Məhkəmə qərarları › İş №1(124)-273/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-273/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-273/2023 27.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Masallı rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan 90 manat müqabilində bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 4,482 qram açıq qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Novxanı kəndi ərazisinə gələrək həmin narkotik vasitəni üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Abşeron rayon polis idarəsinin PPXB-nün əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndi ərazisində saxlanılaraq Saray polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın arxa sol cibindən həmin bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 4,482 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onu axşam saat 11 radələrində taksidə saxlayıb, Saray polis bölməsinə dəvət etmişlər. Onun üzərində həmin vaxt 1 qram narkotik vasitə heroin olmuşdur. Həmin narkotik vasitəni Masallı rayonundan almışdır. İttihamda göstərilmiş narkotikin miqdarı ilə razı deyildir. Polis əməkdaşları 4 qramı üzərinə götürməli olduğunu ona bildirmişlər, o da məcbur olub üzərinə götürmüşdür. Saxlanılarkən üzərində mobil telefon olmamış, həmin vaxt telefonu xarab olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bir neçə müddətdir ki, narkotik vasitə heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. xx.xx.2022-ci il tarixdə Masallı rayonunda olan zaman tanımadığı 30-35 yaşlı şəxsdən 90 manat müqabilində bir büküm şəffaf sellofanda narkotik vasitə heroin almışdır. Həmin şəxsdən bir az çox miqdarda heroini bir neçə gün istifadə etmək üçün almışdır. Bakı şəhərində heç kimi tanımadığı və istifadə etmək üçün narkotik vasitə tapmaqda mətinlik çəkdiyi üçün artıq miqdarda narkotik vasitə almışdır. Həmin içərisində narkotik vasitə heroin olan şəffaf sellofan bükümünü sonra Özü istifadə etmək üçün əynində olan tünd göy rəngli şalvarının arxa sol cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində təsadüfən tanış olduğu Elnur adlı şəxslə onun idarə etdiyi “Mersedes-Benz” markalı avtomobil ilə Bakı şəhərinə getmək istəyən zaman, iki nəfər polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib onları Saray polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə bölməyə getmişlər. Polis bölməsinin inzibati binasında onlara videoçəkiliş ilə üzərlərinə şəxsi axtarış keçiriləcəyini izah elmişlər. Onlar da etirazları olmadığını bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan tünd göy rəngli şalvarının arxa sol cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə heroin götürülmüşdür. Sorğu zamanı o, həmin narkotik vasitə heroini bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Masallı rayonu ərazisində olan zaman tanımadığı şəxsdən 90 manat müqabilində aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümünü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Bundan sonra onunla birlikdə Saray polis bölməsinə gedən Şahid3 üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, onun narkotik vasitə əldə etməsi barədə heç kimin məlumatı olmamış, həmin narkotik vasitə heroini öz istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Adına olan ***-***-**-** saylı mobil nömrəni həyat yoldaşı işlətdiyini, digər ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri isə təxminən 2 il əvvəl taksi fəaliyyəti ilə məşğul olan zaman alsa da, uzun müddətdir ki, həmin nömrələri istifadə etmədiyini, son zamanlar ümumiyyətlə mobil telefon işlətmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 165-167) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Abşeron rayonu Novxanı kəndi ərazisində hər gün gecə növbəsində polis nəfəri Şahid1 oğlu ilə birlikdə avtopatrulda xidmət aparırlar. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində Novxam-Binəqədi yolunun kənarında gümüşü rəngli “Mersedes-Benz” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildə iki nəfər şəxsin özlərini şübhəli apardığını görüb onlara yaxınlaşmışlar. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər avtomobildən yerə düşmüşlər. Onlar həmin şəxsləri Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə dəvət etmişlər. Saray polis bölməsinin növbətçi hissəsində həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 olduğu məlum olmuşdur. Bundan sonra Abşeron RPİ-nin Saray PB-nin inzibatı binasında təhqiqatçı xidməti otağında müdafiəçinin iştirakı və videoçəkiliş ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və Şahid3 üzərlərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının arxa sol cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş başqa əşya, predmet aşkar olunmamışdır. Bundan başqa Şahid3 da üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroini 16 Masallı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 90 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid polis əməkdaşı Abşeron RPİnin PPXB-nün polis nəfəri Şahid1 ifadəsindən görünür ki, digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, son zamanlar maddi sıxıntıları olduğuna görə təxminən 5-6 ay müddət özünə məxsus tünd boz metallik rəngli “Mersedes-Benz” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müştərini düşürərək yolun kənarında dayanmış. Həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Elçin Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Bundan sonra Elçin onun avtomobilinin arxa oturacağında əyləşmişdir. O, hərəkətə başlamaq istədikdə iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona nəsə narahatçılığın olub-olmamasını soruşmuşlar. O, da heç bir narahatçılığın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları Elçindən harada yaşamasını və nə işlə məşğul olduğunu soruşmuşlar. Polis əməkdaşları bir qədər Elçinlə danışdıqdan sonra onları birlikdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Saray polis bölməsinə getmişlər. Polis bölməsinin inzibati binasında təhqiqatçı Elməddin Əsgərovun xidməti otağında müdafiəçinin iştirakı və videoçəkiliş ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı predmetin və ya qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının arxa sol cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş başqa əşya, predmet aşkar olunmamışdır. Bundan başqa onun da üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Masallı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 90 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti yoxdur, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olması və həmin narkotik vasitəni haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır, Saray polis bölməsində Elçinin üzərindən həmin narkotik vasitə aşkar olunduqdan sonra bu barədə məlumatı olmuşdur. (cild 1, iş vərəqə 99-103) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 17 iyun 2022-ci il tarixli raportdan görünür ki, 17 iyun 2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs və Şahid3 PPX əməkdaşları tərəfindən özlərini şübhəli apardıqları üçün saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə gətirilmişlər.(cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, saat 10:40 dəqiqədən 11:05 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın arxa sol cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür ( cild 1, i.v. 23-25) Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3398 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 246 №” dairəvi möhür əksi, “(imza) Nəsrullayev” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,482 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələr”-in ! siyahısına daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 4,482 qram, tədqiqata sərf olunan miqdar 0,1 qram, qalıq 4,382 qram təşkil edir. (cild 1, iş vərəqə 30-34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoioji ekspertizasının xx.xx.2022-ci il tarixli 4493 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 113-114) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan 4,482 qram heroin və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,382 qram heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 149-153) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Ağır Cinayətlər Məhkəməsinin 04.01,2004-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1, 70-ci maddələri ilə təqsirli bilinərək 03 il şərti sınaq müddəti cəzasına məhkum edilməklə məhkəmə zalından azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir.. (cild 1, iş vərəqə 121-122) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu Qızılağac kəndində qeydiyyatdadır, barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 92) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X3 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə olan heroin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalmış – 4,482 qram heroin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlundan olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalmış – 4,482 qram heroin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar