Məhkəmə qərarları › İş №1(124)-285/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-285/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-285/2022 27.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X2, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 05 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə H.Z.Tağıyev küçəsinin kəsişməsində yerləşən “059 çay evi” adlı kafenin yanında istintaqa məlum olmayan Vasif adlı şəxslə aralarında yaranmış mübahisə zamanı dalaşarkan sonuncu sillə ilə üzünə bir dəfə vurmuş və kəsici alətlə ona sol çiyin qurşağı nahiyəsinin səthi kəsilmiş yarasından ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, bu zaman o, əlində olan bıçaqla Vasif adlı şəxsi vurmaq istəyərkən bıçaq zərbəsi onları aralamaq istəyən tanışı Zərərçəkmiş şəxs qarın nahiyəsinə dəyərək sonuncunun qarın boşluğuna qanaxma (200 ml) və qaraciyərin yaralanması ilə müşayiət olunan qarının sol yan divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarasından ibarət xəsarət yetirməklə dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 05 sentyabr 2021-ci il tarixdə, axşam vaxtı işlədiyi məişət avadanlıqlarının təmiri dükanında üç butulka pivə içmiş, sonra Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “059” çay evinə getmişdir ki, bir qədər vaxt keçirib sonra evə getsin. Kafenin həyətinə çatarkan üzdən tanıdığı Cavid adlı şəxslə rastlaşmış, onunla birlikdə kafeyə daxil olmuşdur. Kafeyə daxil olarkan musiqiçi İlhamın sintezatorda ifa etdiyini, kafenin ortasında üzdən tanıdığı Orxanın, onun yanında sonradan adı ona məlum olan Vasif adlı şəxsin, İlkanə adlı şəxsin rəqs etdiklərini görmüşdür. O, kafeni işlədən Elməddindən pivə istəmiş, lakin Elməddin pivə olmadığını və kafeni bağlayacağını söyləmişdir. Bu zaman onunla eyni vaxtda kafeyə gəlmiş Cavid çıxıb getmişdir. Elməddin demişdir ki, “kafeni bağlayıram, çıx get. O, rəqs edənlərə baxdığını demişdir. Onun bu sözünü rəqs edən İlkanə səhv başa düşmüş, “bizə bambılı deyirsən?” deyə irad tutmuşdur. İlkanənin bu sözündən sonra orada olan Vasif nalayiq ifadə işlədərək üstünə gəlmək istəmiş, Orxan onun qabağına keçib üstünə gəlməyə qoymamış, onun qoluna girib birlikdə çölə çıxmışlar. Kafenin çöl tərəfində, pilləkənin altında, Orxanla söhbət edərkən Vasif kafedən çıxıb həyətə gəlmiş və ona hücum etmişdir. Kafenin yanında, tualetin qarşısında Vasif ona çatıb sağ üz nahiyəsinə bir şillə vurmuşdur. Bu zaman o da Vasifin sol tərəfdən sinəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Orxan araya girmiş və ona demişdir ki, “düz eləmədin”. Həmin vaxt Orxanın arxasında olan Vasif Orxanı sol tərəfə itələyib sağ əlində olan bıçaqla üstdən aşağı onun sol çiyninə vurmuş və demişdir ki, “bu sənə palojnadır” ”, bu ifadənin ardınca onun ünvanına nalayiq söyüş söymüşdür. Bıçaq onun ətinə batıb çiynində qalmışdır. Vasif bıçağı onun çiynindən çıxartmamış, kənara çəkilmişdir. O, sağ əli ilə sol çiynində olan bıçağı çiynindən çıxartmış və həmin bıçaqla Vasifin qarın nahiyəsinə vurmaq üçün bıçağı qabağa, ona tərəf itələmiş, bu zaman onun qabağına, yəni Vasiflə onun arasına Orxan girmiş və onun Vasifi vurmaq üçün atdığı bıçaq zərbəsi Orxanın sol tərəfdən qarın nahiyəsinə batıb orada qalmışdır. Bundan sonra o, hadisə yerindən çıxıb işlədiyi dükana getmiş, orada yarasını sarımışdır. Sabahısı gün, qolu göyərsə də, həkimə getməmişdir. Bir həftə ərzində yarası sağalmışdır. Təqsirləndirilən şəxs bu əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 05 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı evdən çıxaraq “Köhnə bazar” deyilən ərazidə dükandan su krantını təmir etmək üçün açar və turbaya sarımaq üçün lent aldıqdan sonra evə qayıdarkən H.Əliyev prospektində yerləşən “059 çay evi” adlanan kafeyə getmişdir. Kafenin ikinci mərtəbəsinə qalxdıqda orada tanışı Vasifə rast gəlmişdir. Vasifin yanında həmin kafedə musiqiçi İlham və bir nəfər tanımadığı şəxs olmuşdur. Vasif onu stola dəvət etmiş, o da onların stolunda oturmuş, onlarla yemək yemiş, cəmi bir qədəh araq içmişdir. Tez qayıtmaq istədiyi üçün çox araq içməmişdir. Vasifi o, təxminən iki aydır ki, tanıyır, onun yalnız adını bilir. Onlarla təxminən yarım saat oturub getmək istəmiş, kafedən çıxmaq üçün ayağa durduğu zaman qapıya yaxınlaşarkən tanışı Taleh yanında tanımadığı bir oğlanla kafeyə gəlmişlər. Taleh oturmadan Elməddindən pivə istəmiş, lakin Elməddin demişdir ki, pivə yoxdur, kafeni bağladığını bildirmişdir. Bu zaman Talehlə eyni vaxtda kafeyə gəlmiş şəxs çıxıb getmişdir. Taleh isə, getməyərək Elməddinə demişdir ki, dükandan pivə alıb gətirsin. Elməddin ona pivə vermədikdə, Taleh getmək istəyərkən Elməddinə “uşaq-muşaqa xidmət edirsən, məni qapıdan qaytarırsan” demişdir. Bu söz Vasifin xoşuna gəlməmiş və Talehə “özün uşaqsan”-deyib, onların arasında sözlə mübahisə başlamışdır. Vasif ayağa durmaq istəmiş, o, Vasifin qolundan tutub yerindən durmağa qoymamışdır. Onlar arasında mübahisənin davam etməsinin qarşısını almaq üçün Talehlə birlikdə kafedən çıxmışdır. Kafenin çölündə, pilləkənin altında Talehlə sağollaşıb ayrılmaq istəyərkən bu zaman Vasif kafedən çıxmış və Talehin üzərinə getmişdir. Vasif Talehi söyərək sağ üz nahiyəsinə bir şillə vurmuşdur. Bu zaman Taleh də Vasifin sol tərəfdən sinəsinə bir yumruq zərbəsi vurmuş və o, arxa tərəfə səndəlləmişdir. Onlar kafenin çölündə tualetin qarşısında əlbəyaxa olub dalaşmışlar. Lakin o, onların arasına girib bir-birini vurmağa qoymamış və onları ayırmışdır. Vasifi Talehdən aralayıb kafenin arxa tərəfində olan “avtoyuma” tərəfə aparmışdır. Geri qayıdanda Talehin əlində bıçaq olaraq tualetin qarşısından Vasifin olduğu “avtoyuma” istiqamətinə, yəni binanın arxa tininə doğru sürətlə hərəkət etdiyini görmüşdür. O, Talehin Vasifi bıçaqla vurmasının qarşısını almaq üçün Talehin qarşısına keçdikdə bıçaq onun qarın nahiyəsinə girmişdir. Talehin Vasifə vurmaq istədiyi bıçaq ona dəymişdir. Taleh onu vurandan sonra çıxıb getmişdir və o, Talehi bir daha görməmişdir. O, bıçaqlanandan sonra həmçinin Vasifi də görməmişdir. Bıçaqla Taleh tərəfindən vurulduqdan sonra Vasif hadisə yerinə gəlməmişdir. Sonradan hadisə yerinə kafeni işlədən Elməddin də gəlmiş və hadisə barədə ondan soruşduqda Talehin onu bıçaqla vurduğunu ona söyləmişdir. Elməddin ona aptekdən bint, yod, leykoplastr alıb gətirmiş və onun yarasını bağlamışdır. Axşam xəstəxanaya getməmiş, lakin sabahısı gün yarası bərk ağrıdığı üçün həyat yoldaşı təcili-tibbi yardım çağırmış və tibb işçiləri onu xəstəxanaya aparmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, təqsdirləndirilən şəxsə mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Əzimulla qızı ifadəsində göstərdi ki, 05 sentyabr 2021-ci il tarixdə axşam vaxtı saat 20 radələrində yaşadıqları evin vanna otağında suyun krantı xarab olduğu üçün həyat yoldaşı Orxan su xəttini təmir etmək üçün açar almaqdan ötrü evdən çıxmış, gecə saat 24 radələrində evə yaralı vəziyyətdə qayıtmışdır. Onun köynəyində qan ləkələri olmuş, köynək sol tərəfdən, qarın nahiyəsinə düşən hissədə deşilmişdir. Orxan sol böyrünü tutmuş, onun əlindəki salafan torbada bint, yod, leykoplastr olmuşdur. O və qaynanasıOrxandan nə baş verməsini soruşmuş, Orxan bildirmişdir ki, Xırdalan şəhərində Xırdalan şəhərində, 119 nömrəli avtobusun dayanacağındakı kafedə iki nəfər dalaşanda ayırmaq istəyib, onlardan biri, Taleh adlı şəxs onu bıçaqla vurub. Talehin yalnız adını demiş, onun haqqında başqa məlumat verməmişdir. Onlar Orxanı xəstəxanaya aparmaq istəmişlər, lakin o, razı olmamışdır. Lakinb sabahısı gün onun yarası bərk ağrıdığı üçün təcili tibbi yardım çağırmış və təcili tibbi yardım maşını ilə onu xəstəxanaya aparmışlar. Xəstəxanada Orxanı dərhal əməliyyata götürüb əməliyyat etmişlər. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 05 sentyabr 2021-ci il tarixdə, saat 21-22 radələrində işlətdiyi “059 çay evi” adlı kafeyə üzdən tanıdığı Vasif adlı şəxs həmin çay evində sindizator ifa edən İlhamın yanına gəlmiş, İlhamla birlikdə sağ künc tərəfdəki stolda oturmuş və yemək istəmişlər. O, bildirmişdir ki, kafedə yemək verilmir. Vasif demişdir ki, onda qril al. O da onlara çöldən qril alıb gətirmişdir. Onlar toyuqla yanaşı pivə içmişlər. Bir qədər keçəndən sonra kafeyə üzdən tanıdığı Orxan da gəlmişdir. Orxanı Vasif öz stoluna dəvət etmişdir. Orxan içməyə araq istəmiş, o, yaxınlıqda olan “Bərəkət” marketdən bir ədəd yarım litrlik araq alıb gətirmişdir. Onlar arağın çox hissəsini içdikdən sonra çörəkləri qurtardığı üçün onu çörək almağa göndərmişlər. Kafedə həmin vaxt çörək olmadığı üçün o, çörək almaq üçün dükana getmək istəyərkən kafeyə üzdən tanıdığı Taleh adlı şəxs yanında bir nəfər oğlanla gəlmişlər. O, Talehə kafeni bağlayacağın, bu vaxt müştəri qəbul etmədiyini demişdir. Bu sözü dedikdən sonra Talehin yanındakı oğlan çıxıb getmiş, lakin Taleh qapıda durub gözləmiş, getməmişdir. Talehdən kafedən getməsini növbəti dəfə tələb etdikdə, o, Vasifin stoluna işarə edərək “onlara xidmət edirsən, mən pivə vermirsən” deyərək narazılıq etmiş, onun bu ifadəsi Vasifin xoşuna gəlməmiş və Talehə irad tutmuşdur ki, deyirlər kafe bağlanır, çıx get. Sonra onların arasında sözlə mübahisə yaranmışdır. Onların mübahisəsini Orxan sakitləşdirmiş və Talehi kafedən çıxardıb özü də onunla bayıra çıxmışdır. Onların ardınca Vasif də kafedən çıxıb getmişdir. O, qanqaraçılıq olduğunu görüb qabyuyan işləyən İlkanəyə və sindizatoir ifaçısı İlhama demişdir ki, çıxıb gedin, mən də kafeni bağlayıram. Onlar çıxandan sonra o, kafedə təxminən beş-altı dəqiqə müddətində hesabat etmiş, qazın və suyun bağlandığını yoxlamış, elektriki keçirib qapını bağlamış və kafedən çıxaraq yolu keçib evə getmək istəmişdir. Kafedən çıxarkan ətraf sakitlik olmuş, heç nəyə fikir verməmişdir. Yolu keçərkən arxadan Orxan onu yanına çağırmış, onun yanına qayıdaraq nə istədiyini soruşduqda , Talehin onu vurduğunu demişdir. Orxan həmin vaxt böyrünü tutub əyilmiş vəıziyyətdə olmuşdur. O, Orxana təsəlli vermişdir ki, narahat olma, keçər. O, əvvəlcə Talehin Orxanı yumruqla vurduğunu düşünmüş, lakin Orxan, Talehin onu bıçaqla vurduğunu söyləmişdir. O, yaraya baxanda Orxanın qarın nahiyəsinin sol tərəfindən bıçaqla xəsarət aldığını görmüşdür. O, Orxanın yarasına baxandan sonra yaxınlıqda olan aptekə getmiş, aptekdən bint, yod və leykoplastr alıb gətirmiş, Orxanın yarasını bağlamışdır. Sonra Orxan özü taksi saxlatdırmış və taksiyə minib evinə getmişdir. Hadisədən bir neçə gün sonra Talehlə rastlaşmış, Taleh hadisə yerində əvvəlcə Vasifin onu çiyin nahiyəsindən bıçaqla vurduğunu deyərək xəsarətini ona göstərmişdir. (cild 1, iş vərəqi 35-37) Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər üzdən tanımış, onunla dalaşaraq xəsarət yetirmiş Taleh adlı şəxsi bir neçə dəfə görmüşdür. O, 2021-ci ilin yay aylarından başlayaraq Xırdalan şəhərində yerləşən “059” adlı çay evində sindizator ifa etməklə işləyir. O, kafeyə arabir gələn Vasif adlı şəxsi də üzdən tanıyır, onun şəxsiyyəti haqqında geniş məlumatı yoxdur. 05 sentyabr 2021-ci il tarixdə, saat 21-22 radələrində çay evinə Vasif gəlmişdir. O, həmin vaxt sindizatorun arxasında əyləşmiş, kafedə başqa stollarda adam olmamışdır. Vasif onu oturduğu stola dəvət etmiş, pivə gətizdirmiş və içmişlər. Vasif yemək istəmiş, kafedə yemək olmadığı üçün kafeni işlədən Elməddin gedib toyuq qrili alıb gətirmişdir. Onlar yemək yeyərkən kafeyə Orxan gəlmişdir. Vasif Orxanı da stola dəvət etmişdir. Orxan onlarla əyləşib birlikdə yemək yemişlər. Orxan araq içmək istəmiş, odur ki, Elməddin gedib dükandan yarım litrlik araq alıb gətirmişdir. Onlar yemək yeyərkən Taleh adlı şəxs yanında bir nəfər oğlanla kafeyə gəlmişdir. Taleh kafeni işlədən Elməddindən pivə istəmiş, Elməddin onlara pivə verməmiş və kafeni bağlayacağını bildirmişdir. Elməddinin pivə vermədiyini görüb Talehin yanındakı oğlan çıxıb getmiş, lakin Taleh qapıda durub gözləmişdir. Elməddin ondan kafedən getməsini növbəti dəfə tələb etdikdə, o, Vasifin stoluna işarə edərək narazılıq etmişdir ki, “onlara xidmət edirsən, mən pivə vermirsən”. Onun bu ifadəsi Vasifin xoşuna gəlməmiş və Talehə irad tutmuşdur ki, deyirlər kafe bağlanır, çıx get. Sonra onların arasında sözlə mübahisə yaranmışdır. Onların mübahisəsini Orxan sakitləşdirmiş və Talehi kafedən çıxardıb özü də onunla bayıra çıxmışdır. Onların ardınca Vasif də kafedən çıxıb getmişdir. Elməddin kafedə mübahisə baş verdikdən sonra onu və qabyuyan işləyən İlkanəni işdən buraxmışdır. O da dərhal kafedən çıxıb getmişdir. O, kafedən gedərkən kafenin çölündə Vasif, Orxan və Elməddin pilləkənin altında söhbət etmişlər, həmin vaxt onların arasında heç bir dava-dalaş olmamışdır. Sabahı gün işə gəldikdə eşitmişdir ki, kafenin yanında Vasiflə Taleh dalaşmış, əvvəlcə Vasif Talehin çiyin nahiyəsindən onu bıçaqla vurmuş, sonra Taleh Orxanı bıçaqla vurmuşdur.(cild 1, iş vərəqi 38-39) Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2021-ci ilin iyul ayından başlayaraq Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “059” adlı çay evində 2021-ci ilin oktyabr ayının ortalarına qədər qabyuyan işləmişdir. Kafeni işlədən Şahid2 həmin çay evini işlədən şəxs kimi tanımışdır. O, çay evində bir qayda olaraq təxminən saat 23 radələrinədək işləmişdir. 05 sentyabr 2021-ci il tarixdə də, axşam vaxtı işdə olmuşdur. Həmin axşam kafedə kimlərin və ya hansı müştərilərin olması dəqiq yadında deyildir. Lakin həmin gün axşam vaxtı kafeyə üzdən tanıdığı, əvvəllər kafedə bir neçə dəfə gördüyü Vasif adlı şəxs gəlmiş və həmin vaxt kafedə olan sindizator ifa edən İlhama demişdir ki, gedək. Lakin onların haraya gedəcəyi ona məlum deyildir. İlham Vasifə demişdir ki, bir az gözlə, sonra gedərik. Sonradan onlara fikir vverməmiş, kafedə bulaşıq qabları yumaqla məşğul olmuşdur. Vasifin kiminlə, nə yediyi , stolda kiminlə oturduğu barədə ona heç nə məlum deyil. Kafedə həmin vaxt beş-altı nəfər adam olmuş, təxminən saat 22 radələrində o, kafedə mübahisə eşitmiş, dönüb baxdıqda Təqsirləndirilən şəxs kafeni işlədən Elməddindən pivə istəyini görmüşdür. Elməddin ona demişdir ki, artıq kafeni bağlamağa hazırlaşır. Taleh də Elməddinin ona pivə verməməsindən narazı qalaraq mübahisə etmişlər. Həmin söhbətə Vasif müdaxilə edərək bildirmişdir ki, kafe bağlanır, çıx get. Vasifin mübahisə zamanı Talehə qarşı nə kimi ifadələr işlətməsini eşitməmişdir, çünki kafedə diskdə musiqi səslənmiş və səsdən eşitmək olmamışdır. Lakin orada olan Orxanın onları sakitləşdsirdiyini və Talehi kafedən çıxarıb çölə apardığını görmüşdür. Onların ardınca Vasif də getmişdir. Bundan sonra kafenin çölündə nə kimi hadisələrin baş verməsi ona məlum deyil. Onlar çölə çıxarkan o da iş vaxtı bitdiyi üçün onların ardınca çıxıb getmişdir. O, kafedən çıxarkan Elməddin qapını bağlamaq üçün kafedə qalmışdır. O, kafenin pilləkənindən düşüb gedərkən Taleh, Orxan və Vasifin kafenin yanında söhbət etdiklərini görmüşdür. Həmin vaxt onların arasında heç bir dava-dalaş olmamışdır. O, kafenin qarşısından keçən avtomobil yolundan qarşı tərəfə keçib kafenin yaxınlığında olan evinə getmiş, hadisədən bir gün sonra eşitmişdir ki, kafenin yanında Taleh Orxanı bıçaqla vurub xəsarət yetirmidir. Həmin hadisənin təfərrüatı barədə ona heç nə məlum deyildir. (cild 1, səh 163-165) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, hadisə yerinə - 14 sentyabr 2021-ci il tarixdə keçirilmiş baxış zamanı cinayət hadisəsinin radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə H.Z.Tağıyev küçəsinin kəsişməsində yerləşən “059 çay evi” adlı kafenin yanında baş verməsi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 27-29). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanmış, sonuncu ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq etmişdir. (cild 1, iş vərəqə 146-148). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2245 nömrəli rəyindin görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət- qarın boşluğuna qanaxma (200 ml) və qaraciyərin yaralanması ilə müşayiət olunan qarının sol yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (əşya) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gəlməyə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 33-34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2579 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarət-sol çiyin qurşağı nahiyəsinin səthi kəsilmiş yarası kəsici xarakterli əşyanın (alətin) təsirindən törənmişdir, müddəti müayinədən 2-3 ay əvvəl olmaqla qərarda qeyd olunan xx.xx.2021-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin olunmur. (cild 1, iş vərəqə 101-102) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs patoloji affekt vəziyyətində olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi qeyd edilməyib. Təqsirləndirilən şəxs hadisə vaxtı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Emosianal qeyri-sabitlik, nümayişkaranəlik, hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman və ondan sonra hərəkətlərini idarə etmək, mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs düzgün ifadə vermək qabiliyyətinə malikdir. (cild 1, iş vərəqə 167-169) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş məhkəmə-tibbikriminalistika ekspertizasının xx.xx.2022-ci il tarixli, 127/2022-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol nahiyəsində bir ədəd və köynəyin ön səthinin sol yaxalığında bir ədəd (cəmi bir ədəd) dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zədəyə əsasən onu törədən alətin daxil olma səviyyəsində eni 2.0 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və köynəyin ön səthinin sol nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarınin sol yan divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol çiyin nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişdir. Zədəyə əsasən onu törədən alətin daxil olma səviyyəsində eni 2,0 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol çiyin nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol çiyin qurşağı nahiyəsində aşkar edilmiş bir ədəd səthi kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür. (cild 1, iş vərəqə 188-192) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbibioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 155/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi : O alfa beta (1) (şəxsiyyət vəsiqəsinin surətinə əsasən); Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi : A alfa (2) (şəxsiyyət vəsiqəsinin surətinə əsasən);Ekspertizaya təqdimn olunmuş Zərərçəkmiş şəxs məxsus tuman, köynək, Təqsirləndirilən şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanin qrup göstəriciləri ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri ABO sistemi üzrə hər bir şəxsə aid olduğu halda A beta/H/(2) qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanında müşaiətçi H antigeni varsa). Lakin qanın qarışıq olduğu halda isə, ləkələrdə həmçinin O alfa beta (1) qruplu Zərərçəkmiş şəxs qarışıq qanının olması da inkar olunmur. (cild 1, iş vərəqə səh. 193-196) Cinayət işi üzrə 12 mart 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarla Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli uzunqol kişi köynəyi və bir ədəd qara rəngli kişi maykası, Təqsirləndirilən şəxs anası Mahirə Rzayevanın hadisə zamanı oğlu Təqsirləndirilən şəxs əynində olmasını bildirərək təqdim etdiyi bir ədəd uzunqol kişi köynəyi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Pİ-nin saxlanc yerinə təhvil verilmişdir.(cild 1, iş vərəqə 200-209) Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun 10 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi 25 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, sonuncu dəfə Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 127.1, 69.3-cü maddəsi ilə 05 ay 22 gün islah işləri cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə səh. 170-172) Sumqayıt şəhər Probasiya Şöbəsindən götürülmüş 09 mart 2022-ci il tarixli 701 nömrəli məktubdan görünür ki, Rzayev X3 rayon məhkəməsinin 07 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 05 ay 22 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, “ 8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixli amnistiya qərarı tətbiq edilərək islah işləri cəzasından azad edilmişdir. ( cild 1, iş vərəqə 179) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin Mənzil Təsərrüfatı İstehsalat İstismar Sahəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində 1 saylı MTİİTS-ə heç bir şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ağır dərəcəli bədən xəsarəti yetirməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs əməli dolayı qəsdlə əhatə olunmuş, o, bıçaq əlində olarkən məqsədi şəxsə xəsarət yetirmək olmuş, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüşdür. Azərbaycan Respublikası CM-nin 25.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə sonradan barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən gənc olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 94-98) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus köynək, mayka özünə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir, Təqsirləndirilən şəxs köynək özünə qaytarılmalı qəbul etmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında», «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 22 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Abşeron rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus köynək, mayka özünə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs köynək özünə qaytarılsın qəbul etmədikdə məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar