Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-281/2025 03.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ ( Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X5 (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, Mehdiyeva Ləman Söhrab qızının katibliyi, dövlət ittihamçısı X3, Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Özbəkistan Respublikası, Zaolensk rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Abşeron Rayonu, Novxanı Ərazi Dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla, Abşeron Rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndi, Lütfi Məmmədzadə küçəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 6 saylı məhkəmə iclas zalında açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına 24 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İşin hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyta keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, ittiham aktı Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, bu da sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəflərin fikrini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Bu norma təqsirləndirilən şəxsə yalnız ittihamın əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın xarakteri, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumatın verilməsini təmin edir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən 07 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı yekun ittiham irəli sürülmüşdür (cild 01, iş vər. 161-162) Lakin ibtidai istintaq orqanı tərəfindən qəbul olunan həmin qərarda əks olunan ittihamın məzmununun tərtibində təəssüf ki, qeyri-peşakarlıq və səriştəsizliyə yol verilmiş, bu da yekunda həmin qərarla ittiham altına düşən təqsirləndirilən şəxsdə anlaşılmazlıq yaratmaqla dolayısı ilə də onun müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, əvvəla ittihamın məzmunu və xarakteri hər kəsin anlaya biləcəyi sadə və anlaşılan formada olmalı olduğu halda, müstəntiq tərəfindən bu xüsusata diqqət yetirilməmiş, sanki ittihamın məzmunu məqsədli şəkildə qarışıq şəklə salınmışdır. Digər tərəfdən, elan olunan ittihamda Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini 19 fevral 2024-cü il tarixdə törətdiyi göstərildiyi halda, elə həmin ittihamın məzmununda hadisənin faktiki olaraq başqa tarixdə, yəni 19 oktyabr 2024-cü il tarixdə baş verdiyi qeyd olunmuşdur. Bu hal təbii olaraq təqsirləndirilən şəxsə elan olunan ittihamı qarışıq və anlaşılmaz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X11 Konvensiyasının 6-cı maddsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin ibtidai istintaqını aparan müstəntiq cinayət prosessual qanunvericiliyin ona verdiyi prosessual imkandan səmərəli istifadə etməmiş, kifayət qədər vaxta və imkana sahib olduğu halda, bir növ etinasızlıq göstərərək ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı tələsik nəticəyə gəlmiş və yekunda təqsirləndirilən şəxsə qarşı belə qeyri-müəyyən ittiham irəli sürmüşdür. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar bununla da bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, ittiham aktı istintaqı aparılan cinayət işi üzrə istintaqçının gəldiyi yekun nəticənin vahid bir prosessual sənəddə əks olunmasıdır ki, həmin prosessual sənəd həm yekunlaşan ibtidai istintaqın müəyyən etdiyi halları, onun gəldiyi qənaəti əks etdirir, həm də təqsirləndirilən şəxs tərəfindən törədilməsində israr olunan əməlin nədən ibarət olmasını təcəssüm etdirir. Odur ki, sözügedən prosessual sənədin tərtibi mühüm əhəmiyyət kəsb edir. Cinayət prosessual qanunvericilikdə ittiham aktının tərtibi forması həmin Məcəllənin 289-cu maddəsində öz əksini tapmış və həmin prosessual sənədin konkret olaraq neçə hissədən ibarət olması, ittiham aktında hansı məlumatların əks olunmasının vacibliyi birmənalı şəkildə göstərilmişdir. Sözügedən maddənin tələblərindən göründüyü kimi, ittiham aktı giriş, təsviri əsaslandırıcı və nəticəvi hissədən ibarətdir. Giriş hissəsində ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer, ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi, o cümlədən barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumatın əks olunması nəzərdə tutulduğu halda, həmin prosessual sənədin təsviriəsaslandırıcı hissəsində konkret olaraq ibtidai istintaq zamanı müəyyən edilən halların, yəni cinayətin törədilmə yerinin, vaxtının, üsullarının, motivlərinin, nəticələrinin və digər mühüm halların, o cümlədən digər vacib məlumatların əks olunmasının zəruriliyi vurğulanmış, nəticəvi hissədə isə ibtidai istintaqın müəyyən etdiyi hallar əsasında gəldiyi yekun qənaətlə cinayət qanununun maddəsi göstərilməklə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın təsvirinin əks etdirilməsi ittiham aktını tərtib edən şəxsin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Hazırkı cinayət işi üzrə tərtib olunan ittiham aktında isə sözügedən prosessual sənədi tərtib edən müstəntiq onun üzərinə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən vəzifə kimi qoyulan öhdəliklərə kifayət qədər diqqətli yanaşmamış, nəticədə ittiham aktının tərtibində kobud nöqsanlara yol vermişdir. Belə ki, tərtib olunan ittiham aktında təsviri-əsaslandırıcı hissədə əks olunanlarla nəticəvi hissədə ibtidai istintaqın gəldiyi qənaət arasında fərqlilik, ziddiyyət yaranmışdır. Belə ki, ittiham aktının təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Cinayət işinin başlanmasına səbəb, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Lütfi Məmmədzadə küçəsində qohumu Zərərçəkmiş şəxs məxsus mənzildə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun döş qəfəsinin sağ tərəfinin ön səthinə, mətbəx bıçağı ilə dörd dəfə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sağ tərəfinin ön səthində 2 ədəd daxilə keçən kəsilib-deşilmiş yaraları və bədənin digər müxtəlif nahiyyələrinə nüfuz edən bıçaq yarası ilə müşayət edilən qəsdən sağlamlığına ağır zərər vurması, əsas isə həmin faktla bağlı toplanmış ilkin yoxlama materialı olmuşdur.” Halbuki ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamda göstərilmişdir ki, “Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən yarımtikilidə qohumu xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qohumu Zərərçəkmiş şəxs guya ona görə bir neçə gün bundan əvvəl axşam saat 23 radələrində birlikdə oturub spirtli içki qəbul etdiyi şəxslə mübahisə etdiyini və həmin adamın da onun gözündən yumruqla vurduğunu bəhanə edərək Zərərçəkmiş şəxs qisas alaraq onu cəzalandırmaq məqsədi ilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində götürdüyü iti deşici-kəsici xassəyə malik olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən qəsdən dörd dəfə vuraraq sonuncunun sağlamlığına ağır xəsarət yetirmişdir.” Göründüyü kimi, istintaqın gedişində müəyyən olunan hallarla istintaqın yekununda gəlinən nəticə fərqli olmuşdur. Bu hal da öz növbəsində ittiham aktı tərtib olunarkən nələrə diqqət yetirilməsinin vacibliyi əks olunan cinayət prosessual qanunvericliyin 289-cu maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Təəssüf ki, bu hal ibtidai istintaqa prosessual rəhərliyi həyata keçirən prokurorun da diqqətindən yayınmış və ittiham aktı təsdiq olunmaqla baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində göndərilmişdir. Müstəntiqin yol verdiyi nöqsanlar bununla da bitməmişdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə məhz 21 oktyabr 2024-cü il tarixdə faktla bağlı CM-in 126.1-ci maddəsi ilə müstəntiq Məhəmməd Məmmədov tərəfindən cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Digər nöqsanları qeyd etmədən öncə bildirməkdə zərurət var ki, bu qərarda da cinayətin törədilmə vaxtı təəssüf ki, “xx.xx.2024-cü il kimi” qeyd edilmişdir. CPM-in 207.4-cü maddəsində göstərilmişdir ki, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Cinayət prosessual qanunvericiliyin bu tələbləri aydın və qəti olduğu halda, nədənsə işin ibtidai istintaqını aparan müstəntiq bunlara da diqqət etməmiş, cinayət işi başlayana qədər, yəni xx.xx.2024-cü il tarixədək kifayət qədər istintaq hərəkətləri həyata keçirmiş (Təqsirləndirilən şəxs həm şahid qismində, daha sonra şübhəli şəxs qismində dindirmiş, müvafiq götürmə istintaq hərəkətini həyata keçirmiş) bir sözlə prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla sübut toplamağa çalışmışdır (cild 01, iş vər. 20-22, 43-45, 46-47) ki, bu hallar da yekunda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə məhkəmənin qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbsin müddəti məhkəmə qərarı ilə xx.xx.2025-ci il tarixədək uzadılmış və cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ibtidai istintaqın və gələcəkdə məhkəmə baxışının normal gedişatına mane olacağını ehtimal etməyə əsas verir ki, belə olan halda onun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixə kimi uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301 və 303-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixə kimi uzadılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin.
Məhkəmə qərarları › İş №1(124)-281/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-281/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver