Məhkəmə qərarları › İş №1(124)-287/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-287/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-287/2023 10.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1989-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Masallı şəhəri H.Aslanov küçəsi ev 19-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri daş bazarının yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümündə, təmiz çəkisi 9,345 qram kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil çlan qəhvəyi rəngli külli miqdarda narkotik vasitə heroinİ qanunsuz olaraq 50 manata əldə edib üstündə saxlayaraq Abşeron rayonu Saray qəsəbəsinə gələrək üzərində daşımış, 09 iyul 2022-ci il tarixdə, saat 05 radələrində Abşeron rayonu Saray qəsəbəsində “Saray MTK” yaşayış evlərinin yaxınlığında Abşeron rayon polis idarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Saray polis bölməsinə gətirilib, polis bölməsinin inzibati binasında xidməti otaqda şəxsi axtarışı keçirilən zaman həmin kustar üsulla hazırlanmış 9,345 qram çəkidə külli miqdarda narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci il tarixdən tutulduğu tarixədək narkotik vasitələrdən istifadə etmişdir. 08 iyul 2022-ci il tarixdə gecə saat 12-1 radələrində Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan əraziyə 1 qram narkotik vasitə götürmək üçün getmişdi. Daha sonra polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları onu saxlayan zaman götürmək üçün getdiyi narkotik vasitə onun üzərində olmamışdır. Polis əməkdaşları narkotik vasitəni onu saxladıqları yerdən biraz irəlidə olan daşın üzərindən özləri götürmüşlər. Sifariş etdiyi narkotik vasitənin müqabilində ödəməli olduğu ödənişi həyata keçirməmişdir. Narkotik vasitəni ona verməli olan şəxs onu qarşılayacaq, pulu həmin vaxt verəcəkdir. Həmin şəxs ona Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan əraziyə gəlməyini demişdir. Əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. İş materiallarında üzərində 9 qram narkotik vasitə aşkar olunduğu qeyd olunsa da, o həmin əraziyə 1 qram narkotik vasitə götürmək üçün getmişdir. Ona təzyiqlər edildiyi üçün polis əməkdaşlarına etiraz edə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Təxminən bir ildir ki, narkotik vasitə olan heroindən qəbul edir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən 10 gün olmuşdur ki, Bakı şəhərinə işləməyə gəlmiş və Abşeron rayonu Qobu qəsəbəsində qohumunun evində qalırmış. 08 iyul 2022-ci il tarixdə, saat təxminən 23 radələrində Sumqayıt şəhərində olmuş və daş bazarın yaxınlığında olan zaman təxminən 30-35 yaşlı bir kişi ona yaxınlaşaraq narkotik vasitə istəyib- istəmədiyini ondan soruşmuşdur.O da həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmiş, həmin şəxs ona şəffaf rəngli sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroin vermiş və o, da həmin şəxsə 50 manat pul vermişdir. Aldığı narkotik vasitəni əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub saxlayırmış ki, ondan qəbul edəcək. Ondan sonra Sumqayıt şəhərində gəzmiş və oradan Abşeron rayonu Saray qəsəbəsinə gəlmiş, artıq 09 iyul 2022-ci il saat 05 radələri olmuş, Saray qəsəbəsində "xxxx" MTK yaşayış evlərinin yaxınlığında olan zaman PPX-nin əməkdaşları ona yaxınlaşaraq anket məlumatlarını soruşmuşlar.Polis əməkdaşları onun narkotik vasitənin qəbulu ilə məşğul olmasından şübhələnib, onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmiş və o, da etiraz etməyib, onların xidməti avtomobilinə əyləşərək polis bölməsinə gəlmişlər. Polis bölməsinə gəldikdən sonra üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərində narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin bükümün içərisindən narkotik vasitənin olduğunu bildirmişdir. Həmin büküm açıldıqdan sonra içərisinə baxış keçirilmiş, həmin narkotik vasitənin haradan və nə vaxt aldığı ondan soruşulmuşdur.O, həmin narkotik vasitəni həmin gün Sumqayıt şəhərində daş bazarın yaxınlığında tanımadığı şəxsdən 50 manata pula şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bükümün içərisində narkotik vasitə zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır.Tərtib olunmuş protokol onlara oxunulmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Qeyd etmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etmiş və həmin məqsədlə də üzərində gəzdirmişdir.Narkotik vasitə əldə etdiyi həmin şəxs təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar olmuş, başqa əlamətlərini xatırlamır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üstündə aşkar edilmiş narkotik vasitəni də öz istifadəsi üçün almışdır. (Cild 1, iş vərəq 96) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında, gecə saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xidmət aparan zaman həmin ərazidə 1 nəfər şəxsin bizi gördükdə özünü şübhəli apardığını hiss edib ona yaxınlaşaraq özlərinib təqdim etmiş və ona sənədləri təqdim etməsini bildirmişlər. Həmin şəxs sənədlərini olmadığını qeyd etmiş və onlar da onu Abşeron rayon Polis İdarəsinin Saray Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla bölməyə gəlməyə etiraz etməmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsi saxlayan zaman ona hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsi Sumqayıt şəhəri ərazisində yerləşən “Daş bazar” adlanan ərazidə deyil, Saray qəsəbəsində saxlamışlar. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Abşeron rayonu Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixə keçən gecə Abşeron rayonu Saray qəsəbəsinin ərazisində polis nəfərləri Şahid2 və Şahid1 ilə xidmətdə olan zaman saat 05 radələrində Saray qəsəbəsində "xxxx" MTK-nın binalarının yanında bir nəfər şəxsin onları görüb özünü şübhəli apardığını hiss edib həmin şəxsə yaxınlaşmışlar və özlərini həmin şəxsə təqdim edərək onun şəxsiyyəti haqqında ondan soruşmuşlar. Həmin şəxsin narkotik vasitə istifadəçisi olmağından və üzərində narkotik vasitə gəzdirməsindən şübhələnib onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər, həmin şəxs də onlarla polis bölməsinə getməsinə etiraz etməyib birlikdə Saray polis bölməsinə gəlmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuş, onlar bu barədə raport tərtib etmişlər. Təqsirləndirilən şəxsla bağlı təhqiqatçı İlkin Ağayev tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş yə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsıın üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf sellofan bükümünü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin gün Sumqayıt şəhərində daş bazarı adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata aldığını bildirmişdir.Həmin bükümün içərisində narkotik vasitə olan heroinə oxşar maddə olmuş, həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. (Cild 1, iş vərəq 66) Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xidmət aparan zaman “Araz” Supermarketin yaxınlığında 1 nəfər şəxsin bizi gördükdə özünü şübhəli apardığını hiss edib ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona sənədləri təqdim etməsini bildirmişlər. Həmin şəxs yaxınlıqda sexdə işlədiyini bildirmişdir. Onlar da həmin ərazidə yerləşən sexdəki işçiləri tanıyırdı. O, bundan əlavə sənədlərini olmadığını qeyd etmiş və onlar onu Abşeron rayon Polis İdarəsinin Saray Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla bölməyə gəlməyə etiraz etməmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəq 64) Həmçinin məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Abşeron RPİ-nin PPXB-in polis nəfəri Şahid2 da ifadəsində Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəq 65) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəq 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 iyul 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 10 iyul 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 22, 39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının 09 iyul 2022-ci il tarixli, 6/3742 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N246 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə təmiz çəkisi 9,345 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. (Cild 1, iş vərəqləri 26-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Respublika Narkoloji Mərkəzin Ambulator X1 20 avqust 2022-ci il tarixli, 4527 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 75-76) Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində narkotik vasitənin olmaması, həmçinin polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına uyğun olan mötəbər sübut kimi qəbul edir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 19 oktyabr 2022-ci il tarixli tələbnamədən və müvafiq məhkəmə hökmündən görünür ki, Abdinov X5 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarının 4-cü hissəsinə əsasən cəzasından 06 ay azaldılmışdır. (Cild 1, iş vərəq 71) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs qismində tanınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 16, 57-60) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 9,295 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 9,295 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar