Məhkəmə qərarları › İş №1(124)-271/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-271/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-271/2023 16.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, Xaçmaz rayonu, Sahillər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq - külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 883,781 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib həmin marixuananın 875 qramını bir bağlamada qablaşdırıb yaşadığı ünvan 1 ünvanının mətbəx otağındakı dolabın içərisində, 8,781 qramını isə bir neçə dəfə istifadə etmək üçün səkkiz ədəd bükümdə qablaşdırıb üzərində saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:24-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən, onun şəxsi istehlak üçün özü ilə götürdüyü ümumi çəkisi 8,781 qram narkotik vasitə marixuana bir ədəd sellofan bağlamanın içindəki səkkiz ədəd bükümdə olmaqla əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 fevral 2022-ci il tarixdə saat 15:13-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına öz icazəsi və iştirakı ilə baxış keçirilərkən, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq - külli miqdarda öz istifadəsi üçün saxladığı 875 qram çəkidə narkotik vasitə olan marixuana bir ədəd sellofan torbada olmaqla mətbəx otağındakı dolabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs X6 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 12 fevral 2022-ci ildə saat 11-12 radələrində polis əməkdaşları tərəfindən Sumqayıt şəhərindən öz avtomaşını ilə Bakı şəhərinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt Bakıya həkimə gedərkən YPX maşını saxla komandası vermiş və o, maşını saxlamışdır. Sonra o, BMCMİ-nin binasına aparılmış və orada polislər maşının bardaçokunda olan nəşəni çıxarmışlar. Sonra polislər ondan əlavə narkotik olub-olmamasını soruşmuşlar. O isə evində də narkotik vasitənin olmasını demişdir. Polislər də gedib evdən narkotik götürmüşlər. Lakin onda cəmi 300 qram marixuana olmuş və onun 50 qramını istifadə etmişdir. Polislər isə həmin narkotik vasitəni artırmaqla 800 qram eləmişlər və ona təzyiq etmişlər ki, hamısını etiraf etsin və boynuna götürtsün. Daha sonra, o, göstərmişdir ki, 10 il Daxili Qoşunlarda MAHHXHQ vəzifəsində hərbi qulluqçu olaraq xidmət etmişdir. Bakıya onurğasını müalicə etmək üçün həkimə getmişdir. Bu zaman özü ilə bir həftəlik istifadə etmək üçün narkotik vasitə nəşə götürmüşdür. Çünki bir gündə 2-3 dəfə nəşə çəkmişdir. Lakin polis əməkdaşları onun özü ilə götürdüyü bir bükümdə olan narkotik vasitəni bir neçə bükümə qablaşdırmışlar, sonra isə onun üzərinə qoyub çəkiliş aparmışlar. Həmin narkotik vasitəni o, 500 manata şəxsi istifadəsi üçün almışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra narkotik vasitə istifadə etməyə başlamışdır. Heç bir vaxt heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitəni istifadə etmək üçün qramla almamış və qramının hansı qiymətə olmasını da bilməmişdir. Tədricən istifadə etmək üçün özünə birdəfəlik həmin narkotiki almışdır. Həmin narkotik vasitə satışa da yaralı olmamışdır, tullantılardan və qırıntılardan ibarət olmuşdur. Daxili qoşunların hərbi qulluqçusu kimi arxa cəbhədə müharibə vaxtı da iştirak etmişdir. Narkotik vasitə istifadə etməsinə görə peşmançılıq çəkir. Həm ibtidai istintaq zamanı verdiyi ifadələrində, həm də Bakı Ağır Cinayətlər məhkəməsində verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, satış məqsədinin olmadığını və heç bir vaxt narkotiklərin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 12 fevral 2022-ci ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs həmin gün tərəflərindən saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində idarə etdiyi “Hyundai Sonata” markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə onu üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən içərisində 08 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlamasa da, yaşadığı Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən evində narkotik vasitə qurudulmuş marixuana gizlədib saxladığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra onun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilə çəkiliş aparılmaqla baxış keçirilmiş, lakin maşından hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə onun yaşadığı mənzildə baxış keçirilərkən mənzilin mətbəx otağında olan şkafdan 01 ədəd şəffaf rəngli sellofan torbada təxminə 500 qramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra, Şahid2 ifadəsində göstərdi ki, ilkin olaraq Təqsirləndirilən şəxs narkotiklərin dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olsa da, sonradan onun narkotiklərin satışı ilə məğul olmasına dair məlumat öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik olmasını özü demiş, ona təzyiq edən və ona zor tətbiq edən olmamışdır. Məhkəməyədək icraat zamanı və məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2lə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ekspert X2 ifadəsində göstərmişdir ki, cinayət işi üzrə verdiyi 13 fevral 2022-ci il tarixli 7/138 nomrəli ekspert rəyini təsdiq edir. Elşad Ağalıyevin üzərindən götürülmüş 8 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana ilə evində aşkar olunmuş marixuananın tərkibləri eyni olmuşdur. Onda aşkar edilmiş marixuana xırdalanmış vəziyyətdə olmuş, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması”, eləcə də “Mənzilə baxış keçirilməsi barədə” 12 fevral 2022-ci il tarixli protokollardan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:24-də saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 08 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1, 166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram olmaqla ümumi çəkisi 8,781 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyataxtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs icazəsi və razılığı əsasında yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin mətbəx otağında olan dolabın içindən bir ədəd sellofan torbada təmiz çəkisi 875 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına da baxış həyata keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya dəlil müəyyən edilməmişdir. (Cild 1, iş vərəqləri 34-35, 44-46) Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tərəflərin iştirakı ilə həmin videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, protokollarda qeyd olunan xüsusatlar videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 13 fevral 2022-ci il tarixli 7/138 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 08 ədəd kağız bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə...” yazılar və imzalar olan ağ rəngli kağız paketdəki sellofan torbada 8 (səkkiz) ədəd kağız bükülələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram olmaqla ümumi çəkisi 8,781 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı ...ünvanına baxış zamanı aşkar edildiyi 01 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə” yazılar və imzalar olan bir ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada bir ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi -875,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. X4 üzərindən götürülmüş 8 (səkkiz) ədəd kağız bükülülərdə olan marixuana ilə onun yaşadığı ünvandan götürülmüş 1 ədəd sellofan torbada olan marixuana tərkiblərinə görə eynidir. (Cild 1, iş vərəqləri 54-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 may 2022-ci il tarixli 2531 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, həmin ekspert rəyinin anamnez hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs deməsinə görə o, “arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir” (Cild 1, iş vərəqləri 148-149) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 12 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqləri 127-128) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut hesab edilməsi haqqında” 13 fevral 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyun 2022-ci il tarixli qərarlara Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 883,601 qram qalan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Həmçinin şəxsi axtarış və evə baxış keçirilməsi haqqında istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk də maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 187-191) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 123-124) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, guya o, məhz satış məqsədi ilə üzərində 8,781 qram, evində isə 875 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İş materiallarından, o cümlədən narkoloji ekspertizanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməsə də, onda kannabioidlərdən istifadə edilməsi halları olmuşdur. İş materiallarından göründüyü kimi isə narkoloji ekspertiza Təqsirləndirilən şəxs tutulmasından 3 ay sonra keçirilmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyun 2022-ci il tarixli qərarında, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. (Cild 1, iş vərəqləri 187-191) İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Həmçinin istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyun 2022-ci il tarixli qərarında təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməsini əsaslandırarkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması, onun özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri, eləcə də ilkin araşdırma zamanı toplanmış materiallar və işdə olan digər mötəbər sübutlarla təsdiq olunur. Halbuki, sadalanan sübutlarda Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini, onun kiminləsə sövdələşməsi, alıcı ilə razılığa gəlməsi və bu kimi digər halları əks etdirən heç bir sübut müəyyən edilməmişdir. Göründüyü kimi istintaq orqanının istinad etdiyi ilkin təhqiqat materiallarında, istintaq hərəkətlərinin protokollarında, şahid ifadələrində, ekspert rəylərində, maddi sübutlar və digər sənədlərdə də təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut və dəlil yoxdur. Bununla da, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi vərərkən cinayət işi üzrə toplanmış sübutların Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsinə kifayət etməsi ilə bağlı öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Əksinə iş materiallarında olan istintaq orqanının özünün topladığı sübutların məcmusu təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olmadığından dəlalət edir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tutularkən ona məxsus bir ədəd “Xiomi” markalı mobil telefon da götürülmüşdür. Bundan başqa, istintaq orqanının müvafiq vəsatəti və təqdimatı əsasında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrinə gələn və gedən zənglər, “SMS” mətnləri, abonentlərin anket məlumatlarının və s. məlumatların “Azercell” mobil rabitə operatorundan götürülməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan “Xiomi” markalı mobil telefona, o, cümlədən həmin telefonda olan “Watsapp” internet tətbiq etməsinə, eləcə də “Azercell” mobil rabitə operatorundan götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**- ** nömrələrinə aid məlumatlara baxış keçirilməsi haqqında 19 mart 2022-ci il tarixli və 25 mart 2022-ci il tarixli protokollardan görünür ki, həmin mobil telefon və mobil rabitə operatorundan əldə edilmiş məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair ümumiyyətlə heç bir dəlil və sübut aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tutularkən mobil telefonunun dərhal götürülməsini, onun həmin telefona müdaxilə etmək imkanının olamamasını nəzərə alaraq, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs mobil telefonundan və istifadə etdiyi mobil nömrələrdə narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir dəlilin ibtidai sitintaq orqanı tərəfindən müəyyən edilməməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olmamasının, eləcə də narkotik vasitənin satış məqsədi ilə deyil, şəxsi istehlak üçün əldə etməsinin aşkar təzahürüdür. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə və ən əsası bir neçə növ narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Lakin təqsirləndirilən şəxsdə yalnız bir növdə olmaqla narkotik vasitə olan qurudulmuş marixuanna aşkar olunmuşdur. O, məhkəmə iclasında nəşə deyilən qurudulmuş marixuananı siqaretə doldurmaqla çəkdiyini etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qeyd etmişdir ki, onun üzərindən və evindən götürülmüş narkotik vasitə ümumiyyətlə satışa yaralı olmamış, qurudulmuş marixuananın tullantıları və qrıntılarından ibarət olmuşdur. Maddi sübut kimi tanınmış həmin narkotik vasitə olan qurudulmuş marixuana məhkəməyə gətizdirilməklə, məhkəmə-bilolji ekspertiza tədqiqatını keçirmiş ekspertin iştirakı ilə həmin maddi sübuta baxış keçirildikdə müəyyən edilmişdir ki, həmin qurudulmuş marixuana kütləsi praktikada satış məqsədi ilə əldə edilən narkotik vasitə qurudulmuş marixuanadan, yəni çətənə bitkisinin qurudulmuş çiçəkli baş qisimindən və yarpaqlarından əldə edilən maddələrdən fərqlidir, başqa sözlə Təqsirləndirilən şəxs götürülmüş qurudulmuş marixuana kütləsi ovulmuş, kiçik qırıntılardan ibarət bir kütlə olmuşdur. Bu da , öz növbəsində həmin kütlənin xırda bağlamalarla satış üçün yaralı olmasına əsaslı şübhələr yaradır. Bundan başqa, istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 8,781 qram narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda 1,166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram çəkidə olan hissələrə bölüb səkkiz ədəd bükümdə qablaşdırıb satış məqsədi ilə üzərində saxlamışdır. Halbuki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “A” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram olduğu halda, Təqsirləndirilən şəxs bu növ narkotiki məhz satış məqsədi ilə 1,166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram olan 8 ədəd çəkilərdə bölməsi və onun digər narkotik istifadəçilərinə qurudulmuş marixuananı bu cür kiçik həcmdə sata bilməsi, o cümlədən narkotik istifadəçilərinin ondan bu həcmlərdə narkotik almaq istəmələri məhkəmə üçün ağlabatan görünmür. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmaqla bir neçə bükümə bölünməsini iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Elçad Ağaliyevin üzərində və evində aşkar edilmiş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən həcmdə narkotik vasitə heroinin olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi, narkotik vasitənin onun üzərində deyil avtomobilində cəmi bir bükümdə olması, sonra isə polis əməkdaşları tərəfindən 8 bükümə bölünməklə üzərinə qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016 və 2014-cü il təvəllüdlü iki azyaşlı övladı vardır. (Cild 1, iş vərəqləri 235-236) Məhkəmə cinayət qanununun bu tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs 2 azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun həmin normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs uzun müddət hərbi qulluqçu kimi xidmət etməsi, əvvəllər məhkum olunmaması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, evli olması və azyaşlı uşaqlardan ibarət ailəsinin yeganə dolanışıq mənbəyi olması da onun cəzasını yüngülləşdirən başqa hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 24, 90-95) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİNnin BMCMİ-nin saxlanc yerində saxlanılan ümumilikdə 883,601 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub DİN-nin BMCMİ-nin saxlanc yerində saxlanılan ümumilikdə 883,601 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar