Məhkəmə qərarları › İş №1(124)-283/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-283/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-283/2025 29.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, tutulana qədər fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 01 noyabr 2024-cü il tarixdə saat 15:30 radələrində Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yolun kənarında icarə əsasında taksi kimi idarə etdiyi “Toyota Prius” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs üzərində olan silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib, Zərərçəkmiş şəxs çantasında olan 600 manat nağd pulu və əlində saxladığı üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrə ilə işləyən 360 manat dəyərində 01 ədəd “İnfinix NOT 30” markalı “İnfinix X6831” model, 128GB daxili yaddaşlı mobil telefonu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 965 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, 01 noyabr 2024-cü il tarixdə 20 Yanvar metrostansiyasının yaxınlığında maşını saxlayıbmış, adını sonradan bildiyi Zərərçəkmiş şəxs başqa taksi sürücüsü ilə danışdığını görüb. Ondan Sumqayıta gedibgetməməyini soruşub, o, iş axtarmaq üçün Sumqayıta getdiyini deyib. Aytac maşına əyləşəndə başqa sərnişin götürməməyini xahiş edib. O da Aytaca deyib ki, “sən ön oturacaqda əyləş, yolda müştəri olsa, arxa oturacağa 2-3 nəfər götürərəm”. Maşına əyləşəndə Aytac gediş haqqını soruşduqda o, Aytaca 12 manat verməli olduğunu deyib. Maşın hərəkətə başlayanda o, 12 manat pulu Aytacdan alıb, yolda olanda da əlavə 3 nəfər sərnişin götürüb. Həmin sərnişinləri götürdüyü ünvanı müstəntiq düzgün qeyd etməyib. Yolda olanda Aytac öz həyatı və problemləri haqqında danışmağa başlayıb, o, Aytacın psixoloji vəziyyətinin yerində olmadığını düşünüb. O, Elnur adlı dostunun iş tapmaqda ona köməklik edə biləcəyini deyib. Ceyranbatanda maşını saxlayıb və Aytacı başqa maşına əyləşdirərək yola salıb, hətta verdiyi puldan 9 manatı geri qaytarıb. Daha sonra Saray qəsəbəsində yerləşən evinə tərəf gedib. Sabahısı günü səhər saat 7-8 radələrində maşına sərnişin əyləşdirəndə qapı ilə oturacağın arasında telefon olduğunu görüb. 1-2 saat sonra telefonu Sumqayıtda ustaya aparıb ki, telefonu paroldan çıxartsın. Daha sonra telefonun içərisindəki nömrələri çıxardıb sındırıb. Həmin telefon o gün Aytacın əlində gördüyü telefon olub. Həmin telefonu qaytarmaq fikri olmayıb. Taleh adlı tanışına həmin telefonu 50 manata satıb. Daha sonra onu Abşeron RPİ-nə çağırıblar və maşınında telefon qaldığını deyiblər. Polis əməkdaşlarına həmin telefonu artıq satdığını deyib. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, o, Aytacın 600 manat pulunu götürməyib. Tutulana qədər taksi fəaliyyəti ilə məşğul olub. Bir nəfərdən gediş haqqı olaraq 2 manat alırmış. Yolda olanda Elnura zəng eləməyib. Telefonu yalandan qulağına tutub ki, guya Elnurla danışır. Aytacla danışanda görüb ki, o normal biri deyil. Ona görə də onu gedəcəyi ünvana aparmayıb və maşından düşürüb başqa maşına əyləşdirib. Həmin günə kimi Aytacı tanımayıb. Həmin vaxt Aytacın əlində ancaq telefon görüb. Aytacı gedəcəyi ünvana aparmadığı üçün ona verdiyi puldan 9 manat qaytarıb. Ceyranbatana çatanda maşını Bakıya gedən yolun istiqamətində piyada keçidinin altında saxlayıb. Aytac maşına minəndə rəfiqəsigilə gedəcəyini və hədiyyə alacağını deməyib, yəni aralarında belə bir söhbət olmayıb. Yolda olanda o, Aytac üçün su almayıb. O, Aytacın üzərinə bıçaq çıxartmayıb, onun pulunu almayıb. Belə hesab edir ki, polis idarəsində Aytacı öyrədiblər ki, bu cür danışsın. Aytacın üzərinə bıçaq çıxartmadığını polis idarəsində bildirib. Polis idarəsində ondan soruşublar ki, “Aytacı tanıyırsan?”. O da cavab olaraq bildirib ki, “ayın 1-i bu şəxs maşına əyləşib və onu gedəcəyi yerə aparanda yarıyolda maşından düşürüb”. Polislər maşınını təhlükəsiz şəhər kameralarından tapıblar. Özünü telefonu satmaqda təqsirli bilir, o bilir ki, telefonu Aytaca qaytarmalıydı. Onda həmin gün ümumiyyətlə bıçaq olmayıb, Aytacı həmin gün Sumqayıt şəhərinə aparmalıymış. Aytaca qarşı heç bir zorakılıq hərəkəti etməyib. Həmin gün Aytacı düşürəndən sonra başqa sərnişin götürməyib. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında rəfiqəsinin doğum günü tədbirinə getmək üçün evdən çıxıb. Həmin vaxt çantasında 600 manat pulu, üzərində telefonu və əlavə 40 manat pulu da olub. Oraya getmək üçün 20 Yanvar metrostansiyasının yaxınlığında taksiyə əyləşib. Maşını Ramil idarə edirmiş. Həmin vaxt onu tanımırmış. Ramil ona deyib ki, “sən öndəki oturacaqda əyləş, arxa oturacağa başqa şəxsi götürərəm”. O da Ramillə razılaşıb. Ramil onu Ceyranbatan qəsəbəsinə aparıb. Yolda olarkən o, yolun kənarındakı marketin qarşısında saxlamasını və özünə su almaq istədiyini deyib. Bu zaman Ramil ona “sən düşmə, mən gedib alaram” deyib. Bir müddət sonra o, əlində 2 şüşə (butulka) su ilə qayıdıb. Həmin sulardan birini içmək üçün ona verib. Biraz içdikdən sonra halının dəyişdiyini hiss edib və şüşəni pəncərədən çölə atıb. Ceyranbatana çatanda Ramil ona maşından düşməyini və arxadakı maşına əyləşməyini deyib. Bu zaman Ramil onun üzərinə bıçaq çıxardıb və səsini çıxartmamağını deyib. Qorxduğu üçün çantasındakı 600 manat pulu, üzərində olan əlavə 40 manat pulu və telefonunu Ramilə verib. Sonra maşından düşüb və başqa taksi ilə Xırdalan şəhərinə qayıdıb. Evə gəldikdən sonra baş verənləri anasına və bacısına danışıb və polisə məlumat verib. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, Ramil onu Ceyranbatan istiqamətində aparanda maşına başqa şəxsi əyləşdirməyib. O, hələ maşında olanda Ramil onun üzərinə bıçaq çıxardıb. O, Ramilə su istədiyini deyib, çantasını açanda Ramil çantada pulun olduğunu görüb. Hazırda məhkəməyə danışdıqlarını ibtidai istintaq zamanı müstəntiqə də bildirib. Müstəntiq ibtidai istintaq zamanı verdiyi ifadəsini ona oxuyub. Rəfiqəsinə hədiyyə almaq üçün 20 Yanvar metrostansiyasının yaxınlığına gedib. Ramil üzərinə bıçaq çıxarana kimi o, Ramilə gediş haqqı verməyibmiş. O, maşına əyləşəndə Ramil gediş haqqının 5 manat olduğunu deyib. Çantasındakı 600 manat pulu atası hissə-hissə olmaqla Gəncə şəhərindən poçtla göndərib, pulu elə həmin gün götürübmüş. Ramilin əlindəki bıçaq düyməli, qara rəngli bıçaq olub. Həmin vaxt o, 20 Yanvar metrostansiyasından Xırdalan şəhərinə gedəcəkmiş. Yolda olanda Ramil ilə bir az söhbət ediblər. Yolda olanda o, Ramilə işsiz olduğunu və iş axtardığını deyib. Ramil isə ona iş tapmaqda kömək edə biləcəyini deyib, yolda olanda Ramil telefonda kiminləsə iş haqqında danışıb, həmin vaxt maşında başqa şəxs olmayıb. Ramil ilə əvvəllər heç bir tanışlığı olmayıb. Ramilin marketdən aldığı içki spirtli enerji içkisi olub. Ramilin ona qeyrietik təklifi olmayıb, Ramil ona xəsarət yetirməyib. Belə bir hadisə ilk dəfə başına gəldiyi üçün maşından düşəndə qorxduğundan səs-küy salmayıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2024-cü il tarixdə Aytac rəfiqəsinin doğum günü tədbirinə gedəcəyini deyib. Bir neçə gün əvvəl atası ona hissəhissə pul göndəribmiş. O Aytaca pulu götürməməsini desə də, Ayatc pulun lazım olduğunu və çantasına qoyduğunu deyib, o da razılaşıb. Atasının göndərdiyi puldan əlavə Aytacın üzərində 40 manat pulu olub. Bir müddət sonra o, “Whatsapp” proqramı vasitəsilə Aytaca yazıb, lakin Aytacın uzun müddət “Whatsapp” proqramına daxil olmadığını görüb. Aradan bir az keçəndən sonra gec olduğu üçün Aytaca zəng edib, lakin onun telefonuna zəng çatmayıb, o narahat olmağa başlayıb. Hava qaralandan az sonra Aytac gəlib. Aytacın halı qəribə olub, o qorxmuş vəziyyətdə görünürmüş. Aytacdan niyə gec gəldiyini və bu halda olduğunu soruşduqda Aytac cavab verməyib. Yenidən rəfiqəsigilə gedəcəyini deyib, elə bu vaxt rəfiqəsi ona zəng edib və niyə doğum günü tədbirinə gəlmədiyini soruşub. Bu zaman o, başa düşüb ki, nəsə olub və Aytac onlara bu barədə heç nə demir. Daha sonra Aytac bacısına baş verənləri danışıb, deyib ki, 20 Yanvar metrostansiyasının yaxınlığında taksiyə əyləşib, arxada əyləşmək istəyəndə sürücü ona ön oturacaqda əyləşməsini israr edib, yolda olanda isə üzərinə bıçaq çıxardıb, telefonunu və pullarını alıb. Qızının bu dediklərindən sonra o, “102” xidmətinə zəng eləyib və Aytac baş verənlər haqqında məlumat verib. Şahid3 verilən suallara cavab olaraq bildirdi ki, Aytac evdən çıxanda saat 10 olarmış. Aytac evdən çıxanda əvvəlcə hədiyyə alacağını, oradan da rəfiqəsigilə gedəcəyini deyib, Aytacla heç cür telefon əlaqəsi saxlaya bilməyib. Bildiyi qədərilə Aytac həmin gün Xırdalanda polisə müraciət edib, orada ona ərazi üzrə Sumqayıt polisinə yaxınlaşmasını deyiblər. Evə gələndən 1 gün sonra səhər saatlarında Aytac hadisəni danışıb. Aytac işsiz olduğu üçün həmin ərəfələrdə iş axtarırmış. Aytac atasının göndərdiyi 600 manat pulu özündə saxlamaq istəyirmiş. Aytacın üzərində olan 40 manatın 20 manatını o, digər 20 manatını isə bacısı veribmiş. Hadisə baş verən günə kimi təqsirləndirilən şəxsi tanımayıb. Məhkəmə iclasına gəlməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, Təqsirləndirilən şəxs isə xeyli müddətdir ki, tanıyır. Belə ki, Etibar adlı şəxsə məxsus “Opel Astra” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobili günlük 25 manat müqabilində icarə haqqı ödəməklə idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin Ramil də taksi fəaliyyəti ilə məşğul olur. 04 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Təhmasibin dönərxanası” adlı kafedə olan zaman Ramil oraya gəlmiş, söhbət zamanı Ramil ona təxminən 10-15 gün bundan əvvəl avtomobilində mobil telefon qaldığını və təcili pul lazım olduğu üçün həmin mobil telefonu satmaq istədiyini demişdir. O, Ramildən telefonu hansı qiymətə satdığını soruşmuş, Ramil telefonu 60 manat məbləğə satdığını demiş, Ramilə üstündə 50 manat olduğunu demiş, Ramil də onunla razılaşmış və avtomobilinə gedib mobil telefonu gətirmişdir. O, telefonu baxmaq üçün götürdükdə açıq mavi rəngli, “İnfinix” markalı mobil telefon olduğunu görmüş, daha sonra Ramilə 50 manat pul vermiş, həmçinin Ramildən telefonun qutusunun olub-olmamasını soruşmuş, Ramil telefonun qutusunun olmadığını demişdir. Bundan sonra isə telefonu götürüb içərisindəki şəkilləri silmiş, eləcə də telefonun şəffaf qoruyucusunu çıxartdıqdan sonra telefonu ona geri qaytarmışdır. Daha sonra isə çıxıb getmiş, həmin vaxtdan sonra Ramillə heç bir əlaqəsi olmamış, sonradan bu barədə şikayət edilməsindən məlumatı olmuşdur. Göstərmişdir ki, Ramil həmin mobil telefonun təxminən 10-15 gün bundan əvvəl avtomobilində qaldığını və təcili pul lazım olduğu üçün satmaq istədiyini bildirmiş, mobil telefonun oğurluq olması və ya qanunsuz yolla əldə edilməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasına gəlməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, Təqsirləndirilən şəxs isə 2024-cü ilin əvvəllərindən tanıyır. Belə ki, 2024-cü ilin əvvəllərində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “014” adlı kafeni icarə əsasında işlətmiş, Ramil də bir neçə dəfə həmin kafeyə gəlib-getmiş, buna görə Ramillə tanışlığı yaranmışdır. Bundan başqa Ramillə hər hansı bir əlaqəsi və ya səmimi münasibəti olmamışdır. 2024-cü ilin təxminən aprel ayında isə həmin kafeni təhvil vermiş, həmin müddətdən etibarən işsizdir və kafeni təhvil verdikdən sonra Ramillə aralarında heç bir danışıq olmamışdır. 2024-cü ilin noyabr ayında Ramil onunla mobil telefon vasitəsilə əlaqə saxlamamış, aralarında heç bir danışıq olmamış və ona hər hansı bir şəxsin kafedə işçi kimi işləyəcəyi barədə söz soruşmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102” zəng xidmətinə zəng edərək taksi sürücüsünün Sumqayıt şəhərinə apararaq bıçaqla hədələyərək əlindən 600 manat pulu və telefonu alaraq getdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə tanımadığı şəxs 20 Yanvar metrostansiyası yaxınlığından onu avtomobilə əyləşdirərək naməlum yerə aparmış və bıçaqla hədələyərək 600 manat pulunu və 360 manat dəyərində İnfinix X6831 markalı mobil telefonunu əlindən almışdır. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Redmi” markalı mobil telefondakı “Galeri” adlı fayla keçirilmiş baxış zamanı şəkillər bölməsində açıq mavi rəngli, üzərində **********96022 və **********96030 İMEİ kodları yazılmış fotoşəkilin olması müəyyən olunmuş, fotoşəklin 01 noyabr 2024-cü il tarixdə saat 4:01 dəqiqədə çəkilməsi müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefondakı “Google” adlı internet resurslarına daxil olduqda orada “infinix x6831 qiymeti” sözləri ilə axtarış aparılması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “təqdim edilmiş predmetə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş “İnfinix X6831” markalı mobil telefonu tanımış və həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri göstərərək öz ifadəsini təsdiq etmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-VK- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sol qapısının cibliyindən “GO” spirtli içki qabı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2686 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/10406 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İnfinix HOT 30” markalı “İnfinix X6831” model, 128 GB daxili yaddaşlı mobil telefonun komplektləşdirilməsinə aid olan aksesuarlarının olmaması, istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti 200 manat müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” PHŞ-nin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 69 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs hadisə törədilən anda öz hərəkətlərini ölçüb-biçmək, ona cavab vermək, həmçinin ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmadı. Onda elmi biliklərin kasad, dünyagörüşü səviyyəsinin zəif olması, mühakimələrində səthilik, təfəkkürünün təhlil-tərkib prosesslərində primitivlik, xarakterində sadəlövlük-primitiv şəxsin aksentiuasiyası müəyyən edilir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində primitivlik, inadkarlıq, tez təsir altına düşmək, sadəlövlük və s. kimi əlamətlər müəyyən edilir. Zərərçəkmiş şəxs sensorperseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraitini nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” PHŞ-nin komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 334 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və hazırda cinayət işi məhkəmə baxışındadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd “İnfinix NOT 30 markalı “İnfinix X6831” model, 128 GB daxili yaddaşlı mobil telefonun saxlanması üçün sahibinə qaytarılması, “Redmi” markalı mobil telefonun Abşeron RPİ-nin maddi sübutların saxlancı anbarına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin qərarın 23-cü bəndində göstərilir ki, CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin qərarın 25-ci bəndində göstərilmişdi ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların – ekspert rəylərinin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə iclas protokollarının və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs üzərində olan silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etmiş və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsinə əsasən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından da görünür ki, zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına ilk müraciətindən etibarən təqsirləndirilən şəxsin onun üstünə bıçaq çıxarıb onu hədələyərək ondan pulunu və telefonunu tələb edərək aldığını bildirmiş, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ardıcıl şəkildə və təfsilatı ilə eyni məzmunlu ifadələr vermişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu üzrə) cəza təyin edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü CM-nin 66.4 və 66.5-ci maddəsinin tələblərinə əsasən nəzərə alınmaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin 181.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 08 noyabr 2024-cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin 09 noyabr 2024-cü il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, ibtidai istintaq müddəti ərzində həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmış və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “RedMi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə və ya yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 02 (iki) il müddətinə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “RedMi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar