Məhkəmə qərarları › İş №1(124)-286/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-286/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-286/2025 04.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şabran şəhəri, M. Əsədov küçəsi, ev 60-da qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi xalis çəkisi 2.845 qram psixotrop maddəmetamfetamini əldə edib avtomobilində daşımaqla saxlamış, o, 09 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində Quba RPŞ-nin X1 əməkdaşları tərəfindən saxlanılaraq Quba rayonu, Çiçi kəndi ərazisində idarə etdiyi **-BN-*** dövlət nömrə nişanlı, Vaz 21154 markalı avtomobildə axtarış aparılarkən avtomobilin sol qabaq qapısının alt hissəsindəki saxlama yerində saxladığı kibrit qutusunda on bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,613 qram; 0,950 qram; 0,418 qram; 0,491 qram; 0,066 qram; 0,066 qram; 0,015 qram; 0,054 qram; 0,065 qram; 0,049 qram; 0,058 qram, ümumi təmiz çəkisi 2,845 qram psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Müharibə vaxtı narkotik vasitələrdən istifadə edirdi. Narkotik vasitəni tanımadığı İran İR-nın vətəndaşından almışdır. Müharibədən sonra ağrılarını azaltmaq üçün psixotrop maddə metamfetamin almışdır. Onun savadı olmadığı üçün məhkəməyədək icraat zamanı ifadəsinə qol çəkdirilmişdir. 9 noyabr 2024-cü il tarixdə təxmini saat 14:00-15:00 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Quba rayonunun Çiçi kəndində “VAZ-2115” markalı avtomobildə olarkən saxlanılmışdır. Saxlanılarkən narkotik vasitə maşının altında olmuşdur. Özü könüllü təqdim etmişdir. 11 büküm psixotrop maddə metamfetamin olmuşdur. Onları özü ayırmışdır. Rahat istifadə etmək üçün bükümlərə ayırmışdır. İstifadəsində ********** saylı mobil telefon olmuşdur. Narkotik vasitəyə 300 manat pul vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş yeni ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, Şabran şəhəri, M. Əsədov küçəsi, ev 60-da anası ilə birlikdə yaşayır. Fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. Əvvəllər xx.xx.2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3; 234.1-ci maddələri ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə veteranı və qazidir. Həmin müharibə dövründən etibarən psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. (077)-575-88-41 saylı mobil nömrəni istifadə edir. Tutulmamışdan 1 gün əvvəl - xx.xx.2024-cü il tarixdə, təxminən saat 23 radələrində Bakı şəhərinə getişdir. Bakıya getməkdə məqsədi psixotrop maddə olanm metamfetamin “patı” almaq olmuşdur. Getməmişdən əvvəl sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə Whatsapp vasitəsi ilə danışmış və onun bildirdiyi kart hesabına 300 manat pul göndərmişdir. Lakin hazırda həmin kartın rəqəmləri və ya telefon nömrəsi yadımda qalmamışdır. O, Bakıya gedərək həmin İran vətəndaşının bildiridiyi əraziyə yaxınlaşdır. Bu ərazi Əhmədli metrostansiyasının yaxınlığından olmuşdur. O, sözügedən ərzaziyə çatdıqda patının qoyulduğu yer bildirilmiş və o, “patı’nın qoyulduğu yer olan yaxınlıqdakı zibil qutusunun yanına getmişdir. Əvvəlcədən danışdığı kimi metanfetamini oradan götürmüşdür. Metanfetamin kibrit qutusunun içərisində bir büküm sellofanda olmuşdur. Əvvəlcədən İran vətəndaşı ilə aramızda olan razılığla əsasən ondan 5 qram “patı” almışdır. Mən “patı”nı götürdükdən sonra həmin gecə Şabran rayonuna geri qayıtmışdır. Evə gəldikdən sonra metanfetamini gələcəkdə rahat istifadə edə bilmək məqsədilə kiçik ölkülü bükümlərə ayıraraq geri-həmin kibrit qutusuna qoymuşdur. Kibrit qutusunu isə özünə məxsus olan **-BN-*** dövlət nömrə nişanlı Vaz 21154 markalı avtomobilinin qabaq sol qapısının alt hissəsindəki saxlama yerində yerləşdirərək saxlamışdır. Bundan sonra səhər tezdən aldığı metanfetaminin 2 qramını istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Şabran rayonundan Quba rayonuna müştəri gətirmişdir. Quba rayonunda olduğu zaman adını bilmədiyi bir nəfər şəxs ona zəng etmişdir. Həmin şəxs ona bir neçə dəfə avtomobilinə əyləşmiş müştərilərdən biri olduğunu söylmişdir. Həmin şəxs tanımadığı və indi yadında qalmayan bir nömrədən ona zəng edərək Çiçi kəndinə gələrək onu götürüb toya aparmağını xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, kəndin içərisində şəhid plakatının qarşısında dayanaraq onu gözləyəcəkdir. O, avtomobilini sürərək Quba rayonu Çiçi kəndinə, şəhid plakatının yanına gəlmişdir. Təxminən artıq saat 16 radələrində sözügedən yerdə müştərini gözlədiyi zaman iki nəfər mülki formada olan şəxslər ona yaxınlaşaraq özlərini Quba RPŞ-nin əməkdaşları kimi təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağıma dair məlumat olduğunu bildirmişdirlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişdirlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi onun hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gələndən sonra özünü Quba RPŞ-nin təhqiqatçısı Mübariz Zəkəryəyev kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlanıldığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Ona üzərində nakotik vasitə saxlamadığını, narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb idarə etdiyi avtomobilində “patı” adlanan psixotrop maddə metafetaminin olduğunu bildirmişdir. Həmçinin göy rəngli şalvarından bir ədəd “X-7” markalı siqaret, bir ədəd “Tecno” markalı mobil telefon və 16.20 manat pulu çıxardaraq təqim etmişdir. Pullar təhqiqatçı tərəfindən sayılaraq onun özünə təhvil verilmişdir. Onun üzərindəm qanunla qadağan olunmuş əşya və narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı ona məxsus avtomobilin hansı olduğunu soruşmuş, o, yaxınlıqda olan **-BN-*** dövlət nömrə nişanlı, Vaz 21154 markalı avtomobili idarə etdiyini bildirmişdir. Təhqiqatçı narkotikin avtomobilin harasında olduğunu soruşduqda o, avtomobilin sol qabaq qapısının alt hissəsindəki saxlama yerində saxladığı kibrit qutusunu onlara təqdim etmişdir. Kibrit qutusunda olan 11 büküm açılaraq baxıldıqda içərisində ağ rəngli, kristal şəkilli kütlə olduğu açkar edilmişdir. Təhqiqatçı bunun nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, həmin kütlələrin psixotrop maddə olan metanfetamin olduğunu, 1 gün əvvəl Bakı şəhərində tanımadığı İran Respublikası vətəndaşına 300 manat pul ödəyərək onun vasitəsilə aldığını bildirmişdir. Psixotrop maddə olan metanfetaminin olduğu 11 büküm elektron tərəzidə çəkilərkən 3,49 qram təşkil etdi və bir ədəd kağız zərfə qoyularaq qablaşdırıldı. Zərfin üzərinə o və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişdir. Bundan başqa üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra üzərində şəxsi axtarış aparılması və avtomobilinə baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, psixotrop maddə olan metanfetamini 1 gün əvvəl Bakı şəhərində tanımadığı İran Respublikası vətəndaşına 300 manat pul ödəyərək onun vasitəsilə göndərdiyi ərazidən əldə etmişdir. Heç kimə narkotik vasitə satmamış, narkotik vasitə satan şəxsləri və əldə etdiyi psixotrop maddə olan metanfetamini satmış İran vətəndaşını tanımır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. (Cild 1, iş vərəqləri 178-181) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin X1 polis sahə rəisi Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisənin baş verdiyi kənd Şabran rayonu ilə sərhəddir. 9 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus “VAZ-2115” markalı avtomobildə saxlanılmışdır. Şəxsi uzaqdan müşahidə edən zaman maşının arxa qapısı açıq vəziyyətdə nəyisə axtardığını görmüşlər. Bu vəziyyət şübhəli gəlmişdir. Yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman köməkçisi ilə əlaqə saxlamışdır. Əməliyyatçılar təxmini 40 dəqiqə ərzində yaxınlaşmışlar və təqsirləndirilən şəxsi tutmuşlar. Hüquq-mühafizə orqanlarına məlumat vermişlər. Narkotik vasitələri kibrit qutusunda saxlayırdı. Təxmini saat 11:00-12:00 radələrində saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin X1 polis sahə nəfəri Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 9 noyabr 2024-cü il tarixdə sahə rəisinin məlumatı əsasında hadisə yerinə gəlmişdir. Həmin gün Şabrandan qayıdırdı. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, hüquq mühafizə orqanlarına bu barədə xəbər verilmiş, əməliyyatçılar gəlmişdir. 9 noyabr 2024-cü il tarixdə saat 12:00 radələrində saxlanılmışdır. 11 falqa bükümdə narkotik vasitə aşkar olunmuşdur. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, digər Şahid1la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 99-102) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 09 noyabr 2024-cü il tarixli və “baxış keçirilməsi barədə” 09 noyabr 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zamanı qanunla qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi **-BN-*** dövlət nömrə nişanlı, VAZ 21154 markalı avtomobilə baxış keçirilərkən avtomobilin sol qapısından kibrit qutusunun içərisində psixotrop maddə metmafetaminə bənzər maddə olan 11 büküm aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 25-29) “Şəxsi axtarışın keçirilməsi barədə” 09 noyabr 2024-cü il tarixli və “baxış keçirilməsi barədə” 09 noyabr 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və avtomobilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 14 fevral 2025-ci il tarixli protokollardan görünür ki, "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilərkən iuş üzrə hər hansı əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilməsi zamanı isə Təqsirləndirilən şəxs istifadəsində olan (077)-575-88-41 saylı mobil nömrəsinə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması məzmununda yazışmalar aşkar edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olan (077)-575-88-41 nömrəsindən (070)-490-09-59 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 04:52:13-də "Abixays edrem düz emeli başa salki meni mende deyim o xiyara qoy s ", Mirabtalıbın istifadəsində oian (077)-575-88-41 nömıəsindən (070)-490-09-59 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 04:52:18-də " iqaret packasna sekilin at fıso de niye qsqrsan ", (077)-511-35-58 nömıəsindən Mirabtalıbın istifadəsində olan (077)-575-88- 41 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 22:37:36-da "Salam dansa bilrsense meniypq, xx.xx.2024-cü il tarixdə, saat ll:48:53-də Exi elmde birdene dene var versem axsama texmnen neceye gelersen deqiq de bilim sora özmde qalmaypm ", Mirabtalıbın istifadəsində olan (077)-575-88-41 nömıəsindən (077)- ***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 11:49:51-də “ Valah bilmrem 5 yada 6”, (077)-511-35-58 nömıəsindən Mirabtalıbın istifadəsində olan (077)-575-88-41 mobil nömrəsinə xx.xx.2024cü il tarixdə, saat ll:51:35-də " Olacaqda elmdekin verim gedsin pul düzelsin?", xx.xx.2024cü il tarixdə, saat 20:48:11-də “Salam exi and olsun allaha 6 dene cxardpm özum qaldpm bele 40 verim bir babatpn verde mene", xx.xx.2024-cü il tarixdə, saat 22:27:16-də “Gözduyrem gelede meni ypq” Mirabtalıbın istifadəsində olan (077)-575-88-41 nömıəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 20:29:03-də “e xeber ed, İsdrsense gel apar 50 manada di temiz yan fısoo uzadma gelmemisd” (Cild 1, iş vərəqləri 134-140) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli, 3587 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” aşkar olunur. Onda “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” törətdiyi əməl dövründə öz hərkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-i maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 141-144) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən ambulator məhkəmə-narkoloji ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburinarkoloji tibbi yoxlamasının 13 dekabr 2024-cü il tarixli, 7817 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəslər barədə tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarnın 3.2-ci bədinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs 3-cü dərcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniydan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 149-150) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 noyabr 2024-cü il tarixli, 6/5193 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş on bir ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,613 qram; 0,950 qram; 0,418 qram; 0,491 qram; 0,066 qram; 0,066 qram; 0,015 qram; 0,054 qram; 0,065 qram; 0,049 qram; 0,058 qram ümumi təmiz çəkisi 2,845 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. (Cild 1, iş vərəqləri 35-40) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, 2,735 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Quba RPŞ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 03 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 153-162) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə savadının olmaması ilə əlaqədar qol çəkməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin təqsirliyi və əməlinin düzgün tövsif edilməsi ilə bağlı nəticəyə gələrkən həmçinin narkotik vasitənin həcminin külli miqdarda olmasını, narkotik vasitələrin satışı ilə bağlı SMS mətnlərinin mövcudluğunu da əsas götürür. Bundan başqa, işinin halları da təqsirləndirilən şəxsin məqsədinin satışla bağlı olmasından işarə edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəq 85) Şabran rayon İcra və Probasiya Şöbəsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 16 gün müddətini çəkmiş, çəkilməmiş 01 il 01 ay 10 gün müddəti qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə istintaqı zamanı internet resurslarda olan məlumatlar və iş materiallarında olan məlumatlar təhlil edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs vətə müharibəsi iştirakçısı, qazidir. O, Xocavəndin, Füzulinin alınmasına görə, Cəsur Döyüşçü və Vətən Uğrunda medalları ilə təltif edilmiş, müharibədə iştirakdan sonra 3-cü dərəcəli əlil olmuşdur. (Cild 1, iş vərəqləri 88-93) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsincəzasını yüngülləşdirən hallar müəyyən edilməsə də, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yuxarıda qeyd olunan hallar onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanununun qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Siyəzən rayon məhkəməsinin 14 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 il 01 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 11 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 16-17, 79-83) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Lakin 3-cü dərcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniydan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 2,735 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Siyəzən rayon məhkəməsinin 14 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 il 01 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 2,735 qram psixotrop maddə metamfetamin məhv edilsin. 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar