Məhkəmə qərarları › İş №1(124)-284/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-284/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-284/2023 31.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Quba rayonu, Zərqava kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayının ortalarında yaşadığı Quba rayonu, Zərqava kəndində yerləşən evinin həyətyanı sahəsində torpaqda və 04 ədəd dibçəkdə əkərək, həmin toxumlardan cücərmiş külli miqdarda, yəni 23 (iyirmi üç) ədəd çətənə (kannabis) bitkisinə 25 iyul 2022-ci il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirib kultivasiya etmiş, 25 iyul 2022-ci il tarixdə, saat 19 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətinə baxış keçirilərkən torpaqda əkilmiş 6 (altı) ədəd, həyətdə saxladığı 04 (dörd) ədəd dibçəkdə, cəmi 17 (on yeddi) ədəd yaş vəziyyətdə ümumi çəkisi 30,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi olmaqla, ümumilikdə əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda, yəni 23 (iyirmi üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, işdən çıxan zaman 18 nömrəli marşurutun yolunda ətir şüşəsi tapmışdır. Həmin şüşənin içərisində çətənə toxumları olmuşdur. Həmin toxumları aparıb qaranlıq otaqda saxlamışdır. Təxminən may ayının ortaları olmuşdur. Həyətdə içərisində güllər olan qazan olmuşdur. Gülləri don vurmuşdur. Ancaq qazanın içərisində hazır torpaq qalmışdır. Su da olmuşdur. Daha sonra toxumlar böyüyərək cücərmişdir. O, özü 2018-ci il tarixdən etibarən narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 20 qram narkotik vasitə yaş vəziyyətdə olmuşdur. 22 ya da 23 ədəd narkotik vasitə tərkibli kol aşkar olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitə tərkibli bitkiləri əkməkdə məqsədi şəxsi istifadəsi olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 25 iyul 2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Quba rayonu, Zərqava kəndinə yollanmışdırlar. Təxminən saat səkkizə işləmiş onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana çatmışdırlar. Qapını döyüb Ülfəti çağırmışdırlar. Ülfət bayıra çıxmışdır. Ülfətə həyətində kultivasiya olunmuş çətənə bitkiləri ilə bağlı əməliyyat məlumatı daxil olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs onlara etiraz etməmiş, əməliyyat məlumatını təsdiqləmişdir. Ülfət həmçinin yaşadığı ünvana baxış keçirilməsinə də heç bir etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə təhqiqatçıyla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirmişdirlər. Həyətə girəndə sol tərəfdə güllər əkilən yer olmuşdur. İki ədəd kol orada, həyətin qabağında isə gül dibçəkləri olmuşdur. Dibçəklərin içərisində beş, iki, bir və doqquz ədəd olmaqla narkotik vasitə tərkibli bitki aşkar olunmuşdur. Həyətdə də gəzərkən zoğal ağacının dibində və bir neçə yerdə narkotik vasitə tərkibli kol aşkar edilmişdir. Bütün kollar onlar tərəfindən aşkar olunub sayılan zaman ümumilikdə 23 ədəd kol olduğu müəyyən edilmişdir. Daha sonra Ülfətin evinə baxış keçirilmiş, evdə də heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən də onlara hər hansı etiraz və ya müqavimət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 25 iyul 2022-ci il tarixdə onlara əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olur. Daha sonra onun da iştirakı ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdirlər. Ünvana çatdıqdan sonra qapını döymüşdürlər. Həmin vaxt müdafiəçi də iştirak etmiş və video çəkiliş aparılmışdır. Qapını döyüb Ülfət gəldikdən sonra ona özlərini təqdim edərək hüquq və vəzifələrini bildirmişdirlər. Təqsirləndirilən şəxs nə ilə bağlı gəldiklərini də söylədikdən sonra sonuncu əməlini səmimi şəkildə etiraf etmiş, həyətinə baxış keçirmişdirlər. Həyətə keçirilmiş baxış zamanı təxminən 22-23 ədəd narkotik vasitə tərkibli çətənə kolu aşkar olunmuşdur. Ülfət Güəliyev əməlini etiraf edərək kolların əksəriyyətini özü göstərmişdir. Təxminən 3-5 ədəd kolu onlar aşkar etmişdirlər. Həmin kolları da Ülfət görmədiyi və ya yadından çıxdığı üçün onlara göstərmədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Quba RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 25 iyul axşam saat 6-7 radələri narkotik vasitə tərkibli bitkilərin əkilib-becərilməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdirlər. Ona nə səbəbə gəldiklərini bildirdikdən sonra Təqsirləndirilən şəxs sərbəst şəkildə əkmiş olduğu narkotik vasitə tərkibli bitkiləri onlara harada, necə əkdiyini göstərmişdir. Onlar tərəfindən 23 ədəd narkotik vasitə tərkibli kol aşkar edilmişdir. Kolların boyu 50 sm, 30 sm, 25 sm arasında dəyişmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Quba RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Şahid4 ifadəsində göstərmişdir ki, Quba rayonu, Zərqava kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitə aşkar olunması ilə bağlı məlumat daxil olmuşdur. Bundan sonra onlar əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getmişdirlər. Həyətə daxil olanda həqiqətən də narkotik vasitələr aşkar olunmuşdur. Təxminən 20-dən çox narkotik vasitə tərkibli kol olmuşdur. Bununla yanaşı, dibçəklərdə də narkotik vasitə tərkibli kolları olmuşdur. Həyətin bəzi kənar yerlərində də narkotik vasitə tərkibli kol əkilmişdir. Kolların hündürlüyü təxminən 40-50 sm idi. Onlar qeyd edilən ünvana gedəndə 2022-ci ilin iyul ayı, günün ikinci yarısı olmuşdur. Narkotik vasitə tərkibli kolların yerini özləri aşkar etmişdir. Bir neçəsini təqsirləndirilən şəxs özü göstərmiş, qalanlarını da onlar aşkar etmişdirlər. Kollar aşkar olunan zaman Ülfət əməlini etiraf etmişdir. Quba rayonu X12 Mərkəzinin böyük məsləhətçisi Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 25 iyul 2022-ci il tarixdə Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən Quba rayonu, Zərqava kəndinə dəvət edilmişdir. Həmin tarixdə saat 19:30 radələrində Quba rayonu, Zərqava kəndində həmin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmiş və polis əməkdaşlarından biri qapını döymüşdür. Evin həyət qapısını Təqsirləndirilən şəxs özü açmış, təhqiqatçı özünü və iştirakçıları Təqsirləndirilən şəxs təqdim edərək ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr kultivasiya etməsi və narkotik vasitələrdən istifadə etməsində şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edilərək vəkil İbrahim Aqamov və onun da iştirakı ilə yaşadığı evə baxış keçiriləcəyi bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyi soruşulduqda, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyini səmimi etiraf etmiş, sonra videoçəkiliş davam etdirilməklə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı evin sol yan tərəfində mişar daşından hörülmüş hasarın dibində torpaq örtüyünün üzərində əkilmiş 02 ədəd, evin qarşısında yerdən təxminən 50 sm hündürlükdə, çay daşından hörülmüş barının dibində, birinci dibçəkdə əkilmiş 05 ədəd, həmin yerdə ikinci dibçəkdə 01 ədəd, üçüncü dibçəkdə 09 ədəd müxtəlif hündürlükdə olan narkotik tərkibli çətənə kolları və həmin dibçəyin dibində bitki qalıqları, dördüncü dibçəkdə 02 ədəd müxtəlif hündürlükdə olan narkotik tərkibli çətənə kolları və həmin dibçəyin dibində bitki qalıqları, həyətyanı sahədə torpaq örtüyünün üzərində, zoğal ağacının dibində əkilmiş 01 ədəd, yanaşı yerləşən gilas ağacı ilə ağ rəngli plastmas su kranının dibində, torpaq örtüyünün üzərində əkilmiş 02 ədəd, digər gilas tinginin dibində, torpaq örtüyünün üzərində əkilmiş 01 ədəd müxtəlif hündürlükdə olan narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Ondan həmin aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə kolları olub-olmaması soruşulduqda, həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs də həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu, onları gələcəkdə özü istifadə etmək üçün əkib becərdiyini bildirmiş, bəzi kolların baş hissəsinin qırıldığı müəyyən edildiyindən bu barədə Təqsirləndirilən şəxs soruşulduqda, Ülfət kolların başından qıraraq özü istifadə etdiyini bildirmişdir. Həmin aşkar olunmuş kollar bir-bir polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq götürülmüş, o həmin kolları metrə ilə ölçdükdən sonra polis əməkdaşı kolları zərfə qoyaraq qablaşdırmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə, yaşadığı evin içərisinə baxış keçirilmiş, həmçinin onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən və evindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Panasonik markalı videokamera ilə baxışın keçirilməsi qeydə alınmışdır. Bununla da video çəkiliş başa çatmışdır. Baxış zamanı aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 25 iyul 2022-ci il tarixli “ binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə haqqında” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Zərqova kəndində yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər kultivasiya etməsi barədə ehtimad doğuran, qərəzsiz və mötəbər mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 26 iyul 2022-ci il tarixli Quba rayon rayon məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 25 iyul 2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun edilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” 25 iyul 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, baxış zamanı həyətdə torpağa və plasmas dibçəklərdə əkilmiş halda narkotik tərkibli çətənə kolları aşkar edilərək torpaqdakı köklərindən çıxardılıb hündürlükləri bir-bir ölçülüb bir ədəd kağız zərfə qoyularaq möhürlə möhürlənmişdir. Baxışda iştirak edən aqranom bu kolların narkotik tərkibli çətənə kolları olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin kolları özü çəkməsi üçün əkdiyini bildirir. Cinayət işinin materiallarında olan 25 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aşkar edilmiş ümumilikdə 23 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ədliyyə Nazirliyi MEMin məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/820 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs həyətindən 23 ədəd.... yaş bitkilər...." yazı və imzalar zərfdə 23 ədəd yaş vəziyyətdə ümumi çəkisi 30,0 qram olan bitki nümunələri, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 3 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs həyətindəki dibçəklərin...." yazılar və imzalar zərfdə təmiz çəkisi-10,750 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş çətənə bitkiləri və marixuana tərkiblərinə görə eynidir. Qeyd: çətənə bitkilərinin ümumi çəkisi- 30,0 qram, tədqiqata istifadə olundu cəmi- 1,15 qram, qalıq 28,850 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 Komissiyasının 20 oktyabr 2022-ci il tarixli, 6179 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 03 avqust 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 28 oktyabr 2022-cü il tarixli qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 28,850 qram olan 23 ədəd çətənə bitkisi və qalıq çəkisi 10,700 qram qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunub, saxlanılması üçün Quba RPŞnin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba RİHB-nın Zərqava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan arayışdan görünür ki, o, Quba rayonu, Zərqava kəndində yaşayır, ailə tərkibi həyat yoldaşı X2, 2004-cü il təvəllüdlü oğlu X4, 2006-cı il təvəllüdlü oğlu X3 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba RİHB-nın Zərqava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə şikayət xarakterli yazılı müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün dəlil gətirməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 28,850 qram olan 23 ədəd çətənə bitkisi və qalıq çəkisi 10,700 qram qurudulmuş marixuana məhv edilməldir. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi əməliyyat-axtarış tədbirinin görüntülərini əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 25 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Quba RPŞ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 28,850 qram olan 23 ədəd çətənə bitkisi və qalıq çəkisi 10,700 qram qurudulmuş marixuana məhv edilsin, bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar