Məhkəmə qərarları › İş №1(124)-286/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-286/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-286/2024 18.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə sosial şəbəkədə tanış olaraq əlaqə saxladığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 140 manat müqabilində satış məqsədi ilə külli miqdarda 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 05 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,551 qram, 0,773 qram, 0,555 qram, 0,378 qram və 0,395 qram olmaqla ümumi təmiz çəkisi 4,652 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qoyulan məkandan götürməklə əldə edərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron Rayon Polis İdarəsinin X11 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılaraq X11 inzibati binasına gətirilərək həmin gün saat 18:10-dan saat 18:30-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin beş ədəd bükümdə 4,652 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. May ayının 14-ü avtomobilini təmir etdirmək məqsədi ilə Saray qəsəbəsi tərəfə getmiş, orada olan zaman 2 nəfər tanımadığı şəxs ona yaxınlaşaraq üzərində nə olduğunu soruşmuş və ona təzyiq göstərərək Abşeron Rayon Polis İdarəsinin X11 inzibati binasına aparmışlar. Bölmədə olan zaman üzərindəki psixotrop maddəyə əlavə edərək daha artıq miqdarda psixotrop maddəni boynuna qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları onu Saray qəsəbəsində saxlamışlar, onun üzərində 1 qramdan yuxarı psixotrop maddə olmuş, onu özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə əlaqə saxlayaraq əldə etmiş, həmin psixotrop maddənin miqdarı təxmini 2 qram olmuş və tutulmamışdan 1 gün əvvəl əldə etmiş, həmin psixotrop maddənin təxminən yarısını istifadə etmişdir. Normalda iki günə yarım qram psixotrop maddə istifadə edirmiş. Valideynləri ilə birlikdə yaşayıb, ailəyə o baxır, taksi sürücüsü kimi fəaliyyət göstərib gündəlik 30-40-50 manat pul qazanırmış. 2 qram psixotrop maddəni İranlı şəxdən 140 manata almışdır. Polis əməkdaşları onu saxlayan zaman döymüş, ayaq barmağının dırnağını dartaraq təzyiq göstərmişlər. Bölmədə videoçəkiliş zamanı etiraz etməmiş, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman da polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını bildirməmişdir. Abşeron rayon prokurorluğundan əməkdaşlar gələrək onun izahatını almışlar. İranlı şəxsdən aldığı 2 qram psixotrop maddəni Yasamal rayonu ərazisindən götürmüş, həmin psixotrop maddə bir bükümün içərisində ayrı-ayrı bükümlər şəklində olmuşdur. Cinayət işinin materiallarında olan tərəzini İranlı şəxsin özü qoymuş, tərəzi onda olmamışdır. Abşeron rayon prokurorluğundan əməkdaşlar gələn zaman o, ekspertizadan imtina etməmişdir. Onu saxlayan şəxslər və əlavə bir nəfər polis bölməsində onu döyən şəxslər olmuşlar. O, Abşeron rayonu, Saray qəsəbəsinə maşınını təmir etdirmək üçün getmiş, Abşeron rayon polis əməkdaşları ilə tanışlığı olmamışdır. Onun üzərindən 2 büküm, qram yarım psixotrop maddə çıxmışdır. Üzərində şəxsi axtarış keçirilən zaman polis əməkdaşları yanında olduqları üçün qorxaraq dövlət hesabına ona ayrılan müdafiəçiyə heç nə söyləyə bilməmişdir. Bakı İstintaq Təcridxanasında gedən zaman polis əməkdaşlarının onu döydüyünü bildirmiş, müayinə zamanı üzərindəki xəsarətləri qeyd etmələrini söyləmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, heç yerdə işləmir. Ona CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmir. Belə ki, narkotik vasitə aludəçisidir və narkotik vasitələrin satışı ilə məşğul olmur. İttihamın mahiyyəti ona müstəntiq tərəfindən elan edilmişdir və ittihamın mahiyyəti tam aydındır. Təxminən bir il olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri əsasən sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı, tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 12 may 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə əlaqə saxlamışdır. Həmin şəxslə ilk dəfə onda əlaqə saxlamışdır. Həmin şəxsin ona bildirdiyi bank hesabına 140 manat pul göndərdikdən sonra həmin şəxs beş qram metamfetamini Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Sovetski" adlanan ərazidə gizlətdiyini deyərək həmin yerin ünvanını ona bildirmişdir. O, həmin psixotrop maddələri götürərkən onun beş ayrı bükümdə olduğunu görmüşdür. Həmin psixotrop maddələri götürərək əynində olan şalvarın cibinə qoymuşdur. 14 may 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olarkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsinin X11 inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən Abşeron rayon Polis İdarəsinin X14 getmişdir. Bölmədə ona xidməti otaqların birində üzərimdə şəxsi axtarış aparılacağı bildirilmiş, o da heç bir etirazının olmadığını bildirdikdən sonra əvvəlcə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan torbada beş bükümdə psixotrop maddə metamfetamini, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd elektron tərəzini və həmin gödəkcənin sol yan cibindən bir ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan ona məxsus “Redmi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərində aşkar edilmiş beş bükümdə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd mobil telefon içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra üzəri o, vəkili və təhqiqatçı tərəfindən imzalanaraq götürülmüşdür (cild 01, iş vər. 64-66). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 14 may 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar o, və Şahid1 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, X13 küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirmiş və Təqsirləndirilən şəxs üzərində psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib X14 dəvət etmişlər. Polis bölməsində təhqiqatçı və müdafiəçinin iştirakı ilə xidməti otaqda çəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 5 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuş, müqaviq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələri kiməsə satması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərmək, hadisə yerindən yayınmaq istəmiş, amma qarşısı alınmış, ona heç bir xəsarət yetirilməmiş və güc tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1994-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində psixotrop maddələri qəbul etməsi, saxlaması, üzərində daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Saray PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə 14 may 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün o, Şahid2la birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, X13 küçəsində piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirmiş və Təqsirləndirilən şəxs üzərində psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı ağ rəngli sellofanın içərisində olan 05 ədəd sellofan bükümləri, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən çıxardığı gümüşü rəngli elektron tərəzini və həmin gödəkcənin sol yan cibindən çıxartdığı “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kristallik kütlələr aşkar edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülülər 01 ədəd ağ rəngli kağız paketdə, həmçinin elektron tərəzi və mobil telefon ayrı-ayrılıqda qablaşdırılıb, möhürlənib və üzərində qeydlər aparılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı ağ rəngli sellofanın içərisində olan 05 ədəd sellofan bükümlərin nə olması və haradan əldə etməsi soruşulduqda həmin psixotrop maddə olan metamfetamini 12 may 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski" adlanan ərazidə tanımadığı İran vətəndaşının göndərdiyi lokasiya əsasında 140 manat müqabilində əldə etdiyini bildirmişdir. Bundan başqa vəkili Təqsirləndirilən şəxs bəzi suallar vermişdir. Təqsirləndirilən şəxs həmin suallara cavab olaraq aşkar edilmiş psixotrop maddələri istifadə etmək məqsədi ilə əldə etdiyini, elektron tərəzidən həmin psixotrop maddələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyini və psixotrop maddələri aldığı şəxsin ləhcəsindən, habelə özünü elə təqdim etdiyindən İran İslam Respublikası vətəndaşı olduğunu fikirləşdiyini bildirmişdir. Sonda o, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olduğunu, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Saray PB-nə apararkən, habelə üzərində şəxsi axtarış və götürmə aparılarkən hər hansı bir zorakılıq edilmədiyini bildirmişdir (cild 01, iş vər. 105-108). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin X14 həmin tarixdə xx.xx.1994-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində psixotrop maddələri qəbul etməsi, saxlaması, üzərində daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1994-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1994-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 yaşayan Quliyev X5 rayonu Saray qəsəbəsi ərazisində saxlanılaraq X14 gətirilmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı ağ rəngli sellofanın içərisində olan 5 ədəd sellofan bükülüləri, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxardığı bir ədəd gümüşü rəngli elektron tərəzini, həmin gödəkçənin sol yan cibindən çıxardığı bir ədəd "Redmi” markalı mobil telefonu təqdim etmişdir. Həmin sellofan bükülülər açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzəyən ağ rəngli kristal formalı kütlələr aşkar olunmuş, aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 30- 32). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 15 may 2023cü il tarixli, 6/2795 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №246 dairəvi möhür əksləri olan, iki ədəd kağız zərfdə təqdim olunmuş: - üzərində “ Təqsirləndirilən şəxs götürülmüş 5 ayrı-ayrı büküm..’’ sözləri, soyad, və imzalar qeyd edilmiş zərfin içərisində 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,551 qram, 0,773 qram, 0,555 qram, 0,378 qram, 0,395 qram ümumi təmiz çəkisi 4,652 qram olan ağ rəngli kristallik formada maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd gümüşü rəngli elektron tərəzi..” sözləri, soyad və imzalar (5 imza) qeyd edilmiş zərfin içərisində bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izləri aşkar edilmədi (cild 01, iş vər. 38-43). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının 17 iyul 2023cü il tarixli, 4504 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 126-127). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 07 avqust 2023-cü il tarixli 2189 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli emosional pozuntu (F.06.6) müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş üzvi mənşəli emosional labil pozuntuda qeyri-psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. S. F. Quliyev cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də S. F. Quliyev ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. S. F. Quliyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. S. F. Quliyevin hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01, iş vər. 128-130). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 138-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin X14 xx.xx.1994-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində psixotrop maddələri qəbul etməsi, saxlaması, üzərində daşıması, və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla X14 gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək psixotrop maddə olan metamfetamin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan psixotrop maddənin miqdarının az olması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bundan əlavə, onun üzərindən aşkar olunan psixotrop maddələr eyni tərkibə malik olmuşdur. Eyni zaman, təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlar Abşeron rayon prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023cü il tarixli qərarla toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir. Bununla yanaşı, Bakı İstintaq Təcridxanasına sorğu verilərək Təqsirləndirilən şəxs tibbi kitabçasının surəti əldə olunaraq məhkəmə istintaqı zamanı tədqiq olunmuş və həmin sənədlərə baxış zamanı da şəxsdə müvafiq təcridxanaya qəbul olunan zaman müayinədən keçirilərkən aşkarlanan yeni xəsarətlərin olmadığı müəyyən olunmuşdur. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən və yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan psixotrop maddə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan bir neçə dəfə çox olması, habelə üzərindən aşkar olunan kütlələrin xırda-xırda bükümlərdə olması, o cümlədən onun üzərindən elektron tərəzinin aşkar olunması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2anında qeydiyyatdadır və himayəsində yaşlı atası və anası var. Onun barəsində yaşadığı müddət ərzində 77 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır, qeydiyyatda olduğu yer üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 115-116) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 101-102). Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, o cümlədən CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 25, 77-78). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan saxlanılan 4,452 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Redmi” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır . İş üzrə 80 AZN (bir səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 4,452 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın, 01 (bir) ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar