Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-282/2022 16.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, xx xxxx 1977-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi, ev 17, mənzil 67-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs o, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 19,101 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 4,768 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 09 yanvar 2022-ci il tarixdə saat 22:30-da Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun 36-cı kilometrliyində yerləşən Emin şadlıq sarayının qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində “Kent” markalı siqaret qutusunun içərisində saxlamış olduğu 01 ədəd şəffəf sellofan bükümdə təmiz çəkisi 19,101 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,768 qram çəkidə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 1-2 ildir ki, narkotik vasitə istifadə edir, 1-2 dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. 09 yanvar 2022-ci il tarixdə saat 19-20 radələrində marketə getmək məqsədilə evdən çıxmış, bu zaman təxminən 5-6 nəfər polis əməkdaşları tərəfindən saxlanılmış, Sumqayıt şəhər Baş Polis İdarəsinə aparılmışdır. Narkotik vasitələrin istifadəçisidir. Salxanılarkən üzərində elektron tərəzi və narkotik vasitə olmamışdır. Şəxsi axtarış 4-5 saat sonra keçirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. O, xx.xx.2022-ci il tarixdə, təxminən saat 22:30 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Emin şadlıq sarayının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu, Pİ-nə dəvət ediblər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilən zaman özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd “Kent” markalı siqaret qutusunu və 1 ədəd ağ rəngli «constant» markalı elektron tərəzini təqdim etmişdir. Həmin Kent markalı siqaret qutusunun içərisində 02 ədəd şəffaf rəngli sellofan bükümlərin, həmin sellofan bükümlərin birində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin digər sellofan bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri Cavid adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan əldə etdiyini, İran vətəndaşının həmin narkotik vasitəni Bakı şəhəri Razin qəsəbəsinə atdığını, oradan həmin narkotik vasitəni götürdüyünü, üzərindən aşkar olunmuş tərəzinin özünə məxsus olduğunu, həmin tərəzi ilə almış olduğu narkotik vasitənin çəkisini müəyyən etdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 20,22 qram, ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 5,05 qram, olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş Prima markalı siqaretlər, əl dəsmalı, alışqan, 8 manat pul xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, Hisense markalı mobil telefon xüsusi qaydada qablaşdırılaraq protokola əlavə olunmuşdur. İfadədə verilən suallara cavab olaraq bildirmişdir ki, ondan götürülmüş narkotik vasitə və psixatrop maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Razin qəsəbəsində tanımadığı İran İslam Respublikasının vətəndaşınının qoyduğu yerdən götürdüyünü həmin narkotik vasitəni və psixatrop maddəni öz istifadəsi üçün aldığını, iran vətəndaşına narkotik vasitə və psixatrop maddəyə görə 400 manat pul ödədiyini, əvvəllər narkotik vasitə və psixatrop maddə satmadığını və hədiyyə vermədiyini qeyd etmişdir.(iş vərəqə 63-65) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, eləcədə satması barədə məlumat daxil oldu. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs “ Emin ” şadlıq sarayının yaxınlığında saxlanılmış və Sumqayıt şəhər Polis İdarəsinə aparmış və Polis İdarəsində xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd elektron tərəzi, narkotik vasitə olan heroin və metamfetamin aşkar edilmişdir. Saxlanılarkən təqsirləndirilən şəxsin üzərindən 10 ( on ) qramdan çox heroin aşkarlanmışdır. Saxlanılarkən təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə satması barədə şifahi şikayət daxil olmuşdur. Təqsirləndirilən şəxs “ Emin ” şadlıq sarayının yaxınlığında saxlanılıb. Əməliyyatda o, Şahid2 və Şahid3 iştirak etmişlər.İbtidai istintaq zamanı verdyi ifadəsini təsdiq edir Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili işləyir. Onlar “Emin” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar və onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinə aparılmasına etiraz etməmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin və metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxsi 09 yanvar saat 22-23 radələrində saxlamışlar. Təqsirləndirilən şəxsin üzərindən elektron tərəzi aşkar edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 oğlu məhkəmə dindirilmiş polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 yanvar 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 09 yanvar 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4, 86-87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan görünür ki , “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması , əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd kent markalı siqaret qutusunu və 1 ədəd ağ rəngli “constant” markalı elektron tərəzini təqdim etdi. Həmin kent markalı siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli , 1 ədəd ağ rəngli sellofan bükümlərin həmin sellofan bükümlərin birində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin digər sellofan bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “ metamfetamin”ə bənzər maddə olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri Cavid adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan əldə etdiyini, İran vətəndaşının həmin narkotik vasitəni Bakı şəhəri Razin qəsəbəsinə atdığını, oradan həmin narkotik vasitəni götürdüyünü , üzərindən aşkar olunmuş tərəzinin özünə məxsus olduğunu , həmin tərəzi ilə almış olduğu narkotik vasitənin çəkisini müəyyən etdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 20,22 qram , ağ rəngli kristal şəkilli psixotrop maddə olan “ metamfetamin”ə bənzər maddə tərəziyə qoulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 5,05 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə və elektron tərəzi AR ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq AR DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyavi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/115 saylı rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 19,101 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə tmiz çəkisi 4,768 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixatrop maddəmetamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadarğan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadarğan edilən psixatrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izəri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən etmək mümkün deyildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/115 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir.(iş vərəqə 37-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 285 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 285 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməli və istintaq materiallarına əlavə edilmişdir.(iş vərəqə 128-129, iş vərəqə 22-23) İş materiallarından görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin Pİ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir.(iş vərəqə 107-108) İş materiallarından görünür ki, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi 04 ədəd birincisi “SMS Tarixçəsi **********4723 558335777”, ikincisi “SMS Tarixçəsi **********4729 558335777”, üçüncüsü “Zənglərin Detallaşması **********2709 558335777”, dördüncüsü “X1 **********2728 ********* BKC” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(iş vərəqə 124-126) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd göy rəngli “Hisense” markalı mobil telefona baxış keçirilmiş, iş üzrə zəruri fotoşəkillər aşkar olunaraq protokola əlavə edilmiş, həmin mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (iş vərəqə 118-123) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Qarnizonu Hərbi Tribunalının 1807.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 243, 220-1, 189-1-ci maddənin 2-ci hissəsini, 38-ci maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 333.6-cı maddəsinə tövsif edilib cəzası 08 ilə endirilib, xx.xx.2003-cü ildə Nizami rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1¸ 185.2.2, 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə Azərbaycan Respublikası MM-nin xx.xx.2007-ci il tarixli amnistiya qərarının 1-ci maddəsinin 1.1-ci bəndinə əsasən azad olunmuşdur, Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublika Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 il 03 ay 11 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2020ci ildə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.5-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin xüsusilə ilə təhlükəli residivini yaradır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. (iş vərəqə 97-99) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, “Təqsirləndirilən şəxs, ünvan 1 ünvanda yaşadığı müddətdə onun barəsində 2 saylı MKS-nə qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və şəxsi istifadə miqdarından dəfələrlə çox olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Zəbulla İbadovun məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, istintaq zamanı xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxsşübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.( iş vərəqə 53; 72-77) Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə məhkum edilmiş şəxslər cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəlsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu ilə nəticələnən ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan –bir ədəd bükümdə qalıq çəkisi 19,051 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bükümdə qalıq çəkisi 4,718 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetamin,01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd ağ rəngli “Hisense” markalı mobil telefon ailə üzvlərindən birinə təhvil verilsin, şəxsi axtarış zamanı çəkilmiş videogörüntü olan 01 (bir) ədəd disk,"xxxx" MMC-i tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 09 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan – bir ədəd bükümdə qalıq çəkisi 19,051 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə qalıq çəkisi 4,718 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd ağ rəngli “Hisense” markalı mobil telefon ailə üzvlərindən birinə qayatarılsın, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-282/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-282/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver