Məhkəmə qərarları › İş №1(124)-274/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-274/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-274/2024 14.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Laçın rayonu, Köhnəkənd Ə/D, Köhnəkənd kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Dilarə” adlı şəxslə istifadəsində olan “Samsung Galaxy A50” markalı mobil telefon avadanlığında quraşdırılmış “WhatsApp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, daha sonra bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Dilarə” adlı şəxs naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə ümumilikdə 2387,02 qram çəkidə, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün istintaqa məlum olmayan ünvanda gizlədib yerləşdirərək, daha sonra həmin bağlamanın geolokasiya və fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda quraşdırılmış "WhatsApp” proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs isə sonuncunun təlimatı və sifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qoyulduğu yerdən götürüb bir qismini üzərində, qalan hissəsini yaşadığı mənzildə saxlamış, 23 may 2023-cü il tarixdə saat 17:00-da Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında yerləşən yaşadığı nömrəsiz evin yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, üzərindən satış məqsədi ilə əldə edib daşıdığı 42,020 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 19:20-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə Bağlar massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, mənzilin qonaq otağında çarpayının üzərindəki döşəyin alt hissəsində saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-1250,0 qram; 1095,0 qram, ümumi çəkisi 2345,0 qram bitki mənşəli, narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, “İnstangram” sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsdən narkotik vasitəni əldə etmiş, danışığa əsasən o, həmin narkotik vasitəni müəyyən olunmuş yerə qoymalı olmuşdur. Bunun müqabilində ona istifadə edə biləcəyi qədər narkotik vasitə verilməli idi. Sənədlərdə yazılıb ki, piyada hərəkətdə olarkən, lakin o, evdə uşağı ilə birlikdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun üzərində də narkotik vasitə olmamışdır. Uşağı bilməsin deyə polis əməkdaşları ilə razılaşmışdır ki, nə yazsalar imza çəkəcəkdir və elə də etmişdir. Özünü təqsirli bilir, lakin onun evində sənədlərdə göstərilən qədər narkotik vasitə olmamışdır. Onun evində cəmi 1 kiloqrama yaxın narkotik vasitə marixuana olmuşdur. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən evdə döşəyin altına qoyulmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 7-8 ay olar ki narkotik vasitə istifadəçisidir. İttiham aktında göstərilən tarixdə həqiqətən də iranlı şəxsdən narkotik vasitəni əldə etmiş, onun müəyyən şəxslərə çatdırılması barədə razılaşma olmuş, lakin narkotikin çəkisi o qədər olmamışdır. Narkotik vasitəni telefon vasitəsi ilə konum atılmış və bunun əsasında gedib götürmüşdür. İlk dəfə olmuşdur ki, belə bir iş görmüşdür. Narkotik vasitəni əldə etdikdən sonra bir neçə yerə konum əsasında aparıb qoymuşdur. İranlı Dilarə adlı şəxslə əlaqə saxlamadan da öncə şəxsi istifadə üçün başqa şəxslərdən narkotik vasitə əldə etmişdir. Maddi imkanı pis olduğundan, kirayədə yaşadığından pul qazanmaq üçün bu yola baş vurmuşdur. İranlıdan götürəndə narkotikin çəkisi təxminən 1 kq 200 qram olmuşdur. Həmin narkotikin bir hissəsini müxtəlif ünvanlara çatdırmışdır. Polis əməkdaşları ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Uşağı bilməsin deyə polis əməkdaşlarının hər dediyini etmişdir. Narkotik vasitənin çəkisinin artırılması ilə bağlı heç bir orqana şikayət etməmişdir. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də bu barədə deməmişdir. Əməlindən peşmandır və məhkəmədən bu halların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral-mart aylarında “İnstagram” sosial şəbəkəsində xatırlamadığı bir səhifədə rəylər bölməsində bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə aralarındakı yazışma zamanı onun İran İslam Respublikasının vətəndaşı olduğunu öyrənmişdir. Danışıqları zamanı həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, ona “WhatsApp” nömrəsi verərək həmin nömrə ilə danışmaqlarını təklif etmişdir. O da həmin şəxsin verdiyi mobil nömrə ilə əlaqə saxlamış, həmin şəxs özünü ona Dilarə adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş, ancaq özü barəsində ona başqa məlumat verməmişdir. Daha sonra həmin şəxs ona Sumqayıt şəhəri ərazisində hansısa yerə yerləşdirilmiş içərisində narkotik vasitə olan bağlamanı qoyulduğu yerdən götürüb sonradan deyəcəyi yerə qoyması müqabilində onun bank kartının hesabına pul ödəyəcəyini təklif etmişdir. Həmçinin bildirmişdir ki, istifadə etməyi üçün də ona narkotik vasitəni pulsuz verəcəkdir. O, ilk əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olacağına görə həbs edilə biləcəyindən qorxduğundan onun təklifi ilə razılaşmamış, sonradan həmin şəxslə razılaşmış və xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğundan sosial şəbəkədə tanış olduğu, özünü ona İran islam Respublikası vətəndaşı və Dilarə adlı şəxs kimi şəxs təqdim etmiş şəxsə zəng edərək maddi ehtiyaclarına görə ancaq bir dəfəlik onun təklifi ilə razılaşmışdır. Həmin şəxs ona “WhatsApp” ani mesajlamşa proqramı vasitəsilə Bakı şəhərində hazırda xatırlamadığı ünvan göndərmiş və o, həmin ünvandan sellofan paketdə qoyulmuş narkotik vasitə olan heroini götürmüş və ertəsi gün həmin şəxs ona götürdüyü narkotik vasitənin bir hissəsini digər yerə qoymağını bildirmişdir. O, da həmin şəxsin göstərişi ilə aldığı narkotik vasitədən xatırlamadığı çəkisini Sumqayıt şəhəri ərazisində yaşadığı X11 massivi ərazisində bir yerə, qalanını isə həmin massivdə digər bir yerə qoymaqla ona ünvanları göndərmişdir. Bundan sonra Dilarəyə ona pul göndərməsi üçün rəfiqəsi Fidan Avadanovaya məxsus Leo banka aid **********199384 kart hesabını göndərmiş, Fidandan da həmin kart hesabını alan zaman demişdir ki, bir nəfərin ona borcu var, görüşə bilmədikləri üçün pulu onun kartına göndərəcəkmiş. Dilarə də ona 100 manat pul göndərmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə Dilarə ona Bakı şəhəri Sabunçu rayonunda xatırlamadığı ünvanda sellofan torbada qoyulmuş narkotik vasitə olan marixuananı qoyulduğu yerdən götürüb sonradan deyiləcək yerə qoyulması müqabilində 200-300 manat pul əldə etməyi təklif etmişdir. Onun pula ehtiyacı olduğundan bundan sonra sürücüsünü tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib mesajda göstərilən ünvana getmiş, qeyd edilən təxminən 2 kiloqram 400 qram narkotik vasitə olan marixuananı göstərilən ünvandan götürüb yaşadığı evə gətirmişdir. 23 may 2023-cü il tarixdə həmin bükümdən təxminən 50 qram aşkar olunmuş elektron tərəzidə çəkib götürmüş ki, ünvana qoymaqla həmin ünvanı Dilarəyə göndərəcək. Həmin tarixdə, saat 17:00 dəqiqədə, Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş, onu Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərində şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1(bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 1(bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərində əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 52(əlli iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi, iştirakçı və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd açar isə özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Dilarə” adlı şəxsin vasitəsi ilə 2(iki) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş tanımadığı və xatırlamadığı yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Dilarə” adlı şəxsin ona 300(üç yüz) manat pul verdiyini, “Dilarə” adlı şəxsi təxminən 3(üç) ay olar ki, tanıdığını, həmçinin Sumqayıt şəhərində yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuş, bu təklifdən sonra o, evdə qonaq otağında çarpayının üzərindəki döşəyin alt hissəsindən 2(iki) ədəd bükümdə qurudulmuş marixuananı və 1(bir) ədəd elektron tərəzini təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuana çəkisi 2(iki) kq 375(üç yüz yetmiş beş) qram olmuş, daha sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçisi, iştirakçı, təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Dilarə” adlı şəxsin vasitəsi ilə 2(iki) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Dilarə” adlı şəxsin ona 300(üç yüz) manat pul verdiyini, “Dilarə” adlı şəxsi təxminən 3(üç) ay olar ki, tanıdığını bildirmişdir (cild 01, iş vər. 168-170). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs yalnız aşkar olunan narkotik vasitənin çəkisini mübahisələndirərək qalan hissədə ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 23 may 2023-cü il tarixdə Ofeliya adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Ofeliya adlı şəxs Təqsirləndirilən şəxsdır. Həmin gün keçirilmiş tədbir nəticəsində saat 17:00-da Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında fərdi yaşayış evlərinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Daha sonra xidməti otaqların birində onun üzərinə vəkilin də iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ofeliya əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd bükümü təqdim etmişdir. Həmin kütlə çəkilərək qablaşdırılmaqla götürülmüşdür. Ondan üzərində şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bitki tərkibli kütlənin nə olduğunu, hardan, kimdən, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bitki tərkibli kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı Dilarə adlı şəxs olduğunu bildiyi şəxsin ona dediyi yerdən, yəni Bakı şəhəri Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağa görə Dilarə adlı şəxsin ona müəyyən məbləğdə pul verdiyini, həmçinin Sumqayıt şəhərində yaşadığı evdə də narkotik maddə olduğunu, evə baxış keçirilməsi üçün etiraz etmədiyini bildirmiş, daha sonra sonuncunun yaşadığı Sumqayıt şəhəri X11 massivindəki fərdi evə gedilmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağında çarpayının üzərindəki döşəyin alt hissəsindən 2 ədəd bükümdə narkotik vaitsə olan qurudulmuş marixuanaya bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlə çəkilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu narkotik vasitənin satışı ilə bağlı olmuş, onlar tərəfindən şəxsə hər hansı bir təsir olmamış, həmçinin şəxs heç bir müqavimət göstərməmişdir. Şəxs barəsində əvvəllər əməliyyat məlumatı olmamış, əməliyyat qeydiyyat işi açılmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 01, iş vər. 100-103). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1986-cı il təvəllüdlü, Laçın rayonu, Köhnəkənd Ə/D, Köhnəkənd kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, Laçın rayonu, Köhnəkənd Ə/D, Köhnəkənd kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında fərdi evdə yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində polis əməkdaşları tərəfindən yaşadığı Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin Saray Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 42,020 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-31). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 32). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında yerləşən nömrəsiz fərdi evə baxış keçirilmiş, baxış zamanı mənzilin qonaq otağında çarpayının üzərindəki döşəyin alt hissəsində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-1250,0 qram; 1095,0 qram, ümumi çəkisi 2345,0 qram bitki mənşəli, narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 36-38). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/767 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazılar və imzalar olan kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi - 42,020 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış göy rəngli polietilen torbada 2 ədəd üzərləri skoçla bağlanmış qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri -1250,0 qram, 1095,0 qram, ümumi çəkisi -2345,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır (cild 01, iş vər. 46-49). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilmişdir ki, həmin telefon “Samsung A50” markalı olmaqla arxa hissəsi ağ rənglidir və telefonun arxa hissəsində zavod üsulu ilə “Samsung” yazısı yazılmışdır. Mobil telefonda quraşdırılmış “Whatsapp” tətbiqinə daxil olduqda tətbiqdə “Dilare” adı ilə qeyd olunmuş +**********15 mobil telefon nəmrəsi ilə Təqsirləndirilən şəxs aralarında narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajların, səs yazılarının olması, narkotik vasitələrin qoyulduğu məkanların geolokasiya nöqtələri və narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkillərinin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs və “Dilare” adlı şəxslərin aralarında olan səsli mesajlara baxış keçirilərkən Təqsirləndirilən şəxs “yazmışam ее sola dönən kimi, orda birinci turbanın altındakı daşın altındadır, orada oyan bu yana getməyə ehtiyac yoxdur, elə dönən kimi turbanın altındakı daşın altındadır, bunu ona denən bilsin, yəni birinci turbadır, el dönən kimi göəcək, birinci turbadır, istəyirsən adresi səslə başa salım ona at bilsin”, “Dilare” adlı şəxsin “yoxee bacı insandırdə getdi yolda tutuldu elədi sənin səsin çıxar”, “görüm məndən kim mal götürsə onun malının üstündə bağlatdıracam deyəcəm gedib özün götürəcəksən onun da malın bir yerə ünvanlayacaqsan”, Təqsirləndirilən şəxs “hə qadan alaram sənin Dilarə elə gedim götürüm vəziyyət pisdi elə gedim götürüm sənə qurban olaram”, “Dilare” adlı şəxsin “bacı 2 kilo güldür onu götür gəl sağlıq olsun dərman da var onun da dalınca gedəcəksən”, “bacı konum elədi sənə göndərdim şəkli də atdım”, “bacı mənə qulaq as gör nə deyirəm, o otda 350 dənə qram vara, bir ondan birdə 1 kilo 650 qram vara onu qoy tərəziyə bir dənə mənə şəkil at onun da 650 qramın bir ünvan elə ikkki dənə mənə ünvan ver ondan sonra yıxıl arxayınlığa yat, o 650 qramdan ayıranda qoy tozundan da ayrılsın day birinin üzərində qalmasın” deməsi eşidilmişdir. Mobil telefona baxış zamanı mobil telefondan çıxarılmış fotoşəkillər A4 formatlı kağıza, səs yazılar isə DVD diskə köçürülərək prokola əlavə edilmişdir (cild 01, iş vər. 118-128). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" mobil operatoruna məxus “55 420-72-00” saylı mobil nömrənin AZE17603319 seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev. 18, m.26- də qeydiyyatda olan Məlik Məlikzadə adına qeydiyyata alındığı, “55 420-72-00” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 20:01:02 radələrindən xx.xx.2023- cü il tarixdə saat 23:59:48 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “55 420-72-00” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 16:48:10, 16:49:45, 16:57:42, - də “Sumgayit_Yashil Dere/"Sumqayıt şəhəri, Samurünvan 5 ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu, daha sonra isə istifadə edilmədiyi müəyyən edilmişdir (cild 01, iş vər. 130-131). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 4709 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulaytorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Qasimova Ofeliya Qəhrəman qızı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 115-116). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 137-151). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1986-cı il təvəllüdlü, Laçın rayonu, Köhnəkənd Ə/D, Köhnəkənd kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X11 massivi 113 ünvanında fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmaması, evdən aşkar olunan narkotik vasitənin çəkisinin az olması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən və yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkün düşdükdən sonra müvəqqəti olaraq Sumqayıt şəhəri, 41-ci kvartal, 8 saylı yataqxanada məskunlaşmışdır, himayəsində 2005-ci il təvəllüdlü uşağı var, yaşayış yeri üzrə yaxşı səciyyələndirilir (cild 01, iş vər. 92- 93) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 84). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkün olmasını, qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 20, 78-80). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2386,87 qram qalıq çəkisi qalmış, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalı, bir ədəd “Redmi" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2386,87 qram qalıq çəkisi qalmış, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın, bir ədəd “Samsumg Galaxy A50" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar