Məhkəmə qərarları › İş №1(124)-268/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-268/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-268/2023 30.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində və avtomobilində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 mart 2022-ci il tarixdə saat 23:50 radələrində o, Xaçmaz şəhəri, Şirvanşahlar küçəsində saxlanılıb idarə etdiyi Hyundai Sonata markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gətirilərək, ünvan 2 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsnin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 01:00dan 01:15-dək olan müddətdə həmin avtomobilə baxış keçirilən zaman avtombilin salonunda ön oturacaqların arasında olan qolaltından 01 ədəd bükümdə, təmiz çəkisi 0,03 qram olan psixotrop maddə metamfetamin, habelə həmin gün saat 01:20-dən 01:45-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilən iki ədəd sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 32,153 qram və 48,740 qram olmaqla ümumi təmiz çəkisi 80,893 qram olan heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, axşam saat 23:00 radələrində dostları ilə restoranda olmuş, restorandan bir az uzaqlaşmış, maşını saxlayıb telefonla danışmaq üçün düşdükdə polis əməkdaşları ona yaxınlaşmışdır. Onun əllərini qandallayaraq öz maşınının arxa oturacağına otuzdurmuş, maşınını sürərək onu polis bölməsinə aparmışlar. Təhdid olunmuş, atası ilə əlaqə saxlamağa icazə verilməmiş, heç kimin tutulduğundan xəbəri olmamış, təhdidlərdən sonra polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Nə üstündə, nə də maşınında narkotik vasitə olmamışdır. Spirtli içki qəbul etmiş, heç bir narkotik və ya psixotrop maddə qəbul etməmişdir. Həmin vaxt işləməmişdir. Hadisədən 6 ay qabaq işdən çıxmış, öz təsərrüfatı ilə məşğul olmuşdur. Narkomaniyadan müalicə olunmamışdır, qeydiyyatı yoxdur. Polis əməkdaşlarını üzdən tanımışdır. Şahid2 bacısının keçmiş əri ilə yaxındır, onlarla düşmənçiliyi olmuşdur. Müdafiəçi gecə saat 4-5 arası gəlmiş, ona məlumat vermişdir. Rusiya Federasiyasında, daha sonra isə X3 Universitetində təhsil almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək və ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz şəhəri, Yavər Şahbazov küçəsi, ev 2- də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 7-8 il olarkı narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkir, həmçinin narkotik vasitə heroin və “patı” yəni, psixotrop maddə metamfetamin də qəbul edir. 2022-ci ilin mart ayının əvvəllərində günorta satlarında yaşadığı evdən çıxıb piyada hərkət edən zaman evin yaxınlığında kolların arasında sellofan bükümü görmüşdür. Diqqətini çəkdiyi üçün o, həmin sellofan bükümü götürmüş və açıb baxanda içərisində iki ədəd sellofan bükümündə narkotik vasitə heroin olduğunu görmüşdür. Heroini özü ilə aparmamış, yaşadığı küçədə daşın altına qoyaraq gizlətmişdir. Sonrakı günlərdə həmin heroindən 1-2 dəfə götürüb istifadə etmişdir. Heroindən mütəmadi istifadə etdiyi üçün gec gəbul edəndə bədənimdə ciddi ağrılar olur. 26 mart 2022-ci il tarixdə isə yaşadığı evdən özünə məxsus avtomobili ilə çıxmış ki, qaranlıq küçələrin birində həmin narkotik vasitən yenə də istifadə etsin. Həmin günü saat 23 radələrində tapdığı heroini saxladığı yerdən götürmüş, sellofan bükümləri bir ədəd selfet kağızına büküb əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuş və özünə məxsus «Hyundai Sonata» markalı **-OH-*** d.q. nişanlı avtomobilə əyləşib idarə edərək qaranlıq küçəyə, Xaçmaz şəhəri, Şirvanşahlar küçəsinə getmiş və avtomobili saxlamışdır. Şirvanşahlar küçəsində avtomobildə olduğu zaman cibindən heroini çıxarıb istifadə etmək istəmişdir. Bu vaxt 2 nəfər şəxsin avtomobilinə tərəf gəldiyini görmüşdür. O, ehtiyat edərək heroini tez bükümün içinə atıb həmin bükümü yenidən bükmüş və heroini cibinə qoymuş ki, adamlar gedəndən sonra istifadə edər. Həmin şəxslər onun yanına çatanda özlərini təqdim etmişlər və polis olduqlarını demişlər. Sonra da onu Xaçmaz RPŞyə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilinə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona müdafiəçi təqdim edilmiş və narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələrinin izahından sonra şöbənin həyətində müstəntiq tərəfindən avtomobilinə baxış və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra müstəntiq tərəfindən ona təklif olunmuş ki, avtomobilində gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa təqdim etsin. O, avtomobilində qanunla qadağan olunmuş əşya olmadığını bildirmiş və bundan sonra müstəntiq tərəfindən idarə etdiyi «Hyundai Sonata» markalı ** OH *** qeydiyyat nömrə nişanlı avtomobilə onun iştirakımla baxış keçirilmişdir. Baxış zamanı ön oturacaqların arasında olan saxlanc yerində saxladığı gümüşü rəngli kağız bükümdə olan metamfetamin aşkar olunmuşdur. Müstəntiq kağız bükümdə olan kütlənin nə olduğunu və kimə məxsus olduğunu soruşduqda özünə məxsus olduğunu, «patı» adı ilə tanınan metamfetamin olduğunu bildirmişdir. Avtomobilində aşkar olunmuş metamfetamini təxminən iki-üç ay əvvəl özünün istifadə etməyi üçün Bakı şəhərindən adını bilmədiyi şəxsdən əldə edib avtomobilində saxlamışdır, lakin metamfetaminin avtomobilində qalmasını unutmuşdur. Bundan sonra müstəntiq tərəfindən avtomobilnmdən aşkar olunmuş kağız bükümdəki metamfetamin bir ədəd zərfdə qablaşdırılaraq möhürləndi, o, da metamfetaminin qablaşdırıldığı zərfin üstünə imza etmişdir. Sonra inun və digər iştirakçıların iştirakı ilə protokol tərtib edilmiş, o, da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında müstəntiq tərəfindən ona bir daha hüquq və vəzifələrim izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir və ona təklif olunmuş ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd salfet kağızı bükümünü çıxarıb masanın üstünə qoymuşdur. Təqdim etdiyi həmin salfet kağızı bükümü müstəntiq açıb içərisində olan iki ədəd sellofan bükümləri görmüş və ondan sellofan bükümlərdə olan kütlənin nə olduğunu soruşduqda «kakos» adı ilə tanınan heroin olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üstünə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir qutu «Rothmans» markalı siqaret qutusu, şalvarımın sol yan cibindən bir ədəd alışqan, şalvarımın sağ yan cibindən avtomobilinin açarı, şalvarımın arxa sağ cibindən isə iki ədəd bir manatlıq, iki ədəd beş manatlıq və bir ədəd on manatlıq əskinaslar aşkar olunmuşdur. Sonra üstündən aşkar olunmuş selofan bükümlərdə olan heroin müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, da üstündən aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Digər əşyalar, yəni pul, siqaret, alışqan və avtomobilinin açarı ona qaytarılmışdır. Bundan başqa onun razılğıyla yaşadığı evə də baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Onun narkotik vasitə heroini əldə etməkdə məqsədi yalnız öz istifadəsi üçün saxlamaq olmuş, o, heç vaxt narkotik vasitə satmamış, satmaq məqsədilə əldə etməmiş, hədda heç kimə pay da verməmişdir. Bir nəfər də olsun deyə bilməz ki, o, kiməsə narkotik vasitə satmış və ya satmağı təklif etmişdir. Əldə etdiyi narkotik vasitəni miqdarı çox olsa da gündəlik üç-dörd dəfə istifadə edir, bədənində ciddi ağrılar olur, ağrıları olanda narkotik vasitə tapa bilmir. Buna görə miqdarın çox olmasına baxmayaraq onu öz istifadəsi üçün saxlamışdır. Əgər narkotik vasitə satışı ilə məşğul olsaydı bu barədə asanlıqla məlumat əldə olunardı. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, üzərindən və ona məxsus idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz istifadəsi üçün saxlamışdır. Lakin avtomobilindən aşkar edilmiş metamfetamin bir neçə ay əvəl orada qalaraq, unutmuşdur. Heroini isə qeyd etdiyi kimi, şəxsi istifadəsi üçün özülə götürmüş, lakin həmin vaxt istifadə edə bilməmiş, çünki polis işçiləri onu aşkar etmişlər. O, heç kimdən narkotik almamış və heç kimə narkotik satmamışdır. 26 mart 2022-ci il tarixdə, saat 23:50 radələrində Xaçmaz şəhəri, Şirvanşahlar küçəsinə idarə etdiyiniz «Hyundai Sonata» markalı ** OH *** qeydiyyat nömrə nişanlı avtomobilə polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilən zaman və gətirildikdən sonra polis şöbəsində ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. (cild 1, iş vərəqə 52-55) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 Xanbaba ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında düşmənçilik və ya ədavət olmamışdır. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında onlar 26 mart 2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı evdən çıxdığı zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili müşahidəyə götürmüşlər və təxminən 5-10 dəqiqə sonra Arif avtomobilini saxladıqdan sonra onlar avtomobilə yaxınlaşmış və Təqsirləndirilən şəxs özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitələri daşımaqda, istifadə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək idarə etdiyi avtomobillə onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Binanın həyətində avtomobilin salon hissəssinə baxış keçirilən zaman ön oturacaqların arasında olan qolaltının saxlanc yerindən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd kağız büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olduğunu və öz istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibindən salfet kağızına bükülmüş iki ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. O, üzərindən aşkar edilmiş həmin iki ədəd bükümdə olan maddələrin heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evə də baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nn əməliyyat müvəkkili Şahid1 və Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 Xanbaba oğlunun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 mart 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, Xaçmaz şəhəri, Y.Şahbazov küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin küllü miqdarda qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özündə olan açarla nəqliyyat vasitəsinin qapısını açmış, baxış keçirilən zaman nəqliyyat vasitəsinin ön oturacaqlarının arasında olan qolaltından bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddə olan kağız büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “patı” olmasını özünə məxsus olmasını, öz istifadəsi üçün uzun müddət öncə əldə edərək saxlamasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən qanunla qadağan olunmuş hər hansı başqa bir əşya aşkar edilməmişdir.( cild 1, iş vərəqə 24-25) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən ümumilikdə salfet kağızına bükülmüş, içərisində qəhvəyi rəngli maddələr olan iki ədəd sellofan bükümü çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd sellofan bükümdə narkotik vasitə “kakos” olduğunu, yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxlayıb, daşıdığını, həmin narkotik vasitədən heç kəsə satmadığın bildirmişdir. (cild 1, vərəqə 26- 28) “Şəxsi axtarış aparılması haqqında” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2022-ci il tarixli 6M660 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 58” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs imza............ N.Xasayev imza. ..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,03 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs……… N.Lalayev....” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 32,153 qram və 48,740 qram olmaqla, ümumi çəkisi 80,893 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2022-ci il tarixli 1907 nömrəli rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 87-88) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 32,153 qram və 48,740 qram olmaqla ümumi təmiz çəkisi 80,893 qram heroin və 0,03 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalan 80,793 qram qalığı və metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,02 qram qalığı 01 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanır. (cild 1, iş vərəqə 107-117) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 78) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Xaçmaz şəhəri, Y.Şahbazov küçəsi ev 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 99-100) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni əldə etməkdə satış məqsədinin olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan tutulması haqqında” 27 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( cild 1, iş vərəqə 11) İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 28 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 mart 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azad edilmişdir. ( cild 1, iş vərəqə 60-61) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2- ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 80,793 qram narkotik vasitə heroin, 0,02 qram psixotrop maddə metamfelamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 ( səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 07 il 11 ay 28 gün (yeddi il on bir ay iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 80,793 qram narkotik vasitə heroin, 0,02 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar