Məhkəmə qərarları › İş №1(124)-262/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-262/2025

25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-262/2025 25.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyası, Perm vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə ərazi dairəsi, Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olmaqla Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsi, ev 35 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayının axırlarında, saat 01 radələrində Binəqədi rayonu, Xocahəsən qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 450 manat pul müqabilində qanunsuz olaraq satış məqsədi ilə 28 iyun 2005-ci il tarixli, 961-İİ-Q № li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısına” (siyahı 1) daxil edilmiş bir ədəd sellofan torbada 46 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri - 3,74 qram, 4,03 qram, 3,63 qram, 3,95 qram, 3,62 qram, 3,85 qram, 3,42 qram, 4,18 qram, 3,59 qram, 4,22 qram, 3,44 qram, 3,74 qram, 3,43 qram, 3,53 qram, 3,66 qram, 3,42 qram, 3,64 qram, 3,66 qram, 3,60 qram, 3,85 qram, 3,62 qram, 3,92 qram, 3,58 qram, 3,46 qram, 3,82 qram, 3,54 qram, 3,68 qram, 3,57 qram, 3,65 qram, 3,59 qram, 3,75 qram, 3,58 qram, 3,88 qram, 3,65 qram, 4,02 qram, 3,58 qram, 3,57 qram, 4,26 qram, 3,78 qram, 2,92 qram, 3,54 qram, 3,53 qram, 3,93 qram,3,56 qram, 3,83 qram, 3,57 qram, ümumi çəkisi - 169,58 qram və 6 (altı) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 105,0 qram, 265,0 qram, 80,0 qram, 75,0 qram, 15,0 qram, 2,53 qram, ümumi çəkisi-542,53 qram, külli miqdarda cəmi 712,11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini əldə edib Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış, bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı əynində olan gödəkçənin sağ yan cibində, qalan narkotik vasitə qurudulmuiş marixuananı və bir ədəd elektron tərəzini bir ədəd sellofan torbada yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsi, 35 saylı evin zirzəmisində saxlamış, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 19:35 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsində saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana, əməliyyat-axtarış tədbirinin davamı olaraq polis əməkdaşları tərəfindən Rüstəm Qurbanovun yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsi, 35 saylı evə baxış keçirilərkən həmin evin zirzəmisində bir ədəd sellofan torbada qırx beş ədəd kibrit qutularında və altı ədəd sellofan torbalarda cəmi 712,11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində usta işlədiyini, himayəsində 5 uşağı olduğunu, atasının şəhid olduğunu, iş vaxtından sonra Müşfiq qəsəbəsi və 20 yanvar ərazisində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Saxlanıldığı gün günorta saatlarında işdən evə getmiş, 5-6 dəqiqədən sonra isə 8 nəfər polis əməkdaşı yaşadığı evə basqın etmişdir. O, əvvəlcə 90 kibrit qutusu qurudulmuş marixuana almış, onun 86 kibrit qutusu qalmışdır. Polis əməkdaşları onu yaşadığı evin içərisində döymüş, oğlu onu müdafiə etmək istəyərkən oğlunu da döymüşdürlər. Həmçinin polis əməkdaşları açıq şəkildə sellofanın içərisinə qurudulmuş marixuana yerləşdirmiş, narkotik vasitəni evinə qoyaraq ona məxsusmuş kimi qələmə vermişdirlər. Polis əməkdaşları tərəfindən Qobu PB-nə aparılmış, bölmədə də fiziki və psixi təsirlərə məruz qalmış, daha sonra isə yenidən yaşadığı məhəlləyə aparılmış və orada video çəkiliş həyata keçirilmişdir ki, guya o, əvvəlcədən həyətdə saxlanılmışdır. O, 380 qram qurudulmuş marixuanadan başqa üzərində heç nə olmadığını, həmin narkotik vasitəni 1680 manat məbləğində aldığını bildirmişdir. Yəni kibrit qutusunda olanlar ona məxsus olmuş, sellofan büküm isə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq usta işlədiyini, axşamlar taksi fəaliyyəti ilə məşğul olduğunu, sürücülük vəsiqəsi olmadığını, təxminən 4-5 ildir ki, qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. O, 380 qram qurudulmuş marixuananı qutuda almış və 1680 manat məbləğində pul vermiş, barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə heç nə dəyişməyəcəyini düşünərək hakimə döyülməyi ilə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu yaşadığı evdə saxlamış, daha sonra Qobu PB-nə aparmış, daha sonra isə polis bölməsindən yenidən yaşadığı evin yaxınlığına apararaq video çəkiliş etmiş, polis bölməsində olan zaman müstəntiq və polis rəisi ona narahat olmamasını, onun işini 380 qramla sənədləşdirəcəklərini demiş, o da polis əməkdaşlarına inanaraq təqdim olunan sənədləri oxumadan imzalamış və hər şeyi onların dedikləri kimi etmişdir. O, qurudulmuş marixuananı tanımadığı şəxsdən Yeni Qəsəbə ərazisindən aldığını, açıq sellofanda olan narkotik vasitənin və elektron tərəzinin özünə məxsus olmadığını, elektron tərəzini evə polis əməkdaşlarının yerləşdirdiyini, onlar tərəfindən fiziki və psixi təzyiqə məruz qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, üzərində saxlaması, Abşeron rayonu ərazisində daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq, Təqsirləndirilən şəxs cinayət başında yaxalayaraq ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbiri həyata keçirilərək Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə, saat 19:35-də tərəflərindən Abşeron rayonu, İntiqam Dadaşov küçəsində, yaşadığı 35 saylı evin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən mobil telefon vasitəsilə video çəkiliş aparılmış, həmin vaxt özlərini polis əməkdaşları olaraq təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, daha sonra təqsirləndirilən şəxsdən üzərində narkotik vasitə, qanunla qadağa edilmiş, predmet və ya əşyanın olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, kibrit qutusunun içərisinə baxıldıqda qutunun içərisində spesifik iyə malik, qurudulmuş yaşıl kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə-qurudulmuş marixuanadan əlavə eyni növ narkotik vasitədən yaşadığı evin zirzəmisində də saxladığını bildirmişdir. Bundan sonra təqsirləndiirlən şəxsin yaşadığı evə getmiş, Rüstəm həmin evdə özünün tək yaşadığını bildirmiş, evin zirzəmisinə daxil olub orada saxladığı bir ədəd şəffaf rəngli sellofan torbanı götürüb həyətə çıxmış və həmin torbanı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim olunmuş sellofan torbanın içərisində bir ədəd şəffaf sellofan torbada içərisində spesifik iyli, qurudulmuş bitki mənşəli yaşıl kütlə olan kiçik sellofan torbalar və bir ədəd elektron tərəzi aşkar olunmuş, kibrit qutuları 45 ədəd, içərisində qurudulmuş marixuana və onun toxumları olan kiçik sellofan torbalar isə 6 ədəd olmuşdur. Qurudulmuş marixuananın bir ədədi təqsirləndirilən şəxsin öz cibində, digər 45 ədədi isə sellofanın içərisində olmuşdur. Təqsirləndirilən şəxs saat 19-20 radələrində yaşadığı evin yaxınlığında saxlanılarkən özü narkotik vasitəni əkib-becərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə Qobu PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonu, İntiqam Dadaşov küçəsində yerləşən məhəllədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağa olunan hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş, təqsirləndirilən şəxs 1 ədəd kibrit qutusunda olan narkotik vasitəni təqdim etmiş, həmin kibrit qutusunun içərisində spesifik iyə malik narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını və həmin narkotik vasitələrdən İntiqam Dadaşov küçəsində yerləşən yaşadığı evində də olduğunu bildirmişdir. Bundan sonra isə təqsirləndirilən şəxsin razılığı və iştirakı ilə onun yaşadığı mənzilə getmiş, evin həyətinə daxil olduqda Təqsirləndirilən şəxs evin zirzəmisində yerləşən kibrit qutuları və şəffaf rəngli sellofan torbada spesifik iyə malik olan narkotik vasitələri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusundan başqa, təxminən 45 ədəd kibrit qutusu da yaşadığı evin zirzəmisindən aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə Qobu PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonu, İntiqam Dadaşov küçəsində yerləşən məhəllədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağa olunan hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş, təqsirləndirilən şəxs 1 ədəd kibrit qutusunda olan narkotik vasitəni təqdim etmiş, həmin kibrit qutusunun içərisində spesifik iyə malik narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını və həmin narkotik vasitələrdən İntiqam Dadaşov küçəsində yerləşən yaşadığı evində də olduğunu bildirmişdir. Bundan sonra isə təqsirləndirilən şəxsin razılığı və iştirakı ilə onun yaşadığı mənzilə getmiş, evinə daxil olduqda Təqsirləndirilən şəxs evin zirzəmisində yerləşən kibrit qutuları və şəffaf rəngli sellofan torbada spesifik iyə malik olan narkotik vasitələri təqdim etmişdir. O, təqsirləndirilən şəxsin yaşadığı evin zirzəmisindən elektron tərəzi aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət omadığını, təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında saxladıqlarını və onun evinə basqın etmədiklərini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə Qobu PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonu, İntiqam Dadaşov küçəsində yerləşən məhəllədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağa olunan hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş, təqsirləndirilən şəxs özü könüllü olaraq 1 ədəd kibrit qutusunda olan narkotik vasitəni təqdim etmiş, həmin kibrit qutusunun içərisində spesifik iyə malik narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını və həmin narkotik vasitələrdən İntiqam Dadaşov küçəsində yerləşən yaşadığı evində də olduğunu bildirmişdir. Bundan sonra isə 4 nəfər polis əməkdaşı təqsirləndirilən şəxsin razılığı və iştirakı ilə onun yaşadığı mənzilə getmiş, video çəkiliş apararaq evinə daxil olduqda Təqsirləndirilən şəxs evin zirzəmisində yerləşən kibrit qutuları və şəffaf rəngli sellofan torbada spesifik iyə malik olan narkotik vasitələri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusundan başqa, təxminən 45 ədəd kibrit qutusu da yaşadığı evin zirzəmisindən aşkar olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs polis bölməsinə aparılmış və orada video çəkililş aparılaraq aşkar olunan narkotik vasitə müvqafiq qaydada sənədləşdirilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün və təqdim etdiyi əşyaların yoxlanmasına dair” protokol, eyni tarixli “Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş disklər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlamış, hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs bu zaman, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə-qurudulmuş marixuanadan əlavə eyni növ narkotik vasitədən yaşadığı evin zirzəmisində də saxladığını bildirmişdir. Rüstəm Quliev polis əməkdaşları ilə birlikdə gedərək yaşadığı evin həyətinə daxil olmuş, evin zirzəmisinə daxil olub orada saxladığı şəffaf rəngli sellofan torbanı götürüb həyətə çıxmış və polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sellofan torbanı açıb içinə baxış keçirdikdə bir ədəd şəffaf sellofan torbada içərisində qurudulmuş marixuana olan kibrit qutuları, içərisdində qurudulmuş marixuana olan kiçik sellofan torbalar və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. İçərisində bitki mənşəli qurudulmuş yaşıl kütlə olan kibrit qutuları sayıldıqda 45 ədəd, içərisində qurudulmuş marixuana olan kiçik sellofan torbalar sayıldıqda 6 ədəd olmuşdur. Təqsirləndirilən şəxs həmin kibrit qutularında və sellofan torbalarda olan qurudulmuş marixuanını yaşadığı evin həyətində əkib-becərdiyi narkotik xassəli çətənə bitkisindən əldə etdiyini və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar olunmuş elektron tərəzi ilə bağlı sorğuya cavab verərək narkotik vasitəni çəkmək üçün saxladığını söyləmişdir. Aşkar olunanmuş cəmi 46 ədəd kibrit qutusunda və 6 ədəd şəffaf rəngli sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, bir ədəd sellofan müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olan 1 (bir) ədəd disk və həmin diskə baxış keçirlməsi haqqında 15 yanvar 2025-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Həyətyanı torpaq sahəsinə baxış keçirilməsi haqqında” protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üstündən və evindən aşkar olunmuş narkotik vasitə-qurudulmuş marixuananın əldə olunduğu mənbəni müəyyən etmək üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsi, 35 saylı yaşayış evinin həyətyanı sahəsində narkotik xassəli çətənə (kannabis) bitkisi və ya digər narkotik xassəli bitkilərin əklib-becərilməsinin, habelə bu növ bitkilərin cinayətin törədilməsindən əvvəl əkilib-becərilməsinə xarakterik olan izlərin müəyyən edilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı həmin evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin baxış keçirilən torpaq sahəsinin səthində narkotiok xassəli bitkilər və narkotiok xassəli bitkilərin əvvəllər əklilməsinə dəlalət edən izlər (bu növ bitkilərin qurumuş gövdəsi, budaqları və ya kökləri) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 08 oktyabr 2024-cü il tarixli 3-16-16/2-7/1687 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən və evinin zirzəmisindən aşkar edilmiş maddi sübut” yazıları və imzalar olan kağız paketdə 46 (qırx altı) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 3,74 qram, 4,03 qram, 3,63 qram, 3,95 qram, 3,62 qram, 3,85 qram, 3,42 qram, 4,18 qram, 3,59 qram, 4,22 qram, 3,44 qram, 3,74 qram, 3,43 qram, 3,53 qram, 3,66 qram, 3,42 qram, 3,64 qram, 3,66 qram, 3,60 qram, 3,85 qram, 3,62 qram, 3,92 qram, 3,58 qram, 3,46 qram, 3,82 qram, 3,54 qram, 3,68 qram, 3,57 qram, 3,65 qram, 3,59 qram, 3,75 qram, 3,58 qram, 3,88 qram, 3,65 qram, 4,02 qram, 3,58 qram, 3,57 qram, 4,26 qram, 3,78 qram, 2,92 qram, 3,54 qram, 3,53 qram, 3,93 qram,3,56 qram, 3,83 qram, 3,57 qram, ümumi çəkisi – 169,58 qram və 6 (altı) ədəd şəffaf sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri - 105,0 qram, 265,0 qram, 80,0 qram, 75,0 qram, 15,0 qram, 2,53 qram, ümumi çəkisi -542,53 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 46 (qırx altı) ədəd kibrit qutusunda və 6 (altı) ədəd şəffaf sellofan torbada olan marixuanaların ümumi çəkisi — 712,11 qramdır. Həmin marixuanalar tərkibinə görə eynidir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitənin-marixuananın hissəscikləri vardır. Həmin hissəcikləri cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı və onunla müqayisəli tədqiqat aparılmadı. Ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuananın çəkisi 711,07 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7459 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3210 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisəni törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən məhkəmə iclasında törətmiş olduğu cinayət əməli ilə bağlı özünü təqsirli bilərək aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən ona hər hansı hədə-qorxu, işgəncə, psixi və ya fiziki təsir göstərilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 22 yanvar 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 711,07 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üstündən, yaşadığı evin zirzəmisindən narkotik vasitə-qurudulmuş marixuana və bir ədəd elektron tərəzinin aşkar edilməsinə dair video görüntüləri əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan —xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və iki azyaşlı uşaq — xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 vardır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Təmiri Birliyinin Aşağı Güzdək MTİİTS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsində ailəsi ilə yaşayan Təqsirləndirilən şəxs barəsində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası şəhid olmuşdur, o, şəhid ailəsinin üzvüdür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı evindən aşkar olunan elektron tərəzini və açıq sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması, yalnız kibrit qutularında olan narkotik vasitənin özünə məxsus olması və şəxsi istifadəsi məqsədilə əldə etməsi, həmin sellofan torbada olan narkotik vasitənin polis əməkdaşları tərəfindən evin zirzəmisinə yerləşdirilməsi, polis əməkdaşlarının təzyiqi nəticəsində ittiham aktında qeyd olunan narkotik vasitəni öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmmə, Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmamış uşağının olmasını və şahid ailəsi üzvü olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Abşeron RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan qalıq çəkisi 711,07 qram qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nın maddi sübutları saxlama kamerasında saxlanılan qalıq çəkisi 711,07 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 01 ədəd elektron tərəzi müsadirə edilsin, 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar