Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-278/2025 10.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Həsən» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, istifadəsində olan «Bakcell Smartfon» markalı mobil telefonun ***-***-**-** GSM nömrəsi ilə «Həsən» adlı şəxsin istifadəsində olan +98-***-***-**-** GSM nömrəsi ilə qeydə alınmış «Whatsapp» internet sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq xx.xx.2022-ci il tarixdə gecə saatlarında sonuncunun istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi və Abşeron rayonu, «Gənclər şəhərciyi» yaşayış komleksində yerləşən «Prestij» kafesinin yaxınlığına qoyduğu 01 ədəd sellofan bükümdə külli miqdarda 955,0 qram çəkidə qurudulmuş marixuananı həmin yerdən götürüb, satış məqsədi ilə üzərində saxlayaraq daşımış və həmin tarixdə saat 04:00-da Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən həmin yerdə saxlanılaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sinə hissəsinin içərisindən bir ədəd şəffaf polietilen torbada 955,0 qram çəkidə, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Eyni zamanda, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinin tələbi nəzərə alınmaqla xitam verilmiş və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “İttiham aktında qeyd olunan İran vətəndaşı “Həsən” adlı şəxs 9-cu mikrorayonda yaşayırdı, alverlə məşğul olurdu, Rusiyadan Azərbaycana gələndə qatarda tanış olmuşduq və ünsiyyətimiz yaranmışdı. Onun mənə 1500 manat borcu var idi. O mənə gah İran, gah Rusiya, gah da Türkiyə nömrəsi ilə zənglər edirdi, borc verdiyim pulu ondan ala bilmədiyimə görə onu polisə verib tutdurmaqla hədələmişdim. O, Xırdalana gəlib mənə zəng etdi və onun olduğu yerə gəlməyimi istəyib pulumu qaytaracağını dedi. Pulumun dalınca həmin ünvana getdim, taksidən düşən kimi Post-Patrul Xidməti əməkdaşları məni saxladı. Onlar məndən orada nə etdiyimi soruşdular, mən də bir vətəndaşla görüşəcəyimi və pulumu alacağımı bildirdim. Məndən maşına minməyimi istədilər, mən də mindim və maşında telefonumu aldılar. Onlar getdilər, 20 dəqiqə sonra qayıtdılar və ittiham aktında qeyd olunan bükümü gətirdilər. Guya mən həmin bükümü gödəkçəmin altında gizlətmişəm. Onların bükümü kimdən və necə aldıqlarını bilmirəm. Məni idarəyə gətirdilər, idarədə məni vurdular, hələ də qulağımın biri yaxşı eşitmir.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “***-***-**-** nömrəsi mənə məxsusdur. İran vətəndaşı “Həsən” adlı şəxslə əlaqəm olub. Onun istifadəsində həm Rusiya, həm Türkiyə, həm də İran nömrəsi olub. Onunla aramızda narkotik vasitələrin dövriyyəsinə dair yazışma olmayıb. Mən ona Xırdalanı tanımadığımı bildirmişəm, o da mənə gedəcəyim ünvanın- “Gənclər Şəhərciyi” yazılan binanın şəklini göndərib. Bank hesabım yoxdur. “Həsən” adlı şəxsin kart hesabına pul göndərməmişəm və aramızda bununla bağlı razılaşma olmayıb. Mən heç yerdə işləmirdim, anam rəhmətə getmişdi, onun pensiyasından yığılıb qalan məbləğlə dolanırdım. “Həsən” adlı şəxsi 4 ildir ki, tanıyırdım. O, alverlə məşğul olurdu, Rusiyadan yağ, konfet, Türkiyədən pal-paltar və ətir gətirirdi. Aramızdakı münasibət yaxşı olduğuna görə ona kömək üçün 1500 manat borc pul vermişdim. 1 ildən çox idi ki, ondan pulu ala bilmirdim. Mən pulu götürmək üçün həmin ünvana gecə saat 4 radələrində deyil, axşam saat 10-da getmişəm. Mən taksidən düşdüm, yolu keçdim, kafenin qabağında Post-Patrul Xidmətinin əməkdaşları maşının işıqlarını yandırıb məni saxladılar. Məni maşına apardılar, qoluma qandal vurdular və telefonumu götürdülər. Dərhal idarəyə aparmadılar, gecə saat 2-ə kimi maşınla ətraf ərazilərdə fırlatdılar, çünki mən narkotik vasitəni boynuma götürmürdüm. Onlar məni incidirdilər, söyürdülər və təhqir edirdilər. Məni saxlayanda döyüblər, xəsarət almışam, istintaq təcridxanasına qəbul olunanda xəsarətlərimi göstərdim, lakin qeydə almadılar. Barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə döyüldüyümü bildirmişəm.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, təxminən bir il öncə narkotik vasitələrdən və psixotrop maddədən istifadə etməyə başlamışdır. Şübhəli şəxs qismində tutulmamışdan üç gün əvvəl internet sosial şəbəkə vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan, özünü ona «Həsən» adı ilə təqdim edən şəxslə tanış olmuş və bundan sonra sonuncu ilə mobil telefonun «WhatsApp» xidməti ilə əlaqə saxlayıb söhbət etməyə başlamışlar. «Həsən» adlı şəxs ona İran İslam Respublikasından göndərdiyi narkotik vasitələri telefonla dediyi yerdən götürüb, başqa bir yerə qoyaraq, həmin yerin şəklini telefonla çəkib göndərməsini və bunun müqabilində onun bank kartına 150 manat pul vuracağını bildirmişdir. O da razılaşdıqdan sonra «Həsən» adlı şəxslə xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində «WhatsApp» xidməti ilə ona zəng edib, Abşeron rayonu “Gənclər şəhərciyi”-də olan təxminən bir kiloqrama yaxın qurudulmuş marixuananı gizlətdiyi yerdən götürüb, telefonda deyəcəyi başqa bir ünvana qoyuduqdan sonra şəklini çəkib mobil telefonun «WhatsApp» xidməti ilə göndərməsini tapşırmış, o da «Həsən» adlı şəxsin tapşırığı ilə yaşadığı Bakı şəhəri, Əmircan qəsəbəsindən taksiyə minib, həmin gün saat 04 radələrində Abşeron rayonu “Gənclər şəhərciyi"-nə getmiş və taksidən düşüb, «Həsən» adlı şəxsin ona telefon vasitəsi ilə söylədiyi ünvana gedib, oradan bir ədəd sellofan torbada olan təxminən bir kiloqram çəkidə qurudulmuş marixuananı götürüb əynindəki gödəkçəsinin içərisində, sinə hissəsində gizlədib oradan uzaqlaşmaq istəyəndə, həmin ərazidə xidmət aparan polis əməkdaşları onu görüb yaxınlaşaraq, özlərini Abşeron RPl-nin əməkdaşları kimi təqdim edib, ondan şübhələndiklərini bildirib, kimliyini və gecə vaxtı şəhərciyə nə üçün gəldiyini soruşmuşlar. Bundan sonra polis əmkdaşlan gödəkçəsinin altında narkotik vasitə gizlətməsindən şübhələndiklərini söyləmişlər. O, artıq yaxalandığını hiss edib polis əmkdaşlarına üzərində bir torba narkotik vasitə olan qurudulmuş marixuana olduğunu söyləmiş və polis əməkdaşlan onu Abşeron RPİ-nə dəvət etmişlər. Daha sonra o, özü razılığı ilə polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə getmişdir. İdarədə xidməti otaqların birində vəkilin iştirakı ilə ona hüquq və vəzifələrimi izah edilmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində qadağan olunan əşya və maddənin olduğu halda təqdim etməsini təklif etmişlər. Bu zaman o, Abşeron rayonu “Gənclər şəhərciyi”-dən götürdüyü, içərisində qurudulmuş marixuana olan sellofan torbanı əynindəki gödəkçəsinin altından çıxarıb, masanın üstünə qoymuş və həmin torbada olan marixuananı İran İslam Respublikasının vətəndaşı olan «Həsən» adlı tanışının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb başqa ünvana qoymaq istədiyini və bunun müqabilində bank kartına «Həsən» adlı şəxs tərəfindən 150 manat pul vurulacağını bildirmişdir. Daha sonra təqdim etdiyi sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş və torbadakı həmin marixuana qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə polis əməkdaşlan tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər-hansı bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. (cild 01, iş vər. 56-57). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Həmin ifadəni qəbul etmirəm, döyülməyimlə bağlı araşdırma aparılmamışdır.” Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, 20 Yanvar dairəsinin olduğu ərazidə əslən azərbaycanlı olan, lakin İran İslam Respublikasına məxsus mobil telefon nömrəsi istifadə edən Hüseyn adlı şəxslə görüşmüş, onun narkotik vasitələri pul müqabilində bildirdiyi ünvanlara qoymaq barədə razılaşmışdır. Hüseyn adlı şəxs mobil telefon vasitəsilə günorta saatlarında ona narkotik vasitələri götürəcəyi və qoyacağı ünvanları bildirmiş, həmin gün axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona bildirilən ünvana narkotik vasitələri götürmək üçün getsə də, onları götürmədən polis əməkdaşları onu saxlamışlar. İlk dəfə narkotik vasitələri ona bildirilən ünvana qoyacaqdı, əvvəllər heç vaxt belə hal baş verməmişdir. O heç vaxt narkotik vasitə istifadə etməmiş, məhkumluğu olmamış, polis əməkdaşları tərəfindən saxlanılanadək fəhlə kimi fəaliyyət göstərmişdir. Narkotik vasitələri götürəcəyi və qoyacağı yerlərin ünvanlarını bildirən Hüseyn adlı şəxslə onu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan başqa birisi tanış etmişdir. Hüseyn adlı şəxs onun mobil telefonuna narkotik vasitələri götürəcəyi ünvanı göndərmişdir. Göndərilən ünvandan təxminən 1 kiloqram miqdarında narkotik vasitə götürməli olmuşdur. Qeyd olunan ünvana taksi ilə getmiş, narkotik vasitələri qeyd olunan ünvana qoyacağı təqdirdə 500 manat məbləğində pul ona əlbəəl verilməli idi. (cild 02, iş vər. 78-79). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən bu formada ifadə verməmişəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Mən hazırda Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində əməliyyatçı kimi işləyirəm. Post-Patrul Xidmətində komandir işləyən zaman postların birində qaranlıq vaxtı bir nəfər vətəndaşı gördük, həmin şəxsə yaxınlaşdıq, ondan harada yaşadığını və burada nə etdiyini soruşduq. Səhv etmirəmsə, Abşeronda deyil, kənar ərazidə yaşayırdı. Ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşdum, o da istifadə etdiyini və üzərində daşıdığını bildirdi. Həmin vaxt üzərinə baxış keçirmədik, onu Abşeron Rayon Polis İdarəsinə apardıq və Növbətçi Hissəyə təhvil verdik. Növbətçi Hissədə şəxsiyyəti müəyyən olundu, təhqiqatçının iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirildi və üzərindən xeyli miqdarda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olundu.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Post-Patrul Xidməti avtomobillərində kamera olur və video-qeydiyyat aparılır. Həmin gün kameranın çəkib-çəkmədiyini bilmirəm. Təqsirləndirilən şəxsə tərəfimizdən heç bir güc tətbiq olunmamışdır. O, özü iranlı ilə əlbir olub narkotik vasitəni satış məqsədilə həmin yerdən götürüb başqa yerə qoyacağını bildirdi. Təqsirləndirilən şəxs bizə qarşı müqavimət göstərməmişdir. Şəxsi gecə 3-4 radələrində saxlamışıq. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid2 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da digər şahidlərlə eyni məzmunlu ifadə verərək onların göstərmiş olduğu xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 04:00 radələrində Masazır qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” adlanan yaşayış kompleksinin daxilində “Priztij” kafesinin yaxınlığında qaranlıq bir hissədə bir nəfər şəxs hərəkətdə olan zaman saxlanılmış, hansı səbəbdən bura gəlməsi soruşulduqda narkotik maddə istifadə etdiyini və üzərində narkotik maddə olduğunu bildirmiş, şəxs saxlanılıb Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş və onun 1965-ci il təvəllüdlü, Göyçay şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir(cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs gödəkcəsinin sinə hissəsinin içində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, üzəri skoçlanmış narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığından götürdüyünü, heç kimə vermədiyini, özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan narkotik vasitə marixuanaya bənzər kütlə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 28-30). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 mart 2022-ci il tarixli 7/206 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «..Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...» yazılar və imzalar olan kağız paketdə üzərində «Levis» sözü yazılmış polietilen torbada təmiz çəkisi 955,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 35-37). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 mart 2022-ci il tarixli 473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 01, iş vər. 105). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 3337 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispaserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 106- 107). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəli "Bakcell Smartfon" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, telefon bir ədəd qara rəngli “Bakcell” Smartfon” markalı mobil telefondur, həmin mobil telefonun üzərindəki ***- ***-**-** GSM nömrəsi aktivdir. Telefonun internet sosial şəbəkəsinin “Whatsapp” xidmətində 03 mart 2022-ci il tarixdə saat 02:19-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsi ilə “Həsən Qardaş” adı altında qeydə alınmış+98-***-***- **-** GSM nömrəsi arasında olan səsli mesajda sonuncu Təqsirləndirilən şəxs narkotik vasitəni hansı ünvandan götürəcəyi barədə dəqiq məlumat verir (cild 01, iş vər. 124). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli ********* nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitə marixuananı qanunsuz olaraq satış məqsədilə üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi mənbənin və şəxsin müəyyən edilməsi istiqamətində tərəflərindən bir sıra təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır, bu istiqamətdə əməliyyataxtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 128). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, həmçinin özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Həsən” adlı şəxsin barəsində CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işinin ayrılması qərara alınmışdır (cild 02, iş vər. 15-33). Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmçinin onun barəsində CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir (cild 02, iş vər. 84-94). Cinayət işinin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (cild 02, iş vər. 123-136). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli ilkin baxış qərarı və xx.xx.2024-cü il tarixli yekun qərarı Təqsirləndirilən şəxs kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində ilkin baxış mərhələsində yenidən baxılmağa təyin edilmişdir (cild 02, iş vər. 176-181). Cinayət işinin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü və xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmışdır (cild 02, iş vər. 190-194). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx.xx.1965-ci ildə Göyçay şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 7anında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” adlanan yaşayış kompleksinin daxilində “Priztij” kafesinin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkcəsinin sinə hissəsinin içində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, üzəri skoçlanmış narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığından götürdüyünü, heç kimə vermədiyini, özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd şəffaf rəngli sellofan torba açıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmiş və həmin kütlə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddə məhkəməbioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən - ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan külli miqdarda narkotik vasitənin ona aid olmaması, döyülməsi və məcbur qalıb etirafedici ifadə verməsi barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, məhkəmədə yalnız ibtidai istintaqın gedişatına maneəçilik törətməyəcəyini bildirmiş və barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız ibtidai istintaq tamamlanarkən (o da iş materialları ilə tanış olarkən ona elan olunmuş ittihamla razı olmadığından tərtib olunmuş protokolu imzalamaqdan imtina etmiş, lakin başqa heç bir halı qeyd etməmişdir) və daha sonra isə yalnız hazırki məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Eyni zamanda, məhkəmə kollegiyası o halı da vurğulayır ki, Təqsirləndirilən şəxs hazırki iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsində digər hakimin icraatında olarkən (iş daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmışdır) ona dövlət hesabına təyin olunan müdafiəçinin hüquqi yardımından imtina edərək sərbəst şəkildə törədilən cinayət əməli ilə bağlı etirafedici ifadə vermişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü, fiziki təsirə məruz qaldığını bildirsə də, iş materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə tibbi ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, şəxs saxlanıldıqdan qısa müddət sonra müvafiq ekspertizadan keçirilmiş və həmin şəxsin bədənində heç bir xəsarət izi aşkar olunmamışdır. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən göstərilən xidmətə görə ona pul veriləcəyi və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatdadır. Subaydır. Həmin ünvanda yaşadığı müddətdə onun barəsində Əmircan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır (cild 01, iş vər. 131-132). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 133-134). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 26, 63-66). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 954,98 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Bakcell Smartfon” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalmış 954,98 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Bakcell Smartfon” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-278/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-278/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver