Məhkəmə qərarları › İş №1(124)-284/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-284/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-284/2024 31.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Abşeron Rayon Vəkil Bürosunun vəkilləri vəkil Müdafiəçi1 və vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2007-ci il tarixdə Masallı rayonunda anadan olmuş, subay, şagird, əvvəllər məhkum olunmamış, Masallı rayonu, H.Aslanov ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, A.Ələsgər küçəsində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı “Nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs bacısı Şahid1 mobil telefonuna məktublar yazması və Şahid1 barəsində xoşagəlməz sözlər danışması səbəbindən qisas niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, A.Ələsgər küçəsində kirayədə yaşadığı evin həyətində evdən götürdüyü deşicikəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs sol kürək nahiyyəsinə vuraraq sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd plevra boşluğuna nüfuz edən, hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, təxminən 2 ildir valideynləri və bacısı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Ələsgər küçəsində Coşqun adlı şəxsə məxsus fərdi evdə kirayədə yaşayırlar. Coşqun da ailəsi ilə onlarla qonşuluqda yaşayır, Coşqunun evi ilə onların yaşadıqları evin arasını şifer hasar ayırmışdır. Coşqunun ailəsi ilə onun ailəsi arasında qonşu kimi münasibətləri yaxşı olmuş və bir-birlərinin evlərinə gedib-gəlmişlər. 2022-ci ilin yay aylarında Coşqunun oğlu Zərərçəkmiş şəxs ərindən boşanmış bacısı Aysunun mobil telefonuna “Votsap”-la yazıb onu sevdiyini, evlənmək istədiyini, uşağına baxacağını bildirmişdir. Aysu bu barədə ona bildirmiş və mesajı göstərmişdir. O, Muradın Aysu barəsində fikrinin ciddi olmadığını anlamış və Muradla bu barədə danışmaq istədiyini bildirmişdir. Lakin anası Aynurə onun bu işə qarışmamasını deyib, Muradın valideynlərinə Muradın hərəkəti barədə bildirəcəyini demişdir. Bir ay əvvəl Murad bacısı Aysunun telefonda başqa oğlanla danışdığını ona demiş və o, Murada bunu sübut etməsini bildirmişdir. Lakin Murad bacısı Aysun barədə dediyini sübut edə bilməmişdir. O, Murada birdə bacısı barədə yalan danışmaması barədə xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadıqları evdə bacısı Aysunla, Muradın bacısı Arzunun Muradın onların arxasınca oğlan göndərəcəyini və həmin oğlana nömrə veribverməyəcəklərini öyrənəcəyini bildirməsi barədə danışmalarını eşitmişdir. O, Muradın bacısı Aysu barəsində pis fikirdə olması və Aysuna sataşması səbəbindən Muradı cəzalandırmaq üçün bıçaqla vurmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Masazır qəsəbəsində yaşayan əmisi oğlu Vaqifgilə getmişdir. Təxminən 1 saat sonra evə qayıtmış və həmin vaxt Muradla bacısı Arzu onlarda olmuşdur. O, həmin vaxt mətbəxdən bıçaq götürüb belinə qoymuş və Murada həyətə çıxıb samovara od vurmalarını bildirmişdir. Muradla birlikdə evdən həyətə çıxmışlar və Murad hindən odun götürməyə gedərkən o, arxadan bıçaqla Muradın sol kürək nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra Murad qaçaraq həyətdən çıxıb getmiş, o, da Masazır qəsəbəsində yaşayan əmisi İbrahimgilə getmişdir. O, Muradı öldürmək niyyətinin olmadığını, Muradın bacısı barədə xoşagəlməz sözlər danışdığı üçün cəzalandırmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü, peşiman olduğunu, hazırda zərərçəkmişlə barışdığını, nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən yaşadıqları evlə qonşuluqda yerləşən evlərini təxminən 2 il əvvəl Qanuni nümayəndə kirayə vermişlər. Rasim həmin evdə ailə üzvüləri ilə birlikdə yaşamışdır. Onların yaşadıqları evlə Rasimə kirayə verdikləri ev arasında şiferla hasar var. Ailəsinin Rasimin ailəsi ilə münasibətləri yaxşı olmuş və Rasimgilə mütamadi olaraq gedib-gəlmişlər. Son 2-3 ay ərzində Rasimin qızı Aysunla aralarında isti münasibətlər yaranmış və telefonda “Votsap”-la yazışaraq bir-birlərinə sevgi etirafları bildirib özlərinə aid şəkilləri bir-birlərinə göndərmişlər. Onun Aysunla yazışmasını qardaşı Cavad görmüş və təxminən 1 ay əvvəl Cavad ona birdə bacısı Aysunla yazışmamasını və şəkil göndərməməyini bildirmişdir. Əks təqdirdə başını divara vuracağını bildirmişdir. O, bundan sonra Aysunla “Vhotsap”-la yazışmamışdır. Lakin qonşu kimi Aysungilə gedibgəlmişdir. Təxminən 1 ay əvvəl o, Aysungilin həyətlərində olan zaman Aysunun telefonda tanışlıq saytı olan “İmo”-da başqa bir oğlanla yazışdığını görmüşdür. Bu barədə Cavada bildirmişdir. Cavad həmin vaxtı bacısı Aysunu həyətdən evə çağırmış və sonra evdən çıxıb getmişdir. Bundan sonra Aysun evdən həyətə çıxıb nə üçün Cavada telefonda başqa şəxslərlə yazışdığını bildirmiş və onun bacısı Arzudan xahiş etmişdir ki, Cavada özünün başqa şəxslərlə yazışdığını bildirsin. Arzu da Cavada Aysunun deyil, özünün başqa şəxslərlə telefonda yazışdığını bildirmişdir. Cavad da bundan sonra onu hədələyib bir də bacısı Aysuna şər atmamağını bildirmişdir. Cavadın onu bıçaqla vurmasından təxminən 2 həftə əvvəl Aysunla bacısı Arzu diş həkiminə getmişlər və o, Arzu ilə Aysuna birlikdə diş həkiminə gedəcəklərini bildirmişdir. X7 getməyinə razı olmamışlar və o, bir nəfər tanışını arxalarınca göndərəcəyini və onların diş həkiminə, yoxsa başqa yerə gedibgetməyəcəklərini biləcəyini demişdir. O, Aysunla Arzunun arxasınca başqa adam göndərməsədə özü gizlin Arzugilin arxasınca getmiş və onların diş həkiminə getdiklərini bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində bacısı Arzu ilə Aysungilə getmişlər. Aysungilə getdikdən təxminən 5 dəqiqə sonra Cavad evə gəlmiş və ona samovarı yandırmaq üçün birlikdə həyətə çıxamalarını bildirmişdir. Cavadla birlikdə həyətə çıxmış və o, odun götürmək üçün dama doğru getmişdir. Bu zaman Cavad arxasıyca gəlmiş, bıçaqla onun kürək nahiyəsinə vurmuş və bacıma “Şər atanda” belə olacğını bilmirdin deyə bildirmişdir. O, bundan sonra Cavadgilin həyətindən çıxıb getmiş və atası Coşqun onu Bakı şəhərinə xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs ifadəsini davam etdirərək Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını,onun bütün müalicə xərclərinin təqsirləndirilən şəxsin valideynləri tərəfindən qarşılandığını bildirdi, məhkəmədən ona şərti təyin edilməməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki , təxminən 2 ildir Abşeron rayonu, Masazır qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən yaşadıqları evlə qonşuluqda yerləşən digər evini Qanuni nümayəndə kirayə vermişdir. Rasim həmin evdə ailə üzvüləri ilə birlikdə yaşamışdır. Rasimin ailəsi qonşu kimi münasibətləri yaxşı olmuşdur və bir-birlərinin evinə gedib-gəlmişlər.xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində oğlu Murad evə gəlmiş və həmin vaxtı Muradın kürək nahiyəsi qan içində olmuşdur. Murad qonşuları Rasimin oğlu Cavadın bıçaqla kürək nahiyəsinə vurduğunu bildirmiş və o, dərhal Muradı əvvəl Abşeron rayon Mərkəzi xəstəxanasına sonra isə təcili tibbi yarımla Bakı şəhərinə X9 aparmışdır. Xəstəxana Murad əməliyyat olunmuşdur. O, Cavadın Muradı bıçaqla vurmasının səbəbini bilmədiyini qeyd etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, 2 ildir ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Ələsgər küçəsində Coşqun adlı şəxsin evində fərdi evdə kirayədə yaşayırlar. Coşqun da ailəsi ilə birlikdə onlarla qonşuluqda yaşayır, evləri arasında şifer hasar var. Coşqunun ailəsi ilə onun ailəsi arasında qonşu kimi münasibətləri yaxşı olmuşdur. Bir birilərinin evlərinə gedib-gəlmişlər. Coşqunun oğlu Murad və qızı Arzu teztez onların evlərinə gəlmişlər. Təxminən 3-4 ay əvvəl Murad qızı Aysunun telefonuna sevgi mesajları yazmış, Aysunu saxlamaq, evlənmək istədiyini bildirmiş, şəkil və videolar göndərmişdir. Aysu bu barədə qardaşı Cavada bildirmiş və o, Cavada bu işə qarışmamasını demiş, özü Muradın valideynlərinə deyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Arzu və qardaşı Murad onlara gəlmişlər. Həmin vaxtı oğlu Cavad Muradı həyətə çağırıb, samovarı dəmləməyi bildirmişdir. Muradla Cavad birlikdə həyətə çıxmışlar və bundan 5- 10 dəqiqə sonra Cavadın Muradı bıçaqla vurduğunu eşitmişdir. Məhkəmə baxışında ifadələri elan olunmaqla araşdırılan şahidlər Şahid1 və Şahid3 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadələr verdikləri və sonuncunun ifadələrində göstərdikləri xüsusatları təsdiq etdikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 852 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd plevra boşluğuna nüfuz edən, hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbənin təsirindən əmələ gələ bilərdi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin məhkəmə-tibbi-kriminalistika Şöbəsinin 19 may 2023-cü il tarixli, 200-MTKŞ/2023 saylı rəyindən görünür ki, maddi sübutların kompleks tədqiqinə və qərarın təsviri hissəsində olan məlumatlara əsasən aşağıldakı nəticəyə gəlinmişdir: Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur.Ekspertizaya tədim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin məhkəmə tibbi biologiya şöbəsinin xx.xx.2023- cü il tarixli, 285/2023-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən ekspert aşağıdakı nəticəyə gəlmişdir: Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: A(İİ). Ekspertizaya təqdim edilmiş bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1818 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da Öz hərəkətlərini dərk etmək və onları idarə etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Komisyon kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 2810 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeydə alınmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qimsində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs yaddaş pozuntusu müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs yaddaş pozuntusuna xas əlamətlər aşkar olunmadı. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. 14 aprel 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını (CM-nin 59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), əməlindən səmimi peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə qanunun qeyd edilən müddəalarına, eləcə də işin faktiki hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təyin olunmuş cəzanın real çəkilməli olub-olmaması məsələsini müzakirə edərkən məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarını, işin faktiki hallarını eləcə də cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmasına dəlalət edir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Yetkinlik yaşına çatmayan, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalı, bu imkandan ümumilikdə cəmiyyətdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsini aydınlaşdırmaq üçün o, müəyyən müddət sınaqdan keçirilməlidir. Eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilməlidir. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara-boz rəngli yun uzun qol kişi köynəyi və istintaq zamanı götürülmüş 01 ədəd bozumtul- gümüşü rəngli metal materialdan olan və dəstəyi ağ olan zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə 03 ( üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilsin. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara-boz rəngli yun uzun qol kişi köynəyi və istintaq zamanı götürülmüş 01 ədəd bozumtul- gümüşü rəngli metal materialdan olan və dəstəyi ağ olan zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar