Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-281/2024 13.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, külli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,818 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq, əldə edib üzərində daşımaqla saxlamış, 13 may 2023-cü il tarixdə, saat 08:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 47 saylı uşaq baxçasının yaxınlığında saxlanılmaqla Sumqayıt ŞPİ-yə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,818 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o uzun müddətdir ki, ibadət əhlidir. Nə siqaret çəkir nə də narkotiki real həyatda görmüşdür. Birinci ifadəsi təzyiq altında yazdırılıb. Daha sonra o, həmin ifadəsini dəyişdirmişdir. Birinci ifadəsini düzgün olmadığını, vəkil tutandan sonra öz ifadəsini dəyişdirmişdir. Birinci ifadədə video görüntü çəkiblər, yəyqin ki, həmin video görüntü məhkəməyə təqdim edilmişdir. Həmin görüntüdə də görünür ki, həmin an onun üzü qırmızıdır. Bu da fiziki və mənəvi təzyiqlərin əlamətləridir. Polislər onu çöldə tutaraq cibinə maşının içərisində balaca bir büküm atmışlar. Əməliyyatçıların hər birini üzdən də tanıyır. Ondan sonra onu Polis İdarəsinə gətirmişlər, kim olduğunu bilmədiyi şəxslər onun dizlərini yerə vurmuşlar və rus dilində üstünə qışqırmışlar. O özü ibadət əhlidir, ancaq allahın yanında səcdə edən adamdır, o heç bir insanın qabağında səcdə etməmişdir. Odur ki, görmüşlər ki, diz çökmür arxadan ayağına təpik vurmuşlar və dizləri həmin an yerə dəymişdir. Bir neçə saniyə qolları arxadan burulmuş halda yuxarı istiqamətə əyilmiş vəziyyətdə başı da həmin an aşağı və dizləri də yerdə bir neçə saniyə onu saxlamışlar. Bundan sonra üstünə qışqıraraq soruşmuşlar ki, “xəyanətlə içəri girmək istəyirsən yoxsa narkotiklə?”, o da bunun müqabilində qayıdıb demişdir ki, “mən nə iş görmüşəm ki, məni xəyanətlə içəri atdırırsan”. “Ondan soruşurlar ki, xəyanəti seçirsən yoxsa narkotiki?” Etiraz olaraq bildirmişdir ki, onların etdiyi hərəkət Azərbaycan Respublikasının Konstitusiyonal qaydalarını kobud şəkildə pozur. İnsan hüquqlarını tapdalamaqdır. Ondan sonra ondan ciblərində nə var deyə soruşmuşlar və demişlər ki, əlini sal cibinə və nə var çıxar. O da demişdir ki, onun cibində olan onların öz əlləri ilə qoyduqları narkotik vasitədir və əlini cibinə atıb və həmi narkotiki çıxarmaq istəmədini bildirmişdir. Bundan sonra onun əllərinə qandan vurub elektroşokla ona tok vermişlər və bədənində onun izləri qalmışdır. Oranın həkimləri baxmışlar və soruşmuşlar lakin o, nə olduğunu deməmişdir. Türmədə işləyən həkimlərdir də bilməlidir. İki dənə deşik var idi . Ondan sonra o həkimlərə nə görürsünüzsə yazın demişdir. Ona işgəncə verəndən sonra onun ikinci ifadəsi qeyd olunub. O hədələrdən sonra demişdir ki, dayanın ayağa qalxmış və razı olduğunu bildirmişdir. Bundan sonra öz dəsti-xəttilə yazılmış ifadəsini işgəncəyə məruz qaldığı üçün yazmışdır. Amma videoya baxanda qiymət verilə bilər ki, o təzyiqlərə məruz qalıb. İfadəsində ona yazdırmışlar ki, tanımadığı şəxsdən 11-ci mikrorayondan həmin narkotik vasitəni əldə etmişdir. Birinci ona Cinayət Məcəlləsini 234.1-1-ci maddəsi ilə iş açmışlar, sonradan onu digər otağa salmışlar və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini əlavə etmişlər. Onlara belə etməmələrini demiş yüngül maddə ilə ittiham vermələrini bildirmiş və təzyiqə məruz qaldığını vəkilə bildirmişdir. Birinci ifadəsinə diqqət etdikdə absurd bir şey olduğu görünür. O yenədə bildirdi ki, heç kim ona narkotik vasitə satmayıb, o narkotiki səhər tezdən cibinə qoyub işə gedəsi adam deyil və özünü qətiyyən heç bir şeydə təqsirli bilmir. Özüdə din adamıdır. Həmçinin məhkəmə qeyd edir ki Təqsirləndirilən şəxs ibtidai istintaqının sonrakı mərhələsində müqavilə üzrə vəkilinin iştirakı ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində, ona 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq iş yeri yoxdur. Fərdi əməklə məşğul olur, evlidir, 2 övladı vardır. 2011-ci ildə CM-nin 127.1, 221.1-ci maddələri ilə məhkum olunmuşdur. Təxminən 1 aydır ki, fasilələrlə narkotik vasitə heroindən istifadə etmişdir. 12 may 2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 11-ci mkr ərazisində olan zaman təsadüfən rastlaşdığı adını, ünvanını və mobil nömrəsini bilmədiyi şəxsdən 100 manata 1 ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroin almış və əynində olan mavi rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul edər. 13 may 2023-cu il tarixdə, saat 08:30 radələrində yaşadığı 8-ci mkr ərazisində yerləşən 47 saylı baxçanın yaxınlığından piyada keçən zaman ona 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ- nin 1-ci PB-nin polis işçiləri olduqlarını bildirərək onu narkotik vasitələrin qanunsuz qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə polis idarəsinə getmişlər. İdarədə xidməti otaqların birində hansı səbəbdən saxlanılması bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuş, şəxsi axtarış vieoçəkilişlə aparılmışdır. Ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməsi təklif olunduqda o əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd qara rəngli "Xiaomi" markalı mobil telefonunu, şalvarının sağ arxa cibindən 1 ədəd qəhvəyi rəngli dəri pul kisəsini, şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli parça kəsiyini, 1 ədəd ödəniş qəbzini və 1 ədəd selofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və verilən suallara cavab olaraq təqdim etdiyi 1 ədəd selofan bükümün içərisində heroin olduğunu, həmin heroini 12 may 2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 11 -ci mkr ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Həmin bükümün içərisinə baxılanda içərisində heroin aşkar olunmuşdur. Bundan sonra şalvarının sol yan cibindən 1 ədəd təsbeh və qapı açarları, şalvarının sağ yan cibindən ümumi 20 qəpik pulu çıxarıb təqdim etmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə heroin elektron tərəzidə çəkilərək çəkisi 9,72 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Bundan sonra təqdim etdiyi mobil telefonda 070-627-14- 12 və ***-***-**-** nömrələr olduğunu bildirmişdir. Bundan sonra ona araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən bədəni üzərində və paltarında tədqiqat üçün nümunələrin götürülməsi barədə bildirildikdə, o, bədəni üzərində və paltarında tədqiqat üçün nümunələrin götürülməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə yazmış, bundan sonra ona verilən dırnaq tutanla özü öz əl barmaqlarının dırnaqların uc hissələrini kəsmiş və həmin dırnaq hissəcikləri selofan paketə qoyulmuş, daha sonra heroini saxladığı əynində olan cins şalvarının sağ yan cibin parça materiallı içliyin hissəsi qayçı ilə kəsilmiş və selofan paketə qoyulmuş, sonra da götürülən dırnaq hissəcikləri və parça materiallı içliyin hissəsi ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Bundan sonra təqdi etdiyi qəhvəyi rəngli dəri pul kisəsinin içərisinə baxıldıqda orada olan tran və İraq pul əskinazları, Unibanka məxsus **********331867 kart, ümumi 6 manat pul əskinazı, 3x4 ölçülü fotoşəkili, vizit kart, ödəniş qəbzləri, ***-***-**-** nömrəsinin qablığı özünə qaytarılmış, özünün şəxsiyyət vəsiqəsi və təqdim etdiyi mobil telefonu müstəntiq tərəfindən götürülmüşdür. Üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə heroin özünə məxsusdur, qəbul etmək üçün üzərində saxlamışdır. 12 may 2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 11-ci mkr ərazisində olan zaman təsadüfən rastlaşdığı adım, ünvanını və mobil nömrəsini bilmədiyi şəxsdən 100 manata 1 ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroin almış və əynində olan mavi rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul edəcəkdir. Heç kimə narkotik vasitə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir. Üzərində aparılan şəxsi axtarış protokolunda 077- ***-**-** saylı mobil nömrə düzgün qeyd olunmamış, həmin nömrə ***-***-**-** saylı mobil nömrədir. Şəxsi axtarı protokolunda həmin xüsusat yalnış olmuş, 1 ədəd təsbeh və qapı açarları əynində olan şalvarının sol yan cibindən aşkar edilmişdir. Ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır, onunla hər hansı bir ədavəti düşmənçiliyi və qohumluq münasibəti yoxdur. 13 may 2023-cü il tarixdə saat 8:30 radələrində narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli bilindiyi üçün Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində 47 saylı bağçanın sol tərəfinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar və onu Polis Bölməsinə dəvət etmişlər. Şəxsə izah etmişlər ki o, narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəlidir. Bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinə gətirmişlər və İdarənin daxilində olan müstəntiqin xidməti otağında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əynində olan göy rəngi şalvarın sol yan cibində və arxa cibindən bir ədəd Xioami markalı mobil telefon, sağ arxa cibindən bir ədəd qəhvəyi rəngli dəri pul qabı aşkar olunmuşdur. Daha sonra əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir büküm narkotik vasitə aşkar olundu. Ondan sonra baxışın davamında həmin dəri pul qabının içərisində İran və İraq pul əskinasları, ödəniş kartları və 6 manat pul aşkar olunmuşdur. Əynində olan göy rəngli şalvarın sol yan cibindən aşkar olunan büküm tərəziyə qoyularaq çəkilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli heroinə bənzər narkotik vasitə olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs bunu haradan əldə etməsi barədə sualları cavablandırarkən, bir gün qabaq axşam saat 11 radələrində tanımadığı şəxsdən Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisindən əldə etdiyini bildirdi. Həmçinin Şahid1 sualları cavablandırarkən təqsirləndirilən Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxladıqlarını, ona qarşı hər hansı bir təsir və təzyiq etmədiklərini, saxlayarkən üzərinə baxış keçirmədiklərini, qoluna qandal vurmadıqlarını, saxladıqları zaman təqsirləndirilən Təqsirləndirilən şəxs hər hansı bir xəsarət izi olmadığını, onunla bağlı keçiriləcək əməliyyat tədbiri təxirəsalınmaz tədbir kimi keçirildiyini və əməliyyat qeydiyyat işi açılmadığını bildirdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır, onunla hər hansı bir ədavəti düşmənçiliyi və qohumluq münasibəti yoxdur. Əməliyyat qrupu yaradılmış və o, məhkəmə iclasına gələn digər şahidlər həmin qrupa daxil edilmişlər. Bundan sonra şahid bildirdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 8-ci mikrorayonda 47 saylı bağçanın yanında saxlamışlar və Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər, video çəkilişlə üzərinə Şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmçinin üzərindən telefon, pul qabı və kart aşkar olunmuşdur. Eyni zamanda pul qabının içərisindən yerli pullarla yanaşı İran və İraq dövlətlərinə məxsus olan pullar olmuşdur. Bir büküm 10-11 qram olan narkotik vasitəsi olan heroin çəkilişlə götürülmüş və ekspertizaya göndərilmişdir. Həmçinin şahid Eyvaz Əşrəfov təqsirləndirilən Təqsirləndirilən şəxs hər hansı bir təzyiq və təsir etmədiklərini, qoluna qandal vurmadıqlarını, 08:40 radələrində piyada hərəkət edərkən saxladıqlarını, vəkillə konfedensial görüşünün olduğunu, videoşəkilişdə iştirak etdiyini və sənədləşmə başa çatdıqdan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə təhvil verildiyini bildirdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır, onunla hər hansı bir ədavəti düşmənçiliyi və qohumluq münasibəti yoxdur. 2023-cü ilin may ayının ortalarında daxil olmuş məlumat əsasında məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində şəxsi səhər saatlarında Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində yerləşən 47 saylı bağçanın yaxınlığında piyada hərəkətdə olarkən müşahidə altına götürdüklərini qeyd etdi. Daha sonra yaxınlaşaraq Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinə dəvət elədiklərini və orada şəxsi axtarış həyata keçirildiyini, üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq sənədləşdirildiyini bildirdi. Həmçinin şahid Nahid Rəhimov sualları cavablandırarkən təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəsarət izi olmadığını, onlar tərəfindən hər hansı bir təzyiqə məruz qalmadığını, mənzilinə baxış keçirildiyini, mənzilə baxış keçirməkdə məqsədlərinin evində nakotik vasitə saxlayıb saxlamamasını müəyyən etmək olduğunu, təqsirləndirilən Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən saxlanıldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 şahidlər Şahid1, Şahid2 və Şahid4 ifadələrinə uyğun ifadə verməklə onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1979-cu il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində gəzdirməsi və saxlaması ilə bağlı bir sıra əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində gəzdirməsi və saxlaması ilə bağlı şübhəli bilinən xx.xx.1979-cu il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən digər əşya ilə yanaşı bir ədəd sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, bir ədəd sellofan bükümün içərisindəki heroindir, həmin heroini xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata almışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 9,72 qram olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş və DİN-nin 124 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar, şübhəli şəxs, müdafiəçi və təhqiqtçı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən bədəni üzərində və paltarında tədqiqat üçün nümunələrin götürülməsi barədə bildirilmiş və sonuncu buna etiraz etmədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs verilən dırnaq tutanla özü öz əl barmaqlarının dırnaqların uc hissələrini kəsmiş və həmin dırnaq hissəcikləri sellofana qoyulmuş, daha sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibinin parça materiallı içliyin hissəsi qayçı ilə kəsilərək selofana qoyulmuşdur. Sonra da götürülən dırnaq hissəcikləri və parça materiallı içliyin hissəsi ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və imzalanaraq təsdiq edilmişdir. Şəxsi axtarışın əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2782 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən 1 (bir) bükümdə” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 8,818 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əl dırnaq nümunələri sağ yan cib” sözləri və imzalar qeyd edilmiş kağız paketdə olan 01 ədəd ağ rəngli parça nümunəsinin içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric - mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş dırnaq nümunələrində narkotik vasitə aşkar edilmədi. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2976 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə dinşunaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-4/1138 saylı rəyinə əsasən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş ədəbiyyat nümunələrindən Azərbaycan Respublikasının konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkar olunmamışdır. Məhkəmə tibb ekspertizasının 16.05.23-cü il tarixli 696 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşunas X9 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutularkən Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasını bildirməsi barədə araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.1, 221.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 02 müddətində islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarına əsasən xx.xx.2013-cü il tarixdə təyin edilmiş cəzadan azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 14.05.23-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13.05.23-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Nikah və doğum haqqınd aşəhadətnamələrin surətlərindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 13 fevral 2018-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1979-cu il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində gəzdirməsi və saxlaması ilə bağlı bir sıra əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda və məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaqın sonunda və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün ibtidai istintaqın əvvəlində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə müdafiəçinin məhkəmə çıxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququnun pozulması, işgəncəyə məruz qalması nəticəsində etirafedici ifadələr verməsini, narkotikin satışı ilə məşğul olmasına dair heç bir sübutun olmaması və təqsirləndirilən şəxsin ümumiyyətlə nakotiklərə aidiyyatının olmamamsı, təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işinin açılmaması və cinayət işinin materiallarında şahidlərin ifadələrinin üst-üstə düşmələrini nəzərə alaraq şəxsin barəsində bəraət hökmünün çıxarılmalı olması barədə müdafiə tərəfinin qeyd etdiklərinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxsin vəkili Müdafiəçi müdafiə nitqində bildirmişdir, təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun ailə üzvlərinə məlumat verməsinə şərait yardılmamışdır və bununlada təqsiləndirilən şəxsin müdafiə qüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Sumqayıt şəhər polis idarəsinin müstəntiqi Mustafa Mustafazadənin imzası ilə tərtib edilmiş arayışa əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yəni saxlanıldığı gün mobil telefonla ********** saylı mobil nömrə vasitəsilə anası ilə əlaqə saxlaması üçün şərait yaradılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs anası ilə əlaqə saxlamış, həmçinin müqavilə ilə vəkilə ehtiyacı olmadığını dövlət hesabına ona təyin olunmuş vəkillə davam etmək istədiyini bildirmişdir. Qeyd olunan halı nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan xüsusat üzrə müdafiə hüququ pozulmamışdır. Bundan başqa məhkəmə müdafiəçinin təqsirləndirilən Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması ilə əlaqədar bildirdiklərinə dair qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 08:30-da saxlanılmış, həmin tarixdə izahatı alınmış,həmçinin şübhəli şəxs qismində dindirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həm izahatında, həm də şübhəli şəxs qismində verdiyi ifadəsində heç bir təzyiqə və təsirə məruz qalmadığını bildirmişdir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə öz əl yazısı ilə təqsirləndirilən şəxs qismində ifadə vermiş və həmin ifadəsindədə heç bir zor və qanunsuz hərəkətlərə məruz qalmadığı bildirmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi ekspertizadan keçirilmiş bədənində xəsarət və xəsarət izi olmadığı müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan Sumqayıt şəhər prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşunas X9 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutularkən yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasını bildirməsi barədə araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarında 3 saylı İstintaq Təcridxanasının vəkil Müdafiəçi ünvanladığı məktubdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həmin İstintaq Təcridxanasına qəbul olunmuşdur. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövrdə hər hansı bir fiziki təzyiqə, təsirə qalması özünün ifadələrinə və izahatına, ekspertiza rəyinə və Sumqayıt Şəhər Prokurorluğunda qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən müəyyən edilmir. Sübutların sadalanan ardıcıllığında təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir xəsarət izi olmamasına dair ifadə vermiş şahidərin ifadələrinin xx.xx.2023-cü il tarixini əhatə etdiyini nəzərə alsaq o zaman həmin şahid ifadələri şübhə altına alına bilməz. Lakin təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində 3 saylı İstintaq Təcridxanasına qəbul olunarkən aşkar edilmiş xəsarət izləri ilə əlaqədar cinayət faktının araşdırılması üçün yekun məhkəmə aktının qəbul olunması ilə yanaşı məhkəmə tərəfindən müvafiq prokurorluğa məktub ünvanlanmışdır. Həmçinin məhkəmə müdafiə tərəfinin təqsirləndirilən Təqsirləndirilən şəxs nakotiklərin satışı ilə heç bir əlaqəsinin olmaması barədə mövqeyi ilə razılaşaraq bu hissədə ona qarşı verilmiş ittihamla razılaşmamışdır. Məhkəmə yuxarıda qeyd olunan mövqeyinə əsasən onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunması bildirmişdir. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ümumiyyətlə nakotiklərə aidiyyatının olmaması barədə müdafiə tərəfinin mövqeyi ilə razılaşmayaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə əməlinin öz təsdiqi tapması qənaətinə gəlmişdir Habelə məhkəmə bildirir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində aparılan əməliyyat-axtarış tədbirləri barədə əməliyyat qeydiyyat işinin açılmaması və hansı səbəblərdən açılmaması məhkəmə istintaqı zamanı əməliyyata rəhbərlik etmiş əməliyyatçının da iştirakı ilə ətraflı araşdırılmış və qeyd olunmuşdur ki, təcili və təxirə salınmaz əməliyyat məlumatı olduğu üçün əməliyyat qeydiyyat işi açılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (59.1.4) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.. Məhkəmə ekspertizalarına sərf olunmuş 175 (yüz yetmiş beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 8,718 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 175 (yüz yetmiş beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 8,718 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-281/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-281/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver