Məhkəmə qərarları › İş №1(124)-28/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-28/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-28/2025 10.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 3,031 qram çəkidə külli miqdarda xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroini satış məqsədi ilə əldə edib daşıyaraq bir qismini üzərində, qalan hissəsini yaşadığı mənzildə saxlamış, 19 sentyabr 2023-cü il tarixdə, saat 20:25-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki boz rəngli köynəyin sol döş cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,450 qram, ümumi təmiz çəkisi 0,837 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 21:41-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilərkən, üç otaqdan ibarət mənzilin yataq otağındakı çarpayının üzərindən satış məqsədilə əldə edib yaşadığı mənzildə saxladığı 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,335 qram, 0,268 qram, 0,267 qram, 0,348 qram, 0,476 qram, 0,500 qram, ümumi təmiz çəkisi 2,194 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 19 sentyabr 2023-cü il tarixində saat 14-də onu H.Z.Tağıyev qəsəbəsində, 4 yol deyilən ərazidə, yaşadığı evin yaxınlığında tutub Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə aparıblar. Həmin bölmədə ona CM-nin 234.1-ci maddə ilə bağlı sənədlərə imza çəkdiriblər. Daha sonra onu evinə aparıblar və guya evində axtarış zamanı külli miqdarda narkotik aşkar olunub. Amma onun üstündə də, evində də narkotik olmayıb. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə 2-3 dəfə məhkum olunub, amma satışa görə məhkumluğu olmayıb. Onun evinə narkotik vasitəni polis əməkdaşları qoyublar. Videoçəkilişdə də narkotik vasitələrin onun olmadığını deyib. Saxlanılarkən ona qarşı hər hansı fiziki təzyiq göstərilməsə də, ona psixoloji təsir olmuşdur. Tutulan zaman ayağında elektron nəzarət vasitəsi olmuşdur, tutulandan sonra MSY-də həmin elektron nəzarət vasitəsi çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında digər şəxsin mobil nömrəsindən onun istifadəsində olan mobil nömrəyə “Etibarla göndər 10 luqdu adıva layiq” məzmunlu SMS məlumatının nə ilə bağlı olmasını izah edə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20:25 radələrində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 2 ünvanında yerləşən evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmiş, bundan sonra etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmiş və polis bölməsində olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bunada etiraz etməmiş, üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, eləcə də hüquqlarının müdafiəsini təmin edəcək təqdim edilmiş siyahıdan seçdiyi vəkil X7 təqdim olunmuşdur. Təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirdikdən sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində araşdırma üzrə hər hansı əhəmiyyət kəsb edən qanunla daşınması və saxlanması qadağan olunmuş əşya və ya pridmet olubolmaması soruşularaq, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda özü əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı açarları, pul əskinazlarını, əynindəki qara rəngli gödəkcənin sol yan cibində saxladığı mobil telefonunu, əynindəki boz rəngli köynəyin sol döş cibində saxladığı, təxminən 2-3 ay əvvəl Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Naxalstroy” Xəzri yaşayış massivi adlanan ərazidə olarkən ancaq adının Bəhlul olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığı 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki narkotik vasitə olan və “kakos” adlandırılan heroini təqdim etmiş, həmin bükümlərə baxış keçirilən zaman təqdim etdiyi bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli maddələr aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin narkotik vasitə olan və “kakos” adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 2-3 ay əvvəl Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Naxalstroy” Xəzri yaşayış massivi ərazisində olarkən ancaq adının Bəhlul olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərimdə gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi pul əskinazları və açarlar araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilərək özünə geri qaytarılmış, daha sonra isə üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdəki maddələr elektron tərəzidə çəkilməklə, həm ayrı-ayrılıqda, həm də ümumilikdə çəkiləri müəyyən edilmiş, sonra isə ekspertiza tədqiqatına göndəriləcəyi ona izah edilərək üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş ona məxsus mobil telefonla birlikdə xüsusi qaydada qablaşdırılaraq üzərləri möhürlənməklə götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə tanış edərək, həmin qərarla yaşadığı ünvana baxış keçirilməsinə icazə verildiyini izah edib, yaşadığı ünvana baxış keçirilməsinə etiraz edib etmədiyini soruşmuş, yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən və bununla bağlı ərizə ilə müraciət etdikdən sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı ünvana yollanmışdır. Yaşadığı ünvanın qarşısında olan zaman vidoçəkiliş vasitəsilə onun yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmişdir. Buna heç bir etiraz etməmiş, yaşadığı evin qapısını döydükdə qapını anası açmış, bundan sonra içəri daxil olmuşlar. Yaşadığı evdəki ona məxsus yataq otağına baxış keçirilərkən otaqdakı çarpayının baş tərəfindəki örtüyün altından 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə təxminən 2-3 ay əvvəl Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Naxalstroy” Xəzri yaşayış massivi ərazisində olarkən ancaq adının Bəhlul olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 (qırx) manata aldığı içərisində narkotik vasitə heroin olan bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman aşkar edilmiş bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli maddələr aşkar edilmiş, sorğu zamanı yaşadığı mənzildən aşkar edilmiş qəhvəyi rəngli maddələrin narkotik vasitə olan və “kakos” adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 2-3 ay əvvəl Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Naxalstroy” Xəzri yaşayış massivi ərazisində olarkən ancaq adının Bəhlul olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını və yaşadığı mənzildə saxladığını bildirmişdir. Bundan sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilsə də digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə yaşadığı mənzilə baxış keçirilərkən aşkar olunmuş gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdəki maddələr elektron tərəzidə çəkilməklə, həm ayrı-ayrılıqda, həm də ümumilikdə çəkiləri müəyyən edilmiş, sonra isə ekspertiza tədqiqatına göndəriləcəyi ona izah edilərək xüsusi qaydada qablaşdırılaraq üzərləri möhürlənməklə götürülmüşdür. Daha sonra yenidən polis bölməsinin inzibati binasına qayıtmışlar, bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı, eləcədə yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib etmiş, həmin protokollar ucadan oxunmuş, protokollara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində protokollarla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, hər hansı digər şəxsə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir. Yaşadığı mənzildə narkotik vasitə saxlamasından hər hansı digər şəxsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirdi ki, həmin ifadəni polis əməkdaşlarının diktəsi ilə verib. Polis əməkdaşlarının nəyə görə onunla belə davrandıqlarını, üzərinə və evinə narkotik qoyduqlarını bilmir, polis əməkdaşları ilə əvvəldən heç bir narazıçılığı, ədavəti olmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən müdafiəçisi yanında olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİnin 2-ci PB-nə Eynulla adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu, üzərində və yaşadığı mənzildə saxlaması, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın həqiqiliyinin araşdırılması məqsədilə məlumat rəhbərliyə məruzə edildikdən sonra müvafiq sənədləşdirmə işləri həyata keçirilmiş və bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Eynulla adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış keçirilməsinə icazə verilməsi üçün məhkəmə qərarı qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb ona özlərini təqdim edib, narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlandığını izah edib, onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Polis bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar vardırsa, təqdim edilməsi təklif edildikdə o, üzərində narkotik vasitə olduğunu bildirərək cibindəki kağız pulu, açarları, mobil telefonunu, 02 ədəd siqaret kağızına bükülmüş bükümləri çıxararaq təqdim etmişdir. Təqdim edilmiş bükümlərə baxış keçirilərkən bükümlərin içərisində qəhvəyi rəngli maddələrin olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə olaraqa şəxsi axtarış keçirilmiş, ancaq onun üzərindən digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdəki maddələrin kakos adlandırılan və narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, “Naxalstroy” adlandırılan ərazidə Bəhlul adlı şəxsdən hər bükümünü 10 manata alaraq sonradan istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Eynulla Mehdiyev Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə tanış edilməklə Eynulla Mehdiyevin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən mənzilin otaqlarından birindəki çarpayının üzərindən 06 ədəd siqaret kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilərkən bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli maddələr aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmədəki ifadəsində və məhkəmədə iştirak etmədiyindən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaqdakı ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək sonuncunun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin icra məmuru Ruslan Axundov ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək məzuniyyətdə olmuş, məzuniyyət müddəti bitdikdən sonra işdə olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək izləməsi olmamış, ya məhkum elektron nəzarət vasitəsini üzərində gəzdirməmiş, ya da qurğunun enerjisi olmamışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdə məhkumun elektron nəzarət vasitəsi işlək vəziyyətdə olmamış, bunun da səbəbi nəzarət vasitəsinin enerjiyə qoyulmaması olmuşdur. Şahid Ruslan Axundov ona verilən suallara cavab olaraq bildirdi ki, əgər elektron nəzarət vasitəsi işlək vəziyyətdə olmazsa, 2-3 gün ərzində bu barədə Monitorinq Mərkəzindən müvafiq məlumat daxil olur. Təqsirləndirilən şəxs gəzdirdiyi elektron nəzarət vasitəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək izlənməsinin olmaması barədə dərhal məlumat gəlməmişdir, həmçinin bu barədə ona hesabat daxil olmamışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək elektron nəzarət vasitəsi ümumiyyətlə işlək vəziyyətdə olmadığı üçün onun izlənməsi məlumatlarının görünməsi mümkün deyil. Əgər ayağında elektron nəzarət vasitəsi olan şəxs tutularsa, ya onu tutan polis əməkdaşları həmin aparatı açırlar, ya da onu açmaq üçün probasiya xidmətinə məlumat verirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə Sumqayıt şəhəri, H,Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yaşayan Eynulla adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu, üzərində və yaşadığı mənzildə saxlanması, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaşadığı ünvanda axtarış keçirilməsi məqsədilə Sumqayıt şəhər Prokurorluğu qarşısında vəsatət qaldırılması və Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)-646/2023 saylı qərarı ilə xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə onun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında axtarış keçirilməsinə icazə verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yaşadığı üvanın yaxınlığında hərəkətdə olarkən saxlanılmış və Sumqayıt ŞPİnin 2-ci PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində araşdırma üzrə hər hansı əhəmiyyət kəsb edən qanunla daşınması və saxlanması qadağan olunmuş əşya və ya predmet olub-olmaması soruşularaq, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda özü əynində olan qara rəngli şalvarının cibində saxladığı açarları, kağız pul əskinaslarını, “Nokia” markalı mobil telefonu və üzərində olan boz rəngli köynəyinin sol döş cibində saxladığı 2 ədəd gümüşü rəngli kağıza bükülmüş iki bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni təxminən 2-3 ay əvvəl Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Naxalstroy” Xəzri yaşayış massivində əvvəllər tanıdığı Bəhlul adlı şəxsdən hər birini 10 manata, ümumi 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirdi. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “axtarış və götürmə keçirilməsi və götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs evində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla saxlanılması qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmiş, bundan sonra həmin otağa baxış keçirilməsinə başlanılmış, otağa baxış keçirilərkən otaqdakı çarpayının üzərindən altı ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükümlər aşkar edilmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli maddələr aşkar edilmiş, daha sonra aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş, ilk bükümün çəkisinin 0,34 qram, ikinci bükümün çəkisinin 0,34 qram, üçüncü bükümün çəkisinin 0,38 qram, dördüncü bükümün çəkisinin 0,57 qram, beşinci bükümün çəkisinin 0,59 qram və sonuncu bükümün çəkisinin 0,44 qram, həmin bükümlərin birlikdə ümumi çəkilərinin isə 2,70 qram olması müəyyən edilmiş, daha sonra mənzilə baxış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərin içərisi boş zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, üzərində qeydiyyat aparılmış və iştirakçılar tərəfindən imza edilmiş, bundan sonra mənzilin digər hissələrinə baxış keçirilmiş, ancaq mənzilin digər hissələrindən hər hansı qanunla saxlanması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiçdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərdəki maddələrin kakos adlandırılan narkotik vasitə olan heroin olduğunu, təxminən iki-üç ay əvvəl şəxsi istifadəsi üçün Sumqayıt şəhəri “Naxalstroy” adlandırılan ərazidə Bəhlul adlı şəxsdən 40 manata alaraq sonradan istifadə etmək məqsədi ilə yaşadığı mənzildə saxladığını bildirmişdir. Şəxsi axtarış, evə baxış və götürmə aparılması haqqında protokollardakı xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Həmçinin həmin videogörüntülərdə təqsirləndirilən şəxsin məhkəmədə ifadə verərkən “videogörüntüdə də narkotikin mənim olmadığını demişəm” deyə bildirdikləri öz təsdiqini tapmamış, təqsirləndirilən şəxs öz üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin onun olmadığını bildirməsi videogörüntüdə müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4950 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 6 ədəd gümüşü-ağ rəngli kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,335 qr, 0,268 qr, 0,267 qr, 0,348 qr, 0,476 qr, 0,500 qram olmaqla, ümumi çəkisi 2,194 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan digər zərfdə 2 ədəd gümüşü-ağ rəngli kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,387 qram və 0,450 qram (şərti olaraq 7-8 №-li obyektlər) olmaqla, ümumi çəkisi 0,837 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 08 (səkkiz) ədəd bükümdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Qeyd: Heroinin ümumi çəkisi - 3,031 qr, tədqiqata sərf edilən ümumi miqdar - 0,24 qram, qalıq - 2,791 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli, 7451 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür k, "xxxx" mobil operatoruna məxsus “*** *** ** **” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ev 2 mənzil 16-da qeydiyyatda olan Təqsirləndirilən şəxs adma qeydiyyata alındığı, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 01:28:07 radələrindən xx.xx.2023-cü il tarixdə saat 18:11:06 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütəmadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18:02:19-da “Takiyev-ATS/"Sumqayıt TKQ, ATS 643”, saat 18:10:56 və 18:11:06-da “Tagiyev Ganjlik str/"Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Perekeşklil 49” ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu, sonradan istifadə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa diskə baxış keçirilərkən “*** *** ** **” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı “SMS” mətnlərinin olduğu müəyyən edilmişdir: “1. xx-xx-2023 14:54:14 xx-xx-2023 14:54:14 1.1.**********56 1.1.**********07 Etibarla gonder10luqdu adiva layiq

2. xx-xx-2023 20:24:56 xx-xx-2023 20:24:56 1.1.**********56 1.1.**********07 6m duzeldmisem bir xeber de aqriyiram dede gozl

3. xx-xx-2023 17:17:21 1.1.**********82 1.1.**********07 Eli dərmana görə zəng efirəm nə sən acırdan nədə Zaur telefonu

4. xx-xx-2023 20:26:07 xx-xx-2023 20:26:08 1.1.**********03 1.1.**********07 Aj dede tema dedin dynan indi ketiribler mene bir xeber de kozlejirem senden

5. xx-xx-2023 20:13:50 1.1.**********19 1.1.**********07 Saatl2 .de. gelecem. lO.nuğ. düzeldersen. dede.karyerdeyem

6. xx-xx-2023 18:05:41 1.1.**********19 1.1.**********07 Dede. sağol. bayağ.kına. göe. gece. ağrıyacam.indı.onuğ.düzeldersen.gelı

7. xx-xx-2023 18:05:43 1.1.**********19 1.1.**********07 m.götürüm.” Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,791qram çəkidə narkotik vasitə heroin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qaraciyər sirrozu diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X5 S-vari bağırsağın orta differensiasiyalı vəzli karsinoması diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunumuş, həmin məhkumluqları ödənilmiş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixədək 07 ay 18 gününü çəkmişdir, çəkilməmiş cəzası 01 il 07 ay 18 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmadığından məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatətinə əsasən məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubunda Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 18:53-dən izləmə sessiyası bağlanılanadək ona tətbiq edilmiş elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini yerinə yetirməmiş və bununla bağlı qanunla məüyyən edilmiş tədbirlərin görülməsi məqsədilə müvafiq hesabat Sumqayıt şəhər Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında icra məmuru şahid qiusmində dindirilərkən Təqsirləndirilən şəxs icra işinə baxış keçirilmiş lakin cavab məktubunda qeyd edilən müvafiq hesabat icra işində aşkar edilməmişdir. Bununla əlaqədar məhkəmənin digər sorğusuna əsasən həmin qurumdan verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tətbiq edilmiş sadə elektron qolbağın xx.xx.2023cü il tarixdə saat 11:42-də enerji ehtiyatının azalması ilə bağlı siqnal daxil olmuş, həmin gün saat 18:53-də isə elektron nəzarət vasitəsinin sinxron əlaqəsi itmiş, bu hal izləmə sessiyası bağlananadək – xx.xx.2023-cü il tarixdə saat 15:35-dək davam etmişdir. Qeyd olunan hal texniki səbəbdən baş verdiyindən pozuntu kimi qiymətləndirilməmiş, bu səbəbdən yerli probasiya qurumuna göstəriş verilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən, üzərinə şəxsi axtarış və evinə baxış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Həmin ifadələrdən görünür ki, təqsirləndirilən şəxs narkotik vasitələrin ona aid olduğunu etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindan yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Narkotik vasitənin ona aid olmaması ilə bağlı qeyd etdikləri şəxsi axtarış və götürmə və evinə axtarış və götürmə aparılması haqqında protokollara əlavə edilmiş videoçəkilişlərlə təkzib olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini (üzərindən və evindən narkotik vasitənin aşkar olunmasına dair hissədə) qoyur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar olunmuş narkotik vasitənin ayrı-ayrı bükümlərdə olması, təqsirləndiirlən şəxsin mobil nömrəsindən aşkar olunmuş narkotik vasitələrin satışına dəlalət edən SMS mətnləri təqsirləndirilən şəxsin həmin narkotik vasitənin məhz satış məqsədilə üzərində daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış və götürmə aparılmasına dair protokola əlavə edilmiş videogörüntü və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, müdafiəçinin vəsatəti əsasında verilmiş sorğuya cavab olaraq Probasiya Xidmətindən daxil olmuş cavab məktublarının birincisində təqsirləndirilən şəxsin elektron nəzarət vasitəsini gəzdirməməsi ilə bağlı müvafiq hesabatın Sumqayıt şəhər Probasiya Şöbəsinə göndərildiyi qeyd edilsə də, digər məktubda həmin məsələyə aydınlıq gətirilərək qeyd edilmiş hal texniki məsələlərlə bağlı olduğundan pozuntu kimi qiymətləndirilmədiyindən hesabatın da tərtib edilmədiyi bildirilmiş, həmçinin məhkəmədə şahid qismində dindirilmiş icra məmuru da bununla bağlı ona hesabatın daxil olmadığını bildirmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin özünün və anasının xəstə olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 sentyabr 2023-cü il tarixdə barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinin tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs sirroz xəstəliyi olsa da, onun əlillik qrupu müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 2,791 qram olan narkotik vasitə heroin məhv edilməli və iş materiallarında olan 02 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 2,791 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar