Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-278/2024 13.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Viva” şirniyyat evində anbardar işləmiş, Cəbrayıl rayonu, Qazanzəmi kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 09 ədəd bükümlərdə ümumi təmiz çəkisi 17,715 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd elektron tərəzini qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, 13 may 2023-cü il tarixdə, saat 06:50-də Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Sumqayıt İstilik Elektrik Stansiyasının yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan böz rəngli gödəkcəsinin sağ yan cibindən “Sobranie” siqaret qutusunun içərisindən 09 ədəd bükümdə təmiz çəkiləri 11,561 qram, 0,855 qram, 0,838 qram, 0,544 qram, 0,598 qram, 0,654 qram, 0,879 qram, 0,842 qram və 0,944 qram, ümumi təmiz çəkisi 17,715 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izi olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə onun üzərində olmamışdır. İttihamda qeyd olunan Sumqayıt İstilik Elektrik Stansiyasının yaxınlığında saxlanılmamış əslində işə gedən zaman “ASAN xidmət” mərkəzinin yaxınlığında saxlanılmışdır. Polis əməkdaşları onu saxladıqdan sonra polis idarəsinə aparmışlar. İdarədə olan zaman onu 209 nömrəli otağa apararaq orada ağır işgəncələr verərək onu təhdid etmişlər və o, məcbur qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etməmiş, ibtidai istintaq zamanı həmin ərazidə tutulmadığını bildirmiş, onu tutan polis əməkdaşlarını tanımamış, onlarla heç bir dümşənçiliyi və ədavəti olmamış, onu dindar olduğu üçün saxlamışlar, amma sonra narkotik vasitə ilə ittiham elan etmişlər. Tutulduğu dövrdə ona işgəncələr olunması barədə heç bir hüquq mühafizə orqanına müraciət etməmiş, polis əməkdaşları onu buraxacaqlarını bildirdiyi üçün barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə polis əməkdaşları tərəfindən ona işgəncələr olunmasını danışmamış, Sumqayıt Şəhər Məhkəməsində məcburiyyət qarşısında ifadə vermiş, polis əməkdaşları ona tok verdikləri üçün xəsarət izləri qalmamış, əlində qandalın kəsik yeri qalmış, müvəqqəti saxlama yerinə daxil olan zaman onun xəsarətini qeyd etməmişlər. İstintaq təcridxanasına 4 gündən sonra getmiş, həmin vaxt onda xəsarət izləri qalmamış, polis əməkdaşları tərəfindən işgəncələr olunduğunu bildirsə də, həmin məlumatları qeyd etməmişlər. İbtidai istintaq zamanı məcburiyyət qarşısında ifadə verdiyi üçün həmin ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, tanımadığı şəxsdən 9 büküm narkotik vasitə heroin və 01 ədəd elektron tərəzini 80 manata almış, onun məqsədi həmin narkotik vasitəni satıb pul əldə etmək olmuşdur. Narkotik vasitə ağ rəngli “Sobrania” siqaretinin qutusunda olmuşdur. O, bu barədə heç kimə heçə dəməmişdir. Səhərisi gün saat təxminən 06 radələrində işə getmək üçün evdən çıxmış, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Sumqayıt İstilik Elektrik Stansiyası yaxınlığında mülki geyimdə bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin satışında şübhəli olduğunu bildirib onu idarəyə dəvət etmişlər. İdarəyə gələndən sonra saxlanılması izah olunmuş və o, hüquqlarının müdafiəsi üçün vəkil Günay Cəfərovanı seçmiş, sonuncu idarəyə gələndən sonra üzərinə videoçəkiliş vasitəsi ilə axtarış keçirilmiş, axtarış zamanı o, tanımadığı şəxsdən satmaq üçün aldığı heroini və 01 ədəd qara rəngli tərəzini gödəkcəsinin sağ yan cibindən çıxarıb təqdim etmiş, bundan sonra gödəkcəsinin sol yan cibindən elektron qəlyanı, şalvarının sağ cibindən “Samsung” markalı telefonu, sol yan cibindən siqaret qutusu və alışqan, şalvarının arxa cibindən pul qabını təqdim etmişdir. Pul qabından “Leo Bank”, “Kapital Bank” və “Beynəlxalq Bank”a məxsus kartlar kağız parçakar, avtobus gediş kartı 3 manat pul və nömrə qabı aşkar olunmuşdur. Kapital banka məxsus kart çörək pulu kartıdı, beynəlxalq banka məxsus kart maaş kartıdır, digər kart isə Özünə məxsus debet kartıdır. Daha sonra narkotik vasitələr tərəzi vasitəsi ilə ölçülmüş və çəkilərinin 0,6 qram, 0,7 qram, 0,9 qram, 0,8 qram, 1 qram, 0,6 qram, 1.1 qram, 1.1 qram, 12,3 qram olmaları müəyyən edilmişdir. Daha sonra narkotik vasitələr və elektron tərəzi qablaşdırılmış, bundan sonra gödəkcəsinin sağ yan cibindən parça materialı nümunə üçün götürülmüş, özü də dırnaqlarını tutaraq nümunə üçün təqdim etmiş, həmin nümunələr də qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində narkotik vasitədən istifadə etmədiyini, narkotik vasitəni aldığı şəxsin 40-45 yaşlarında, üzü tüklü, orta boylu qaraşın biri olduğunu, telefonun kodunun ********* olduğunu, tərəzi ilə narkotik vasitəni ölçməyi planlaşdırdığını, ona qarşı polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiq olunmadığım bildirmişdir (cild 1, iş vərəqi 71-73). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, üzərindən xeyli vaxt keçdiyi üçün hazırda ifadəsini tam xatırlamır, şəxsin üzərindən narkotik vasitə heroinin aşkar edildiyini xatırlayır, lakin şəxsi harada və saat neçədə saxladıqlarını isə xatırlamır. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 13 may 2023-cü il tarixdə 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə istifadə etməsi, satması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Şahid3 dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar əsasında idarə rəisi tərəfindən müvafiq əmrlə ondan, 2-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1, 2-ci Polis Bölməsinin kiçik inspektoru Şahid2, istintaq şöbəsinin müstəntiqi Rafiq Qənbərovdan, KTB-nin kriminalisti Elnur Qocayevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Hüseyninzadə Rəsul Rasim oğlu xx.xx.2023-cü il tarixdə, saat 06:50- də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Sumqayıt İstilik Elektrik Stansiyasının yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis idarəsinə gətirilmiş, idarədə Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş, sonuncu hüquqlarının müdafiə etməsi üçün Günay Cəfərovanı seçmiş, Günay Cəfərova idarəyə gələndən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə axtarış keçirilmiş, axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, daha sonra nəyə görə saxlanıldığı bildirilmiş, bundan sonra axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisinə yığılmış 09 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni və tərəzini bir gün əvvəl Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manata aldığını bildirmiş, həmin bükümlər elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkilərinin ayrı- ayrılıqda 0,6 qram, 0,7 qram, 0,9 qram, 0,8 qram, 1 qram, 0,6 qram, 1,1 qram, 1,1 qram, və 12,3 qram olması, ümumilikdə isə 18,9 qram olması müəyyən edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs dırnaq nümunələri və gödəkcəsinin sağ yan cibindən bir hissə kəsilərək götürülmüş, daha sonra götürülmüş maddə və əşyalar müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, həmin protokol imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 134-135). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitənin qanunsuz saxlanması ilə bağlı məlumat daxil olduğu üçün şəxsi yaşadığı evin yaxınlığında saxlamışlar və polis idarəsinə aparmışlar. Şəxsin üzərindən siqaret qutusunun içərisində olan təxmini 5-6 büküm narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, təqsirləndirilən şəxsi Kimyaçılar qəsəbəsində yaşadığı evin yaxınlığında saxlamışlar, şəxsi səhər saatlarında saxlamışlar, təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, saxlanılan zaman deyil idarədə olan zaman şəxsin üzərinə baxış keçirilmiş, şəxsə saxlanılan zaman heç bir güc tətbiq olunmamış, şəxsin evinə baxış keçirilsə də o, iştirak etməmiş, şəxs barəsində əvvəllər onlarda əməliyyat məlumatı olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə Sumqayıt şəhəri ərazisində Rəsul adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə Sumqayıt şəhəri ərazisində vətəndaşların sorğusu əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi TES 1-in yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi və təhqiqat üçün nümunələrin götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibindən 09 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar olunaraq qanunauyğun qaydada qablaşdırılaraq götürülmüş, şəxsi axtarış və götürmənin əks olunduğu video görüntü CD diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 35-38). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 13 may 2023cü il tarixli, 6/2781 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №124” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan iki ədəd zərfdəki 9 ədəd bükümdə ayrı-ayrıhqda təmiz çəkiləri 11,561 qram, 0,855 qram, 0,838 qram, 0,544 qram, 0,598 qram, 0,654 qram, 0,879 qram, 0,842 qram, 0,944 qram ümumi təmiz çəkisi 17,715 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 48-53). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 may 2023-cü il tarixli, 697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı (cild 01, iş vər. 142-144). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 may 2023-cü il tarixli, 2975 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 145-146). Cinayət işinin materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 may 2023-cü il tarixli, 1356 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psiix vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 147-149). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1, 234.4.4 və 206-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 165-175). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə Sumqayıt şəhəri ərazisində Rəsul adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən 09 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Rəsul Hüseynzadəyə qarşı irəli sürülən ittihamla bağlı, yəni Rəsul Hüseynzadənin sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Rəsul Hüseynzadə barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 17,715 qram narkotik vasitə heroin və üzərində heroin izi olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndiirlən şəxsin evindən başqa narkotik vasitənin aşkar olunmaması, telefon məlumatlarında narkotik vasitənin satışına dair SMS-lərin olmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 17,715 qram külli miqdarda olan narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Digər tərəfdən, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni polis əməkdaşları tərəfindən döyülməsi, aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitəni istifadə etməsi ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsində fərdi evdə yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 163-164). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 111). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə il tarixdə saat 06:50-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 28). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Rasi oğlu barəsində əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 80-81). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Rasi oğlu təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şabhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs Rasioğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 17,445 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və 01 ədəd parça hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 194 AZN (yüz doxsan dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 17,445 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və 01 ədəd parça hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 194 AZN (yüz doxsan dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-278/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-278/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver