Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-27/2024 21.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanışı olduğu istintaqa məlum olmayan «İsa» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 12 fevral 2022-ci il tarixdə sonuncu ilə telefon əlaqəsi yaradıb satış məqsədi ilə 240 manat müqabilində onun üçün narkotok vasitələrin və psixotrop maddələrin göndərilməsi barədə ümumi razılığa gəlmiş, 15 fevral 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Ucar şəhəri ərazisində “Dörd yol” adlanan yol ayrıcının yaxınlığında yerləşən “Bəyaz” marketdə olan ödəmə terminalından «İsa» adlı İran İslam Respublikası vətəndaşının hesabına 240 manat köçürdükdən sonra sonuncunun Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış evinin 64 nömrəli blokunda pilləkənlərinin altına qoyduğu və bu barədə telefonla ona məlumat verdiyi 02 ədəd şəffaf polietilen kəsiyi bükümündə, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda çəkiləri 3,012 qram və 7,018 qram, ümumi çəkiləri 10,030 qram olan, Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilmiş, kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroini və 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə çəkisi 11,451 qram olan, Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilmiş kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, 16 fevral 2022-ci ildə saat 02:30 radələrində Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün 10 saylı dislokasiya xətti üzrə patrul xidməti aparan əməkdaşları tərəfindən Abşeron rayonu, Gənclər şəhərciyində şübhəli şəxs qismində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən onun əyindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı həmin 02 ədəd şəffaf polietilen kəsiyi bükümündə, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda çəkiləri 3,012 qram və 7,018 qram, ümumi çəkiləri 10,030 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin və 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə çəkisi 11,451 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə marixuana qəbul etmiş, metamfetamin və heroin qəbul etməmişdir. İki azyaşlı övladı var. Hadisə günü Ucar rayonundan taksiyə oturub gəlmişdir. Taksi sürücüsü Abşeron Gənclər şəhərciyinin girəcəyinə girib çıxdıqdan sonra sonra orada PPX-nin polis əməkdaşları onları saxlamışlar. Taksidə narkotik vasitə aşkar olunmuşdur. Taksi sürücüsü narkotik vasitənin özünə məxsus deyil, ona məxsus olmasını demişdir. Buna görə də onu bölməyə gətirmişlər. Orada ona fiziki işgəncə verib narkotikin ona məxsus olmasını deməyini məcbur etmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, 18 ildir ki, narkotik vasitə marixuanadan istifadə etmişdir. İttihamda qeyd edildiyi üçün narkoloji ekspertiza rəyində heroin və metamfetamindən istifadə etməyi yazılmışdır. Çəkilişdən qabaq onu 3cü mərtəbədə döymüşlər.Təzyiq altında olduğu üçün çəkilişdə boynuna almışdır. Saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. İranlını tanımır. Saxlanılandan təxminən 2 saat sonra üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadəçisidir və bu səbəbdən də internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan, özünü İsa adı ilə təqdim edən şəxslə xx.xx.2022-ci il tarixdə mobil telefonumun WhatsApp xidməti ilə əlaqə saxlayıb, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin göndərməsini xahiş etmişdir. Həmin gün də yaşadığı Ucar rayonu, Ucar şəhərində yerləşən “OBA" marketə gedərək elektron ödəmə sistemi vasitəsilə İsa adlı şəxsin kart hesabına əvvəlcədən razılaşdığıa əsasən 240 manat göndərmiş, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində İsa adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq Abşeron rayonu, Gənclər şəhərciyinə gəlməyini bildirmiş, bundan bir neçə saat sonra, yəni xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində Abşeron rayonu, Gənclər şəhərciyinə gəlib, İsa adlı şəxslə telefon əlaqəsi saxlamışdır. Həmin vaxt İsa adlı şəxs ona bildirmişdir ki, 64 nömrəli blokda pilləkənin altına Vinston markalı siqaret qutusunun içərisində heroin və metamfetamin qoymuş, sonra deyilən yerə baxıb həmin Vinston markalı siqaret qutusunu götürmüş və həqiqətən də içərisində 02 (iki) ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin və 01 ədəd də şəffaf sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Bundan sonra içərisində heroin və metamfetamin olan həmin siqaret qutusunu əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyaraq oradan uzaqlaşmağa başlamış, bu zaman isə 2 nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar Abşeron RPl-nin əməkdaşları olduqlarını bildirib polis vəsiqələrini təqdim etdikdən sonra sənədinin olub olmaması barədə maraqlanmış, polis əməkdaşlarına üzərində heç bir sənədinin olmadığını bildirmiş, həmçinin özünü çox şübhəli apardığı üçün onu sorğu-sual etməyə başlamışlar. O, sorğu sual zamanı üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmiş, ona görə də həmin polis əməkdaşları üzərində heroin və metamfetamin gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nə gəlməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına etiraz etmədən birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Abşeron RPl-də xidməti otaqların birində hüquq və vəzifələrimiz izah edilmiş, polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmiışdır Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etməyi bildirmişlər. Bu zaman o, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Gənclər şəhərciyində əldə etdiyi 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini və 01 ədəd də şəffaf sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamini əynində olan qara rəngli qış gödəkçəmin sağ yan cibindən çıxarıb stolun üstünə qoymuş və həmin 02 bükümdə olan narkotik vasitəni və 01 bükümdə olan metamfertamini internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı İsa adı ilə tanıdığı şəxsdən 240 manata əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları yenə onun üzərində şəxsi axtarış aparmış, lakin əlavə heç nə tapmamışlar. Sonra təqdim etdiyi həmin iki ədəd bükülüdə olan heroin və bir ədəd bükülüdə olan metamfetaminə baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfələ protokola imza etmişlər. Göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni və psixotrop maddəni üzərimdə öz istifadəsi üçün saxlamış, həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmişdir. (cild 1, iş vərəqə 49-50) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, 16 fevral 2022-ci il tarixdə iş yoldaşı Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə 10 saylı dislokasiya xətti üzrə xidmətdə olmuşdur. Həmin tarixdə Abşeron Gənclər Şəhərciyində avtopatrul xidmətində olarkən saat 02 radələrində ağ rəngli Wolksvagen-Passat markalı avtomobilin Gənclər şəhərciyinə daxil olub oradakı 64 nömrəli blokun qarşısında dayandığını və sürücünün yanındakı bir nəfərin maşından düşüb həmin bloka gedib 1-2 dəqiqədən sonra tez qayıdıb maşına mindikdən sonra həmin maşının şəhərciyini çıxışı istiqamətində hərəkət etdiyini görüb, həmin adamdan şübhələnib tez xidməti maşını şəhərciyin çıxışına sürüb həmin maşını saxlatmışlar. Maşında sürücüdən başqa bir nəfər sərnişin də olmuş, onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini təqdim etmələrini və şəhərciyə nə məqsədlə gəldiklərini soruşmuş, həmin vaxtı sürücü sənədlərini təqdim etsə də onun yanındakı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi sərnişin heç bir sənədinin olmadığını bildirmiş, sürücü həmin Elnuru Ucar şəhərindən onun sifarişi ilə taksi kimi Gənclər şəhərciyinə gətirdiyini söylədikdən sonra Elnurdan nə məqsədlə şəhərciyə gəldiyini soruşmuş, sonuncu da şəhərcikdə heç bir işi olmadığını, taksi sürücüsünün özünün nə üçünsə onunla şəhərciyə gəldiyini bildirmişdir. Elnur özünü şübhəli aparmağa başlamışdır. Elnurun davranışından narkotik vasitələrin istifadəçisi olmasından şübhələnmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Sürücünün isə sənədlərini verib yola salmış, sonra Elnuru Abşeron rayon polis idarəsinə gətirib, şəxsiyyətini müəyyən etmişlər. Sonra xidməti otaqların birinə vəkil dəvət edib, Elnura üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmiş, şəxsi axtarış zamanı Elnura üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuş və əgər vardırsa, təqdim etməsini təklif etmişlər. Həmin vaxtı Elnur əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd Vinston markalı siqaret qutusundan 02 ədəd şəffaf selofon kəsiyinə bükülmüş narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin həmin bükümləri 16 fevral 2022-ci il tarixdə saat 02 radələrində internetdə tanış olduğu İran İslam Respublikasçı vətəndaşı İsa adlı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri X6 ibtidai istintaq zamanı polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Elnuru uşaqlıqdan tanıyır. Eyni məktəbdə oxumuşlar. Elnur ondan 3 sinif aşağıda oxumuşdur. O, Bakı-Ucar taksi işləyir. Hadisə günü Elnurun qonşusu maşın ustası axşam 22 radələrində ona zəng edərək Bakıya adam aparmağı xahiş etmişdir. O, gecə olduğunu bu vaxt getməyin çətin olduğunu söyləmiş, 80 manat pul verəcəyi söylənilmişdir. O, razılaşmışdır. Elnuru Ucar rayonundan götürüb Bakıya yollanmışlar. Bakıda avtovağzalda dayanıb adama bir dönər yemişlər. Həmin vaxt Elnur ona zəng gözlədiyini demişdir. Elnura zəng gəlmiş, telefonla danışandan sonra ona Abşerona sürməyini söyləmişdir. O, Abşeronu tanımadığını Elnura demişdir. Elnur “navigatoru qoşacam, yolu göstərəcəm” demişdir. O, Abşerona sürmüşdür. Gecə saat 02 radələrində Abşerona daxil olmuşlar. Abşeronun girəcəyində PPX-nin avtomaşınını görmüşdür. Binanın başına fırlanmış, bu zaman PPXnin əməkdaşları onu saxlamışlarlar. Nə etdiyini soruşmuşlar. Elnuru da görmüşlər. Hər ikisini avtomaşından düşürmüşlər. Üstlərinə baxmışlar. Elnurun üzərində heroin olduğunu demişlər. Elnuru PPX maşınına otuzdurmuşlar. Elnuru və onu heç kim döyməmiş, heç bir təsir olmamışdır. Şahid3 ifadəsində həmçinin göstərdi ki, Elnurun Abşerona niyə gəldiyini bilmir. 64-cü korpusu axtarmışdır. Elnuru PPX avtomaşınına otuzdurmuşlar və özləri ailə üzvlərinə məlumat verəcəklərini söyləmişlər. İfadəsində düz qeyd edilib, Ucar rayonunda dörd yol adlanan ərazidə avtomaşını saxlamışdır. Elnur maşından düşüb oradakı Bəyaz marketin qarşısında terminal vasitəsi ilə kiməsə pul göndərmişdir. O, Elnuru Ucara qaytarmalı olmuşdur. Abşeronda polis demişdir ki, Elnurun üzərində heroin var. Elnur narazılıq bildirməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, şəxsiyyət vəsiqəsində adı Əli kimi yazılsa da tanışları və qohum-əqrabası onu uşaqlıqdan Vüqar kimi tanıyırlar. Əvvəllər etibarnamə ilə idarə etdiyi özünə məxsus Wolksvagen-Passat markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərərək Ucar şəhərindən Bakı şəhərinə sərnişin daşıyıb pul qazanmışdır. Həmin ərəfədə, yəni 15 fevral 2022-ci il tarixdə saat 21 radələrində Ucar şəhərində yaşayan əvvəldən tanıdığı Əli adlı taksi sürücüsü ona zəng edib Bakı şəhərinə gedən müştəri olduğunu deyib, ona həmin müştərini Bakıya aparıb sonra geri qaytarmağı təklif etmişdir. O da razılaşmış və maşınını Əlinin yaşadığı ünvana sürmüşdür. Həmin vaxtı əvvəldən tanıdığı Təqsirləndirilən şəxs orada olduğunu görmüş, Əli Elnurun Bakıya gedib qayıtmaq istədiyini söyləmiş, o da sonuncunu 80 manata Bakıya aparıb qaytaracağını söyləmişdir. Bundan sonra Elnur onun maşınına minmiş, onlar saat təxminən 22:00 radələrində Elnurla birlikdə Bakı şəhəri istiqamətində yola çıxmışlar. Ucar şəhərinin çıxışındakı “Dörd yol” deyilən yol ayrıcına yaxınlaşanda Elnur ondan həmin yerə yaxınlıqdakı “Bəyaz” marketdəki aparatdan kiməsə pul göndərəcəyini deyib, maşını marketin qarşısında saxlamağı xahiş etmişdir. O da həmin yerdə maşını saxlamış və özünə siqaret və bəzi ərzaqlar alamq üçün Elnurla birlikdə həmin marketə getmişdir. O, özünə lazım olan ərzaqları alana kimi Elnur da aparatdan kiməsə pul gödərib onunla birlikdə maşınına qayıtmışdır. Bundan sonra yola davam etmiş, saat təxminən 01:30 radələrində Bakı avtovağzalına çatmışlar. Həmin vaxtı Elnurun mobil telefonuna gələn zəngdən sonra maşını Abşeron Gənclər şəhərciyinə sürməyi söyləyib, orada bir evə girib çıxdıqdan sonra Ücara qayıdacağı bildirmişdir. O da sonuncunun dediyi yeri tanımadığını söyləmiş, bir neçə dəqiqədən sonra Elnurun göstərməsi ilə maşını həmin Gənclər şəhərciyinə sürmüş, şəhərciyə girişdə polis maşını onları görsə də saxlamamışdır. O, Elnurun göstərməsi ilə maşını şəhərciyin içərisindəki hansısa binanın qarşısında saxlamış, Elnur maşından düşüb getmiş və 1-2 dəqiqədən sonra geri qayıdıb maşına əyləşib Ucara sürməyimi söyləmişdir. O da maşını işə salıb Elnurun göstərməsi ilə şəhərciyin çıxışı istiqamətində sürməyə başlamış, çıxışa az qalmış polis əməkdaşları onları saxlayıb, kimlikləri barədə və şəhərciyə nə üçün gəldiyi soruşmuşlar. O, taksi sürücüsü olduğunu deyib, sənədlərini onlara təqdim etdikdən sonra, polislər Elnurun narkotik istifadəsçisi olmalarından şübhələndiklərini deyib, onu öz maşınlarına mindirmiş və onun sənədlərini qaytarıb onu yola salmışlar. Ertəsi günü o Ucar rayonunda olduğu vaxtı məhəllələrində gedən söhbətlərdən eşitmişdir ki, Abşeron rayon polis işçiləri Elnurun üzərindən külli miqdarda narkotik vasitə aşkar etmişlər. O, əvvəllər onun narkotik vasitələrdən istifadə etdiyini eşitsə də həmin gecə onunla Abşeron Gənclər şəhərciyinə narkotik maddə dalınca getdiyini bilməmişdir. Göstərmişdir ki, Elnur Ucar şəhərindəki “Bəyaz” marketdən o, kiməsə pul göndərmiş, Abşeron Gənclər şəhərciyinə də onun maşınını sürdürüb oradakı hansısa bloka girib çıxdıqdan sonra polislər onları saxlayıb ondan şübhələndiklərini bildirib polis idarəsinə aparmışlar və həmin vaxtı da o, maşınından düşməmişdir. (cild 1, iş vərəqə 146-147) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və həmin protokola əlavə edilmiş videogörüntülər olan 1 ədəd DVD formatlı kompakt diskdən görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci ildə saat 02:30 radələrində 10 saylı dislokasiya xətti üzrə xidmətdə olan Abşeron rayon Polis İdarəsinin PPXB-nün əməkdaşları tərəfindən şübhəli şəxs qismində Abşeron rayonu, Gənclər şəhərciyində saxlanılaraq, Abşeron rayon polis idarəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən onun əyindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 02 ədəd şəffaf polietilen kəsiyi bükümündə narkotik vasitə-heroinə bənzər kütlə və 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə psixotrop maddə-metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. (cild 1, vərəqə 27) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 6/950 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs » və s sözlər, imzalar olan zərfıdəki iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,012 qram, 7,018 qram, ümumi təmiz çəkisi 10,730 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki bükümdəki heroin kütlələri kimyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bir ədəd bükümdə təmiz çəkisi 11,451 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına, Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. (cild 1, iş vərəqə 33- 39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3330 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixostimulatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 1201-121) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 410 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və onun izi aşkar edilmədi. Cinayət işinin materiallarından görünür ki iş üzrə təmiz çəkisi 11,451 qram psixotrop maddə metamfetamin, 10,030 qram heroin, bir ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 11,401 qram metamfetaminin və 9,930 qram narkotik vasitə heroinin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilməsi və 1 ədəd DVD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 108-109) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ucar rayon İHB-nın Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Müsbət xarakterizə olunur. ( cild 1, iş vərəqə 117) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş doğum haqqında arayışların surətindən görünür ki, təqsirləndirilən şəxsin xx.xx.2016-cı il tarixli X4 və xx.xx.2018-ci il təbəllüdlü X2 iki uşağı vardır. (cild 1, iş vərəqə 114-115) İş materiallarına əlavə edilmiş 14 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən fiziki işgəncəyə, qeyri-insani rəftara, təzyiq və təsirlərə məruz qalması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron RPİ-nin MSY-dən götürülmüş tibbi yardım kitablarının surətindən görünür ki, Təqsirləndirilən şəxs üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən bədən səthi üzərində xəsarət aşkar edilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, daşımaqla üzərində saxlamışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda, müxtəlif bükümlərdə və növlərdə olması, Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə həmçinin, Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallara, yəni Abşeron Gənclər şəhərciyinin içərisində yerləşən binanın qarşısında Elnurun maşından düşərək 1-2 dəqiqəlik getməməsi ilə bağlı xüsusatlara tənqidi yanaşır və hesab edir ki, Şahid3 məhkəmədə Təqsirləndirilən şəxs qarşı ifadə verərkən ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli qeyd etdiyi xüsusatlar cinayət əməli baş verərkən özünün də orada olması ilə əlaqədar məsuliyyətdən qorxaraq özünü qorumağa yönələn cəhdi kimi izah olunur. Bu səbəbdən məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv ifadə kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 61-64) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,401 qram metamfetamin və 9,930 qram narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,401 qram metamfetamin və 9,930 qram narkotik vasitə heroin məhv edilsin, 01(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-27/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-27/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver