Məhkəmə qərarları › İş №1(124)-275/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-275/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-275/2023 29.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli məhkumluğu olmayan, Xızı rayonu, Özəl Baytarlıq İdarəsində baytar həkim işləyən, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, narkotik tərkibli çətənə (kannabis) bitkisinin əlli yeddi ədəd toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 2022-ci ilin mart ayının sonlarında həmin toxumları qəsdən Xızı rayonu Giləzi qəsəbəsində həyətindəki 4,50x10,50 metr ölçülü natamam tikilinin içərisindəki torpaq səthində qanunsuz olaraq əkib külli miqdarda əlli yeddi ədəd çətənə (kannabis) bitkilərini 2022-ci ilin iyun ayının sonlarınadək aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 29 iyun 2022-ci il tarixdə Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkibbecərməsi barədə daxil olmuş məlumat əsasında onun razılığı, müdafiəçisinin və özünün iştirakları ilə, videoçəkilişlə həmin tarixdə saat 10:42 dəqiqədən saat 11:06 dəqiqəyədək olan müddət ərzində həmin torpaq sahəsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi tərkibində narkotik maddələr olan hündürlükləri 80 sm-dən 170 sm-dək, 27890 qram miqdarında, əlli beş ədədi torpaqda köküstə vəziyyətdə, iki ədədi torpaqdan çıxarılmış vəziyyətdə olmaqla cəmi əlli yeddi ədəd külli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada sənədləşmə aparılaraq qablaşdırılıb götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, hazırda Xızı rayon Baytarlıq İdarəsində həkim işləyir. Əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Hazırda isə narkotik vasitə istifadə etmir. Narkotik tərkibli bitkilər aşkar edilən Xızı rayonu Giləzi kəndində olan bağ evi ona məxsus deyil. Atası həmin yerdə dayısı Əfsəllə birgə heyvan saxlamış, ölməzdən əvvəl əmlakları bölmüşdür. 2021-ci ilin noyabr ayında atası rəhmətə getmişdir. Dayısı Əfsəl həmin evdə qalmış, o isə həmin evə gedib gəlməmişdir. 2022-ci ilin iyun ayının 12-də Əfsəl rəhmətə getmiş, iyun ayının 29-da səhər saat 7-də yatarkən qapının möhkəm döyüldüyünü eşitmişdir. Qapını açanda Orxanın yanında başqa polislərlə birlikdə gəldiyini görmüşdür. Onlar onu tutub çətənə bitkiləri əkilən evə aparmışlar. O, polislərə həmin evdə yaşamadığını, 3-4 gündən bir həmin evə getdiyini, orda olan yumurtaları götürüb evə apardığını demişdir. Polislərlə mübahisələri olmuş, 30-40 nəfər polis onu döymüşdür. Qardaşı Ramilin də əllərini bağlayıb onu apardıqlarını görmüşdür. Orxan ona təzyiq etmiş, onun da iradəsi sınmışdır, orada olan polis əməkdaşı Əsədlə razılaşmış, Əsəd ona köməklik edəcəyini demiş, çəkiliş aparıb Xızı RPŞ-ə getmişlər. Sənədləşdirmə aparılandan sonra onu polisdə saxlamışlar. Çətənə bitkilərini o əkməmiş, əkilməsindən də xəbəri olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu Giləzi kəndində doğulmuş və ailəsi ilə birlikdə Giləzi qəsəbəsində yaşamışdır. O, Xızı rayonu Özəl Baytarlıq İdarəsində baytar həkimi işləmişdir. Təxminən bir ildir o, “nəşə” adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. O, qurudulmuş marixuananı belindəki diskin yırtığı xəstəliyi ilə əlaqədar olaraq istifadə etmişdir. Belə ki, o, marixuana istifadə etdikdən sonra belindəki ağrılar yox olmuşdur. O, gün ərzində təxminən on dəfə marixuana istifadə etmişdir. O, marixuananı yaşadığı qəsəbənin ərazisində yabanı halda bitmiş çətənə bitkilərindən toplayıb əldə etmiş və istifadə etmişdir. Son vaxtlar o, yabanı halda bitmiş çətənə bitkisi əldə edə bilməmiş, marixuana almaq üçün isə onun pulu olmamışdır. Bu səbəbdən də o, gizli bir yerdə çətənə bitkisi əkib becərmək, sonra həmin bitkilərdən marixuana əldə etmək və az-az istifadə etmək qərarına gəlmişdir. 2021-ci ilin sonlarında o, örüş sahəsində yabanı halda bitmiş çətənə bitkisindən toxum yığmışdır. 2022-ci ilin mart ayının sonlarında o, özündə saxladığı 57 ədəd çətənə bikisinin toxumunu Giləzi qəsəbəsində yaşadığı evin həyətində yerləşən kənarları mişar daşı ilə hasarlanmış üstü açıq natamam tikilidə torpaq səthində əkmişdir. O, torpağa əkdiyi 57 ədəd toxumun üzərinə su tökmüşdür. Bir neçə gündən bir olaraq o, toxumları əkdiyi torpağı suvarmışdır. Təxminən 20 gün sonra o, toxumların cücərib torpağın üzərinə çıxdığını görmüşdür. Bir neçə gün sonra o, torpaqda 57 ədəd çətənə bitkisinin bitdiyini görmüşdür. O, bitkilərə mütəmadi olaraq su vermiş və bitkilər inkişaf edərək böyüməyə başlamışdır. Çətənə bitkilərini becərərkən o, tez-tez dibində olmuş torpağı yumşaltmış, alaq otlarından təmizləmişdir. Onun çətənə bikilərini becərdiyi heç kim bilməmişdir. 2022-ci ilin iyun ayının sonlarınadək o, 57 ədəd çətənə bitkisini becərmiş, bitkilər müxtəlif ölçüdə boy atıb təxminən 1,5 metr hündürlükdə olmuşlar. 24 iyun 2022-ci il tarixdə o, çətənə bikiləri əkib-becərdiyi tikilidə olarkən bitkilərin hansı formada inkişaf etdiyini yoxlamışdır. Həmin vaxt o, bitkilərdən iki ədədinin yaxşı inkişaf etmədiyini, həmin bitkilərin yetişməyəcəyini, çiçək açmayacağını görmüşdür. O, həmin iki ədəd bitkini kökündən çıxarıb hasarın yanında torpağın üzərinə qoymuşdur. Eləcə də o, çətənə bitkilərinin yanında bitmiş və kölgəsi bitkilərin inkişafına mane olmuş bir neçə ədəd hündürboylu alaq otlarını da kökündən çıxarıb həmin hasarın kənarına qoymuşdur. O, qalan 55 ədəd çətənə bitkisinə 29 iyun 2022-ci il tarixədək qulluq etmişdir. Həmin gün saat 10 radələrində o, yaşadığı Giləzi qəsəbəsində olarkən Xızı rayon polis şöbəsinin əməkdaşları gəlib onu saxlamışlar. Polis əməkdaşları ona tərkibində narkotik maddələr olan bitkilər əkib yetişdirməyi barədə məlumat aldıqlarını və bitkiləri əkdiyi əraziyə baxış keçirəcəklərini demişlər. O, polis əməkdaşlarının çətənə bitkiləri əkdiyi tikiliyə baxış keçirməsinə etiraz etmədiyini demişdir. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli olduğunu bildirib onu tutmuşdur. O, vəkillərin siyahısı ilə tanış olmuş və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1, ona müdafiəçi təyin edilməsini bildirmişdir. Bundan sonra Pərvanə Hüseynova oraya dəvət edilmiş və ona təqdim edilmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş, bu barədə bildirişi ona təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona məxsus olan mişar daşından tikilmiş tikiliyə daxil olmuşlar. Həmin vaxt onun əkib-becərdiyi 57 ədəd çətənə bitkisi aşkar edilmişdir. Təhqiqatçı baxışda iştirak etmiş şəxslər barədə məlumat vermiş və baxışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera cihazı vasitəsi ilə video çəkiliş aparmışdır. Baxış zamanı o, çətənə bitkilərini istifadə etmək üçün əkib-becərdiyini bildirmişdir. Baxışda iştirak etmiş aqronom-mütəxəssis çətənə bitkilərinə baxaraq bitkilərin xüsusi qaydada əkilibbecərildiyini, su verildiyini və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Polis əməkdaşları bel vasitəsi ilə çətənə bitkilərini qazıb çıxarmış və bitkilər sayılaraq həqiqətən 55 ədəd olduğu müəyyən edilmişdir. Polis əməkdaşları həmçinin, kökündən çıxarıb hasarın kənarına qoyduğu iki ədəd çətənə bitkilərini də götürmüşlər. Polis əməkdaşları aşkar edilmiş cəmi 57 ədəd çətənə bikilərini doqquz ədəd sintetik kisədə qablaşdırıb götürmüşlər. Müstəntiq çətənə bitkilərinə dair kağızda qeydiyyat aparmış, sonra bu barədə məlumat vermişdir. O və iştirakçılar həmin kağızı imzalamış və kağız kisənin üzərinə tikilmişdir. Sonra təhqiqatçı protokol tərtib etmiş, o, protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları onu Xızı rayon polis şöbəsinə gətirmişlər. (Cild 1, iş vərəqləri 68-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Xızı RPŞ-in cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 29 iyun 2022-ci il tarixdə Xızı rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkib kultivasiya etmiş Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri həyata keçirmişlər. Təqsirləndirilən şəxs 29 iyun saat 10 radələrində Xızı rayon Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən saxlanıldıqdan sonra o, təhqiqatçı və aqronom-mütəxəssislə birlikdə Giləzi qəsəbəsinə getmişlər. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla İltifata məxsus həyət evinə baxış keçirilmişdir. Baxış zamanı kənarları mişar daşı ilə hündür formada hörülmüş tikilidə çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs tikilini cücə saxlamaq üçün tikdirdiyini, çətənə bitkilərini istifadə etmək üçün əkib-becərdiyini demişdir. Çətənə bitkiləri kökündən çıxarılaraq sayılmış və əlli yeddi ədəd olduğu məlum olmuşdur. Çətənə bitkiləri əkilmiş həyət evi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Çəkilişdə müdafiəçi, mütəxəssis, təhqiqatçı və polis əməkdaşları olmuşdur. Təqsirləndirilən şəxs çətənə bitkilərinin ona aid olmadığını deməsini eşitməmişdir. Təqsirləndirilən şəxsə təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xızı RPŞ-in cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayının 29-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsinə dair daxil olmuş məlumat əsasında 29 iyun saat 10 radələrində Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs saxlamışlar. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla İltifata məxsus həyət evinə baxış keçiriləndə kənarları mişar daşı ilə hörülmüş tikilinin içərisində 57 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərini istifadə etmək üçün əkib-becərdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xızı RPŞ-in cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il iyunun 29-da məxfi mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. İltifatın şəxsiyyəti barədə məlumatları yoxlayaraq məlumatı raportla rəhbərliyə məruzə etmişdir. Şahid2, Eyvazlı Orxan və məndən ibarət əməliyyat-axtarış qrupu yaradılmış, həmin gün Şahid2 ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsinə getmişlər. Saat 10 radələrində İltifatın Giləzi qəsəbəsində olduğunu görüb onu saxlamışlar. Sonra Xızı RPŞ-ə məlumat vermişlər, digər əməkdaşları da gəldikdən sonra Xızı rayonu Giləzi qəsəbəsində yerləşən İltifata məxsus həyət evinə getmişlər. Həyətə baxış keçirilərkən üstü açıq tikilidən xüsusi qulluq göstərilmiş 57 ədəd çətənə bitkisi aşkar edilmişdir. İltifat çətənə bitkilərinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, Xızı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial İqtisadi İnkişafın təhlili və proqnozu şöbəsinin böyük məsləhətçisi, aqronom-mütəxəssis işləmişdir. 29 iyun 2022-ci il tarixdə o, Xızı rayon polis əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsinə baxış keçirilməsinə dəvət edilmişdir. O, tutulmuş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Pərvanə Hüseynova və polis əməkdaşları ilə birlikdə Giləzi qəsəbəsində İltifata məxsus həyətə getmişlər. Polis əməkdaşları tərəfindən onun da iştirakı ilə videoçəkilişlə keçirilmiş baxış zamanı İltifata məxsus həyətdə yerləşən üstü açıq, mişar daşından hörülmüş natamam tikilinin içərisində narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Baxış zamanı həmin bitkilərin 4,50x10,50 metr ölçülü tikilinin içərisində torpaq səthində bir-birindən 20-40 sm məsafədə əkildiyi, vizual baxdıqda aqrotexniki qaydada qulluq edildiyi, suvarıldığı, normal inkişaf edərək köküstə vəziyyətdə, canlı formada, spesifik iyə malik olduğu, alaq otalarından tamamilə təmizləndiyini, diblərində torpaq qatının nəm vəziyyətdə olduğu müəyyən edilmişdir. Baxışda iştirak etmiş İltifat tikilinin sonuncuya məxsus olduğunu, toxum əldə edib bitkiləri özünün əkdiyini bildirmişdir. Təhqiqatçı metr vasitəsi ilə bitkilərin boyunu ölçmüş, bitkilərin boyunun 80 sm-dən 170 sm-dək olduğu müəyyən edilmişdir. Sonra polis əməkdaşları bel vasitəsi ilə çətənə bitkisinə bənzər bitkiləri kökündən qazıb çıxarmış, eyni zamanda onlar bitkiləri saymışlar. Kökü torpaqdan çıxarılmış bitkilərin cəmi əlli beş ədəd olduğu məlum olmuşdur. Təhqiqatçı tikilinin içərisində hasarın kənarında qurumuş vəziyyətdə olmuş bitkilərə də baxış keçirmişdir. Baxış zamanı o, həmin bitkilərin cəmi iki ədədinin çətənə bitkisinə bənzədiyini bildirmişdir. Təhqiqatçı qurumuş vəziyyətdə olmuş iki ədəd çətənə bitkisinə bənzər bitkiləri də götürüb ümumi saya əlavə etmişdir. Bununla da İltifata məxsus tikilidən cəmi əlli yeddi ədəd çətənə bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Aşkar edilmiş əlli yeddi ədəd çətənə bitkisinə bənzər bitkilər doqquz ədəd sintetik kisədə qablaşdırılmış, bağlanıb möhürlənərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs kultivasiya etdiyi 57 ədəd çətənə bitkisinə bənzər bitkilərə keçirilmiş baxış başa çatmışdır. Təhqiqatçı protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 109-111) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkilərini əkib kultivasiya etdiyi Xızı rayonu Giləzi qəsəbəsində yerləşən natamam tikiliyə videoçəkiliş tətbiqi ilə baxış keçirilmiş, tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər 57 ədəd bitki aşkar olunmuş, həmin bitkilər doqquz ədəd sintetik kisədə qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqləri 27-30) Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 31) Cinayət işinin materiallarında olan aqronom-mütəxəssis Şahid4 tərəfindən tərtib edilmiş 29 iyun 2022-ci il tarixli rəydən görünür ki, baxış zamanı 57 (əlli yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bitkilərin əkildiyi torpaq sahəsi ağac kollarından, alaq otlarından tamamilə təmizlənmiş, dibləri çala formasında qazılaraq suvarılma işləri aparılmış, bitkilərin inkişaf etməsi üçün diblərində torpaq qatı yumşaldılmışdır. Həmin bitkilərə insan əməyi ilə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. (Cild 1, iş vərəq 35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 30 iyun 2022-ci il tarixli 7/705 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş bitkilər.” yazılar və imzalar olan 9 ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 57 (əlli yeddi) ədəd, ümumi çəkisi – 27890,0 qram bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli – çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. (Cild 1, iş vərəqləri 44-47) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 23 avqust 2022-ci il tarixli 4676 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 102-103) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, 57 (əlli yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış, Xızı RPŞ-nə təhvil verilmişdir. Sübut əhəmiyyəti kəsb edən bir ədəd ”DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 127-136) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin daxil olmuş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, iş vərəq 98-99) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə, təqsirləndirilən şəxs X4 çətənə bitkisini kültivasiya etməməsi, həmin çətə bitkilərindən onun məlumatının olması və istintaq zamanı təzyiq nəticəsində ifadə verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxs İltfat Rəhimovun ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 iyul 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndiriləndirilən şəxin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 18, 76) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunacağı 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tədqiqatdan sonra təmiz çəkisi 27888,86 qram olan 57 ədəd narkotik tərkibli çətənə (kannabis) məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xızı RPŞ-də saxlanılan 57 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin, 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar