Məhkəmə qərarları › İş №1(124)-265/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-265/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-265/2024 07.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “Xəzər bağları” yaşayış massivi fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı "Əli" adlı şəxslə istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “WhatsApp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonra bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin 101,905 qram çəkidə, külli miqdarda narkotik vasitə heroini Bakı şəhəri, Nizami rayonu ərazisində istintaqa məlum olmayan küçədə 01(bir) ədəd sellofan bağlamada gizlədib yerləşdirərək, daha sonra həmin bağlamanın geolokasiyasını Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs isə həmin ünvana gedərək küllü miqdarda yəni, 101,905 qram narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 10 aprel 2023-cü il tarixdə saat 21:10 dəqiqədə Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən 5-ci Polis Bölməsinin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 101,905 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsə SMS yazaraq öz şəxsi istifadəsi üçün narkotik vasitəyə ehtiyacı olduğunu bildirmiş, həmin şəxs ona ünvan deyəcəyini və onun gedib həmin ünvandan narkotik vasitəni götürə biləcəyini söyləmişdir. Təxminən yarım saat sonra ona konum gəlmiş, o, taksi şirkətinin programı vasitəsi ilə konumu açmış, yaşadığı ərazidən konumda göstərilən əraziyə getmiş və orada ona foto şəkil göndərilmiş, foto şəkildə ağac və yanında qırmızı işarə təsvir olunmuşdur. Narkotik vasitəni götürdükdən sonra gəldiyi taksiyə minib Sumqayıt şəhərinə gəlmişdir. Taksi məbləği 20 manat 40 qəpik olmuş və ödənişi kart ilə ödəyəcəyini düşünmüşdür. Sumqayıta çatana yaxın “Rahat” marketə girərək siqaret və bizon almışdır. Taksidə yatmış və Sumqayıt şəhərinə girən zaman yol polisi əməkdaşları taksini saxlatmışlar. Əməkdaşlar özlərini təqdim etmiş və daha sonra onun qapısını açıb sürüyərək yerə atmış, üzərində narkotik vasitə olduğunu söyləmişdir. Avtomobilin sürücü oturacağında oturmuş polis əməkdaşı onun yerə nə isə atdığını söyləmişdir. Möhübbət və Orxan ona fiziki təsir göstərərək malın harada olduğunu soruşmuşlar, o isə üzərində mal olmadığını bildirmişdir. Narkotik vasitə isə onun idman şalvarının sağ cibində olmuşdur. Daha sonra onu polis avtomobilinə əyləşdirmişlər, sürücü oturacağında Orxan adlı polis əməkdaşı oturmuş və onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. İdarəyə gələn zaman hələ də onun üzərindən narkotik vasitəni aşkar edə bilməmişlər, idarədə olan zaman yenidən narkotik vasitənin harada olduğunu soruşmuşlar, o da narkotik vasitənin onun sağ cibində olduğunu bildirmişdir. Möhübbət adlı polis əməkdaşı narkotik vasitəni onun cibindən çıxaran zaman “Orxan, biz bunun üçün gəlmişik?” söyləmişdir. O, qardaşı ilə danışmağa icazə vermələrini xahiş etmiş, amma icazə verilməmiş, narahat olmamasını söyləmişlər. Onu idarədə bir otağa gətirmişlər, otağa girən zaman polis rəisi taksi şofiri ilə münasibətlərinin nə olduğunu və onun narkotiklə əlaqəsinin olub-olmadığını soruşmuş, o isə taksi şofirini tanımadığını, narkotiklə əlaqəsinin olmadığını bildirmişdir. Otaqdakı stolun üzərində bir qara büküm və onun üzərindən aşkar olunmuş narkotik vasitə olmuşdur. Həmin şəxs qara bükümü göstərərək onu nə etdiyini soruşmuş, o isə həmin bükümün ona məxsus olmadığını bildirmişdir. O, üzərindən çıxan narkotik vasitəni göstərən zaman Orxan, Möhübbət və Təbriz adlı polis əməkdaşları onun üzərinə gəlmişlər. Mübahisə etdikdən sonra polis əməkdaşları ona razılaşmasını və narahat olmamasını, ona köməklik edəcəklərini bildirmişlər. Daha sonra taksi şofirini çağırmışlar və taksi şofiri də onu tanımadığını bildirmişdir. Polis əməkdaşları ona təsir edərək narkotiki boynuna götürməsini, ona hər cür köməklik edəcəklərini söyləmişlər. Daha sonra polis əməkdaşları idarənin həyətində onu avtomobilə əyləşdirərək şəhərə çıxarmışlar və onun evinə 4 kq narkotik qoyacaqlarını və evindən çıxaracaqlarını söyləmişlər. Həmin vaxt onun telefonu polis əməkdaşlarının əlində olmuş və açıq vəziyyətdə olmuşdur. Şəhərdə fırlandıqdan, bir neçə yerə getdikdən sonra bulvara getməyə qərar vermişlər və bu vaxt telefonun açıq olduğunun fərqinə varmışlar və telefonu söndürmüşlər. Narkotik vasitəni aldığı şəxslə mesajlaşmaları telefonda qalmışdır. Yol boyu polis əməkdaşları ona fiziki və psixi təsir göstərmişlər. Daha sonra polis əməkdaşları ona nə deyilirsə etməsini və əvəzində ona kömək edəcəklərini söyləmişlər. O da məcbur qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra idarəyə gəlmişlər, idarədə polis əməkdaşlarından narkotik vasitə istəmiş, polis əməkdaşları ona narkotik vasitə vermiş və o, narkotiki qəbul etmişdir. Otaqda stolun üzərindən telefonunu götürüb baxdıqdan sonra telefonu təzədən söndürmüşdür. Daha sonra onu çəkiliş otağına qaldırmışlar. Polis əməkdaşları çəkiliş otağının yanındakı ayaq yoluna girərək onların verdiyi narkotik vasitəni üzərinə qoymasını söyləmişlər. Həmçinin, çəkiliş zaman həmin narkotik vasitəni tanımadığı İran vətəndaşından əldə etdiyini söylətmişlər. Çəkiliş zamanı o, narkotik vasitəni cibindən çıxararaq tərəziyə qoymuş və həmin vaxt narkotik vasitə yerə tökülmüş və tərəzidə narkotik vasitənin 105 qram olduğunu görmüşdür. O etriaz edən zaman çəkilişi dayandırmışlar. Həmin vaxt Qoşqar adlı vəkil də orada olmuşdur. Daha sonra onu yenidən ayaq yoluna apararaq döyməyə başlamışlar. O, taqətsiz halda qalaraq yenə də polis əməkdaşları ilə razılaşmışdır. Yenidən çəkilişə başlamışlar və o, sənədlərə imza çəkmişdir. Səhəri gün müstəntiqin yanına getmiş və müstəntiq sənədlərə imza çəkdikdən sonra prokurorun yanına gedəcəklərini söyləmişdir. O, müstəntiqdən vəkilin gəlməsini tələb edən zaman müstəntiq vəkilə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə qarşısına çıxarılan zaman onun barəsində 04 ay həbs qətimkan tədbiri seçilmişdir. O, axşam 21:30 radələrində polis idarəsinə daxil olmuş, yarım saat söhbət etdikdən sonra polis əməkdaşları onu şəhərə çıxarmışlar, şəhərdə 1 saat fırlandıqdan sonra təzədən idarəyə gətirmişlər. Gecə saat 3-4 radələrində polis əməkdaşları onu müvəqqəti saxlama yerinə gətirmişlər. İstintaq zamanı o, sonradan ifadəsini dəyişmiş və hadisəni olduğu kimi danışmış, polis əməkdaşları ilə üzləşdirmə zamanı polis əməkdaşları fərqli cavablar vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, 2 ildir ki, nəfəsə çəkmə yolu ilə narkotik vasitə qəbul edirmiş. Sosial şəbəkə vasitə ilə danışdığı şəxsdən təxmini 1 qram narkotik vasitə almışdır. Həmin şəxsi tanımamış, onun dediyi konuma getmişdir. Həmin şəxsə çox yalvardığı üçün narkotik vasitəni ona pulsuz vermişdir. Gün ərzində bir dəfə 0,2 qram narkotik istifadə etmişdir. Narkotik aldığı şəxs Azərbaycan nömrəsi istifadə etmişdir. Çəkilişdən əvvəl ona təsir olunduğunu vəkil də görmüşdür. Məhkəmə qarşısına çıxarılan zaman o, hakimə bu barədə bildirməmişdir. Polis əməkdaşları onu Sumqayıtın girəcəyi tərəfdə saxlamışlar. Daha sonra həmin taksini polis əməkdaşı idarə etmiş və polis idarəsinə gəlmişlər. Onlar idarəyə polis əməkdaşlarının avtomobili ilə gəlmişlər. İstintaq zamanı taksi şofiri ilə o üzləşdirilməmişdir. Polis idarəsindən Möhübbətin avtomobili ilə o, Orxan və Möhübbət getmiş, arxalarınca isə Təbriz gəlmişdir. İbtidai istintaq zamanı təsir və təzyiqlərə məruz qalaraq ifadə verdiyi üçün həmin ifadəni təsdiq etmir. Prokurorluqda onun dediyi məsələlərlə bağlı araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində özünü ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, bir neçə ildir ki. narkotik vasitələrdən istifadə edir. Bir müddət əvvəl o, sosial şəbəkədə özünü Əli kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. O, onun dəqiq adını bilmir. xx.xx.2023-cü il tarixdə həmin şəxs ona “whatsapp” vasitəsi ilə gedəcəyi ünvanı (konuın) göndərib ondan həmin ünvana gedib orada olan narkotik vastə olan heroini götürməyini xahiş etmişdir. O, tanımadığı bir taksi ilə həmin ünvana yəni Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrosunun yaxınlığına getmişdir. O, orada deyilən ünvandan yerdən həmin narkotik vasitə olan heroini götürüb Sumqayıt şəhərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 21:10 dəqiqədə o, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən 5-ci polis bölməsinin yaxınlığında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda, qanunsuz üzərində gəzdirilməsində və satışında şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət elmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt Şəhər Polis İdarəsinə gəlmişlər. Polis İdarəsinə çatdıqdan sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X8 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif elmişlər. O. əynindəki qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim elmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasilə olan heroindir və onu Əli adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində Neftçilər metrosunun yaxınlığında qoyduğu yerdən götürüb və həmin şəxsin deyəcəyi yerə qoymaq üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 105,53 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılacaq möhürlənmişdir. O. üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olmuşdur və üzərində 055 890- 93-15 mobil nömrəsi olmuşdur (cild 01, iş vər. 74-76). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanlanan sualları cavablandıran təqsirləndirilən şəxs göstərmişdir ki, döyüldüyü və işgəncəyə məruz qaldığı üçün həmin ifadəyə imza çəkmişdir. Hazırda həmin ifadəni qəbul etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə məlumat daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən 5-ci Polis Bölməsinin yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Nazimə nə üçün saxlanıldığını bildirmişlər və onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqlardan birində videoçəkilişlə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, o, həmin narkotik maddəni tutulduğu gün İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu ərazisində qoyduğu yerdən götürüb başqa bir yerə qoyacağını və bunun müqabilində həmin narkotikdən özü istifadə etmək üçün bir qədər götürəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi axşam saatlarında saxlamışlar. Şəxsi 5-ci Polis Bölməsinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlamışlar. Şəxsi o, Orxan və Təbriz saxlamışlar, şəxsin həmin vaxt reaksiyası normal olmuş, onlara müqavimət göstərməmişdir. Saxlanılan zaman şəxsin üzərində şəxsi axtarış keçirilməmişdir. Polis idarəsində xidmət etdikləri üçün təqsirləndirilən şəxsi idarəyə aparmışlar. Şəxsin üzərinə idarədə axtarış keçirilən zaman üzərindən narkotik vasitə aşkar olunmuş, həmin narkotik vasitə tərəzidə ölçülmüş və çəkisi 100 qramdan bir az çox olmuşdur. Şəxsin üzərində narkotik vasitənin olduğu əvvəlcədən onlara məlum olmuşdur. Onlar tərəfindən şəxsin yaşadığı ünvana baxış keçirilməmişdir. Şəxs polis idarəsinə daxil olduqdan sonra ordan çıxaraq başqa heç bir yerə getməmişdir və ya aparılmamışdır. Şəxsin polis idarəsinə aparıldığı avtomobili xatırlamamışdır. Onlar təqsirləndirilən şəxslə idarədən çıxıb Sumqayıt şəhəri ərazisində gəzməmişlər. Şəxs axşam saatlarında saxlanılmışdır. Onlar təqsirləndirilən şəxsi polis idarəsinə tək gətirmişlər. Əməliyyat məlumatı ona daxil olmamışdır. Əvvəllər həmin şəxsin barəsində onlara əməliyyat məlumatı daxil olmamışdır. Əməliyyat məlumatı şəxsin narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə olmuşdur. Saxlanıldıqdan sonra şəxs onlara müqavimət göstərməmişdir. Saxlanılan zaman şəxs tək olmuşdur. Onlar yol kənarında şəxsi saxlayan zaman yol polis əməkdaşları onları görüb yaxınlaşmışlar və köməyə ehtiyacları olubolmadığını soruşmuşlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 şahid X5 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, taksi şirkətində taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs taksi sifariş vermiş və sifarişə əsasən o, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisindən götürüb Bakı şəhəri ərazisinə, oradan isə yenidən Sumqayıt şəhərinə gətirməli olmuşdur. Taksidə olan zaman Nazim ailə üzvləri ilə evə alacağı ərzaqlar barəsində danışmışdır. Onlar Bakıdan Sumqayıta qayıdan zaman yolda Nazim avtomobildən düşmüş, daha sonra bir neçə polis əməkdaşı onlara yaxınlaşmış və Nazimi saxlayaraq özləri ilə polis idarəsinə aparmışlar, o, isə hadisə yerindən uzaqlaşaraq getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, yaxın qohumlarını itirdiyi üçün yaddaşı zəifləmiş və Nazimin taksidə sifariş verdiyi ünvanı hazırda xatırlamır. Gədəcəkləri ünvanı Nazim ona göstərmişdir. Onlar Bakıya getmişlər və Bakıda olan zaman o, avtomobili saxlamış və Nazim ondan 200-300 metr aralıya-binalar tərəfə getmişdir. Nazimin gedib-gəlməyi 10-15 dəqiqə çəkmişdir. Onlar taksi pulu danışmamış, çünki Nazim taksi xidmətindən sifariş etmişdir. Səhv etmirsə gediş-gəliş haqqı təxminən 30 manat olmuşdur. Nazim Bakıda avtomobilə əyləşən zaman əlində heç nə olmamışdır. Polis əməkdaşları onları Sumqayıt şəhərinin girəcəyinə yaxın, üzü Məhkəmə Kompleksi istiqamətində gələn zaman saxlamışlar. Onlar avtomobili saxlamışlar ki, su və ya siqaret alsınlar. Nazim kioska yaxınlaşmış, o isə yol polisinin avtomobilini görən zaman öz avtomobilini irəli sürərək saxlamış və həmin vaxt polis əməkdaşlarının Nazimin üzərinə getdiyini görmüşdür. Nazim Bakı şəhərində binaların arasına getmiş və gözdən itmişdir. Hadisə gecə radələrində baş vermişdir. Nazimdən Bakıya getmə səbəbini soruşmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. Müstəntiq tərəfindən ona təzyiq olunmamışdır. Nazim avtomobildən düşüb 200 metr aralıda binaların arasına girənə kimi onu müşahidə etmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. Nazim binaların arasından geri qayıdıb avtomobildə əyləşən zaman ön oturacaqda oturmuşdur. Nazimin cibində və üzərində olan hər hansı əşya onun diqqətini cəlb etməmişdir. Nazim saxlanılan zaman yolda post olmamış, amma yol polis avtomobilləri olmuşdur. Nazimin saxlanılması ilə bağlı ona heç bir göstəriş verilməmişdir. 5-6 nəfər şəxs Nazimin üzərinə gedərək onu saxlamışlar. O, polis əməkdaşlarını görən kimi avtomobili sürüb oradan uzaqlaşmışdır. Hadisə günü, yoxsa səhəri günü polis idarəsinə getdiyini dəqiq xatırlamır. Nazim ona taksi haqqını ödəməmişdir. O, 5-ci Polis Bölməsinin qarşısında Nazimi gözləməmişdir. Nazim 5ci Polis Bölməsinin qarşısında yox, Sumqayıt dairəsi tərəfdə saxlanılmışdır. O, Nazimin saxlanılma anını görmüş və avtomobilini sürərək getmişdir. Nazimin avtomobildən düşməsi ilə polis əməkdaşlarının ona yaxınlaşması arasında 3-5 saniyə vaxt keçmişdir. Nazimin kiminləsə danışmağa şəraiti olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Nazim adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Nazim” adlı şəxsin xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhəri 42-ci məhəllə, ev 64A, mənzil 77-də qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər bağları massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhəri 42-ci məhəllə, ev 64A, mənzil 77-də qeydiyyatda olan və sumqayıt şəhəri Xəzər bağları massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Sülh küçəsi 5-ci Polis Bölməsinin yaxınlığında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd büküm aşkar olunmuş, həmin bükümə baxış zamanı narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, şəxsi axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung markalı mobil telefon da aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli, 6/2114 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 101,905 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 46-50). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2023-cü il tarixli, 483 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 66-67). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının xx.xx.2023cü il tarixli, 483 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, 4368 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 194- 195). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, hazırki cinayət işindən aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır (cild 01, iş vər. 247- 258). İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Nazim adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Nazim” adlı şəxsin xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhəri 42-ci məhəllə, ev 64A, mənzil 77-də qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər bağları massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd büküm aşkar olunmuş, həmin bükümə baxış zamanı narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, şəxsi axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung markalı mobil telefonda aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaqın ilkin dövründə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən – ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni onun üzərində az miqdarda narkotik vasitənin olması, aşkar olunan miqdarda narkotik vasitənin onun üzərində olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində, o cümlədən psixi təzyiqlər nəticəsində məcbur qalıb etirafedici ifadə verməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, məhkəmədən yalnız barəsində olan həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatın təmin edilməməsini xahiş etmiş, yalnız müqavilə üzrə vəkili prosesə qoşulduqdan sonra hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir ki, məhkəmə kollegiyası bunu müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qəbul edir. Digər tərəfdən, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki təsirə məruz qaldığını bildirsə də, saxlanıldıqdan qısa müddət sonra sonuncu məhkəmə tibbi ekpertizasına təqdim olunmuş, ekspert tərəfindən onun baxışı həyata keçirilmiş və müvafiq rəy tərtib olunmuşdur ki, həmin rəydən də görünür ki, təqsirləndirilən şəxsin bədəni üzərində onun fiziki təsirə məruz qaldığını təsdiq edə biləcək hər hansı bir xəsarət mövcud olmamışdır (cild 01, iş vər. 66-67). Bundan əlavə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ümumiyyətlə özünü ittiham olunduğu maddələrlə təqsirli bilməməsinə münasibətdə isə qeyd edir ki, cinayət işinin materiallarında olan sübutlardan müəyyən olunur ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı əksini bildirsə də, Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə atılan ünvana, hansı məqsədlə getdiyini qabaqcadan dəqiq bilmiş, yəni həmin ünvanda narkotik vasitənin olduğunu dəqiq bilmiş və məhz orada olan narkotik vasitəni götürməyə getmiş, həmçinin həmin kütləni götürmüş və Sumqayıt şəhərinə geri qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bunu iş materiallarında olan sübutlar təsdiq edir. Habelə, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən özünün saxlanma vaxtını və yerini mübahisələndirməsə də, məhkəmə istintaqı zamanı saxlanılma şəraitini mübahisələndirmiş, Sumqayıt şəhərinə taksi ilə gələrkən taksinin yol polis əməkdaşları tərəfindən saxlanıldığını və bundan sonra özünün polis əməkdaşları tərəfindən məcburi şəkildə avtomobildən endirildiyini bildirmişdir ki, bununla bağlı onun verdiyi ifadəsinə münasibətdə vurğulanmalıdır ki, onun qeyd etdiyi xüsusatlarla bağlı şahidlər dindirilmiş, həmin şahidər, o cümlədən sözügedən taksi avtomobilini idarə edən Şahid4 də belə bir halın baş vermədiyini bir daha məhkəmə iclasında təqsirləndirilən şəxsin üzünə qarşı bildirmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun tərəfindən necə və hansı yolla əldə olunması, daha sonra onun üzərindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Eyni zamanda, məhkəmə kollegiyası iş materiallarında olan təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrəsinə və iş üzrə şahid olan polis əməkdaşlarının istifadəsinə olan mobil telefon nömrələrinə dair anten dairə məlumatları ilə bağlı təqsirləndirilən şəxsin (o cümlədən müdafiəçinin) bildirdiklərinə münasibətdə qeyd etməyi zəruri sayır ki, əvvəla həmin anten dair məlumamatlarından heç də təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilən zaman həmin anten dairə məlumatlarının başqa ərazidə göstərməsi halı mövcud olmamışdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saat 21:55-dən saat 22:09-a qədər onun üzərinə şəxsi axtarış keçirilmişdir. Anten dairə məlumatlarından isə görünür ki, təqsirləndirilən şəxsə məxsus mobil nömrəyə məxsus sözügedən anten dairə məlumatı həmin tarixdə məhz saat 22:24-də Sumqayıt Şəhər Polis İdarəsində deyil, ona çox yaxın olan məsafədə (“Google Map” proqramı ilə müəyyən olunur ki, bir küçə aralıda) müəyyən olunur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması, daha sonra gətirildiyi Sumqayıt Şəhər Polis İdarəsində onun üzərindən narkotik vasitə heroinin, o cümlədən ona məxsus Samsung markalı mobil telefonun aşkar olunması və müvafiq qaydada qablaşdırılması zamanı heç bir prosessual pozuntuya yol verilməmiş, hər bir hərəkət prosessual qanunlar çərçivəsində aparılmışdır. Lakin bundan sonra keçən müddət ərzində təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrəsinə dair anten dairə məlumatlarının müvafiq polis idarəsində deyil, başqa yerdə müəyyən olunması həmin anadək qanuni şəkildə aparılan prosessual hərəkətlərin etibarlılığına şübhə salacaq hallar deyildir. Məhkəmə kollegiyası həm də qeyd edir ki, əvvəla mobil nömrəyə dair anten dairə məlumatları şəxsə məxsus əza deyil ki, onun yerinin dəyişdirilməsi ilə təqsirləndirilən şəxsin yerinin dəyişdirilməsi eyniləşdirilsin. İş materiallarından və şahid ifadələrindən müəyyən olunur ki, təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis idarəsinə gətirilmiş və həmin idarəni tərk etməmişdir. Digər tərəfdən də, müdafiə tərəfi məhkəmə istintaqı zamanı polis idarəsindən sorğu əsasında əldə etdiyi “MSY-də saxlanılan şəxslərin uçotu” kitabından çıxarışı məhkəməyə təqdim edərək Təqsirləndirilən şəxs sözügedən tarixdə saxlanıldıqdan sonra yalnız növbəti gün gecə saat 03:10-da MSY-yə təhvil verildiyini əsas tutaraq təqsirləndirilən şəxsin söylədiklərinin həqiqət olduğunu, qeyd olunanlara əsasən narkotik vasitənin onun üzərindən aşkar olunması ilə bağlı prosessual hərəkətlərin etibarsız sayılmasını və təqsirləndirilən şəxsə bəraət verilməsini tələb etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs saxlanılmasından və onun üzərindən nürkotik vasitənin aşkar olunmasından sonra həyata keçirilən sözügedən hərəkətlər, yəni onun mobil telefonun əməliyyat tədbirinə cəlb olunması (hansı ki, bununla bağlı, yəni mobil telefonun qablaşdırmadan açılmasını təsdiq edən hər hansı bir akt və ya protokol mövcud deyil), şəxsin saxlanıldıqdan dərhal sonra deyil, bir neçə saat sonra MSY-yə təhvil verilməsi, sözügedən prosessual hərəkətlərin (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı prosessual hərəkətlərin) etibarsızlığına səbəb olan hallar deyil, daha çox həmin prosessual pozuntuya yol vermiş vəzifəli şəxslər barəsində intizam tədbirinin görülməsinə və ya onlar barəsində məhkəmə tərəfindən xüsusi qərarın çıxarılmasına əsas verən hallardır ki, bununla bağlı məhkəmə kollegiyası məhz həmin hərəkətlərə yol verən şəxslər barəsində xüsusi qərarın çıxarılmasını məqəsəd müvafiq sayır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış, xasiyyətnamə və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Novruz küçəsi, 34 saylı evdə qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir. Təqsirləndirilən şəxs himayəsində 2017 ci il təvəllüdlü (X10) və 2019-cu il təvəllüdlü (X17 oğlu) iki azyaşlı uşağı var (cild 01, iş vər. 102-105). İş materiallarına əlavə edilmiş tələbnamədən, qərarın və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 131.2-ci maddəsi olan cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xitam verilmiş, Təqsirləndirilən şəxs CM-in 73.2-ci maddəsinə əsasən CM-in 131.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuş, daha sonra Sumqayıt Şəhəri Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 21 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan hesablanmaqla çıxılmış və üzərində 01 il 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01, iş vər. 112-113). Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş “Sumqayıt Şəhər Probasiya Şöbəsi”nin xx.xx.2024-cü il tarixli, 21-2/3-1725 saylı məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs Azərbayca Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 01 il 11 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırda Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl onun törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyindən, onun əməllərində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Bununla yanaşı qeyd olunmalıdırki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ilk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə əvvəllər qəsdən törətdiyi eynicinsli cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından və barəsində cinayət işinin ibtidai istintaqı getməsindən nəticə çıxarmayaraq daha ağır cinayət əməli törətməsini də nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 21, 87-89). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 101,855 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınmalı, habelə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan lakin iş üzrə maddi sübut qismində tanınmayan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan “Samsung” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 101,855 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan lakin iş üzrə maddi sübut qismində tanınmayan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan “Samsung” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar