Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-269/2023 26.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə , xx xxxxxx 1998-ci ildə Xaçmaz rayonu Qımılqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu Qımıl-qışlaq kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 66 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən evin həyətyanı torpaq sahəsində və qablarda əkib becərməklə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, bu fakt 22 iyun 2022-ci il tarixdə saat 16:30-16:45 müddətində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsində və 02 ədəd qablarda olmaqla ümumilikdə 66 ədəd yaş vəziyyətdə ümumi çəkisi 240,0 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, becərmə) etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün tam etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Camaləddin oğlu Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, çəkdiyi nəşədən toxum götürüb əkmiş, əkdiyi toxumlardan neçəsinin yetişəcəyini bilməmişdir. O, çətənə bitkilərini şəxsi istifadə məqsədilə əkmişdir. Sonra polis əməkdaşları gəlib həyətə baxış keçirmiş və çətənə bitkilərini aşkar etmişdirlər. Kolların ölçüsü 5-30 sm olmuşdur. Törətdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Həyətindən 66 ədəd çətənə kolu aşkar edilmişdir. Təqsirləndirilən şəxs Camaləddin oğlu ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və bir neçə ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan çəkməklə istifadə edir. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün istifadə etdiyi qurudulmuş marixuananın içərisindən əldə etdiyi bir ədəd çətənə toxumunu 2021-ci ildə yaşadığı evin həyətyanı torpaq sahəsində əkmiş və həmin bitkidən narkotik vasitə qurudulmuş marixuana hazırlayıb istifadə edərkən növbəti ildə, yəni 2022-ci ildə əkib-becərməklə özünün istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədi ilə onun toxumlarını yığaraq saxlamışdır. Bu məqsədlə 2022-ci ilin aprel ayının ortalarında özündə olan çətənə bitkisinin toxumlarını yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən evinin həyətyanı sahəsində olan iki ədəd qablarda və torpaq sahəsində əkmişdir. Əkdiyi həmin toxumlar əmələ gəldikdən sonra onların diblərini yumşaltmış və digər qulluqlar göstərməklə yetişdirməyə başlamışdır. 22 iyun 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olduğu zaman evin həyət qapısı döyülmüş və çölə çıxarkən orada polis əməkdaşlarının olduqlarını görmüşdür. Polis əməkdaşları tərəfindən ona yaşadığı evin həyətyanı sahəsində qanunusuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə şübhəli olduğu, buna görə də həyətyanı sahəsinə özünün, polis əməkdaşlarının və aqronomun iştirakı ilə video görüntü vasitəsi ilə baxış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və bundan sonra onun özünün razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evdə narkotik tərkibli bitkilər varsa onları təqdim etməsi təklif ediləndə o, yaşadığı evin həyətyanı sahəsində əkib yetişdirərək saxladığı dibçək kimi istifadə etdiyi içərilərində çətənə bitkiləri olan iki ədəd qabları və həmin qabların yanında torpaqda əkdiyi çətənə bitkilərini onlara təqdim etmişdir. Həmin qabların içərisinə və torpaq əraziyə baxış keçirilən zaman oradan onun əkib yetişdirdiyi ümumilikdə 66 ədəd çətənə bitkisi aşkar edilmişdir. Sorğu zamanı o, çətənə bitkilərini özünün istifadəsi üçün əkdiyini bildirmiş və bundan sonra həmin çətənə bitkiləri köklərindən çıxarılaraq bir ədəd torbada qablaşdınlaraq götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Onun yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə nə evdə ailə üzvlərinin, nə də başqa şəxslərin məlumatı olmamış və o, bu barədə heç kimə heç nə deməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 22 iyun 2022-ci il tarixdə Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkibbecərməsi barədə Xaçmaz RPŞ-nə daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxışda mütəxəssis qismində iştirak etmək üçün Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 şöbəyə dəvət ediləndən sonra həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdirlər. Orada onları Təqsirləndirilən şəxs qarşılamış, özlərini təqdim edəndən sonra ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğunu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etmədi. Ondan həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkibəkməməsi soruşulduqda o, həyətyanı torpaq sahəsində özünün istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etdi və həmin bitkiləri onlara göstərdi. Baxış zamanı həyətyanı torpaq sahəsində mişar daşından inşa edilmiş hasarın yaxınlığında iki ədəd qablarda və yerdə, torpaqda əkilmiş vəziyyətdə olmaqla hər biri təxminən 5-60 sm hündürlüklərdə inkişaf etmiş narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edildi. Həmin bitkilərin dibləri suvarılmış, alaq otlarından təmizlənməklə yumşaldılmış və peyin verilmiş vəziyyətdə idi. Baxışda iştirak edən aqronom Şahid4 aşkar edilmiş bitkiləri nəzərdən keçirib onların narkotik tərkibli çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərildiklərini bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, aşkar edilmiş bitkilərin də narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları 2022-ci ilin aprel ayında əkdiyini və qulluq göstərdiyini bildirdi. Çətənə bitkisinin toxumlarını haradan əldə etdiyi soruşulanda o, 2021-ci ildə yaşadığı evin həyətində 01 ədəd çətənə bitkisi əkib-becərdiyini və həmin çətənə bitkisindən marixuana hazırlayıb istifadə edərkən toxumları yığıb saxladığını demişdir. Aşkar edilmiş bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq sayılmış, aşkar edilmiş bitkilərin sayının ümumilikdə 66 ədəd olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş 66 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər 01 ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırıldı və üzəri imzalanıb möhürlənməklə götürüldü. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşı Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 eyni məzmunlu ifadə verərək, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 1, iş vərəqə, 94-96,) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X2 mütəxəssis təyin olunmasına dair qərarına əsasən Xaçmaz RPŞ-nə dəvət olunmuş və müstəntiq Nemət Xasayev ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib- becərilməsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qımıl- qışlaq kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini demişdir. O, etiraz etməyib həmin baxışda mütəxəssis qismində iştirak etməyə razılıq vermiş, bundan sonra həmin tarixdə saat 16 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları Şahid3, Şahid1, Şahid2 və müstəntiq Nemət Xasayevlə birlikdə qeyd olunan ünvana getmişdir. Orada onları bir şəxs qarşılamış və həmin şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Lakin şəxsən o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Baxış zamanı həyətyanı torpaq sahəsində mişar daşından inşa edilmiş hasarın yaxınlığında iki ədəd qablarda və yerdə, torpaqda əkilmiş vəziyyətdə olmaqla hər biri təxminən 5-60 sm hündürlüklərdə inkişaf etmiş narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Polis əməkdaşlarının təklifi ilə o, həmin bitkiləri nəzərdən keçirtmiş, onların dibləri yumşaldılmış, suvarılmış, alaq otlarından təmizlənmiş, peyin verilmiş və digər qulluqlar göstərilməklə aqrotexniki qaydada becərilmiş vəziyyətdə olmuşdur. Buna görə də o, aşkar olunmuş bitkilərin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri olduğunu və onların aqrotexniki qaydada qulluq göstərilməklə becərildiklərini bildirmişdir. ( cild 1, iş vərəqə 95-96) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2022-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Camaləddin oğlu evin hətəyani sahəsində narkotik tərkibli bitkilərin əkib becrməsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokolundan görünür ki, 22 iyun 2022-ci il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla faktiki olaraq yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, həmin həyətyanı torpaq sahəsində mişar daşından inşa edilmiş hasarın yaxınlığında iki ədəd qablarda və yerdə, torpaqda əkilmiş vəziyyətdə olmaqla ümumilikdə 66 (altımış altı) ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi haqqında 22 iyun 2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 tərəfindən tərtib edilmiş 22 iyun 2022-ci il tarixli rəydən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən evin həyətyanı torpaq sahəsində əkilib-becərilmiş vəziyyətdə aşkar edilmiş ümumilikdə 66 (altmış altı) ədəd bitkilər narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmaqla onların hündürlükləri 5-60 sm-ə qədər inkişaf etmiş, dibləri boşaldılmış, suvarılmış və aqrotexniki qaydada qulluq göstərilməklə kultivasiya edilmişdir. (cild 1, iş vərəqə 21) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 23 iyun 2022-ci tarixli, 7/679 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs...» yazılar və imzalar olan üzəri skoçla bağlanmış 1 ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 66(altmış altı) ədəd ümumi çəkisi - 240,0 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanna bis) bitkiləridir. Təqdim olunmuş 66(altımış altı) ədəd bitki nümunələri tərkiblərinə görə eynidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. (cild 1, iş vərəqə 44-47) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 5034 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 107-108) 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 66(altımış altı) ədəd yaş vəziyyətdə 240,0 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri və qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD formatlı disk 25 iyun 2022-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, narkotik tərkibli çətənə bitkilərinin 1,32 qramının tədqiqata sərf edilməklə istifadə olunması, habelə 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış və qalan 66 (altımış altı) ədəd 238,68 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri 01 (bir) ədəd kağız torbada qablaşdırılıb möhürlənmiş vəziyyətdən saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 78-79) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Camaləddin oğlu əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 78) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayonu Qımıl-qışlaq kəndində anadan olub, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, subaydır, Xaçmaz rayonu Qımıl-qışlaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə105-105) Təqsirləndirilən şəxs Camaləddin oğlu məhkəmədə öz müdafiəsi üçün dəlil gətirməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Camaləddin oğlunun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Camaləddin oğlunun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Camaləddin oğlu oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Camaləddin oğluna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Camaləddin oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, etdiyi cinayət əməlini tam etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Camaləddin oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 66 (altımış altı) ədəd 238,68 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 66 (altımış altı) ədəd 238,68 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-269/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-269/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver