Məhkəmə qərarları › İş №1(124)-264/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-264/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-264/2024 12.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən iştifadə edilməklə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 01 ədəd şəffaf rəngli sellofan bükümdə 3,647 qram çəkidə qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, idarənin inzibati binasında həmin gün saat 21:50-dən 22:15-ə kimi üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən həmin 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,647 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 06 aprel 2023-cü ildə axşam vaxtı polis əməkdaşları onu Xırdalanda, Mehdi Hüseynzadə küçəsində saxlayıb Abşeron rayon Polis İdarəsinə aparmışlar. Polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bilıdirsələr də o polis əməkdaşlarına bildirmişdir ki, üzərində narkotik vasitə yoxdur. Lakin polis əməkdaşları onu Abşeron RPİ-nə gətirib, ona aid olmayan, hazırda ona verilən ittihamda qeyd edilən narkotik vasitənin ona məxsus olması barədə fiziki təzyiq nəticəsində etirafedici ifadə almışlar. Qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilir, həbs edilənədək ailə üzvləri ilə birlikdə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 21, mənzil 26 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. Təxminən 4-5 il olar müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən mütəmadi istifadə etməyə başlamışdır. Əvvəllər də narkotik vasitələrdən istifadə etdiyinə görə məhkumluğu olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı İlə cəzası 01 (bir) il 06 (altı) aya endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 18:00 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə gəzən zaman yerdə olan balaca şəffaf sellofan büküm diqqətini çəkmişdir. Həmin bükümü yerdən götürərək açdıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu görərərk həmin narkotik vasitəni üzərində saxalamaq qərarına gəlmişdir. Əvvəllər də məhkum olunduğuna görə həmin bükümün içərisində olan maddənin “kokos” adlanan narkotik vasitə olduğunu görmüşdür. Həmin narkotik vasitəni əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. Bundan sonra yaşadığı mənzilə gəlmişdir. 06 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində yaşadığı küçədə piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüşdür. Həmin şəslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişdirlər. Polislər ona külli miqdarda narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində o, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq narkotik vasitə olduğunu bildirmiş, sonra ona müdafiəçi dəvət etmişlər. O müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində narkotik vasitə olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bükülüdə narkotik vasitə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində gəzərkən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə heroin əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Bundan başqa üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini yalnız şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, heç vaxt kiməsə narkotik vasitə satmadığını və belə bir niyyəti olmadığını, üzərində narkotik vasitə saxlaması və daşıması barədə heç kimə məlumat vermədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini, azadlıqda olarkən ***-***-**-** mobil nömrəsində istifadə etdiyini və başqa hər hansı mobil nömrədən istifadə etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPl-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Zaur oğlu sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən ibtidai istintaqda verdiyi ifadəsin müdafiə edərək göstərdi ki, 06 aprel 2023-cü il tarixdə baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən o da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat məlumatı Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, habelə sonuncunun üzərində narkotik vasitə heroin olması ilə bağlı idi. Bununla bağlı həmin gün baş əməliyyat müvəkkili Şahid1la birlkdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə bina 21-in yaxınlığında təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs müəyyən edib ona özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olmasında şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Polis idarəsinə gəlmişdir. Polis idarəsində təhqiqatçı tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Vəkilin də iştirakı ilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəkii gödəkçəsinin cibindən 01 ədəd bükümü təqdim edib həmin bükümdə narkotik vasitə olduğunu bildirmişdir. Həmin büküm açılmış, içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə oxşar maddə olmuş və bütün qeyd edilənlər təhqiqatçı tərəfindən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs heç bir təsir, təzyiq olmamış, üzərindəki narkotik vasitəni o özü təqdim etmiş, narkotik vasitə Təqsirləndirilən şəxs özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni bir gün əvvəl yerdən tapdığını bildirmişdir. . Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid Abşeron RPİ-nin CAŞnin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində məhkəmədə dindirilmiş Şahid2 Zaur oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ev 12A, mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ev 12A, mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ev 12A, mənzil 24-də faktiki yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi şübhəsi ilə xx.xx.2023-cü ildə Abşeron rayonu Xırdalan şəhəri, M. Hüseynzadə küçəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,647 qram olan narkotik vasitə heroini könüllü surətdə təqdim etmiş və həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd edilən video görüntüyə məhkəmə iclasında baxılarkən də qeyd edilən protokolda göstərilənlər və şahidlərin ifadələrindəki xüsusatlar bir daha təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 07 aprel 2023-cü il tarixli, 6/2023 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,647 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi - 3,647 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 3,597 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 may 2023-cü il tarixli 3109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriik Ekspertiza Mərkəzi" X7 xx.xx.2023-cü il tarixli 1804 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Psixi xəstəlikdən əziyyət çəkmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilməsinə dair məhkəmədə verdiyi ifadəsi ilə əlaqədar məhkəmə tərəfindən verilmiş sorğu ilə bağlı Təcridxanadan daxil olaraq cinayət işinin materiallarına əlavə olunub məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ilk tibbi baxış haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər iki saidin ön səthində köhnə çapıq toxuması vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon prokurorunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş 21 oktyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİnin əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra Abşeron RPİ-də aparılan istintaq və prosessual hərəkətlərin gedişində döyülməsi, hədə-qorxu, təzyiq, qəddar, qeyri insani, ləyaqəti alçaldan rəftar və cəzaya, o cümlədən işgəncəyə məruz qalması toplanmış sübutlarla öz təsdiqini tapmamış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materialların materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi 3,647 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni ümumi 3,597 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 aprel 2023-cü il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 01 il 06 aya endirilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi vardır. Onun Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını bildirsə də qeyd olunan hallarla əlaqədar olaraq cinayət işinin meteriallarındakı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar araşdırılmış, onun bədəni üzərində olan köhnə çapıq izləri tutulduğu tarixdən əvvəl olmuş və istintaq orqanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuz təsirin olmasını müəyyən etməmişlər. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polislər tərəfindən fiziki təsirə məruz qaldığını bildirsə də, cinayət işinin materiallarında təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadələr tətqiq olunarkən həm şübhəli şəxs kimi verdiyi ifadəsində, həm təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində həm də ilkin izahatında etirafedici ifadələr verdiyi müəyyən olunur. Həmçinin bütün ibtidai istintaq müddəti ərzində təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla əlaqədar hər hansı bir etirazını bildirdiyi müəyyən olunmur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək sonuncunun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 92 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Abşeron Rayon Polis İdarəsində maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 3,597 qram olan narkotik maddə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspert tədqiqatından sonra qalan 3,597 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar