Məhkəmə qərarları › İş №1(124)-264/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-264/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-264/2022 28.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri: Təqsirləndirilən şəxs2 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında baxaraq məhkəmə, müəyyən e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət daxil olmuşdur. İş materiallarına əsasən ********* nömrəli cinayət işi Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Həsənov tərəfindən 21 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə ayrıca icraata ayrılmaqla istintaq aparılmışdır. 210110229 nömrəli cinayət işi isə həmin müstəntiqin 11 iyul 2021-ci il tarixli qərarı ilə külli miqdarda narkotik vasitələrin aşkar olunması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanılaraq istintaq aparılmışdır. Daha sonra, 10 oktyabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə sonuncu nömrə ilə icraat davam etdirilmişdir. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. 13 oktyabr 2021-ci il tarixli qərara əsasən cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. 27 oktyabr 2021-ci il tarixdə cinayət işi Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən icraata qəbul edilməklə istintaq davam etdirilmişdir. Həmin müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham verilmiş və iş üzrə tərtib olunmuş ittiham aktı 18 fevral 2022-ci il tarixdə Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən təsdiq edilərək aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəməyə vəsatətlə müraciət edərək cinayət işinin aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etmişdilər. Müdafiəçilər vəsatətlərini onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlara əsasən Təqsirləndirilən şəxs2 tərəfindən sonuncu cinayət əməli Bakı şəhərinin ərazisində törədilmişdir. Dövlət ittihamçısı X5 məhkəməyə vəsatətlə müraciət edərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyini qeyd edərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin həmin pozuntulara yol vermiş ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmasını məhkəməyə təklif etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs X2 tutulduğu tarix və vaxt ittihamda ümumiyyətlə göstərilmədiyindən, eləcə də Təqsirləndirilən şəxs2 tutulduğu və onunla bağlı iki müxtəlif ünvanda aparılan axtarışın tarixi və vaxtı göstərilməməklə anlaşılmazlığa yol verildiyindən, ittiham aktının tərtib edilməsi qaydası pozulmaqla nədə ittiham olunduqlarını bilməyən təqsirləndirilən şəxslərin müdafiə hüquqları da pozulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin materiallarını öyrənərkən və işə hazırlıq iclasında baxarkən, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud pozuntulara yol verildiyini müəyyən etməklə hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməli, təqsirləndirilən şəxslərin müdafiəçilərinin vəsatətləri isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, telefon vasitəsi ilə əlaqə saxladığı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi”, “Rza” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin ona 3000 manat pul göndəriləcəyi müqabilində satışını təşkil edəcəyi və ayrı-ayrı yerlərdə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitə satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu niyyətlə İran İslam Respublikasından gömrük nəzarətindən kənar və ondan gizli keçirildiyi 9 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 275,0 qram, 370,0 qram, 405,0 qram, 190,0 qram, 390,0 qram, 305,0 qram, 250,0 qram, 345,0 qram ümumi təmiz çəkisi 2530,0 qram və 1370,0 qram olmaqla ümumi təmiz çəkisi 3900,0 qram külli miqdarda narkotik vasitə olan heroini, bir ədəd bağlamada təmiz çəkisi külli miqdarda 310,0 qram narkotik vasitə tiryəki, bir ədəd 9x19 mm kalibrli "77744" nömrəli, atəşə yararlı yivli odlu döyüş silahını, onun komponent hissəsi ilə olan içərisində 16 ədəd zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, yivli odlu döyüş silahlarında istifadə edilməsi üçün yararlı patronlar olan iki ədəd darağı 07.07.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «Mühəndislik Universiteti»nin yaxınlığındakı ərazidən əldə edib, kirayə yaşadığı ünvan 1 ünvanına daşıyaraq qanunsuz saxlamış, 10.07.2021-ci il tarixdə saat 10 radələrində İran İslam Respublikasının vətəndaşı “Mehdi”, “Rza” adlı şəxsin göstərişi ilə özündə satış üçün saxladığı külli miqdarda yəni, 1370,0 qram narkotik vasitə olan heroini satışının təşkil edilməsi üçün yaşadığı ünvan 2 ünvanın qarşısında “Mehdi”, “Rza” adlı şəxsin vasitəsi ilə cinayət əlaqəsinə girərək əlbir olduğu qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı PB-nin və Xətai RPİnin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 kirayə yaşadığı ünvanda saxlanılaraq kirayə yaşadığı ünvan 1 ünvana video görüntü ilə keçirilmiş baxış zamanı mənzilin qonaq otağında olan şkafın siyirtməsindən 9 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 275,0 qram, 370,0 qram, 405,0 qram, 190,0 qram, 390,0 qram, 305,0 qram, 250,0 qram, 345,0 qram ümumi təmiz çəkisi 2530,0 qram külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd bağlamada təmiz çəkisi 310,0 qram külli miqdarda narkotik vasitə olan tiryək, bir ədəd 9x19 mm kalibrli "77744" nömrəli, atəşə yararlı yivli odlu döyüş silahı, onun komponent hissəsi ilə olan içərisində 16 ədəd zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, yivli odlu döyüş silahlarında istifadə edilməsi üçün yararlı döyüş sursatı-patronlar olan iki ədəd darağı aşkar olunaraq götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 nə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair 07 fevral 2022-ci il tarixli qərarda, nə də ki, iş üzrə tərtib olunmuş ittiham aktının təsviri-əsaslandırıcı və nəticə hissələrində ümumiyyətlə onun tutulduğu və yaşadığı evdə axtarış aparılaraq narkotik vasitə, odlu silah, onun komplekt hissəsi və döyüş sursatının aşkar edildiyi tarix və vaxt göstərilməmişdir. Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, telefon vasitəsi ilə əlaqə saxladığı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza”, “Mehdi” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin hər həftə ona 1000 manat pul göndəriləcəyi müqabilində satışını təşkil edəcəyi və ayrı-ayrı yerlərdə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitə satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu niyyətlə İran İslam Respublikasından gömrük nəzarətindən kənar və ondan gizli keçirildiyi külli miqdarda 700 qram narkotik vasitə heroini və təmiz çəkisi 1,626 qram olan ağ rəngli kristalik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 06.07.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edib satış məqsədi ilə kirayə yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi ev 23, mənzil 12 ünvanına daşımış, 07.07.2021-ci il tarixdə qabaqcadan əldə edilmiş ümumi razılıq əsasında qeyd olan narkotik vasitə heroinin hər dəfə 300 qramdan artıq hissəsini gün ərzində iki dəfə olmaqla ayrı-ayrı saatlarda daşıyıb “Kapital Bank”ın Həzi Aslanov filialının yaxınlığında olan zibil yeşiklərinin yanına yerləşdirmiş, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xətai Rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, 11.07.2021-ci il tarixdə, saat 00:00 radələrində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 23 ünvanının yaxınlığında saxlanılaraq, Xətai RPİ-nin 36-cı PB-nə aparılmış, üzərinə videgörüntü ilə şəxsi axtarış keçirilən zaman əynində olan tünd rəngli cins şalvarın sağ yan cibindən 06.07.2021-ci il tarixdə əldə etdiyi narkotik vasitə və psixotrop maddədən 01 ədəd sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 0,439 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq onun kirayədə yaşadığı ünvan 4 ünvanına baxış zamanı mənzilin qonaq otağına baxış keçirildikdə təmiz çəkisi 1,626 qram olan ağ rəngli kristalik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 55,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, telefon vasitəsi ilə əlaqə saxladığı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza”, “Mehdi” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin hər həftə ona 1000 manat pul göndəriləcəyi müqabilində satışını təşkil edəcəyi və ayrı-ayrı yerlərdə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitə satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu niyyətlə İran İslam Respublikasından gömrük nəzarətindən kənar və ondan gizli keçirildiyi külli miqdarda, təmiz çəkisi 1370,0 qram narkotik vasitə olan heroini Abşeron rayonu, Xırdalan şəhəri, «Mühəndislik Universiteti»nin yaxınlığındakı ərazidə “Rza”, “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə cinayət əlaqəsinə girib əlbir olduğu qrupun digər üzvü Təqsirləndirilən şəxs1 qanunsuz əldə edib qeydiyyatda olduğu ünvan 5 ünvanına satış məqsədi ilə daşıyaraq evin dəhlizində, tavana bərkidilmiş dolabda gizlədərək saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xətai Rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, 11.07.2021-ci il tarixdə, saat 00:00 radələrində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 23 ünvanının yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nə aparılmış, bundan sonra əməliyyat tədbirinin davamı olaraq qeydiyyatda olduğu ünvan 5 ünvanına baxış zamanı mətbəx gedən dəhlizdə, tavana bərkidilmiş dolabdan 01 ədəd selofan bağlamanın içərisində olan bir ədəd selofan bükümdə təmiz çəkisi 1370,0 qram tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 nə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair 09 fevral 2022-ci il tarixli qərarda, nə də ki, iş üzrə tərtib olunmuş ittiham aktının təsviri-əsaslandırıcı və nəticə hissələrində onun kirayədə yaşadığı və qeydiyyatda olduğu, Bakı şəhərinin iki müxtəlif rayonunda yerləşən ünvanlarda axtarış aparılaraq narkotik vasitə və psixotrop maddələrin aşkar edildiyi tarix və vaxt ümumiyyətlə göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin tələbinə əsasən cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət hüququnun doktrinası görə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər uzanan cinayətlər hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rəfail Zeynalovun tutulduğu və evində axtarış aparıldığı tarix və vaxt göstərilmədiyindən, eləcə də Təqsirləndirilən şəxs2la bağlı onun faktiki yaşadığı və qeydiyyatda olduğu Bakı şəhərinin iki müxtəlif rayonlarında yerləşən ünvanlarda aparılan axtarışın tarixi və vaxtı göstərilmədiyindən, iş üzrə ittiham aktının tərtib edilməsi qaydası pozulmuş, bu kobud pozuntular nəticəsində anlaşılmazlığa yol verilməsi isə məhkəmənin hazırlıq iclasında cinayət işinin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində çətinliklər yaratmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayətin törədildiyi yerin göstərilməməsi təqsirləndirilən şəxsin nədə ittiham olunması barədə tam məlumatlandırılmamasına, öz müdafiəsini düzgün qura bilməməsinə, bununla da onun müdafiə hüququnun pozulmasına səbəb olur. Qeyd olunan pozuntular Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsi ilə müəyyən edilmiş təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ istintaq orqanı tərəfindən tam həcmdə təmin edilməmişdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il) Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 barəsində xüsusi qərar çıxarılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, məhkəmə konkret hallarda Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Bakı şəhəri Xətai rayon məhkəməsinin müvafiq olaraq 12 iyul 2021-ci il tarixli və 13 iyul 2021-ci il tarixli qərarları ilə, əvvəlləri 11 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbirləri seçilmiş, daha sonra məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslərin həbsdə saxlanılma müddətləri uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirləri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından təqsirləndilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddətləri qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 28 may 2022-ci il tarixədək uzadılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, 306.2-ci və 307.1ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:

1. Təqsirləndirilən şəxslərin müdafiəçilərinin cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı vəsatətləri əsassız olduğundan təmin edilməsin.

2. Dövlət ittihamçısının cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə bağlı vəsatəti təmin edilsin.

3. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

4. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 28 may 2022-ci il tarixədək uzadılsın.

5. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 28 may 2022-ci il tarixədək uzadılsın.

6. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

7. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.

8. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 barəsində xüsusi qərar çıxarılsın.

9. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar