Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-28/2024 04.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.1 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə əldə edərək daşıma, saxlama cinayət əməlini və qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 20,463 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdar təşkil edən 15,140 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və narkotik vasitə olan ümumilikdə metadonun təsir dairəsi 0,76 qram təşkil edən 19 ədəd boz rəngli dairəvi formalı həbləri, milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan 01 ədəd soyuq silah hesab edilən bıçağı qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, 03 aprel 2022-ci il tarixdə saat 06:45-də Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sea Life” restoranının qarşısında saxlanılıb polis idarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə 20,463 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə 15,140 qram çəkidə psixotrop maddə olan metamfetamin, gödəkçəsinin sol yan cibindən 19 ədəd metadon həbləri, əynində olan şalvarının bel hissəsindən isə kustar üsulla hazırlanmış hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik stilet tipli soyuq silah hesab edilən 01 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər marixuana növündə narkotik vasitə istifadə etmişdir. 03 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində dostları ilə birlikdə olmuşlar. Bu zaman tanışı Şahid4 ona zəng edərək, gəlib onu götürəcəyini, onunla bir yerə getməyini bildirmişdir. O, təxminən 1 il olardı ki, Şahid4 ilə qeyri-rəsmi ər-arvad münasibətilərində birgə yaşayırdılar. Şahid4 özünü ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmiş, hətta bunu təsdiq edən vəsiqə də göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Surxay, Ələkbər, Səttar və s. adlı əməkdaşlarını tanıdığını, onlarla birgə əməliyyat tədbirlərlərində iştirak etdiyini demişdir. Şahid4 Şahid3 və Şahid6 ilə birlikdə özünün idarə etdiyi avtomobil ilə gəlmişdir. O, avtomobilə əyləşmişdir. Şahid6 onun yanında əyləşmişdi. Şahid3 ilə o arxada əyləşmişlər. Şahid4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüşməli olduğunu bildirmiş və onlar Bakı şəhərinə getmişlər. Həmin vaxt o, sərxoş vəziyyətdə olmuşdur. Bakı şəhərində tanımadığı qaranlıq bir küçədə Şahid4 avtomobili saxlamış və Şahid3 avtomobildən düşmüşdür. Bir neçə dəqiqə sonra Şahid3 geri qayıtmışdır. O, “Şahid3 məsələni həll etdi” məzmununda səs eşitmişdir. Onlar Sumqayıt şəhərinə geri qayıdarkən “Sea Life” restoranının qarşısında saat 04:00-05:00 radələrində post-patrul xidməti bölüyünün əməkdaşları onları saxlamışlar. Şahid4 avtomobildən düşmüş, o isə avtomobildən düşməmişdir. Şahid4 da polis əməkdaşı olduğu üçün qısa zamanda avtomobilə qayıdacaq və onlar yoluna davam edəcəkdilər. Birdən başqa polis əməkdaşları onları əhatəyə almışlar. Həmin şəxslər içərisində Bəxtiyar Hacıyev, “Balaca Ramil” ləqəbli polis əməkdaşları da olmuşdur. Polis əməkdaşları “narkotik vasitə haradadır?” deyə suallar verərək, onun üzərinə baxış keçirmişlər. Onun üzərindən 35 manat məbləğində pul və mobil telefon aşkar olunmuşdur. Şahid4 narkotik vasitələri Ələkbər və Surxay adlı polis əməkdaşlarına verdiyini bildirmişdir. Onları Bakı şəhərinədək təqib etdiklərini, heç kimə narkotik vasitə vermədiklərini demişlər. Həmin polis əməkdaşlarının idarə etdiyi “Mercedes-Benz Gelandewagen” markalı avtomobili az öncə dediyi Şahid4 dayandığı Bakı şəhərində tanımadığı qaranlıq küçədə də görmüşdür. Onun üzərində heç nə çıxmadığı üçün ona şalvarını çıxarmağını və bundan sonra üzərinə baxış keçirəcəklərini bildirmişlər. O da buna etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları onu döyməyə başlamışlar. Onlar onu döyərkən fürsət tapıb 3-5 metr qaçmış, sonra yenidən onu yaxalayıb döyməyə davam etmişlər.Onların onu döyməklərindən huşunu itirmişdir. O, ayıldıqda alt paltarında idi və ona əl qandalı tətbiq olunmuşdu. Onunla yanaşı Şahid4 da Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. İdarədə Şahid4 onun yanına gələrək, baş verənlərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının xəbəri olmadığını, hələlik narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməyini, özünün isə burdan çıxaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına məlumat verəcəyini və anlaşılmazlığın aradan qaldırılaraq onun da buraxılacağını bildirmişdir. O da onun dediklərinə inanmışdır. Daha sonra onun Azərbyacan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyini öyrəndikdə, yenidən onlarla razılaşmamışdır. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Rauf Babaşov onu qəbul etmiş və ona narahat olmamağını bildirmişdir. X4 istifadəsində olan şəxsi mobil telefon nömrəsini vermiş və istintaq təcridxanasından ona zəng edərək, narkotik vasitələrin Şahid4 məxsus olduğunu bildirəcəyi halda, Şahid4 tutulacağını demişdir. Şahid4 nəinki narkotik vasitə, ümumiyyətlə, tütün məmulatlarından istifadə etmirdi.Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Rauf Babaşov ondan 30.000 manat məbləğində pul tələb edərək, həmin məbləğ müqabilində onun azadlığa buraxılacağını bildirmişdi. Onu müvəqqəti saxlama yerinə apararkən orada da tibbi müayinədən keçirilmiş və xəsarətləri qeyd olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır, heç yerdə işləmir və heç bir məşğuliyyəti yoxdur. Təxminən bir ay olar ki, “kakos” kimi deyilən narkotik vasitə heroin və “şüşə” kimi deyilən psixotrop maddə metamfetamin qəbul edir. Həmin vaxtlarda, yəni təxminən bir ay əvvəl tanımadığı narkotik vasitə satan şəxsdən öz qəbulu üçün narkotik vasitə heroin istəmiş, sonuncu vermiş, bununla yanaşı ona İran vətəndaşının mobil telefon nömrəsini kiçik vərəq parçasına yazıb verərək adının da Baba olduğunu demişdir. Həmin vaxtdan, bir neçə gün sonra, yəni 2022-ci ilin mart ayının sonlarında o, tanımadığı şəxsin mobil telefonu ilə Baba adlı İran vətəndaşı ilə telefon əlaqəsi saxlamış, vatsapla danışmış, öz qəbulu üçün metadon həbləri, heroin və metamfetamin istəmiş, sonuncu da 03 aprel 2022-ci il tarixə keçən gecə gedib Bakı şəhəri, Nizami rayonu, Babək prospektində zibil qutularının yanından götürə biləcəyini, götürdükdən sonra da pulunu hansı yolla ona göndərəcəyini deyəcəyini bildirmişdir. O, razılaşmış, 02 aprel 2022-ci il tarixdə, təxminən saat 23 radələrində tanımadığı şəxsin mobil telefonu ilə İran vətəndaşı olan Babaya vatsapla zəng etmiş, narkotik vasitəni və psixotrop maddəni göndərib-göndərməməsini, göndərdiyi halda konkret olaraq haradan götürəcəyini soruşmuş, sonucu, göndərdiyini, hər şeyin qaydasında olduğunu, təxminən bir saat sonra narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Babək prospektində, zibil qutularının yanından götürəcəyini, həmin maddələri ona pulsuz verdiyini, növbəti dəfə isə pul alacağını demişdir. Baba konkret olaraq zibil qutularının Babək prospektində hansı ərazidə olmasını dəqiq desə də, hazırda həmin ərazinin adı yadında qalmamışdır. O, həmin vaxt İranlı ilə danışdığı tanımadığı şəxsin mobil telefonu ilə yaxın münasibətdə olduğu Şahid4 zəng edib onu Bakı şəhəri, Babək prospektinə aparmasını xahiş etmiş, sonuncu ilə yaxın münasibətdə olduğu üçün gecə vaxtı onun xahişini rədd etməmiş, lakin bir qədər yubanacağını, evinin yaxınlığında gözləməsini bildirmişdir. İlahə 03 aprel 2022-ci il tarixdə, təxminən saat 03 radələrində idarə etdiyi X11 markalı, 50DS449 dövlət qeydiyyat nişanlı avtomobillə onu Sumqayıt şəhəri, 9-cu mikrorayonda, evinin yanından götürmüş, avtomobili İlahə idarə etmiş, avtomobildə ondan başqa İlahənin evininin qulluqçusu əvvəllər tanıdığı Şahid6 qabaq oturacaqda, İlahənin qohumu Şahid3 arxa sağ oturacaqda, o isə arxa sol oturacaqda oturmuş, İlahə ona birlikdə Bakı şəhərinə getmələrini, qayıdanda Elnarə ilə Vahidi yaşadıqları ünvanda qoyacağım, o, isə narahatçılığın olmadığını bildirmişdir. O, İlahəyə yalandan Bakı şəhəri, Babək prospektinə gedəcəyini orada bir dostu ilə görüşəcəyini və birlikdə qayıdacaqlarını demişdir. Bakı şəhəri, Babək prospektində, hazırda yadında qalmayan ərazidə İlahədən avtomobili saxlamasını istəmiş, sonuncu avtomobili saxlamış, o, avtomobili bir qədər aralıda saxlatmış ki, İlahə ondan şübhələnməsin. O, avtomobildən düşdükdən sonra İran vətəndaşının ona telefonda dediyi ərazini axtarıb zibil qutularının yanında, yerə atılmış şəffaf rəngli sellofana bükülmüş narkotik maddələri taparaq götürüb içərisinə baxıb metadon, heroin və metamfetamin olmasına əmin olduqdan sonra gödəkçənin sol və sağ yan ciblərinə qoymuş, sonra İlahənin maşınına yaxınlaşıb geri qaytımasını xahiş etmişdir. Onlar geri qayıdan zaman, təxminən saat 06:45 radələrində Sumqayıt şəhəri, Novxanı yolu ərazisində «Sea-Life» restoranının qarşısına çatdıqda polis əməkdaşları onları saxlatmış və ona yaxınlaşıb özlərini təqdim edərək onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib polis idarəsinə dəvət etmişlər. Polis işçiləri özlərini təqdim etdikdən sonra ona yaxınlaşdıqları zaman o, üzərində narkotik vasitə olduğundan qaçmış, üzü dənizə tərəf qaçarkən restoranın həyətində görmədiyi məftillərlə çəkilmiş hasara çırpılmış və geri dönüb çıxış yolu tampaq istədikdə yerə yıxılmış və sifət, alın nahiyyəsindən xəsarətlər almışdır. Həmin vaxt ayağı tutulduğundan yeriyə bilməmiş, bu zaman onun arxasınca gəlib ona çatan polis əməkdaşları ona kömək edərək ayağa qaldıraraq onu avtomobilə əyləşdirib Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Polis idarəsində xidməti otaqların birində olduğu zaman, üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, həmin vaxt özü əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümü, gödəkcəmin sol yan cibindən iki ədəd dərman konvalidini və bir ədəd alışqanı, əynində olan göy rəngli şalvarının sağ yan hissəsində belinə taxdığı bir ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi bir ədəd sellofana bükülmüş bir büküm açıldıqda içrəisindən iki ədəd hər biri sellofana bükülmüş halda olan iki büküm aşkar edilmiş, həmin bükümlər ayrı-ayrılıqda açıldıqda 1-ci bükümün içərsində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu, 2-ci bükümün içərisində ağ rəngli kristal şəkilli narkotik vasitə metamfetaminə bənzər maddənin olduğu, iki ədəd dərman konvalidinə baxış keçirilərkən 1-ci dərman konvalidin isərsində 10 ədəd, 2-ci dərman konvalidlin içrəsində isə 9 ədəd olmaqla hər birinin üzərində “M- 40” yazıları olan ümumilikdə 19 ədəd metadon həblərinin olduğu aşkar edilmiş, sorğu zamanı təqdim etdiyi maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri dünən, yəni xx.xx.2022-ci il tarixdə mobil telefon vasitəsi ilə tanıdığı, lakin adını xatırlamadığı tran vətəndaşı tərəfindən pulsuz olmaqla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ərazisində yolun kənarına atıldığı və şəxsi istifadəsi üçün həmin narkotik vasitələri oradan götürüb üzərində saxladığını, narkotik vastələrin istifadəçisi olduğunu, aşkar edilmiş bir ədəd bıçağın da özünə məxsus olduğunu və özünün düzəlddiyini, meyvə doğrumaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdən 1-ci büküm içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 22,50 qram olduğu, 2-ci bükümün içrəsindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 16,16 qram olduğu müəyyən olunmuş, ondan aşkar olunmuş iki ədəd hər biri sellofana bükülmüş iki büküm içərisindəki maddələrlə birlikdə və aşkar edilmiş 19 ədəd dərman həbləri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada ayrı-ayrılıqda iki ədəd zərfə qablaşdırılmışdr. Bundan sonra üzərindən aşkar edilmiş bir ədəd bıçağa baxış keçirilmiş və bıçaqda qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 83-89, 201-203) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci il tarixdən bəri tanıyır. Onunla birlikdə gecə saat 03:00-04:00 radələrində Bakı şəhərinə getmişlər. Bakı şəhərindən geri qayıdarkən “Sea Life” restoranının qarşısında post-patrul xidməti bölüyünün əməkdaşları onları saxlamışlar. O, avtomobildən endikdə, Bəxtiyar Hacıyev də orada idi. X9 Əliəsgərova şalvarını çıxarmasını və s. bildirmişdir. Təqsirləndirilən şəxs bu təklif xoş gəlməmiş və Bəxtiyar Hacıyev ilə aralarında mübahisə yaranmışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs döyməyə başlamışlar. Daha sonra onu dəniz istiqamətində apararaq, dəniz kənarında da döymüşlər. Hətta, polis əməkdaşları onları da vurmuşlar. Bundan sonra onları polis idarəsinə gətirmişlər və 1 gün orada saxlamışlar. Hüsey Əliəsgərovun üzərinə polis idarəsinə gətirilməzdən əvvəl, “Sea Life” restoranının qarşısında saxlanıldıqda baxış keçirilmişdi. Onun üzərindən qanunsuz heç bir vasitə aşkar olunmamışdı. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsinə əsasən o, Şahid6 təxminən 3 ildir ki, tanıyır, sonuncu evində təmizlik işləri aparmış, Şahid3 isə onun qohumudur. Təqsirləndirilən şəxs isə təxminən 1 ildir ki, tanıyır, sonuncu ilə qeyri-rəsmi ər arvad münasibətində yaşamışdır. 02 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixə keçən gecə Hüseyn Bakı şəhərində işi olduğunu və bir yerdə Bakıya getməsini xahiş etmiş, həmin vaxt onun evində Elnarə də olmuş, sonuncu günorta saatlarından evini təmizləməyə gəlmiş, gec olduğundan onun evində qalmış, o, bu barədə qohumu Vahidə də demiş, düşünmüş ki, hardasa spirtli içki qəbul etsə avtomobilini Vahid idarə etsin. Gecə saatlarında Bakı şəhərinə getmişlər, Bakı şəhərində tanımadığı qaranlıq bir yerdə Hüseyn avtomobili saxlamasını demiş, o, avtomobili saxlamış və Hüseyn avtomobildən aşağıya düşərək harasa getmiş, bir neçə dəqiqə sonra qayıdaraq işinin qutardığını qayıda biləcəyin demiş, bundan sonra onlar Sumqayıt şəhərinə qayıtmışdır. Təxminən saat 06 radələrində Novxanıda “Sea Life” restoranınn qarşısında polis əməkdaşları onun avtomobilini saxlatmışlar. Bu zaman Hüseyn avtomobildən düşərək qaçmağa başlamış, polis əməkdaşları da onun ardınca getmişlər. Hüseyn qaçan zaman yerə yıxılmış və polis əməkdaşları saxlamışlar, bundan sonra hamısı Sumqayıt şəhər polis idarəsinə gətirilmiş, idarədə onun öz razılığı əsasında üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, sonradan bilmişdir ki, Hüseynin üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Şahid4 həmçinin ifadəsində polis əməkdaşları onları saxlayan zaman Hüseynə zor tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, heç bir polis əməkdaşı ilə görüşmədiyini və buna görə də ona heçnə demədiyini, Bakı şəhərinə Hüseynin istəyi ilə getdiyini, avtomobildən də sonuncunun yerə endiyini, avtomobilində bıçaq olmadığını, Hüseynin özünün bıçaq düzəltdiyini və üzərində gəzdirdiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 214-216) Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Şahid4nən evində dayə işləyirdi. Şahid4 ona zəng edərək, Bakı şəhərinə getməyi təklif etmiş, o da onunla razılaşmışdır. Şahid4 Bakı şəhərinə çantalar götürmək üçün getmiş, o da onunla getməyini bildirmişdir. Şahid4, onun xalası oğlu, o və Təqsirləndirilən şəxs olmaqla, 4 nəfər Bakı şəhərinə getmişlər. Geri qayıdarkən polis əməkdaşları onları saxlamışlar və polis idarəsinə gətirmişlər. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs döymələrini, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmasını görməmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs üz nahiyəsində xəsarət izlərinin olub-olmamasına fikir verməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilsiyi ifadəsində isə Şahid6 göstərmişdir ki, 02 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixə keçən gecə İlahənin avtomobili ilə Vahid və Hüseynlə birlikdə Bakı şəhərində tanımadığı qaranlıq yerə getmişlər. Daha sonra Hüseynin sözü ilə İlahə avtomaşını saxlamış və Hüseyn maşından düşərək harasa gedib 5 dəqiqədən sonra qayıtmışdır. Sonra onlar Sumqayıt şəhərinə qayıtmışlar və orada 06 radələrində Novxanıda “Sea Life” restoranınn qarşısında polis əməkdaşları onların İlahənin maşınını saxlatmışlar. Bu zaman Hüseyn avtomobildən düşərək qaçmağa başlamış, polis əməkdaşları da onun ardınca getmişlər. Hüseyn qaçan zaman yerə yıxılmış və polis əməkdaşları saxlamışlar, bundan sonra hamısı Sumqayıt şəhər polis idarəsinə gətirilmişlər. Bu zaman polis əməkdaşları Hüseynə qarşı zor tətəbiq etməmişlər. (Cild 1, iş vərəqləri 181-182) Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. (Cild 1, iş vərəqləri 146-147) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə saxlaması, satması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sea Life” restoranının qarşısında Təqsirləndirilən şəxs 3 nəfər şəxslə birlikdə saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş və yıxılmışdır. Onu və yanındakı digər şəxsləri Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən heroin növündə narkotik vasitə, metamfetamin növündə psixotrop maddə və metadon həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, 03 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə saxlaması, satması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sea Life” restoranının qarşısında Təqsirləndirilən şəxs biri kişi, ikisi qadın olmaqla, 3 nəfər şəxslə birlikdə saxlanılmışdır. Qadınlardan biri Şahid4 adlı şəxs idi. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş və yıxılmışdır. Onu və yanındakı digər şəxsləri Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən bıçaq, heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi tədqiq olunan Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin inspektoru Şahid2 ifadəsində digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 132-133) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin sağ yan cibindən 02 ədəd bükümdə heroinə və metamfetaminə bənzər maddə, əynində olan gödəkcənin sol yan cibindən 19 ədəd metadon həbi, şalvarının bel hissəsindən isə 01 ədəd bıçaq aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 28-29) “Şəxsi axtarışın keçirilməsi barədə” 03 aprel 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilkin saxlanıldığı, sonra polis əməkdaşlarından qaçan zaman yıxıldığı və xəsarət aldığı yeri əyani şəkildə göstərmişdir. (Cild 1, iş vərəqləri 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2022-ci il tarixli, 6/1785 nömrəli rəyində göstərilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 20,463 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 15,140 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş ümumi saylı 19 ədəd boz rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,76 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in siyahısına daxildir. (Cild 1, iş vərəqləri 57-62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 04 may 2022-ci il tarixli, 3/433 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik stilet tipli bıçaqdır, soyuq silah hesab edilir. (Cild 1, iş vərəqləri 165-167) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 aprel 2022-ci il tarixli, 410 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində alının sağ hissəsinin, sağ almacıq nahiyəsinin, sağ qulaq seyvanının yuxarı hissəsinin sıyrıqları aşkar edilmiş, qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərər çəkmişin müyinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilməsi, yəni öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərərvurmayan xəsarətlərər aid olduğundan dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqləri 162-164) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 06 iyul 2022-ci il tarixli, 3667 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı X2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yarana asıllıq sindromu (narkomniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 168-169) Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarından görünür ki, CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı qanunauyğun qəbul edilmişdir. (Cild 1, iş vərəq 99) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 20,413 qram heroin və 15,090 qram psixotrop maddə metamfetamin, 16 ədəd həb və 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc yerinə verilmişdir. 01 ədəd disk iş materiallarında saxlanılmışdır.(Cild 1, iş vərəqləri 224-236) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması, eləcə də özünü müdafiə ilə bağlı ifadəsində göstərdiyi digər xüsusatları və gətirdikləri dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməyini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin tutularkən yıxılıb xəsarət almasını inandırıcı, öz müdafiəsi üçün gətirdiyi dəlilləri isə əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu nəticəyə gələrkən məhkəmə təqsirləndirilən şəxsin aldığı xəsartlərlə bağlı ekspertiza rəyini, xəsarət alması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini, bu ifadəsini videoçəkilişlə yerində təsdiq etməsini və işin faktiki hallarını nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələr işin faktiki hallarına və obyektiv dəlillərə uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin şahidlər Şahid4 və Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələrini mötəbər sübut kimi qəbul edərək, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrini təqsirləndirilən şəxsə kömək cəhdi kimi dəyərləndirir və mötəbər sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olub-olmamasına qiymət verməklə qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı heroinin və psxiotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından, o cümlədən külli miqdardan da dəfələrlə artıq olması, həmçinin bundan başqa üzərindən metadon həblərinin aşkar olunması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Belə ki, müəyyən edilmişdir ki, Kamran Xəlilov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş sonuncu cinayət əməli 03 aprel 2022-ci ildə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Kamran Xəlilovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə barəsində aparılan cinayət təqibinə xitam verilməsi barədə xahişinin olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə ona cəza təyin edilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 06 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 222-223) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsində ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tərəfindən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin təhlükəli residivinin olması müəyyən edilir. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 25 iyul 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 11, 96-97, 179-180) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 20,413 qram heroin və 15,090 qram psixotrop maddə metamfetamin, 16 ədəd həb və 01 ədəd bıçaq məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 129 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 20,413 qram heroin və 15,090 qram psixotrop maddə metamfetamin, 16 ədəd həb və 01 ədəd bıçaq məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-28/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-28/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver