isə oradan çıxdığı zaman kafenin administratoru Yaşarın Elvini avtomobilə əyləşdirib apardığını görmüş, həmin vaxt orada olan Fərruxdan nə baş verdiyini soruşduqda isə Orxanın Elvini qəfildən masa arxasında bıçaqla vuraraq xəsarət yetirdiyini və qarın nahiyəsindən qan gəldiyini, ona görə də Yaşarın Elvini xəstəxanaya apardığını bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 oktyabr 2024-cü il tarixli ərizə, eyni tarix və məzmunlu raportdan görünür ki, Zərərçəkmiş şəxs 17 oktyabr 2024-cü il tarixdə gecə radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən “Atrium” adlanan kafedə bıçaqlanaraq xəsarət alması barədə Qusar RPŞ-ə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Atrium” adlanan kafedir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd qolsuz gödəkçə, 01 ədəd sviter və 01 ədəd mayka iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, götürülmüş əşyalara baxış keçirilərkən şalvarın üzərində qan ləklələri, mayka, sviter və gödəkçənin üzərində isə qan ləkələri ilə yanaşı, bıçaqla yetirilməyə xarakterik olan kəsilmiş-deşilmiş hissələrin olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 22 oktyabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, video görüntü Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən “ATRİUM” adlanan kafeyə quraşdırılmış müşahidə kamerasının görüntüsüdür. Həmin video görüntüyə baxdıqda görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:48-də kafeyə daxil olmuş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əyləşdiyi masaya yaxınlaşaraq onunla söhbət etmiş, bir neçə dəqiqə ondan aralanaraq Şahid4lə söhbət etmiş, yenidən zərər çəkmiş şəxsə yaxınlaşaraq bıçaqla onu vuraraq kafedən qaçmış, saat 00:50-də Qusar şəhər B.Ağaverdiyev adına 1 saylı tam orta məktəb istiqamətində qaçması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolu və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yerin Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən “ATRİUM” adlanan kafe olduğunu və xəsarət yetirdikdən sonra kafedən qaçaraq bıçağı atdığı yerin Qusar şəhər 1 nömrəli tam orta məktəbin stadionu olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə zamanı sonuncunun üzünə deyərək bir daha tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 oktyabr 2024-cü il tarixli, 487 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-döş qəfəsin sol qoltuqaltı nahiyəsinin İV qabırğa səviyyəsində olan soldan sağa və yuxarıdan aşağı istiqamətlənərək döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara kəsici-deşici alətin təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçaqla digər şəxs tərəfindən vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa “ağır” zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının 06 noyabr 2024-cü il tarixli, 532/2024-MTKŞ saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkçənin sol yan tikişi üzərində bir ədəd, sviterin ön səthinin sol nahiyəsində bir ədəd və maykanın ön səthinin sol nahiyəsində bir ədəd dəlibkeçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 3247 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən və ondan sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs patoloji affekt vəziyyəti müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs hal-hazırda anlaqlıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgilərinə xas olan nümayişkaranəlik, özünü müdafiə etməyə meyillilik, inadkarlıq, qıcığa qarşı həsasslıq, konfliktə meyillilik və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 754/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu - O/İ/-. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus jilet, şalvar, alt mayka və köynək üzərində O alfa, beta(İ) qruplu üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə X2 məxsus olması inkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2024-cü il tarixli, 7422 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd sellofanda qablaşdırılmış 01 ədəd qolsuz gödəkçə, 01 ədəd sviter, 01 ədəd şalvar və 01 ədəd mayka maddi sübut kimi tanınaraq Qusar RPŞ-nin maddi sübut otağında saxlanılmış, hadisənin baş verdiyi kafenin müşahidə kameralarından əldə olunmuş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İƏD üzrə nümayəndəli tərəfindən verilmiş arayış və xasiyyətnamədən məlum olur ki, Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda olan, ünvan 4 ünvanında atası X3, anası X1, qardaşları X5 və X4 ilə yaşayan Təqsirləndirilən şəxs barəsində Qusar şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin işlətdiyi kafedə səs-küy olması, kafeyə yüngül həyat tərzi keçirən şəxslərin gəlməsi, bunun həmin ərazidə yaşayan insanları narahat etməsini, həmçinin zərər çəkmiş şəxsin davranışlarını bəyənməməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Qusar RPŞ-nin Maddi Sübutlar otağına təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd selofanda qablaşdırılmış 01 ədəd qolsuz gödəkçə, 01 ədəd sviter, 01 ədəd şalvar və 01 ədəd mayka məxsus geyim əşyaları onun özünə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 21 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Qusar RPŞ-nin Maddi Sübutlar otağına təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd qolsuz gödəkçə, 01 ədəd sviter, 01 ədəd şalvar və 01 ədəd mayka onun özünə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-261/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-261/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver