Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-264/2025 08.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Xaçmaz rayonu, Çarxı ərazi dairəsi Xanlıqoba kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri Yaşma bağları ərazisində fermada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 2,635 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 (bir) ədəd qara rəngli üzəri skoçlu bağlamada, xeyli miqdarda, təmiz çəkisi 17,777 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma məqsədi ilə İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxslə şəxsi istifadəsində olan “Samsung A03” markalı mobil telefonun “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlamış, İran İslam Respublikasının vətəndaşı istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə olan heroini və qurudulmuş marixuananı Sumqayıt şəhəri Azərbaycan prospekti ərazisində yerləşən Sumqayıt şəhər Baş Poçt İdarəsinin yaxınlığında gizlətməklə yerləşdirərək həmin maddələrin və yerin fotoşəkillərini onun istifadəsində olmuş “Samsung A03” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, İİR-in vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən qanunsuz əldə etmək üçün 22 oktyabr 2024-cü il tarixdə yaşadığı Xaçmaz rayonundan onun cinayət əməllərindən məlumatı olmayan Şahid1 idarə etdiyi “Priora” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncu ilə birlikdə həmin ünvana gəlmiş, həmin yerdən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini və xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı özü üçün qanunsuz əldə etməklə daşıyaraq əynindəki qara rəngli pencəyinin sol iç cibində gizlətməklə saxlamış, 22 oktyabr 2024-cü il tarixdə, saat 19:50 radələrində Sumqayıt ŞPİnin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Dədə Qorqud” restoranının yaxınlığında saxlanılmaqla Sumqayıt ŞPİ-yə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 2,635 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd qara rəngli üzəri skoçlu bağlamada, xeyli miqdarda, təmiz çəkisi 17,777 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli pencəyin sol iç cibindəki “Kent” markalı siqaret qutusunun içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İİR vətəndaşı ilə "Tik-tok" sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, ondan narkotik vasitə qurudulmuş marixuana istəmiş, lakin İİR vətəndaşı ona qurudulmuş marixuana kifayət etmirsə narkotik vasitə heroin də istifadə etməsini təklif etmiş, o da İİR vətəndaşına əlavə pulunun olmadığını bildirmişdir. O, Sumqayıt şəhəri, Lenin küçəsindən qurudulmuş marixuananı götürəndə heroinin də oraya qoyulduğunu görmüşdür. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq 2-3 ildir ki, narkotik vasitələrdən qurudulmuş marixuana istifadə etdiyini, metamfetamin və heroin istifadə etmədiyini və himayəsində 3 azyaşlı uşağının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmadığını, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 bildirmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, şəxsin yeri müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs maşınla hərəkətdə olarkən ona saxlaması üçün işarə verərək Sumqayıt şəhəri, “Dədə Qorqud” restoranının qarşısında maşını saxlatmışdırlar. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onu polis idarəsinə aparmış, idarədə xidməti otaqların birində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr aşkar olunmuş və aşkar olunan narkotik vasitələr protokollaşdırılaraq qablaşdırılmışdır. Aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana və heroin olduğunu, onların çəkisinin külli miqdarda olduğunu, lakin dəqiq çəkisini xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid3 bildirmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə axşam saat 20-21 radələrində Sumqayıt şəhərində yerləşən "Dədə Qorqud" restoranın yaxınlığında Təqsirləndirilən şəxs maşınla hərəkətdə olan zaman ona saxlaması üçün işarə verərək maşınını saxlatmışdırlar. Həmin vaxt maşında sürücü və təqsirləndirilən şəxs olmuşdur. Özlərini təqdim edərək onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmiş, daha sonra polis idarəsində xidməti otaqların birində təhqiqatçının və vəkilin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən özünə məxsus olan narkotik vasitələr aşkar olunmuş və Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru, polis serjantı Şahid4 bildirmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə axşam saat 20-21 radələrində Sumqayıt şəhərində yerləşən "Dədə Qorqud" restoranın yaxınlığında Təqsirləndirilən şəxs maşınla hərəkətdə olan zaman ona saxlaması üçün işarə verərək maşınını saxlatmışdırlar. Özlərini təqdim edərək onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmiş, daha sonra polis idarəsində xidməti otaqların birində təhqiqatçının və vəkilin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən özünə məxsus olan narkotik vasitələr aşkar olunmuş və Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qonşu kənd sakini kimi tanımış, sonuncu ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Sumqayıt şəhəri, Baxçaşəhər yaşayış kompleksində fəhlə işləmişdir. 22 oktyabr 2024-cü il tarixdə yaşadığı Xaçmaz rayonundan idarə etdiyi “Priora” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək Sumqayıt şəhərinə gəlmiş, Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yolun kənarında avtomobili saxladığı zaman Zakir gəlib ona yaxınlaşaraq salamlaş və hara getdiyini soruşmuş, o Zakirə Sumqayıt şəhərinə getdiyini dedikdə isə sonuncu onu da Sumqayıt şəhərinə aparmasını xahiş etmiş, o da etiraz etməmişdir. Onlar Sumqayıt şəhərinə çatıb şəxsi işlərini gördükdən sonra Zakir ondan deyəcəyi yerə aparmasını xahiş etmiş, o isə Zakirdən hara və nə səbəbə getdiyini soruşanda sonuncu bildirmişdir ki, ona pul verəcəklər, həmin pulu götürməyə gedir. Bundan sonra o, Zakirlə razılaşıb istədiyi yerə aparacağını demişdir. Sonra isə Zakir mobil telefonuna baxaraq ona yolu izah etmiş və onlar Sumqayıt şəhərində poçtun yaxınlığına çatmışlar. Orada Zakir ondan yolun kənarında, avtomobildə onu gözləməsini, bir nəfər tanışından pul götürüb gələcəyini demişdir. O, da Zakirlə razılaşıb avtomobildə əyləşmiş və sonuncu isə avtomobildən düşüb hansısa istiqamətdə getmiş, lakin o Zakirin hara getdiyinə diqqət yetirməmişdir. Bir neçə dəqiqədən sonra isə Zakir geri qayıdıb avtomobildə sağ arxa oturacaqda əyləşmişdir. O, avtomobili idarə etməyə başladıqda söhbət əsnasında Zakirə yenidən Xaçmaz rayonuna qayıdacağını demiş, souncu isə onu da Yaşma bağları ərazisinə düşürtməsini xahiş etmiş, o da razılaşmışdır. Təxminən saat 19:50 radələrində Sumqayıt şəhərində yerləşən “Dədə Qorqud” restoranının yaxınlığında olduqları zaman polis əməkdaşları ona saxla işarəsi vermişlər, o da avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və Zakirə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onları Sumqayıt ŞPİyə dəvət etmişlər, onlar da etiraz etməyib polislərlə birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində olduqları zaman Zakiri xidməti otaqların birinə aparmışlar, sonradan isə ona məlum olmuşdur ki, Zakirin üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun üzərində narkotik vasitə aşkar olunmuşdur. Zakirin narkotik vasitə istifadəçisi olmasını bilməmişdir. Zakirin Sumqayıt şəhərinə narkotik vasitə əldə etmək üçün gəlməsindən məlumatı olmamışdır. Heç vaxt narkotik vasitə görməmiş və istifadə etməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-yə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd pul qabını, digər cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və pencəyinin cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu çıxaraq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, sonuncunun üzərində başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Kent” markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman bir ədəd qara rəngli, şəffaf sellofan bükülü aşkar olunur. Qara rəngli sellofan bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana kütləsinin, şəffaf sellofan bükülünün içərisində isə narkotik vasitə olan heroinin olması aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri təxminən 3-4 gün əvvəl “Tik-tok” sosial şəbəkəsində tanış olduğu “Baba” adlı İİR vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini, “Baba” adlı şəxsin həmin narkotik vasitələri Novxanı yoluna qoyduğunu, həmin ünvanın koordinatlarını ona göndərdiyini, narkotik vasitənin qoyulduğu yerə gedib narkotik vasitələri əldə etdiyini, həmin narkotik vasitələrə görə “Baba” adlı şəxsə 300 manat pul ödəməli olduğunu, pulu olmadığından daha sonra bank kartına göndərməklə ödəyəcəyi ilə razılaşdığını, saxlanılan zaman yanında olan tanışı Elxanın onun həmin ünvana narkotik vasitə əldə etmək üçün getməsindən məlumatının olmadığını bildirir. Aşkar olunmuş bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A03” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmadı. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olan 1 (bir) ədəd disk və həmin diskə baxış keçirlməsi haqqında 10 dekabr 2024-cü il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1750 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 büküm” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd qara rəngli üzəri skoçlu bağlamada təmiz çəkisi 17,777 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4965 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr” və s. soyadlar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,635 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 7292 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 yanvar 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,727 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2,535 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuş, xx.xx.2022-ci il tarixdə isə Xaçmaz rayon məhkəməsinin qərarı ilə ona təyin edilmiş cərimə cəzası islah işləri cəzası ilə əvəz edilmiş və islah işləri cəzasının müddəti hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə müəyyən edilmişdir Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaq — xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 vardır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmiş, əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon icra və probasiya şöbəsindən alınmış 01 aprel 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasının 01 (bir) il hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(067)-16/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 (bir) il 06 (altı) ay islah işləri cəzasının çəkilməmiş qalan 01 (bir) il hissəsi islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunan cəza ilə qismən birləşdirilərək cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 17,727 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2,535 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 180 (yüz səksən) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1–ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(067)-16/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 (bir) il 06 (altı) ay islah işləri cəzasının çəkilməmiş qalan 01 (bir) il hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 17,727 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2,535 qram olan narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-264/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-264/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver